Ata nisgili, yaxud oxşar talelər

 

Qarabağ uğrunda qəhrəmanlıqla döyüşmüş, ön cəbhəyə getdiyi andan düşmənə qarşı amansız olmuş Elgün Dağbəyi oğlu İsmayılovun əziz, unudulmaz xatir\əsi şərəfinə yaradılan guşəni ziyarət edir, portreti önündə baş əyirəm. İfadəli baxışlarının təsirindən durduğum yerdəcə donub qalıram. Di gəl ki, nə onun şəkili dil açıb danışa bilir, nə də mən ürəyimdən keçənləri deməyə güc, taqət tapmıram. İyirmi yaşlı gəncin işıqlı dünyadan həmişəlik ayrılması, arzuları qönçə ikən saralıb-solması nə yaman dərd imiş?!

Elgünü görməmişəm, səsini eşitməmişəm. Ancaq o, dünyaya göz açdığı tarixdən - 1974-cü il noyabrın 16-dan atası, həmkarım, dostum Dağbəyinin sevincinə ortaq olmuşam. O, qürur hissi keçirirdi ki, oğlu olub. Mən də onun fərəhinə qoşulurdum ki, yaxşı övlad elə atasına oxşayar, mənəvi dəyərləri ilə tanınar, nəsil-nəcabətinin adına ləkə gətirməz. Xatırlayıram, dostları Dağbəyini təbrik edəndə o, dedi: "çox sağ olun, balamın qədəmləri mübarək, qismətini Yaradan versin!"

Günlər ötüb keçdikcə dostumun varlığı qədər sevdiyi oğlu da ilk addımlarını atdı, dil açıb danışdı, qələm-kağıza, kitaba maraq göstərdi. Hələ 5-6 yaşından yazmağı, höcələyə-höcələyə oxumağı bacardı. Nəhayət, günlərin birində çantasını bərk-bərk qucaqlayıb Bakıdakı 3 saylı orta məktəbə getdi. Məktəbdə müəlliməyə yaxınlaşıb belə demişdi: "Mən sizin şagirdiniz olmaq istəyirəm. Yaxşı oxuyacağam, dərslərimdən əla qiymətlər  alacağam". Müəllim\ə ilk dəfə eşitdiyi bu sözlərdən bilmədi sevinsin, yoxsa kövrəlsin. Elgünü doğması kimi köksünə sıxdı, alnından öpdü: "Ay mənim ağıllı balam, sənin nümunəvi şagird olmağın məktəbimizə şərəf-şöhrət gətirəcək" - dedi.

Elgün məktəbdə pedaqoji kollektivin, həmyaşıdlarının sevimlisi, əlaçı şagirdi oldu. Atası Dağbəyi övladı haqqında eşitdiyi xoş sözlərdən fərəhləndi, Elgünün davranışını, mülayim münasibətini görüb qürur hissi keçirdi, gələcəyə inamla, iftixarla baxardı. Beləcə, illər ötüb keçdi, vaxt yetişdi, Elgün məktəbi yüksək qiymətlərlə başa vurdu. Həmin il instituta qəbul olmaq arzusuna çatmadı. Lakin tələbə olmaq istəyi ürəyində qalmadı/, Politexnik Texnikumuna daxil oldu. Texnikumu başa vurub Azərbaycan Texniki Universitetinə imtahan verib arzusuna çatdı. Təəssüf ki, istəyi ürəyində qaldı. Gələcək niyyətini, sevgi-məhəbbətini özü ilə apardı.

Taleyin qismətinə həmişə inanmışam. Təsadüfə bax, Elgün hərbi xidmətə çağırılanda əsgəri borcunu verməyə yox, nankor ermənilərin törətdikləri qanlı faciədən soyuq səngərlərə sinə gərməyə getdi. Bacım oğlu, Elgünün tələbə yoldaşı Cabbar Səmədoğlu ilə eyni mövqedən düşməni susdurmağa çalışdı.

Hələ də dünyasını gənc yaşlarında dəyişməsinə inanmadığım Cabbarın xatirələrini oxuyuram: "Mən Cəbrayıl rayon polis şöbəsində, dostum Elgün isə 172 saylı briqadanın tərkibində döyüşürdük. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra orduda dönüş yaranmışdı. Biz Füzuli rayonunun 22 kəndini, bir qəsəbəsini işğaldan azad etdik. Obyektiv səbəbdən mən həmin ərazidə qaldım, Elgün isə xidmət göstərdiyi briqadanın tərkibində Kəlbəcərə - Murov dağına göndərildi".

Hər iki gəncin talelərində oxşarlıq görürəm. Cabbar 1993-cü il dekabr ayının 24-də Füzuli rayonu ərazisində şəhid oldu. Elgün isə...

1994-cü il may ayının 25-i idi. Ermənilər xarici qüvvələrin hərbi texnikalarına güvənərək Kəlbəcər istiqamətindən ətraf rayonlara amansızcasına hücuma keçmişdilər. Milli Ordumuz ermənilərə layiq olduqları cavab verir, hücumlarının qarşısını almağa cəhd göstərirdilər. Belə döyüşlərin birində Elgün dörd silahdaşı ilə irəli getdilər. Düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv etdilər. Lakin namərd gülləsi Elgünün ömrünə son qoydu. Daim yenilik, inkişaf görmək həvəsi ilə döyünən ürəyi əbədi dayandı. O, torpaqlarımızı qorumağı canından əziz tutmuşdu.

İlk əmək fəaliyyətinə "Azərbaycan" qəzetində korrektor kimi başlamışdı. Kollektiv hər il şəhidin ad gününü ehtiramla xatırlayır, yad edir. Dağbəyi müəllim hələ də oğlunu deyib-gülə yola saldığı səmtə boylana-boylana qalıb.  övladından  əbədi ayrılmağından 14 il keçsə də, yenə də o dəhşətə inanmır. Onunla kədər-qüssəmiz, mənəvi sarsıntılarımız bir-birinə qarışıb. Hər ilin bu vədəsində Dağbəyi müəllim Elgünün, mən isə bacım oğlu Cabbarın məzarlarını ziyarət, ruhlarını şad etmək üçün Şəhidlər xiyabanına gedirik.

Oxşar talelər barədə deməyə söz tapmıram. Ancaq inanıram ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Onda doğmalarımızın hünərləri ilə daha çox fəxr edəcəyik, nisgillərimiz isə qismən azalacaq.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 14 noyabr.- S.14.