Nəsillərə nümunə ürəklərdə yaşayan şəxsiyyət

 

"Azərbaycan" Nəşriyyatının 6-cı mərtəbəsində çoxdan görmədiyim həmkarımla rastlaşdım. Hər ikimiz sevincək olduq. Halhvaldan sonra o, umu-küsüyə keçdi:

- Səndən incimişəm! -dedi. - "Mətbuatımızın klassiki" kitabında Nəsir müəllim haqqında onlarca müəllifin yazıları var, bəs nə üçün sənin məqalən yoxdur? Axı, o kişi ilə 30 il bir redaksiyada işləyibsən. Əməkdaşlığınız dostluğa çevrilib. Və mənə elə gəlir ki, Nəsir İmanquliyevlə işləyənlərin heç biri onu sənintək tanıya bilməz. Deməli, həmin kitabda sənin məqalənin də olması vacib idi...

- Haqlısan, qardaş! -deyə həmkarımla razı olduğumu bildirdim. -Lakin burada bir əmma da var. Məgər mənə deyən olub ki, həmin əsər üçün məqalə yazım?! Kitabı Bakı Dövlət Universitetinin akt zalında-Nəsir müəllimin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş yığıncaqda görmüşəm. Doğrusu, o zaman mən pəjmürdə olmuşdum. Rəhmətlik qələm dostum, vaxtilə "Bakı" axşam qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuş Ağəddin Mansurzadə "Nəsir İmanquliyev məktəbi" kitabında haqlı olaraq gileylənir: "Adam var, bəlkə heç Nəsir müəllimə salam verməyib, lakin bu gün haqqında boğazdan yuxarı danışır. Dil bu sözləri necə deyir, qələm bu sözləri necə yazır?!".

 Lakin qardaş, təəssüflənməyə dəyməz. 1998-ci ildə dünyasını dəyişən Nəsir müəllimin vəfatından sonra onu qəzetlərdə dəfələrlə bu və digər şəkildə yad etmişəm. 95 illik yubiley ərəfəsində bir neçə qəzetdə müxtəlif səpkidə məqalələrim dərc olunub. Amma mən bununla kifayətlənmirəm. Düşünürəm ki, bu şəxsiyyətin böyüklüyünü, qəzetçilik məharətini, təşkilatçılıq bacarığını, nəhayət, insani keyfiyyətlərini vaxtaşırı oxuculara çatdırmağa borcluyam. İnşallah, növbəti məqaləmi bu günlərdə oxucular görəcəklər.

Sözlərimdən eyni açılan həmkarım:

- Öpürəm səni!-deyib xudahafizləşdi.

 Yəqin ki, yaşıdlarım, eləcə də orta nəslin nümayəndələrinin bir çoxu söhbətin kimdən getdiyini başa düşüblər. Təəssüf ki, mətbuatımızın klassiki sayılan bu qəzet fədaisini cavan həmkarlarımın çoxu tanımır. Odur ki, bu məqaləni dərc etdirməyi vacib saydım.

 

Kimdir Nəsir İmanquliyev?!

 

Əgər desəm ki, keçən əsrin 2-ci yarısında yaşayıb yaratmış jurnalistlər arasında Nəsir müəllim kimi məhsuldar qəzetçi olmayıb, yəqin ki, onu tanıyanlar mənimlə razılaşarlar. Əllinci illərin axırlarından başlayaraq səksəninci illərin ortalarındək olan müddəti, yəni "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında Nəsir müəllim dövrünü Azərbaycan mətbuatının renessansı adlandırsam, məncə mübaliğəyə yol vermərəm.

