6 noyabr - Radio Günüdür
Əyani, operativ xalq tribunası
Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır.
Heydər ƏLİYEV
Səksən üç il əvvəl Azərbaycanın səmasına "Danışır Bakı" sözləri yayımlandı. Bu fərəhli hadisə zamanı vəziyyət gərgin, texniki avadanlıqlar, evlərdə radioqəbuledicilər yox idi. Lakin həmin sözləri eşidənlərdə sevinc hissi yaranmışdı. çünki dinlədikləri xəbərlər, musiqilər onlar üçün əlamətdar olmuşdu. Dahi bəstəkar üzeyir bəy Hacıbəyovun musiqisi ilə başlayan verilişlər həmin xoş səda altında da sona çatardı.
Verilişlərin həcmi, sayı, keyfiyyəti tədricən artmağa başladı. Ancaq 1930-1937-ci illərdə milli radiomuz da günahsız, qəbahətsiz insanlar kimi susmağa, zamanın amansız qanunları qarşısında itaətkarlıq göstərməyə məcbur oldu. Radionun inkişafına can yandıranlardan biri, mərhum diktor Soltan Nəcəfov o illəri xatırlayaraq deyərdi: "Bilmirdik gülək, yoxsa ağlayaq. Dünən görəndə qürur hissi keçirdiyimiz şəxsiyyətləri bu gün qollarını qandallayıb göndərirdilər "gedər-gəlməz"ə. Unudulmaz şair-dramaturq Hüseyn Cavidin Sibirə sürgün edilməsi xəbərini eşidəndə həftələrlə xəstə yatdım".
Azərbaycan radiosunun 1941-1945-ci illərdə, İkinci Dünya müharibəsi zamanı fəaliyyəti, təbliğatı, təskinlik verən xidməti xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Doğmalarını cəbhəyə yola salanların son ümid, inam, güman yeri radio olmuşdu. Niskilli, intizarlı insanlar radionun önündə əyləşib bir xoş xəbərə - müharibənin başaçatma sorağına möhtac olardılar. Elə burda 1953-cü ilin mart ayında gördüyüm bir mənzərəni xatırlamağa ehtiyac duyuram. Kəndimizdə yalnız bir radio vardı. Onu qabaqcıl pambıqçıya hədiyyə vermişdilər. Stalinin ölüm xəbərini eşidən sakinlər həmin "tilsimli cihaz"ın ətrafına toplaşıb ağlayırdılar. Bu ərəfədə oğlu gedən yollara baxmaqdan gözlərinə tor gəlmiş, taqəti kəsilmiş, heydən düşmüş Şəkər nənə əlindəki əsanı kənara qoyub qol götürüb oynadı. Sonra dilsiz-ağızsız radionu köksünə sıxıb hönkür-hönkür ağladı. Görənlər Şəkər nənənin bu hərəkətini təbii qəbul etdilər. çünki onun oğlu Bahadur da Stalin amansızlığının qurbanı olmuşdu...
Ömrünün gənclik çağlarından son nəfəsinə qədər Azərbaycan radiosunda diktor işləyən, yaddaqalımlı səsi ilə dinləyicilərin rəğbətini qazanan, xalq şairi Səməd Vurğunun qayğısı ilə respublikada ilk əməkdar artist fəxri ad alan Aydın Qaradağlının mikrofon önündə sözü ustalıqla vurğulamaq qabiliyyəti bu gün də örnək, nümunədir. İllər ötüb-keçsə də, məşhur diktorlar Fatma Cabbarova, Gültəkin Cabbarlı, Sabutay Quliyev, Ramiz Mustafayev və başqaları daim ehtiramla xatırlanırlar.
İşıqlı təfəkkürü, sağlam əqidəsi ilə yaşayan, səadət, xoşbəxtlik düşünən xalq həmişə tərəqqiyə meylli olur. Bu baxımdan, millətimizin şərəfli, şöhrətli həyat yolu təqdirəlayiqdir. 53 il əvvəl ölkəmizdə inkişaf, yüksəliş mərhələsi kimi teleyayım da fəaliyyətə başladı. Ekranlarda "Göstərir Bakı" titrini görənlər təbii, canlı mənzərəyə baxırlarmış kimi hadisəni iftixar hissi ilə qarşıladılar. Bənzərsiz ifaçı Xan Şuşinski deyərdi ki, Şuşada dünyaya göz açmışam, orada boya-başa çatmışam. Televiziya isə məni dünyaya tanıtdırdı. Nəinki xan əmini, xalq rəssamı Lətif Kərimovu, bəstəkarlar Cahangir Cahangirovu, Səid Rüstəmovu, yazıçılar Mehdi Hüseyni, Adil Əfəndiyevi, rejissor Arif Babayevi də ekranda görənlər unutmurlar. Xalq artistləri - diktorlar Roza Tağıyeva, Ofelya Sənani, Rafiq Hüseynov qədirbilən tamaşaçıların yaddaşlarında qalıblar.
