Düşünməyə dəyər

 

Telekanallar şəxsi mənafelərə yox, xalqa xidmət etməlidir...

 

Müstəqillik - azadlıq, xoşbəxtlik, bəxtəvərlikdir, anarxiya deyil. Millətimiz də nəhayət qanı, hünəri sayəsində muradına çatıb, niyyətinə yetişib. Artıq bütün dünya Azərbaycanımızı müstəqil dövlət kimi tanıyır, müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

Ölkəmizdə sosial-iqtisadi vəziyyət sürətlə inkişaf etdiyi üçün əhalinin güzəranı da günbəgün yaxşılığa, tərəqqiyə doğru dəyişir. Əgər yaxın keçmişdə respublikamızda yalnız bir teleradio yayım kanalı vardısa, hazırda onların sayı xeyli artıb. Bu, ilk növbədə inkişafımızın, müstəqilliyimizin nümunəsi kimi qarşılanır. Təəssüf ki, yeni yaranan kanallarda nöqsanlar, milli dəyərlərimizi gözdən, nüfuzdan salan, əxlaqi keyfiyyətlərə ləkə vuran cəhətlər də az deyil.

Yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatda dərc olunmuş "AZƏRBAYCANIN EFİR MƏKANI: problemlər və vəzifələr" başlıqlı məqaləsində bu və ya digər halların, görüntülərin, ekran nümunələrinin analitik təhlili verilib. Müəllif yazıb: "...Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir... Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmamazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır..."

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin vaxtı ilə sədri işləmiş, əməkdar incəsənət xadimi, professor, Prezident təqaüdçüsü Elşad Quliyev kütləvi oxucu və tədris üçün nəzərdə tutulan "Televiziya: nəzəriyyə, inkişaf meylləri" kitabında yazıb: "Dövlətin qüdrəti - xalq kütlələrinin şüur səviyyəsindədir. Şüurluluq isə öz növbəsində, məlumat zənginliyinə əsaslanır... Televiziya  xalqın görən gözü, eşidən qulağı, düşünən beynidir. O həm maraqlı, həm də olduqca təhlükəlidir. Təhlükənin başlıca səbəbi yalandır, saxtalıqdır, abırsızlıqdır, uydurma danışmaqdır. Bunlar isə milli mənəviyyatımıza  - iman və inamımıza yaraşmır".

Bu fikirlər, əsaslanmış qənaət bir oxucu, keçmiş televiziya işisi kimi məni də düşünməyə, teleyayımla bağlı bəzi məqamları xatırlamağa vadar etdi. Əlbəttə, ötən əsrin sonlarındakı ekran görüntüləri ilə çağdaş dövrümüzdəki prosesi uyğunlaşdırmaq istəməzdim. Ona görə ki, o zamanlar sovet rejiminin özünəməxsus tapşırığı, göstərişi mövcud idi. İndi isə şükürlər olsun, müstəqilik. Amma xalqımız öz adəti, ənənəsi, abır-həyası, isməti-namusu ilə yaşayan, milli dəyərləri daim uca tutan həmin xalqdır!

Ölkəmizdə teleyayım yarım əsrdən artıqdır ki, fəaliyyətə başlayıb, qadir insan əməyinin təsvir və tərənnümünü ekranda canlandırıb. Sosialist Əməyi Qəhrəmanları Şamama Həsənovanın, Sərdar  İmrəliyevin, Qızqayıt Həsənovanın və başqalarının fəaliyyətlərini ekranlarda görənlər əkin-biçinə, torpağa qarşı daha həvəsli olmuşdular. Efir-ekran təbliğatına məsul şəxslər bu şərəfli ənənənin  həmişə iri planda göstərilməsinə çalışardılar. Ədəbiyyata, incəsənətə də hər zaman qayğı göstərilərdi. Mehdi Hüseyn, Süleyman Rüstəm, İsmayıl Şıxlı, İslam Səfərli, Əlfi Qasımov, Hüseyn Arif və başqaları tez-tez teleyayımlarda tamaşaçıların görüşünə gələrdilər. İlyas Əfəndiyevin, Sabit Rəhmanın, İsi Məlikzadənin pyesləri əsasında hazırlanan televiziya tamaşalarından seyirçilər ləzzət alardılar. Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Rübabə Muradovanı, Fatma Mehrəliyevanı ekranda görənlər özlərini şən, şux ovqatda hiss edərdilər. Qara Qarayevin, Fikrət Əmirovun,  Cövdət Hacıyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin  həzin, kövrək mahnıları efirdə, ekranda səslənərdi. Ən vacibi isə ekran təsvirlərində milli  dəyərlərimiz, mənəviyyatımız qorunub saxlanılardı, ekran mədəniyyətinə - geyim-qiyafəyə, davranışa  ciddi fikir verilərdi. Əks təqdirdə...