Jurnalist olmaq üçün doğulmuş Nəsir müəllim qəzetə istedadlı yazarlar toplaya bilmişdi. O vaxt universitetin jurnalistika fakültəsində dərs deyən redaktorumuz məşğələlər zamanı hər bir tələbəni öyrənir, özü üçün kadr seçirdi. 1960-cı ildə bizim qrupdan 3 nəfəri, o cümlədən məni işə dəvət etdi. Bizdən qabaq isə Şamil Şahməmmədovu hələ 4-cü kursda oxuyarkən işə götürmüşdü. İstedadlı əməkdaşlırın irəli çəkilməsinə böyük əhəmiyyət verirdi. Bir neçə il ərzində Şamil şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrinə yüksəlmişdi. Nəsir müəllim işdən gedəndən sonra isə axşam qəzetlərinin redaktoru təyin olunmuşdu.

 Zəngin təcrübəyə, adamlarla işləmək bacarığına malik olan redaktorumuz kimin hansı sahədə daha çox fayda verəcəyini bilir, kadrları bu baxımdan yerləşdirirdi. Bir neçə ildən sonra redaksiyanın partiya şöbəsi Əliabbas Əliyevə, məktublar şöbəsi Şaban Şabanova, ədəbiyyat şöbəsi tanınmış ədəbiyyatşünas alim Şamil Qurbanova (1960-cı il buraxılışının məzunları) tapşırılmışdı. Nəsir müəllimin məsləhəti və istəyi sayəsində redaksiyanın partiya təşkilatına uzun illər mən rəhbərlik etmişəm.

Ötən əsrin 60-80-ci ilərində "Bakı" və "Baku" qəzetlərinin bütün əməkdaşları dövlət hesabına mənzillə təmin olunmuşdular. İstəyənlərin hamısı redaktorun təqdimatı ilə şəxsi minik avtomobili, xaricdən gətirilən mebel almışdı. Nəsir müəllim əməkdaşların xeyrində də, şərində də iştirak edirdi.

İşə can yandıran, səs salan məqalələr yazan, tapşırıqları vicdanla yerinə yetirən əməkdaşlara redaktorumuz, necə deyərlər, gözünün yağını yedizdirməyə hazır idi. Belələrini öz övladı qədər sevir, onları həm maddi, həm də mənəvi cəhətdən ruhlandırırdı. Məsələn, redaksiyanın dayaqlarından biri olan Şamil ("Bakı" qəzetinin oxucular tərəfindən maraqla qarşılanmasında onun böyük xidməti olub) və mən müəllimin təqdimatı ilə respublikanın "əməkdar mədəniyyət işçisi" fəxri adını almışıq.

 

O, əvəzolunmaz tərbiyəçi idi

 

Müdriklərin belə bir kəlamı var: "Uşağı döyməklə yox, şəxsi nümunə ilə tərbiyə edərlər". Bununla mən heç də demək istəmirəm ki, Nəsir müəllim mülayim adam idi. Yox, o, çox tələbkar, yaramaz hərəkətləri bağışlamayan, tənbəllərə, yalançılara, öz işinə məsuliyyətsiz yanaşanlara qarşı sərt idi. Bəziləri yazırlar ki, həmişə onun üzündə təbəssüm olub. Xeyr, bu, belə deyil, təbəssüm yox, nur vardı. Müxtəlif xarakterli insanlardan ibarət olan beynəlmiləl kollektivə rəhbərlik edən, hər gün palaz boyda iki qəzet (ayda bir dəfə buraxılan əlavələri demirəm) buraxan, dərc etdiyi odpüskürən məqalələrə görə təzyiqlərə, təhqirlərə, hətta fiziki hücumlara məruz qalan, şəhər partiya komitəsinin nəzarəti altında uzun illər redaktorluq edən bir şəxsiyyətin üzündə "həmişə təbəssüm olması" mülahizəsi həqiqətə nə qədər uyğundur?! Bu, başqa məsələ idi ki, işdən sonra, asudə vaxtlarda o, əməkdaşlarla bağda, şənlik məclislərində olur, maraqlı, mənalı söhbətləri ilə bu tədbirlərə rövnəq verirdi.

