"Sözdür mənim söykəyim..."

 

Bu el Şəkidi,

Gözəl Şəkidi,

Mənə dünyadan

Əzəl Şəkidi...

 

Hər dəfə Şəkiyə yolumuz düşəndə bu gözəl mahnını dodaqaltı da olsa, zümzümə etməli oluruq. Şəki doğrudan da gözəldir, kəndləri ondan da gözəl. Şən, zarafatcıl, baməzə, saf insanları barədəsə danışmaq bizcə artıqdır. Şəkili adı gələndə istər-istəməz dodaqlara təbəssüm qonur. Onu danışdırmaq, bal süzülən ləhcəsinə heyran-heyran diqqət kəsilmək istəyirsən...

Bu dəfə də belə oldu. özü də bir şəkili ilə deyil, Şəkinin qaymağı sayılan insanlarla təmasda olmaq səadəti nəsib oldu bizlərə. "Elimiz.Günümüz" qəzetinin baş yazarı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, istedadlı şair-publisist Qiymət xanım Məhərrəmlinin öz ana yurdunda - Şəkidə, daha dəqiq desək, Baş Zəyzid kəndindəki əzəmətli Şadlıq Sarayında yaradıcılıq günü keçirilirdi.

Qeyd edək ki, Qiymət xanım Böyük Qafqaz dağlarının ətəyinə sığınan Vərəzət kəndində dünyaya göz açmış, orta təhsilini bu kəndə bitişik olan Baş Zəyzid kənd məktəbində almışdır. Bugünkü görüşü təhsil aldığı məktəbin keçirməsi də təsadüfi deyildi. çünki Baş Zəyzid məktəbi artıq ölkəmizdə və xaricdə nüfuzlu bir şair və elm adamı kimi tanınmaqda olan öz istedadlı məzunu ilə fəxr edib qürurlanmaqdadır. Məktəbin müəllimlər otağında hazırlanmış stenddəki materiallar da Qiymət Məhərrəmlinin şərəfli həyat və yaradıcılıq yolu barədə dolğun təəssürat yaratmaqla yanaşı, müəllimlərin, şagirdlərin, kənd ziyalılarının, eləcə də sadə insanların qürur yeri olan bu qeyrətli kənd qızının doğma kəndinə, həmyerlilərinin adına, bütünlükdə Şəki torpağına gətirdiyi başucalığının göstəricisidir sanki.

Zəyzidlilər bu görüşü çoxdan arzulayırdılar. Qismət bugünəymiş, yəni 2009-cu il oktyabrın 8-nə. Bu tarixi ona görə qabardırıq ki, mərasimdə çıxış edən hər bir insanın dilindən bu sözlər səslənirdi: "Bu gün Zəyzidin tarixində tarixi bir gündür!" Demək, Qiymət xanım öz qabiliyyəti, istedadı, insanlığı, xanım-xatınlığı sayəsində bu haqqı qazanmışdı - öz kəndinin, öz məmləkətinin tarixini yaza bilmək haqqını! Bundan böyük səadət ola bilərmi insan üçün?! 

 

Beləliklə... 

 

Baş Zəyzid kəndindəki əzəmətli Şadlıq Sarayı... Rayon icra aparatının nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi Şəki Bölməsinin üzvlərindən ibarət böyük bir dəstə, rayon təhsil şöbəsinin məsul işçiləri, Orta Zəyzid, Vərəzət və Baş Zəyzid kənd orta məktəblərinin müəllim və şagird kollektivləri, xəstəxana, bələdiyyə və kənd icra nümayəndəliklərini təmsil edən ziyalılar, kənd sakinləri geniş zalda əyləşib Qiymət xanımın sözlərinə yazılmış mahnıları dinləyir, onun çoxsahəli fəaliyyətini özündə əks etdirən musiqili foto-slaydlara tamaşa edirlər. Bir neçə dəqiqədən sonra başlanacaq tədbirin aparıcısı Arzuman Rəsulov xeyli həyəcanlı görünür. Yaxınlaşıb həyəcanının səbəbini soruşuruq. "çoxlu sayda xeyir işlərin aparıcısı olmuşam, lakin birinci dəfədir ki, şairin yaradıcılıq gecəsini aparmaq həvalə olunub mənə. Görək etimadı doğrulda biləcəyikmi?! Olduqca məsuliyyətli işdir, qonaqlarımızın da hamısı, gördüyünüz kimi, tanınmış ziyalılardır. Nə qədər çətin də olsa, zənnimcə, yaxşı alınmalıdır, axı neçə gündür məktəb kollektivi ilə birgə gərgin hazırlaşırıq", - deyir.  