1976-cı ildə (hazırda sinəsinə döyüb, qadın zərifliyinə yaraşmayan tərzdə loğvalıq, eqoistlik edən, xalq artisti fəxri ad almış ifaçı) fonoqram altında "oxuyarkən" əvvəlcədən vədə verdiyi şəxslər üçün kamera önündə dilini çıxartmış, yersiz, şərəfsiz jest etmişdir. Biabırçılıqdan xəbər tutan o zamankı Komitə sədri mərhum Qurban Yusifzadə  onun ekrana çıxmasına bir il qadağa qoydu. Bəs indi vəziyyət necədir?

Əlbəttə, indi mühit dəyişib, telekanallarda biveclik, laqeydlik, milli dəyərlərə hörmətsizlik artıb. Əgər o  dövrdə yalnız bir telekanal vardısa, müstəqillik qazanandan sonra əyalətlərdəkiləri demirik, paytaxtda 6-7 teleradio yayım şirkəti fəaliyyət göstərir. Hər birinin də  amalları, məqsədləri nəyin xatirinə olursa-olsun  tamaşaçı cəlb etmək və vəsait qazanmaqdır. Onların heç biri milli mentaliteti, dəyərləri, abır-həyanı veclərinə almır.

Dünyanın bütün tərəqqipərvər ölkələrinin televiziya verilişlərində milli ordunun tərənnümü uca tutulur. Dost və qardaş Türkiyədə belə kanallar daha çoxdur. Dəfələrlə görmüşük ki, türk televiziyaçılar əsgəri necə məhəbbətlə tərənnüm edirlər. çünki sabah baş verəcək hər hansısa qarşıdurmada öndə gedən məhz həmin əsgərlər olacaq. Bunun üçün də onların şərəfinə  mahnılar bəstələnir, şerlər yazılır. Bizdə isə... İki-üç klipi çıxmaq  şərtiylə, demək olar, taleyüklü bu mövzuya toxunulmur. Olanda da "filan bölgədə, cəbhə xəttində filan əsgər yaralandı, şəhid  oldu, dəfn edildi" xəbərləri verilir. O, niyə, nə üçün şəhid oldu, bax, bu açıqlanmır. Hərbi çağırışa gedəcək gənclər bilsələr ki, şəhid olan əsgər Vətən, torpaq  uğrunda canını qurban verib, onlar da bu məqsədlə xidmətlərinə and içər, hünər göstərərlər.

Həqiqətə, günün tələbinə uyğun irad tutmaq qəbahət deyil, dost, həmkar məsləhətidir. Amma... xalq artistlərindən biri ərindən niyə, nə üçün boşanmasını tamaşaçılara ərmağan etməyə ehtiyac varmı? Yaxşı, deyək ki, sənətkar taleyi barədə onu sevənlərə məlumat vermək zəruri bilinir. Bəs onun keçmiş həyat yoldaşı haqqında  məntiqsiz, etikasız danışdıqlarını necə, bu da lazımdır?

İnsan taleyini bazara çıxartmaq, milli mənliyi alçaltmaq  heç bir əxlaq kateqoriyasına uyğun deyil. Aktrisanın özündən razılığı, balasını atasının üzünə həsrət qoyması yeniyetmə qızlarımızın da yaddaşında qala bilər... Bunun üçün də ekrana lazımsız fərdi problemləri çıxartmağı hörmətsizlik sayır, biabırçılıq hesab edirik.

