Tanrının özü qədər
müqəddəsdir analar
Həyatın açılmamış
möcüzələri, sirləri
çoxdur. Bəlkə də elə bizi o
sirlər, möcüzələr
idarə edir. Bizi düşündürən,
bizi sevindirən də o varlıqdır.
Bizi yaşadan, ürəyimizdə ümid
çırağı yandıran,
sonsuz sevgisini öz ciyərparası üçün əsirgəməyən
bir varlıqdır analar...
Elə o varlıq özü deyilmi Yaradanın sevgisinə çevrilən,
onun dərgahına ucalan?! Əvəzi olmayan bu varlığın
şirinliyini, dadını
heç nə əvəz edə bilməz. Bu, kəhkəşanlarda ulduzların
sayı qədər sonsuz olan ana
məhəbbətidir, övladın
anaya olan sevgisidir.
Tanınmış alim, ədəbiyyatşünas tənqidçi,
professor Qurban Bayramovun redaktorluğu ilə yenicə işıq üzü görən Nailə Bayramqızının "Anamla
söhbət" kitabında
bu müqəddəs hisslərdən söhbət
açılır. Kitabı
kəlmə-kəlmə
oxudum. Sanki müəllif öz anası ilə söhbət edir. Əsəri oxuduqca anam gözümün önündə gəlib dururdu. O, anam ki, erməni faşistləri tərəfindən
yurd-yuvasından qovuldu, didərgin düşdü. Qəriblikdə
öz amansız həyatını, acı
taleyini yaşadı. İki övladını itirən anam bala dərdinə dözmədi. Gözlərini
əbədi yumanda anamın yaralı sinəsindən qardaşımın
qanlı şəklini
və bir də balaca bir kisə tapdıq.
Sən demə, o kisədə olan bir ovuc
vətən torpağıymış.
Anam bu torpağı
özü üçün
saxlayırmış. Oğlunun
qanlı şəklindən
və kisədəki vətən torpağından
təsəlli alırmış
anam...
Anamı dəfn edəndə kisədəki
vətən torpağını
onun gözlərinə
səpdim. Səpdim ki, bir balaca
təskinlik tapa bilək. Qardaşımın
ölüm xəbərini
eşitdim, bir o qədər sarsılmadım. Atamın,
anamın yanında özümü tox tutdum. "Oğul ata öləndə ağlayar" - deyərlər.
Amma atam dünyasını dəyişəndə
ağlamadım. özümü
anamın yanında şah tutdum. Dostlarımın, qohum və tanışlarımın
yanında sındırmadım.
Həyatda tənhalığımı
hiss edən anam həmişə arxamda, başımın üstündə durardı.
Məni darıxmağa
qoymazdı. Amma anam dünyasını dəyişəndə özümü
saxlaya bilmədim. çünki dünyanın
ən kövrək, ən aciz bəndəsinə
çevrilmişdim. özümdən
asılı olmayaraq gözlərimdən yaş
leysan kimi axırdı. çiyinlərimin
üstündə tabutda
gedən elə bil anam yox,
özüm son mənzilə gedirdim. Anamı dəfn edib qayıdandan sonra da bir
müddət göz yaşlarımı quruda bilmədim. özümü
anasız təsəvvür
edə bilmirdim. Axan sanki göz
yaşlarım yox, anamın mənə verdiyi sevgi, istək, ülvi məhəbbət idi. Cismən anam həyatda olmasa da, onun ruhu
daim yanımdadır, çətin anımda surəti gözlərimin önündə durur. özümü narahat hiss edəndə, yaxud bir çətinə
düşəndə yuxuma
girir, gülə-gülə şirin söhbətə başlayır.
Bəli, ana istəyi əvəzsiz, ucu-bucağı olmayan sonsuz bir sevgidir.
Nailə Bayramqızı
nə şairdir, nə publisist, nə də yazıçıdır. O da
bir anadır. Amma ömründə bir məqalə, bir şeir yazmayan
və qələmini ədəbiyyat aləmində
sınayan N.Bayramqızı
öz anası Rəna Əhmədovanın
xatirəsinə yazdığı
"Anamla söhbət"
kitabı çox böyük ustalıqla qələmə alınıb.
