Ötən günlərimi qaytaraydılar 

 

İnsan zərif xarakterə, kövrək xasiyyətə malikdir. Ömrünün bahar, bəxtəvər çağlarında zərrə qədər ixtiyar vaxtları barədə düşünmür, buna ehtiyac da duymur. Amma elə ki, çatır ahıl dövrünə, istəsə , istəməsə boyat duyğular, düşüncələr, olub-keçənlər kino-lenti kimi xəyalından, gözləri önündən çəkilmir. Belə halda bir tərəfdən sevinir, digər tərəfdən, özündən asılı olmayaraq güclə eşidiləcək səslə məşhur xalq mahnımızı pıçıldayır: "ötən günə gün çatarmı, calasan da günü-günə?.." 

Oxuculara təqdim etdiyim, 25 il eyni ünvanda işlədiyim, əməkdar incəsənət xadimi, məşhur televiziya rejissoru, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Televiziya rejissorluğu" kafedrasının müdiri Tariyel Vəliyevlə əməkdaşlığım, birgə yaradıcılığım yadıma düşəndə kövrəlir, incəlir, həm qürur hissi keçirirəm ki, onu tanımışam. İşgüzarlığını, sənət sevgisini, həmişə uca tutduğu əməyinin bəhrəsini görmüşəm. Yuxusuzluqdan, bədii-publisistik, ekran təsvirlərinin axtarışlarından sonra bəzən lal-kar kimi üzümüzə baxardı. Bəzən sevinc-fərəhimizə, qüssə-kədərimizə özümüzdən artıq şərik çıxardı. İş yerimizdə - o zamanlar Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsi kimi tanınan (indi Azərbaycan Televiziya Radio Verilişləri QSC-i adlanır) qurumda onun əməyi, davranışı nümunə göstərilərdi. Televiziyanın "Ədəbi-dram" verilişləri baş redaksiyasının şöbə müdiri, alicənab insan mərhum Həbibə Məmmədxanlı deyərdi: "Oğul, səni anan burada - studiyada, kameralar arxasında, rejissor pultunda populyarlıq, hörmət, nüfuz qazanmaq üçün dünyaya gətirib. Sağ ol ki, etimadı doğruldursan".

T.Vəliyev 65 ildir ki, həyat görür, ömür yaşayır. Keçib-gəldiyi yol isə olduqca enişli-yoxuşlu, sərt döngəli olub. çoxlarımız kimi o da ağırlı-yüngüllü, sevincli-qüssəli tələbəlik dövrü yaşayıb. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütvi Məmmədbəyov kimi sənət korifeylərindən seçdiyi sənətin sirlərini öyrənib. Təhsilini başa vuran ili onu əsgərlik borcunu verməyə aparıblar. Hərbi xidmətini bitirib, doğma el-obaya qayıdanda taleyi üzünə gülüb. Daha doğrusu, tanıdığı gündən xatirini əziz tutduğu, tələbə yoldaşı, teleradio komitəsində işləyən Pərviz Cəfərov onu görüşə dəvət edir. Bir yerdə fəaliyyət göstərmələrini məsləhət bilir. Ona etimad göstəriblər, "Qitədən qitəyə" hazırladığı ilk veriliş peşəkarların ürəyincə olub, zövqlərini oxşayıb. Tapşırılan, etibar edilən xidməti borcunu layiqincə yerinə yetirdiyi üçün onu rejissor assissenti vəzifəsinə qəbul ediblər. Elə bizim tanışlığımız da həmin çağlarda - 40 il əvvəl olmuşdu.

Tariyel olduqca sadə, səmimi, diqqətcil, qayğıkeş insandır. Rejissorlar görmüşəm - Rauf Kazımovski, Arif Babayev, Əmirhüseyn Məcidov, Tahir Tahirov, Ramiz Həsənoğlu, Kərim Kərimov, Məhərrəm Bədirzadə - bəzən aktyorlar onların verdikləri mizanları canlandıra, oynaya bilməyəndə inciyər, küsürdülər, hətta elə hündürdən, zəhmli səs çıxardırdılar ki, ifaçılar diksinirdilər, xeyli müddət özlərinə gələ bilmirdilər. Bəlkə həmin rolu oynamağa peşman olurdular. Tariyel isə zərifliyi, mülayim təbiəti ilə tanınmış, nüfuz qazanmışdı. Mərhum xalq artisti, xarakterik rollar ifaçısı, unudulmaz Əlağa Ağayevdən dəfələrlə eşitmişəm: "ömrüm-günüm səhnədə, çəkiliş meydançalarında keçib. Amma Tariyel kimi mədəni, yumşaq tonda məsləhət, mizan, quruluş verən rejissor görməmişəm. O, təkcə öz adını yox, həm yerinin nüfuzunu, şərəfini qoruyur".

