"Hamı bir-birini it kimi tutacaq" 

 

Seyran Səxavət: "İçərişəhər böyük bir Azərbaycan evinin namus-qeyrət yeri sayılan yataq otağıdır və nadanlar öz yataq otaqlarına yadelliləri buraxdılar"

 

Seyran Səxavəti nəinki oxuculara, yəqin ki, heç kimə təqdim etməyə ehtiyac yoxdur. Seyran Səxavət adı gələndə şəxsiyyətini və yaradıcılığını təsdiq etmiş yazıçı, sözü ilə əməli bir olan, sözü birbaşa deyən köhnə kişilər göz önünə gəlir. Bir az çılğınlığı, sözü kəsə deməsi də onu digərlərindən fərqləndirən cəhətlərdəndir. Təbii ki, geniş ürək sahibidir Seyran Səxavət və söz səxavətini də heç kəsdən əsirgəməyib...

Neçə vaxtdır müsahibə götürmək istəyirdim, amma yazıçının vaxt məhdudiyyəti məsələsi bu niyyətimi gerçəkləşdirməyə imkan vermirdi. Nəhayət, sonuncu telefon danışığımızda növbəti gün üçün görüş barədə vədələşdik. Amma Seyran müəllim əlavə etməyi unutmadı: "Təkrar suallar olsa, cavab verməyəcəyəm, yaxşı hazırlaş."

 Mən sakit bir guşə olacağını zənd edib "baş üstə!"-dedim. Ancaq iş elə gətirdi ki, birgə olduğumuz tədbirdən sonra yaranan qısa fasilədə söhbətləşəsi olduq. Vaxtın darlığı düşündüyüm bir çox sualları verib S.Səxavətin iç dünyasına "səyahət" etməyə imkan vermədi. Beləcə, tələsik də olsa, vaxtı fövtə vermədən, bu böyük yazıçı ilə bir az hirsli, bir iradlı, bir az zarafatlı, bir az çılğın və ən nəhayət, tam səmimi bir müsahibə alındı. Ancaq S.Səxavətlə daha geniş söhbətimiz yəqin ki, sakit bir məkanda nə vaxtsa baş tutacaq.

İndi isə, necə deyərlər, qaçaraq alınan söhbəti sizlərə təqdim edirəm. Hansı sözü necə deməyindən asılı olmayaraq bu, əsərlərini hələ Sovet dövründən sevə-sevə oxuduğumuz, bu günkü şəraitdə də öz vüqarını, əzəmətini, şəxsiyyətini və qələmini qoruyub saxlaya bilən bizim Seyran Səxavətdir. Gəlin onun soruşduğum suallara verdiyi "naqolay" cavabları ilə tanış olaq. 

Seyran Səxavət müxbirlərdən qaçır? 

- Seyran Səxavət son vaxtlar elə bil mətbuatdan kənarda qalıb. Nə ilə məşğulsunuz, niyə görünmürsünüz?

- Elə deyil, görünür, siz məni izləmirsiniz. 90 gündür "525-ci qəzet"in səhifəsindəyəm.

- Axı bir müddət şəhərdən kənarda idiniz, mobil telefonu da söndürmüşdünüz...

- Yox, elə deyil, sadəcə müxbirlərdən qaçırdım.

- özünüzü müasir dövrün nəbzini tuta bilən yazıçı hesab edirsiniz?

- Mən həkim deyiləm, ona görə də nəbz tutmuram. Mənə ruh gətirən yazılar yazıram. Qısa cavablar verəcəm.

- Seyran Səxavət Sovet dövründə yazdığı "Daş evlər" əsərində deyir ki, daş evləri hündürmərtəbələr mühasirəyə alır... Bu gün də həmin proseslər gedir. Bunlar arasında fərq yoxdurmu və ya buna yazıçı uzaqgörənliyi demək olarmı?

- Heç bir fərq yoxdur. Köhnə hamam, köhnə tasdır. O ki, qaldı uzaqgörənliyə, nəcürgörənlik deyirsinizsə, onu siz bilərsiniz, mənə aid deyil.

- Bu gün deyək elə daş evlərin, həmçinin tarixi əhəmiyyətli binaların, abidələrin belə hündürmərtəbələrlə mühasirəyə alınması nə dərəcədə düzgündür?