Mərhum Elşad müəllimin adı çəkilən kitabında gözəl bənzətmə var: televiziya verilişi yeni yandırılan tonqala bənzəyir. Əvvəl tüstüsü, sonra alovu görünür. Bu fikri belə anladıq ki, tamaşaçı ilk əvvəl verilişə maraq xatirinə baxır. Sonra onun mənasın, məntiqin, dəyərin fikirləşir. Düşünür ki, bu lazım idi, ya yox? Belə sualla biz də rastlaşırıq. Məsələn,  ifaçı Rəqsanənin həyatın, kimliyin, taleyin ekrana çıxartmaq  - özü də şit, bayağı, millətçiliyə uyğun olmayan qiyafədə lazımdırmı?

Gəlin unutmayaq:  iyrənc şəkildə tamaşaçı cəlb eləmək ən azı sənətə hörmətsizlikdir.  

Dünyanın  çox ölkələrində qastrol səfərlərində olmuş, ifaları alqışlarla  qarşılanan xalq artisti, məşhur ifaçı Zeynəb xanım Xanlarovanın fikridir: "1970-ci ildən şalvar geyirəm. Amma çalışmışam ki, əzələlərim görünməsin..."

Zeynəb xanımın tullanmış ayaqqabılarını geyənlər, özlərini ona bənzətməyə çalışanlar  tamaşaçılardan sevgi, rəğbət yox, nifrət qazanırlar. Kamera önündə sağa-sola, irəli-geri fırlanırlar. İstər canlı, istərsə də fonoqram altında nə oxuduqları yadlarından çıxır. çünki  məqsədləri səslərini, ifa qabiliyyətlərini yox, bədənlərini nümayiş etdirmək olur.

Eybəcər görüntülərin ekranlarda canlandırılmasında günahkar həm də yayım pultu arxasında əyləşən rejissorlardır. Məhz onların diqqətsizliyi, səriştəsizliyi nəticəsində biabırçı nüanslar, jestlər, kadrlar ekranlarda görünür. Dini etiqadı olan ağsaqqal-ağbirçəklər  haqlı olaraq həmin mərifətsizlərə nifrət edirlər.

"Space" müstəqil telekanalının son vaxtlardakı uğurları tamaşaçıların marağına səbəb olur. Proqramlar yaxşı tərtib edilir, verilişlərin  keyfiyyətinə ciddi fikir verilir. Yaradıcı kollektiv çalışır ki, 12 il ərzində çətinliklə qazanılan  nufuzu qoruyub saxlasın. Amma... "Bazar"ları onları gözdən salır. Yəni "Bazar" verilişləri tamaşaçılara kolxoz bazarını xatırladır: "Təzə kartof, kələm, xiyar var, tez gəlin, sizlərə qalmaz" satıcı harayını  yada salır. Bilərəkdən  adını çəkmirik, verilişin aparıcısı bazar satıcısından daha hay-küylüdü, geyiminə diqqət yetirmir, ağlına nə gəlirsə danışır. Fikirləşmir ki, ona baxanlar, dediklərini eşidənlər var.

Xalqa xidmət etmək istəyən telekanalda boş, mənasız, yersiz nüansları, şit, bayağı şıltaqlığı tamaşaçılar əsla sevmir. Bu baxımdan aparıcıların  normanı, etikanı gözləmələri  əsas, vacib şərtdir. Yeri gəlmişkən, bütün telekanallarda lent montajına fikir verilmir. Proses başdansovdu  aparıldığından  məna, məntiq itir.

Daha bir vacib məsələ barədə. Başa  düşürük, reklam şirkətin  gəlir mənbəyidir.  Lakin onun da yerləşdirilməsi, nümayişi nəzərə alınmalıdır.  İfaçının ağzı açıq, çıxışçının fikri yarımçıq qalır ki, bəs reklam  göstərilir. Bu hal heç bir etikaya uyğun gəlmir.

ANS telekanalının bir çox verilişlərinə, xüsusən xəbərlər  - informasiya proqramına tamaşaçılar həvəslə, maraqla baxırlar. Operativlik bu proqramın əsas qayəsidir. İnternet vasitəsilə əldə etdikləri vacib, operativ məlumatlar, dünyada baş verən olaylar seyrçilərə çatdırılır. Ancaq kanal bəzən bağışlanası mümkün olmayan səhvlər də edir. "Dahilərin divanı" verilişi kimi. Ermənilər təbliğat aparır ki, "Sarı gəlin", "Sona bülbüllər" mahnıları, "İnnabı", "Tərəkəmə" rəqsləri bizimdir. ANS-də təbliğ edir ki, Məhəmməd Füzulinin  heç milliyyəti  bəlli deyil. Əgər həmin verilişə qan düşmənlərimiz baxırlarsa, yəqin elan edəcəklər ki, azərbaycanlılar doğru imtina edirlər: Füzuli (əstəğfürullah) elə bizimkidir.