Ötən əsrin 70-80-ci illəri haqlı olaraq milli tariximizə qızıl hərflərlə yazılıb. Bu müddət ərzində ulu öndər Heydər Əliyevin idarəçilik, təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda kənd təsərrüfatının, sənayenin inkişafı ilə yanaşı, ədəbiyyata, mədəniyyətə, incəsənətə dəyərli qiymət verilərdi. Həmin uğurlara ayna tutan, ekranda canlandıran isə məhz Azərbaycan Dövlət Televiziyası olmuşdu. Müxtəlif janrda ürək sözlərini demək üçün görkəmli ziyalılar studiyaya dəvət olunardılar. Rəhbərliyin - Qurban Yusifzadənin, Elşad Quliyevin, Nahid Hacızadənin məsləhətləri yaradıcı kollektivimizə həvəs, ilham verərdi. Ən əsası, biz günün mövzusuna uyğun süjetlər, reportajlarla yanaşı, tamaşaçıları düşündürən, maraqlandıran bədii-publisistik verilişlər hazırlayardıq. Bu xidmətdə ən böyük, ən çox əməyi, xidməti olanlardan biri Tariyel Vəliyev idi. Rəhbərlik, kollektiv ona inanırdı. Birgə işlədiyimiz müddətdə bir dəfə olsun onun haqqında giley, inciklik eşitmədim. Mənəvi ana bildiyimiz mərhum Həbibə xanım Məmmədxanlı deyərdi: "Tariyel redaksiyamızın adını ucaltmaq üçün min bir əzablara qatlaşır".

Tariyel əmək fəaliyyəti, zəhməti, xidməti ilə günbəgün tanınır, nüfuz qazanırdı. Onun hazırladığı bədii-publisistik verilişlərin hamısını xatırlamaq mümkün deyil. Lakin "Aktyorlar, rollar", "Səhnə xadimləri", "Yeni tamaşalar", "Sənət fədailəri" başqa verilişləri bu gün unutmamışam. Rejissorun - onun əməyi, xidməti, bənzərsiz yaradıcılıq nümunələri daim gözlərim önündə, xəyalımda canlanır. Onun ekran yaradıcılıq uğuru - ədəbi hadisə kimi qarşılanması isə televiziya tamaşalarının çəkilişinə, montajına, efirdə yayınlanmasından sonra başladı. Xüsusən yazıçı Aslan Qəhrəmanlının "Səni axtarıram", "Bağışla" televiziya tamaşalarından sonra Tariyel daha artıq layiq olduğu populyarlıq, şöhrət qazandı. Yadımdadır, həmin ekran əsərləri nümayiş olunandan sonra respublikamızın müxtəlif regionlarından redaksiyamıza 27 min tamaşaçı məktubu gəlmişdi. Sözün həqiqi mənasında bu, ədəbi hadisə idi. Əsas rolların ifaçıları isə əlamətdar çağları belə xatırlayırlar:

Firəngiz Mütəllibova, xalq artisti: - Mən deyərdim ki, aktyorluq sənətini seçmirlər, o, Tanrı vergisidir. Sonralar isə onu sevirsən, tamaşaçı rəğbəti qazanırsansa, şöhrət zirvəsinə ucalırsan. Belə xoşbəxtlik mənə nəsib olub. Bunun üçün xatirini qardaşımdan artıq istədiyim, zəmanəmizin ən istedadlı, ən qədirbilən televiziya rejissoru Tariyel müəllimə minnətdaram. İndinin özündə mənə oynadığım həmin rolun adı ilə müraciət edirlər. Sağ ol, qardaşım Tariyel. Sən mənalı, əsl sənətkar ömrü yaşayıb, çatmısan 65 yaşına. Ad günün mübarək! Gələcək sənət uğurların bəxtindən əskik olmasın.

Yaşar Nuri, xalq artisti: - Tariyellə işləmək, çəkilişlər aparmaq həm asan, həm çətindir. Unutqan, yaddaşsız aktyoru danlamaz. Amma onun üzünə elə baxar ki, bilməzsən qəti qərar verir, yoxsa təvəqqe edir ki, rejissor mizanına doğru-dürüst əməl et, tamaşanın profilinə uyğun oyna. Dostumuz, sevimli sənətkarımız quruluş verdiyi hər bir ekran əsərinin fundamentini beynində, ürəyində yaradır, sonra araya-ərsəyə gətirir. O, özündən əvvəlki şərəfli yolu çox böyük uğurla, ləyaqətlə davam etdirir. Sənə uzun ömür, cansağlığı, daha artıq yaradıcılıq nailiyyətləri arzulayıram, əziz dostum. Sənin Azərbaycan televiziyasının videotekasında saxlanılan əməyinin bəhrəsi olan yüzlələ verilişləri ekranda görəndə fəxr edirəm.

T.Vəliyev həm istedadlı, pedaqoji kollektiv tələbələri tərəfindən sevilən, arzuolunan müəllimdir. O, illərdən bəridir ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Televiziya rejissoru" kafedrasına başçılıq edir. Dəyərli bilgisinə, qayğısına görə hörmət, nüfuz qazanıb.

...İşgüzar, əməyi, yaradıcılığı ilə nümunə göstərilən, mükafatlandırılan, sadiq, sədaqətli insan yaşa dolduqca üzünə nur gələr, çöhrəsinə sevinc, dodaqlarına ilıq, çoxmənalı təbəssüm qonar. Həm boyat xatirələrin xiffətini çəkər, həm qürur, iftixar hissi keçirər ki, artıq əli o illərə, zamanlara çatmır, amma hədər, bivec yaşamayıb, mənalı ömür sürüb. Bu müsbət cəhətləri dostum, həmkarım Tariyel Vəliyevin baxışlarından, sifətindən duyub, anladıb. Hiss etdim ki, o da mənim kimi ötən illərin acılı-şirinli olaylarını unutmayıb. Varlığından isə gecə-gündüz məşhur fikir keçir: ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Yox, bu, arzu ola bilər, amma həqiqətə çevirmək mümkün deyil... Ad günün mübarək, dostum Tariyel.

Ahıllıq çağında sənə cansağlığı, daha artıq müdriklik arzulayan:

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 26- 29 sentyabr.- S.15.