"Qılınc və qələm" və Rəsul Rza adına beynəlxalq ali ədəbi mükafatlar laureatı, tanınmış şair Yusif Nəğməkarın çapa hazırlanan növbəti kitabına daxıl edilmiş şeirlərdən seçmələri təqdim edirik.
Vaqiflik taleyi
(Xeyirxah, ziyalı insan, dostum Vaqif Paşayevə)
Çox sirrə, hikmətə Vaqif qardaşım,
Əməlin başını ucaltmış göyə
Ağlınla qazandın bu ucalığı
Müdriklər önündə baş əyə-əyə.
Kədər ümmanında üzə bilmədin,
Yurdun Vətən dedin hər daşına sən.
Millət övladının dözə bilmədin
Bir damla niskilli göz yaşına sən.
Əyildin müqəddəs torpaq önündə,
Vətəni kök bildin, özünü budaq.
Dedin: Saz oluruq saz dillənəndə,
Beşik laylamızı necə unudaq?!
Fikrin qəm gözündən qan-yaş silirsən
Hikmət xalısına söz toxuyandan.
Axı sən Vaqif tək yaxşı bilirsən
Molla Pənah olmaz hər oxuyandan...
çətindir anlayan igidin işi,
Dərdlərin ağırı tapacaq mərdi.
Hər gecə yaşadar sənə keçmişi
Yuxunu qaçıran Qarabağ dərdi...
Doğması, yadı var sükutun, səsin,
Qəribi kövrəldən bir söz bəsidir.
Dedin: keçmişini unudan kəsin
Sabahı zülmətin təntənəsidir.
Kaş sevən sevənə can söyləyəydi
Sənin "qadan alem!" dediyin qədər.
Oğul anasını öyə biləydi
Sən Ana dilini sevdiyin qədər!
öz doğma dilinə biganə gördüm,
Dondu damarımda heyrətdən qanım.
Sənə qiymət kimi "əla" nı verdim
Ey dillər içində dil yaşadanım!
Atmadın çiynindən məsuliyyət tək
El borcu, xalq borcu-bu yüklüyünü.
Dil tapdın sadəcə hər kəslə tək-tək,
Gördük sadəlikdə böyüklüyünü!..
Eldən uzaqda da yaşatdın eli,
Qıymadın alışan bir ocaq sönəE
Bu adət, musiqi, bu Ana dili
Qürbətdə Vətəni bəxş etdi sənə.
Adam var doğmalar arasındadır,
Heç öz kənd-kəsəyi tanımır onu.
Səninsə ad-sanın hər bir yandadır,
Xalqına sevginin görünmür sonu...
Bircə addımlıqda tanışlarım var,
Yüz işıq ilindən uzaqdır mənə.
Ancaq sən qəlbimdə tutmusan qərar
Əlim çatmasa da dəmadəm sənə.
Mərdlik dərsi aldın sən babalardan,
Qürurun şəstindən, şənindən gəlir.
Bilirəm bu vəfa, etibar hardan:
Dosta sədaqətin genindən gəlir.
Savab işlər görən əlin yorulmaz,
Cahana yaxşılıq toxumu əksən.
Xeyirə aparan yolun qırılmaz,
İmana, imdada yetməkdə təksən.
Bir dost sevinəndə - əzizkən xətri-
Onun fərəhinə qanad açansan.
Adını tutanı görməkdən ötrü
Hər an uçaqlara qalxıb uçansan.
Mindin arzularla köhlən ata sən,
Enişə, yoxuşa çapdın dünyada.
Vaqif ola-ola bu həyata sən,
Vaqiflik taleyi tapdın dünyada.
"
(Əziz "
Qoynu pərilər izidir,
Sanma adi çaydır "
Saflıq, aydınlıq rəmzidir,
ümmanlara taydır
"
Mehrə, ülfətə susuzdur,
Gah atəşdir, gah da buzdur.
Hər damlası bir ulduzdur,
Hər ləpəsi aydır
"
İsmi qədim, özü gəncdir,
O dayaqdır, o güvəncdir.
On yaşında bir sevincdir,
Büsat, hay-haraydır "
Qurub - yaratmaq həvəsdə,
Təravətli bir gül dəstə.
Gəncənin sinəsi üstdə
Ulu Yurda paydır "
Xoş sədası çin-çin oldu,
Vətən üçün, elçün oldu.
Yaradanı Elçin oldu,
Halal haqqı-saydır "
Heyranlıq
Baxdım nurun bəbəyinə,
Gözümə qaranlıq doldu.
Məni işıqdan eləyən
İşığa heyranlıq oldu...