Nəhayət, gözlənilən an gəlib çatır. Arzuman müəllim mikrofonu götürüb gələn qonaqları salamlayır. Şəkidən gəlmiş ziyalılar, Borçalıdan təşrif buyurmuş şair Dərviş Osman Əhmədoğlu, Bakıdan gəlmiş şair Musa Ələkbərli və digər qonaqlar alqışlarla qarşılandıqdan sonra, mərasim iştirakçılarına Qiymət Məhərrəmlinin ömür yolu barədə geniş məlumat verilir, onun fəaliyyətinə respublikanın görkəmli elm və ədəbiyyat xadimlərinin verdikləri böyük qiymətdən danışılır. Qeyd olunur ki, artıq yeddi sanballı kitab müəllifi olan Qiymət xanım alim, şair, publisist və naşir kimi özünü çoxdan təsdiqləmişdir. Bu gün məclis iştirakçılarına təqdim olunan "Elimiz.Günümüz" qəzeti nəşrə başladığı bir ildən də az müddətdə ölkəmizin ən nüfuzlu, ən səviyyəli qəzetlərindən biri kimi özünə geniş oxucu auditoriyası qazanmışdır. Kəndimizin fəxri, hamımızın sevimlisi olan bu istedadlı insan barədə ən səmimi sözləri isə onun yaradıcılığına birbaşa bələd olan əziz qonaqlarımız deyəcəklər.

İlk olaraq söz Gürcüstan Azərbaycanlıları Yazıçılar və Aşıqlar Birliklərinin sədri, "Yazı" ədəbi dərgisinin təsisçisi və baş redaktoru, "Elimiz.Günümüz" qəzetinin baş redaktor müavini Dərviş Osman Əhmədoğluya verilir. Osman müəllim şəkililəri, zəyzidliləri bu gözəl poeziya bayramı münasibətilə təbrik edir, istedadlı şair və alim, eyni zamanda, bənzərsiz naşir Qiymət xanımın yaradıcılıq günündə iştirakından məmnunluq duyduğunu bildirir. Azərbaycan Yazıçılar Birliyinin daha bir üzvü, "Şur" nəşriyyatının direktoru, tanınmış şair Musa Ələkbərli də şair dostunun sözünə qüvvət verir, Qiymət xanımın "Hardasan, Göy adamı" kitabının redaktoru kimi, onun zərif duyğular şairi olduğundan danışır. Gözəl Şəki torpağında bu yurdun dəyərli ziyalıları ilə görüşə gəlməsindən fəxrlə söhbət açan natiq, şairə bundan sonra da böyük uğurlar və səadət diləyir.

Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Qiymət xanımın yaradıcılığı ilə yaxın zamanlarda tanış olduğunu və bu poeziyanın səmimiyyətdən və vətənpərvərlik yanğısından doğan poeziya olduğunu diqqətə çatdırır və mərasim iştirakçılarına bildirir ki, rayon icra aparatı yaxın günlərdə Qiymət Məhərrəmlinin Şəki Müəllimlər İnstitutunda rayon ictimaiyyəti və ziyalıları ilə görüşünü keçirməyə hazırlaşır. AYB Şəki bölməsinin sədri, sevilən şair Vaqif Aslan da öz növbəsində bölmə üzvləri ilə birlikdə Qiymət xanımın öz doğma kəndində keçirilən görüşündə məmnuniyyətlə iştirak etdiklərini bildirir, Qiymət poeziyasının fəlsəfi məqamlarından söhbət açır. Şəkinin Kiçik Dəhnə kəndində yaşayan istedadlı şair-tərcüməçi Qoca Xalid Azərbaycan poeziyasında çox az sayda olan qadın şairlər arasında Qiymət Məhərrəmli imzasının xüsusi yeri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırır, onu bu gözəl gün münasibətilə təbrik edərək, çıxışını şairə ünvanladığı kiçik bir şeir parçası ilə yekunlaşdırır. Baş Zəyzid kənd orta məktəbinin direktoru Arif Əzimli, Vərəzət kənd məktəbinin direktoru Ələkrəm Məmmədov, Qiymət xanımın orta məktəbdə  sinif rəhbəri olmuş Mövsüm Məmmədov, sinif yoldaşları adından - Şəki Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəis müavini Nemət Rəsulov, rayon təhsil şöbəsinin məsul işçisi Fəridə Mirzəyeva, "Günaybankn Şəki filialının sədri Rəsul Rəsulov, Orta Zəyzid kənd 1 saylı orta məktəbinin alman dili müəllimi Tangiz Yusibova, şairlərdən Şahid Məmmədkərimov, Gülnarə Əsgərzadə  və başqaları çıxış edərək, təkcə doğulduğu kəndin deyil, Şəkimizin, Azərbaycanımızın, bütövlükdə Türk dünyamızın istedadlı şair qızı Qiymət xanımla fəxr etdiklərindən danışır, bu sadə, səmimi, qabiliyyətli və qeyrətli ziyalıya hər zaman daha böyük yaradıcılıq nailiyyətləri diləyirlər. Məclisboyu səslənən mahnıların (bunlardan bəziləri Qiymət xanımın sözlərinə yazılmışdır) ifaçıları Vahab Vahabov və ülvi ömərovun oxuduqları mahnılar, eləcə də Şəki şəhər 1 saylı incəsənət məktəbinin "Qönçələr" rəqs ansamblı üzvlərinin gözəl rəqs nömrələri, Baş Zəyzid və Vərəzət kənd orta məktəbləri şagirdlərinin Qiymət poeziyasından söylədikləri nümunələr mərasim iştirakçılarını ecazkar bir aləmə aparır sanki. Mahnı mahnıya, rəqs rəqsə qarışır, şairlər və digər ziyalılar oynayanlara qoşulur.

Aparıcı Arzuman müəllim respublikanın əməkdar artisti  Ruhəngiz Allahverdiyevanın ifasında səslənən "Həyat sevənlərindir" (sözləri Qiymət Məhərrəmlinindir) mahınısının təranələri altında şairin tərcümeyi-halı kimi səslənən "Mən başqa cür yaşamağı bacarmadım" şeirini əzbərdən deyir. Şeir gurultulu alqışlara səbəb olur.

Məclisin ən xoş məqamında söz səbəbkara verilir. Qiymət xanım həmyerlilərinə və gələn qonaqlara bugünkü gözəl gündə iştiraklarına görə minnətdarlığını bildirir, rayon icra aparatı işçilərinə, Şəki şairləri və ziyalılarına göstərdikləri sayğı və ehtirama görə, razılıq edir. "Bax, anam bu, bacım bu!" misrası ilə başlanan şeirini söyləyərək, çəkdikləri böyük zəhmətə görə, tədbirin təşkilatçılarına - Baş Zəyzid kənd orta məktəbinin direktoru Arif Əzimliyə, məktəbin müəllim və şagird kollektivinə, təhsil şöbəsinin nümayəndəsi Fəridə Mirzəyevaya, Şadlıq Sarayının işçilərinə təşəkkürünü bildirir. Söz verir ki, rəhbərlik etdiyi "Elimiz.Günümüz" qəzeti bundan sonra da öz vətənpərvərlik və humanizm missiyasını yerinə yetirərək, gənc istedadların üzə çıxarılması, ziyalıların həyat və fəaliyyətinin daim işıqlandırılması yönündə gördüyü işi davam etdirəcək, həmyerlilərinə mənəvi dayaq durmağa çalışacaqdır. Azərbaycanımızın ədəbi və mədəni sahələrində Şəki ziyalılarının öncül mövqedə dayanması naminə səyini əsirgəməyəcəkdir.

Sonda xatirə şəkilləri çəkdirilir, Qiymət xanıma gül dəstələri və hədiyyələr təqdim olunur.

 

 

Elgün Göytürk

 

Təzadlar.- 2009.- 15 oktyabr.- S.15.