Yaxud, Mirzə Cəlil hələ də milli ədəbiyyatımızın saf, sağlam əqidəsi, vicdanıdır. Ona heç bir şər-şəbədə yaraşmır. Xalq yazıçısı Anarın "Anlamaq dərdi" əsərində belə bir epizod var: ömrünün ahıl çağını yaşayan, milli mətbuatımıza əməyi ilə şərəf gətirən Mirzə Cəlil üstündə yarpaq kimi əsdyi əlyazılarını  kürəyə atıb yandırır ki, bədəni azacıq  olsa da  qızışsın... Belə bir təmənnasız, sağlam əqidə sahibinin müqəddəs ruhunu göynədərlərmi, ay?.. Bu, bağışlanası  mümkün olmayan  günah, qəbahətdir!

Unudulmaz yazıçı, ictimai-siyasi xadim Nəriman Nərimanov  oğluna məktubunda yazıb ki, mənim necə şəxsiyyət olmağımı gələcək nəsillər biləcək... çəkiliş qrupu isə onu istədiyi kimi divana çəkir, dar ağacından asır?!

İctimai televiziya  barəsində   Elşad Quliyevin qeydlərini oxucuların nəzərinə çatdırırıq: "Televiziya  sistemi zəhmətli, axtarışlar  aparmaq, tamaşaçı zövqünü, istəyini, marağını  nəzərə  alan, yenilik tələb edən sahədir. İctimai televiziya qısa müddət ərzində məsul işin öhdəsindən gələ bilmişdir. Kollektivin  hazırladığı verilişlər hazırda dünyanın  əksər ölkələrinə yayımlanır. Onlara daha artıq uğurlar arzulayıram".

Bəs Az.TV-də vəziyyət necədir? Bu kanal yarım əsrdən artıqdır yol gəlir, xidməti dünya televiziya standartlarına  uyğundur, kifayət qədər texniki avadanlıqlarla təchiz olunub. Təəssüf ki,  son vaxtlar yaradıcı kollektiv yeniliyə  meyilli  deyil. Tamaşaçı inana bilmir ki, İlham Rəhimli, Sadıq Elcanlı kimi fəal yaradıcıları olan kanal daha çox videotekaya müraciət edir, 30-20 il əvvəlki lent yazılarını ekranda göstərir. Bu bir tərəfdən yaxşıdır: milli televiziyamızın inkişafı uğrunda  can yandıranlar ehtiramla xatırlanırlar. Digər tərəfdən də tamaşaçılar düşünürlər: bəs müstəqil dövlətimizin tərənnümü ilə əlaqəli bədii ekran əsərləri nə vaxt yaranacaq?!

Elşad Quliyevin daha bir fikrini xatırlayırıq: "...Teleradio Şurası adlı qurum yaradılıb, amma bu  qurumun yaradılmasında  müəyyən tələskənliyə yol verilib. Şuranın  nə huquq, nə də səlahiyyət konturları  dəqiq göstərilməyib. Telekanallarla əlaqəli neqativ hallara qarşı mübarizə  aparmalıdır..."

Ölkəmizdə fəaliyyət göstərən telekanallar ayrı-ayrı şəxslərə, kollektivlərə mənsub ola bilər. Lakin onlar unutmamalıdırlar ki, efirə yayımladıqları bu və ya digər verilişlərə xalq - məcburi köçkünlər, el-obalarından didərgin düşənlər, gələcəyə inamla, ümidlə baxanlar tamaşa edirlər. İşğal altında inildəyən torpaqlarımız yaddan çıxmamalıdır. Ordu quruculuğunun inkişafı, dövlətimizin uğurla apardığı siyasət daim tərənnüm, təsvir olunmalıdır. Mənalı, şərəfli yaşanan ağsaqqal, ağbirçək ömrü, taleyi nümunə kimi ekranlarda canlandırılmalıdır. Hər bir telekanal rəhbəri şəxsi mənafedən daha artıq xalqa - tamaşaçılara xidmət etmək barədə düşünməlidir.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 22 oktyabr.- S.14.