- Qətiyyən düz deyil. Mən İçərişəhər ilə bağlı bir fikir demişdim. Görünür, yazmaqla məşğulsunuz, izləməklə yox... İncimə, yaxşı?

- Buyurun, problem yoxdur.

- Mənim özümün də xoşuma gələn bir fikrim var ki, Azərbaycanın paytaxtı Bakıdır, Bakının paytaxtı isə İçərişəhərdir. İçərişəhəri satdılar və yadelliləri ora buraxdılar. İçərişəhər həm də böyük bir Azərbaycan evinin yataq otağıdır. Yataq otağı namus, qeyrət otağıdır. Nadanlar öz yataq otaqlarına yadelliləri buraxdılar. Qiymət bundan ibarətdir, əzizim. 

İnsanlar it dilində danışacaq... 

- Adını çəkdiyiniz "525-ci qəzet"də 1998-ci ildə "İt intervüsü" adlı hekayəniz çıxmışdı və bu hekayə öz orijinallığı, tamam yeni üslubu ilə seçilirdi. Orada demisiniz ki, vaxt gələcək dünyada hamı it dilində danışacaq və it dili beynəlxalq dil olacaq. Necə bilirsiniz, həmin vaxta hələ çox qalıb?

- Qəzetdə o hekayə çıxandan bir həftə sonra, o dövr artıq yetişdi. Bunun mənası ondan ibarətdir ki, bütün ölkələr, paytaxtlar bir-birini yola verməyəcək, dövlət başçıları bir-birini yola verməyəcək. Prezidentlərdən tutmuş aşağılara qədər, hamı bir-birini it kimi tutacaq. Xalq arasında belə bir deyim var: "Nə it kimi bir-birinizi tutursunuz?" Bu mənada demişəm.

- Seyran müəllim, iti belə danışdırmaq ideyası sizə hardan gəldi?

- Vallah, elə bir ünvan bilmirəm, hardan gəldiyini də bilmirəm, yazmışam vəssalam!

- Hekayəni maraqlı edən cəhət odur ki, bir budaqda oturub min budağı silkələmisiniz...

- Silkələyə bilmişəmsə, deməli, ağırlıq var, çəki var (gülür). Bir də ki, əgər əziyyət çəkib bir budağa qalxmısansa, elə imkan varsa, hamısını silkələ, qoy nəyi var tökülsün yerə (gülüşürük).

- Elə o tökülənlərdən yığmışıq və görmüşük ki, bu hekayədə böyük bir güc var, böyük bir ideya, böyük bir fəlsəfə var. Geniş məna daşıyan mövzu əhatəliyi  var. Bir də, ətrafımıza baxanda görürürk ki, bəzi iş adamları, məmurlar, bəzi müğənnilər it saxlayırlar və itlərə böyük məhəbbətləri var...

- Yox, mənim hekayəmlə məmurların və qeyrilərinin it saxlaması arasında heç bir əlaqə yoxdur. 10 il bundan qabaq olan məlumatlara görə Parisdə adamların saxladıqları itlərin sayı 3 milyondur. Bu, bizim qonşu Ermənistan əhalisinin sayından çoxdur (məni gülmək tutur). Bu təbi-idir, ona görə də mənim hekayəmlə kiminsə it saxlaması məsələsi ayrı-ayrı şeylərdir.

- Hekayədəki iti içtimai faydalı əməklə məşğul olan göstərmisiniz. Məqsəd nə idi?

- Mənim hekayəmdəki it deyir ki, mən dövlət qulluqçusu olmuşam. Yəni dövlət sərhədini əsgərlərlə bir yerdə qoruyub. Ona görə də onu içtimai faydalı əməklə məşğul olan göstərmişəm. Bu iti başqa itlərə qarışdırmaq istəməzdim.

- "İt intervüsü" hekayənizdə itin dilindən deyirsiniz ki, şeytan insanı paltar kimi əyninə geyir. Bununla nə demək istəmisiniz?

- Bu, əslində mən tərəfdən baxanda insanı qab kimi görmək deməkdir. Ruslar buna "tara" deyirlər. İçində isə adamın genindən, genetik kodundan, mühitindən asılı olaraq müxtəlif şeytanlar var. Əslində biz adamlar elə şeytanın paltarı kimiyik. Bu, mənim nəzərimdə belədir. Başqalarını deyə bilmərəm.

Seyran Səxavət niyə hirsləndi? 

- Seyran Səxavət bir vaxtlar məşhur "Qızıl teşt" əsərini yazmışdı...