Zəngdən əvvəl
Axşamdan saatın zəngini qurub
Yatıram görməkçün sübhün üzünü.
Amma zəngdən əvvəl yuxudan durub
Sonra oyadıram zəngin özünü.
Özün gedirsən
Anlaya bilmədim bu gedişini;
Mənə - getmə, - deyib, özün gedirsən.
Göstər bu oyunda sən uduşunu;
Mənə - getmə, - deyib, özün gedirsən.
- Vaxtım yox, - söylədim, yanıb dil dedin,
Mənsiz keçirdiyin ana il dedin.
Madam gedəcəkdin, niyə - gəl -dedin?!
Mənə - getmə, - deyib, özün gedirsən.
Sevməyən, aşiqi sızlada bilməz,
Gözləyən gedəni gözlədə bilməz.
Acığın sevgini gizlədə bilməz...
Mənə - getmə - deyib, özün gedirsən.
Qüssəsi, kədəri bol ürəyimdir,
Getdiyin o yol da yol-ürəyimdir...
Mənə - getmə, - deyib, özün gedirsən.
Dayan, qət eləmə bir anlıq yolu.
Yönün- işıq yolu, qaranlıq yolu...
Qarışıb heyrətlə, heyranlıq yolu...
Mənə - getmə, - deyib, özün gedirsən.
İzin ver, bircə yol baxıb getməyə,
Ya hava, ya su tək axıb getməyə.
Qoymursan Yusifi çıxıb getməyə,
Mənə - getmə, - deyib, özün gedirsən.
Göz yaşı
Gözə girən yurd daşıyıq,
Yurdun görən gözü bizdən...
Hərəmiz bir göz yaşıyıq,
Ağlayıb düşürük gözdən.
Vətən - "və",
"tən"
Cəmdir, bütövdür Vətən;
Hamımız-
Biz və siz,
Sən və mən-
Budur Vətən.
Sevgitək,
Könültək
Vətən birdi, yüz deyil.
Vətən adi söz deyil...
Yaxşıca fikir verin;
"Və"nin yanında "tən" var,
"Və"lər tən olan yerdə
Vətən var...
Bilmişəm
Yük nədir - çiynim üstə
Götürəndə bilmişəm.
Əl nədir - istəyimi
Gətirəndə bilmişəm.
Susadım yollar boyu,
Bəs nəymiş çeşmə, quyu?!-
Səhra bir içim suyu
Yetirəndə bilmişəm.
Qəlbimi kövrək şüşə,
Minbir zəhməti - nəşə-
Daş köksündə bənövşə
Bitirəndə bilmişəm.
Can uçar quşdur belə;
Dünya ki boşdur belə-
İlk eşqi son mənzilə
ötürəndə bilmişəm.
Nəğməkar, tap dərini,
Tap sən öz qədərini...
Tapdığımın qədrini
İtirəndə bilmişəm.
Gözəllər gözümdən
qaçır
Vaxtı xatirənlə sıxıb getmisən,
Xəyalın dünəni salmazmı yada?!
Gözümdən ziya tək axıb getmisən,
Nurunu axtarır gözüm dünyada.
Hicranın yükünü daşıyan gözəl,
Bizə gələn bəla dözümdən gələr...
Varlığı gözümdə yaşayan gözəl,
Görsəm yoxluğunu, gözümdən gələr...
Bir gör, öz yerini harda görmüsən!..
Baxışım yandırıb neyçün yaxırmış...
Gözlərim içinə elə girmisən
Baxan, gözümdəki sənə baxırmış...
Bitməz sevgimizdən bir dastan desəm,
Kimsə - söz atını əylə - deyəcək.
Sanıram təzədən kimə "can" desəm,
Gülüb-get, o qıza söylə - deyəcək.
Əksin gözlərimdə yaraşıq kimi
Qəlbimi coşdurub, hey daşdırırmış...
Orda gözəlliyin bir işıq kimi
Gözəllər gözünü qamaşdırırmış.
Min addan birisi düşürmüş dilə;
Bu bal sözlərimə ismin pətəkdir,
Gözüm çox gözələ baxsa da belə
Bəbək otağımın sakini təkdir...
Kipriklər qoruyur göz ərazimi:
Ordan özgə əda keçə bilməyir.
Gözəllər ordusu tutur gözümü,
Didəm qapısını aça bilməyir...
Sən demə, alışan bu qəlbim hər an
O qəlbin eşqiylə qanad açırmış.
Mən indi bildim ki, gözümə baxan
Gözəllər gözümdən niyə qaçırmış...
Yusif Nəğməkar
Təzadlar.- 2009.- 24 noyabr.- S.15.