 Burası da var ki, redaktorumuz hər xırda şeyin boynuna "ip salıb" dartmağı xoşlamazdı. İki əhvalatı oxucuların nəzərinə çatdırmağı lazım bilirəm. Rus şöbəsində işləyən əməkdaşlardan birini partiya sıralarına qəbul etmək istəyirdik. O, raykoma gedib anketi dolduranda sənədi korlamışdı. İkinci anketin verilməsi isə o vaxt çətin məsələ idi. Onu redaksiyaya göndərib tapşırmışdılar ki, qoy partkom raykoma zəng vursun. Lakin mənim yanıma gəlmək əvəzinə girmişdi redaktorun kabinetinə. Bərk məşğul idim, telefon aparatı səsləndi. Dəstəyi qaldırdım, Nəsir müəllim idi:

- Ay Əliabbas, bu partiya işi ilə də mən məşğul olmalıyam?!

Qanım bərk qara idi. Anası sancılanıb xəstəxanaya aparıldığından azyaşlı oğlumu ilk dəfə özümlə işə gətirmişdim. Bu tərəfdən də nömrəyə təcili yazı hazırlayırdım. Odur ki, redaktora sərt cavab verdim:

- Diletantın biri anketi korlayıb, gəlib girib yanınıza! Nə üçün qəbul eləyibsiniz, mənim yanıma göndərməyibsiniz?! Nə qədər ki, partkomam, o yaramaz partiya üzü görməyəcək...

Müəllimdən incidim. Bir neçə gün kabinetinə getmədim. Materialları ədəbi işçi ilə göndərirdim. üç gündən sonra katibə gəlib məni tələsdirdi:

- Redaktor tapşırdı ki, tez qorkoma qalxasınız, büro iclasına.

Saata baxdım, 2-yə az qalmışdı, tələsik pencəyimi geyib çıxdım. Şəhər partiya komitəsi binasının 2-ci mərtəbəsinə qalxdım. İclasın başlamasına 4 dəqiqə qalmışdı. Bu zaman Nəsir müəllim göründü. O, bir neçə raykom katibi ilə görüşə-görüşə yanıma gəlib qoluma girdi. Pilləkənlərə doğru apardı. Orada pencəyimin yaxalığını düzəltdi, qalstukuma əl gəzdirdi və mehribanlıqla gülümsündü. Bu, sözün əsl mənasında böyüklük idi. Bərk təsirləndim və o günkü sərt cavabıma görə xəcalət çəkdim. Bu insan kin-küdurətdən tamamilə uzaq idi. Elə bu keyfiyyətinə görə də "vsemoquşestvennı" şəhər partiya komitəsinin təzyiqlərinə sinə gələrək 30 il fasiləsiz qəzet redaktoru vəzifəsində qalmışdı.

Son vaxtlar səhlənkarlığa yol verən şöbə müdirimi bir dəfə bərk danladığının şahidi olmuşdum: "Sən burada olmayanda işimiz çox yaxşı gedir!". Deməli, redaktor işimdən razıdır. Axı, müdir olmayanda şöbəni mən idarə edirdim. Şöbə müdirinin xasiyyəti çox tünd idi. Bir dəfə lap həddi aşdı, artıq-əskik danışdı. Redaktorun yanına gedib narazılığımı bildirdim və dedim:

- Nəsir müəllim, şöbədə ya o qalsın, ya mən!

Redaktor dərhal dilləndi:

- O, qalacaq, sən getmək istəyirsən, yaz ərizəni!

  Doğrusu, heç yuxuma da gəlməzdi ki, müəllim belə deyəcək. Amma daha demişdi. Qəbul otağında ərizəni yazdım. Kabinetə keçib onu redaktorun stolu üstünə qoydum. Qapıdan çıxmaq istəyirdim ki, ağsaqqalın amiranə səsini eşitdim:

- Qapını içəridən bağla, gəl otur.