- O barədə min dəfə deyilib...

- Mən o barədə sual vermirəm, xahiş edirəm axıra kimi qulaq asasınız... Sonrakı illərdə də qəzetlərdə ara-sıra dərc olunmusunuz. Amma ortada hamının diqqətini çəkə bilən əsər yoxdur. Elə ona görə də bir məclisdə çingiz Abdullayev Azərbaycanda özündən başqa yazıçı tanımadığını bildirib...

- Elə şey ola bilməz. Harada yazılıb bu? (bir az hirslənir)

- Yazılmayıb, deyilib...

- Harada deyilib?

- Bir məclisdə olub söhbət. üzr istəyirəm, bundan əlavə, Nizami Cəfərov da deyib ki, Ramiz Rövşənin dövrü keçib. Bu fikirlərə nə deyə bilərsiniz? Müasir dövrdə siz özünüzü üzdə olan yazıçı hesab edirsiniz, yoxsa çingiz Abdullayev doğrudan da böyük yazıçıdır və Seyran Səxavətin ona çatmağına hələ çox var?

- Əvvəla, mən... bax belə də yazarsan... inanmıram çingiz Abdullayev desin ki, məndən başqa böyük yazıçı yoxdur. Bu, böhtandır. Mən onunla çox tədbirlərdə olmuşam, istedadlı adamlar haqqında həmişə yüksək fikirdə olub. O düzdür ki, çingiz Abdullayevin adı müxtəlif formada mətbuatda hallanır. Biz çox qəribə və başı kəsiləsi millətik. çingiz Abdullayevin adının yerinə bir Arsen Əmiryan qoyub Ermənistanı bütün dünyada tanıtması yaxşıdır, yoxsa elə çingiz Abdullayev olub Azərbaycanı tanıtsa? Hansı yaxşıdır? İndi bilmirəm onu hansı mənbədən eşitmisən ki, çingiz belə deyib? Necə sübut edə bilərsən ki, o, belə söz deyib? (sınayıcı nəzərlərlə mənə baxır).

- Deyilən hər sözü jurnalistin sübut etməsi mümkün deyil. Bəzən ara qarışanda  adam dediyi sözü sonradan danır. Amma belə bir söhbətin olması isə faktdır və biz jurnalistlər belə informasiyaları tez eşidirik.

- Bilirsən, siz jurnalistlər özbaşına deyilsiniz axı...

- Amma deyilən sözə, səslənmiş fikrə aydınlıq gətirmək də sizin borcunuzdur...

- (Bir az səsinin tonunu qaldırır) Mən ancaq həqiqi olan sözə cavab verə bilərəm və mənim heç kəsə də borcum-zadım yoxdur. Allahdan başqa mənim heç kəsə borcum yoxdur. Bəzən deyirlər xalq üçün yazırsan. Deyirəm ki, xalqın boynuna bir Seyran Səxavət minnəti də qoymaq lazım deyil. Yazıram  ona görə ki, narahat oluram. Yazandan sonra isə boşalıram, yüküm azalır, vəssalam.

- Təbiətinizdə bir çılğınlıq var və yazılarınızda da bu hiss olunur. Bəzən də "blatnoy", məsələn "Daş evlər"də "çuvak" kimi jarqonlardan istifadə edirsiniz. "Blatnoy" yazı, "blatnoy" yazıçı bir-birinə uyğun gəlirmi?

- Bir "çuvak" sözü "blatnoy"luq sayılır?

- Sadəcə demək istəyirəm ki, təbiətinizdəki çılğınlıq, "pryamoy"luq əsərlərinizə də keçib. Bu düzgündür, ya yox?

- Belə də olmalıdır də... Mən çılğınamsa, yazılarımda belə olcaq. ölüvayamsa, yazılarım da ölüvay olacaq. Mövqesiz adamamsa, yazılarımda da bu özünü göstərəcək. Buna təbii baxıram. Başqa yola çıxmaq adamı qeyri-səmimiliyə aparıb çıxarır.

- Seyran müəllim müasir dövrün ab-havasını tuta bilirmi?                       

Bu və İsmayıl ömərovun Seyran Səxavəti niyə buraxmaması barədə  növbəti sayımızda oxuya bilərsiniz.

 

 

Elçin MƏMMƏDLİ

 

Təzadlar.- 2009.- 21-23 may.- S.12.