Hər bir oxucu bu kitabı
oxuyanda istər-istəməz öz anasını xatırlayır.
çünki kitabda analara övlad sevgisi, övlad məhəbbəti var. Elə bir sevgi,
elə bir məhəbbət ki, həyatı boyu bütün sevgilərdən,
arzudan, diləkdən
üstün tutulub həmişə.
Müəllif bu kitabı yazmaqla böyük bir ana obrazı yaradıb. Sözlə ana heykəli ucaldıb. Bir sözlə, bütün anaların surətini yaradıb. Analar həmişə müqəddəsliyi
ilə seçilib. Dahilərin dediyi kimi, "Dünyada elə bir varlıq
var ki, biz
həmişə ona borcluyuq. O, anadır". Ana borcu əvəzsiz
borcdur. Heç bir övlad o borcu qaytara
bilməz. Orta məktəb illərində
anama yazdığım
bir misra yadıma düşür...
Keçsə qərinələr,
dolansa illər,
Qulluğunda hazır dursaq da inan.
Kim sənin borcunu ödəyə bilər?!
Ey borcu geriyə almayan insan.
Ana elə bir varlıqdır ki, həyatda onu heç nə ilə əvəz etmək olmur. çünki ana övlad üçün ürəyini həmişə verməyə hazırdır. Onun üçün hər vaxt narahatdır. Hətta ən şirin tikəsini də özünə qıymayıb doğma balasına yedizdirir ana.
N.Bayramqızının anası Rəna xanımı həyatda görmüşəm, evlərində çox olmuşam. öz sadəliyi, qonaqpərvərliyi, mehribanlığı, səmimiliyi və doğmalığı ilə seçilirdi. Azərbaycan qadınlarına xas olan bütün xüsusiyyətlər, insana aid olan bütün gözəlliklər, mən deyərdim ki, məhz Rəna anada cəmləşmişdi. Şirin danışığı, böyük nitq mədəniyyəti vardı. Əsl pedaqoq, müəllim idi. Rəna xanım nəinki Bərdə rayonunun, hətta Qarabağ camaatının da dərin hörmətini qazanmışdı. Onda olan bu keyfiyyətlər "Azərbaycan xanımı", "İctimai pedaqoq", "Metodist müəllim" səviyyəsinə yüksəltmişdir ki, kitabda bütün bunlar maraqlı bir estetik xətlə açılır, aşkarlanır, mənəvi örnəyə çevrilir.
Kitabda bir məqam diqqətimi cəlb etdi. O, əsl Azərbaycan qadını Şəhid Ailələri, Qarabağ Əlilləri və Müharibə Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanımın obrazıdır. Etibar xanım şəhid ailəsidir. Onun həyat yoldaşı Qarabağ müharibəsində şəhid olub. Şəhidlərimiz nə qədər uca, əlçatmazdırsa, Etibar xanım da bir ana kimi bir o qədər ucada dayanır. öz isməti, şərəfi, ləyaqəti, namusu və qeyrəti ilə ana ismətini, ana şərəfini, ana ucalığını özündə cəmləşdirib, qoruyub saxlayır. Valideynlərini tükənməz məhəbbətlə sevən Nailə xanımın onunla qız-qardaşlıq etməsi heç də təsadüfi deyil. Ailədə, həyatda və cəmiyyətdə öz saflığını, etibarlığını qoruyub saxlayan Etibar xanımı öz anasına bənzətməklə oxucuda böyük bir fikir, duyğu aurası doğurur və gənc qızlarımıza Etibar xanım kimi şərəfli, müqəddəs bir ana olmağı arzulayır.
N.Bayramqızı bu əsəri çox kövrək hisslərlə qələmə alıb. O hissləri hər gün hamımız qəlbimizdən keçirir, yaşayırıq. Bu, bir daha övladın anaya, ananın övlada olan sevgisi, məhəbbətidir.
Qeyd etmək istəyirəm ki, N.Bayramqızının "Anamla söhbət" əsəri ürəyində ana məhəbbəti gəzdirən və ana ağrıları ilə yaşayan hər bir insanın stolüstü kitabı olmaqla gənc nəslin tərbiyəsində böyük rol oynayacaq.
Qələndər XAÇINÇAYLI
Təzadlar.- 2009.- 5 noyabr.- S.11.