Onun dediyinə əməl etdim. Böyük qardaş nəvazişi ilə gülümsünərək ərizəni cırdı və dedi:

- Cavan oğlan, səni Aidadan (sonralar məşhur şərqşünas alim olan qızını nəzərdə tuturdu) az istəyirəm?! Adam dəmdəməki olmaz. Bilirəm şöbə müdirinin xasiyyəti tündür. Xasiyyətdir də. Bəs mən necə dözürəm ona! Sənin barəndə isə mən başqa fikirdəyəm. İstəyirəm partiya şöbəsini tapşıram sənə.

 Həmin əhvalatdan 40 ildən çox vaxt keçsə də onu bu gün də xatırlayır, əvəzsiz tərbiyəçi Nəsir müəllimə dönə-dönə rəhmət diləyirəm.  

 

Daim qəlbimizdə yaşayacaqsınız, Nəsir müəllim! 

 

Xatirələrimi ruhunuza müraciətlə yekunlaşdırmaq istəyirəm, Nəsir müəllim! Haqqınızda nə qədər yazsam da, böyüklüyünüzü nə qədər vəsf etsəm də çətin ki, sizə olan məhəbbətimi bütünlüklə ifadə edə biləm. Alicənablığınızı hələ yarım əsr öncə dərk eləmişəm. Əgər o anı unutsam, nankor sayaram özümü. Xatırlayırsınızmı, o vaxtlar qəzetin hər bir tənqidi çıxışına yuxarı təşkilatlar dərhal reaksiya verirdilər. Ona görə də heç kəs istəmirdi ki, yaxın adamı qəzetdə tənqid olunsun. Yaxşı yadımdadır, "Xalq nəzarəti" səhifəsində bir ticarətçinin alıcıları çəkidə aldatmasından söhbət gedirdi. "Kommunist" qəzetinin bir işçisi mənə zəng vurub dedi: "Həmin şəxs müharibədə həlak olan atamı əvəz edib, xahiş edirəm yazını verməyəsən".

Çapa gedən yazını o vaxtlar səhifədən çıxarmaq müşkül məsələ idi. Onun əvəzinə başqa yazı yığılmalı idi. Deməli,  qəzetin çapı gecikəcək, yuxarı təşkilatın danlağına tuş gələcəyik. üstəgəl məqaləni siz imzalayıb katibliyə vermişdiniz, möhtərəm redaktorum! özünüz isə soyuqladığınız üçün evdə yatırdınız. Sizi narahat etməyə üzüm gəlmədi. Bu tərəfdən də xahiş edən şəxsin sözləri qulaqlarımda cingildəyirdi. Mənim atam da ötən müharibədə itkin düşdüyü üçün bərk kövrəlmişdim. Mənə olan etibarınıza güvənərək yazını səhifədən çıxardım. İki gündən sonra məni yanınıza çağırıb məzəmmət etdiniz. Əslində bu, danlaq deyil, böyük qardaş məhəbbətinin təcəssümü idi.

- Düzgün hərəkət eləməyibsən! -dediniz. -Yazını yalnız redaktor səhifədən çıxara bilər. Lakin kişilik eləmisən, bilirəm ki, təmənnasız eləmisən.

Ruhunuz şad olsun, ey böyük insan! Mən ağır cəzaya layiq idim. Lakin sizin etibarınız daha yüksək oldu. O əhvalatı hər dəfə yada salanda, özümü məzəmmətləyir, sizin nəcibliyinizi isə minnətdarlıqla hallandırıram.

Tələb edirdiniz ki, rus dilindəki mətnlər əvvəlcə şöbələrdə tərcümə edilib yazılsın, sonra makinaya verilsin. Göstəriş düzgün olsa da, ağzını əjdaha kimi açan gündəlik qəzet üçün material çatdırmağı çətinləşdirirdi. Odur ki, tərcümə etməyi bacaran şöbə müdirləri bəzən yazıları birbaşa makinaçıya diqtə edirdilər. Bir gün şəhər partiya komitəsindən qanıqara qayıtmışdınız. Səsimi eşidib makina otağının qapısını açdınız, diqtə etdiyimi görüb dərhal iradınızı bildirdiniz: "Əşi, sən Abbas Gülməmmədovsan, Süleyman Məlikovsan (o vaxtın məşhur tərcüməçiləri), neçə dəfə demişəm ki, bunları şöbədə tərcümə edin! Yaxşı, dur gəl, səninlə işim var!". Pərt olsam da incimədim. Siz demişkən, axı, böyüyün sözünün boynuna ip salmaq qəbahətdir. Bir müddət keçdi, günlərin birində səhər saat 9-da bir səhifəlik yazını mənə uzadıb söylədiniz:

- Plenum materialıdır, dünən evə aparmışdım ki, tərcümə edim. Axşam qonağım gəlmişdi. Cəmi bir qranka tərcümə eləmişəm. Bu gün getməlidir, tez makinaya diqtə elə.

Bəlkə də xatırlayırsınız, ustad! Məni gülmək tutdu:

- Nəsir müəllim, mən Abbas Gülməmmədovam, Süleyman Məlikovam ki, birbaşa diqtə edim?!

Siz necə ürəkdən şaqqanaq çəkdiniz, yəqin ki, yetirmənizin söz altında qalmadığı sizi etizaza gətirmişdi, ey çəkdiyi zəhmətin bəhrəsini görəndə qəlbən fərəhlənən təəssübkeş vətən oğlu!

Bir məqamı da qeyd etməyə bilmərəm. Əsas vəzifənizdən gedəndən sonra da xeyirxahlığınızdan qalmamış, həmişə nəzərləriniz yetirmələrinizin üstündə olub. Respublika Veteranlar Şurası məni "Hikmət" qəzetinin baş redaktoru təsdiq etmək istəyirdi. Hesabat-seçki konfransında bu məsələ müzakirə olunarkən, bir nəfər mənə qərəzli sual verdi. Bu sizi təbdən çıxardı. Yadınızdadırmı, orta sırada əyləşmişdiniz. Dərhal ayağa qalxıb zaldakılara müraciət etdiniz: "Sizin minnətiniz olsun ki, Əliabbas "Hikmət"in redaktoru olmağa razılıq verir. O, "Pravda" qəzetinin (o vaxt SSRİ-nin bir nömrəli qəzeti) baş redaktoru olmağa layiqdir!".

Bununla da müzakirə bitdi və yüzlərlə veteran mandatını yuxarı qaldıraraq baş redaktor olmağıma səs verdi. Bax, belə dağ idiniz, Nəsir müəllim! Obyektivliyinizi, yüksək təşkilatçılıq qabiliyyətinizi (ali hakimiyyətdə vəzifə tutan məmurlar ustadımın bu keyfiyyətlərindən yararlansalar, yaşayışımız indikindən xeyli yaxşı olar) dananlara, unudanlara ar olsun!

Bu gün yeriniz necə də görünür! Zəhmətə, istedada, mətbuatda uzun illər səmərəli fəaliyyətə verdiyiniz qiymət sayəsində aldığım mükafatlara görə mənə də Prezidentin fərdi təqaüdü düşür. Bundan ötrü müxtəlif qurumlara müraciət etsəm də nəticəsi olmayıb. İndi Sovet dövründə olduğu kimi zəhmətə, zəhmətkeşə qiymət verən yoxdur. Sizintək canıyanan, haqqa tapınan ziyalı gərəkdir ki, bu sahədə ədaləti bərpa etdirə bilsin, qardaş!

Bəli, unudulmaz həmkarım, xeyirxahım, qədirbilənim! Yeriniz hər yerdə, hər gün görünür. Təəssüf ki, yazıya pozu yoxdur. Odur ki, əbədiyyət dünyasında rahat uyuyun. Və bilin ki, qədirbilən yetirmələriniz, dostlarınız, qardaşlarınız sizi heç zaman unutmayacaqlar. 

 

 

Əliabbas Əlimədətoğlu,

əməkdar jurnalist   

 

Təzadlar.- 2009.- 26-28 may.- S.6.