Milli televiziyamızın cəfakeşləri çox olub. İlk dəfə yayım pultu arxasında əyləşən rejissor Rauf Kazımovski, aparıcılar, operatorlar, texniki işçilər həmişə hörmətlə yad olunurlar.
Çox çəkmədi ki, televiziyamız inkişaf mərhələsinə qədəm qoydu. Yaradıcı kollektiv artıq təcrübə qazanmış, ekran mədəniyyətini, davranışını, təbliğini yüksək səviyyədə öyrənmişdi. Heydər Əliyev respublika KP MK-nın birinci katibi vəzifəsinə təyni olunduğu vaxtdan bu sahəyə diqqət, qayğı artdı. Sabiq SSRİ məkanında televiziyamız nüfuzu, geniş yayımı, istedadlı kollektivi ilə tanındı. "Azərbaycantelefilm"in istehsal etdiyi sənədli, publisistik qısametrajlı filmlər dünyanın əksər ölkələrində tamaşaçıların marağına səbəb oldu. Həmin zamanlar Seyfəddin Dağlı, Nəbi Xəzri, Tofiq Bayram, Qabil, Anar, Həbibə Məmmədxanlı, Nahid Hacızadə, Bünyad Məmmədov, Gəray Fəzli, Fuad Tarıverdiyev və başqaları ümumi işin xatirinə var gücləri ilə çalışırdılar.
Teleradio Komitəsinin tarixinə Ənvər Əlibəylinin, Teymur Əliyevin, Qurban Yusifzadənin, Elşad Quliyevin adları da yazılıb. Onlar kollektivin iki min nəfərdən artıq üzvünün hər birinin xatirini əziz tutardılar.
Mərhum Qurban Yusifzadə teleradio yaradıcılığına az bələd olsa da, çalışardı ki, ona göstərilən etimadı doğrultsun. Yumşaq, səmimi rəftarı vardı. Əməkdaşların sevincinə fərəhlənər, kədərinə şərik çıxardı. Elşad müəllim isə dövrün ideologiyasının, təbliğatının mahir bilicisi statusunu qazanmışdı. Heydər Əliyevin bölgələrə səfərlərinin, zəhmət adamları ilə görüşlərinin translyasiyasını məhz o, öhdəsinə götürmüşdü. 1988-ci ildə ermənilər qarşıdurma yaradanda Elşad müəllimin təşəbbüsü ilə Şuşada teleşəbəkə fəaliyyətə başladı. Orada lentə alınan təsvirlər ölkəmizin bütün ərazilərinə yayımlanırdı. çox təəssüf ki, sonralar Televiziya və Radio Verilişləri Şirkətinə (hazırda QSC adlanır) rəhbərlik etmək səriştəsiz adamlara etibar olundu. Onların biganəliyi, etinasızlığı nəticəsində işğal olunmuş yurd yerlərimiz, xüsusən Xocalı soyqırımı haqqında tamaşaçılara saxta, həqiqətə uyğun olmayan informasiyalar ekran-efirdən yayımlandı.
Televiziya və Radio əməkdaşları vaxtilə ulu öndər Heydər Əliyevdən gördükləri qayğını bu gün də möhtərəm Prezident cənab İlham Əliyevdən görürlər. Radionun 80, televiziyanın 50 illik yubileyləri münasibətilə xeyli əməkdaş fəxri adlara, 10 nəfər əmək veteranı Prezidentin fərdi təqaüdünə, 14 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.
Radio və televiziya fəaliyyətə başladığı ilk dövrlərdən milli musiqimizin təbliğinə, ifaçılıq sənətinin inkişafına ciddi münasibət olub. Ekran-efirdən Cabbarın, Seyidin, Xan əminin, Bülbülün, Rəşidin, Şövkətin, Saranın, Rübabənin, Fatmanın səsləri həmişə eşidilib, yenə də eşidilir. Ənənənin davamı kimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Muğam müsabiqəsi" layihəsini həyata keçirən Az.TV-nin musiqi mədəniyyətimizə yüksək səviyyədə xidmətinin şahidi olduq. Hazırda bu kanalın verilişləri Avropaya, ABŞ-a, Kanadaya birbaşa yayımlanır. ölkəmizdəki sosial-iqtisadi dəyişikliyi, əhatəli şəkildə dünya ictimaiyyətinə çatdırılır.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti həm də məktəb, təcrübə ünvanı kimi tanınır. Xalqımız müstəqillik qazandıqdan sonra məhz bu qurumun çoxillik fəaliyyətindən bəhrələnərək xeyli müstəqil teleradio şirkəti yaradılmışdır.
Əlamətdar gün münasibətilə həmin kollektivləri də təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 5 noyabr.- S.15.