İnsanlıq ucalığı, dahilik
zirvəsi
Hər dəfə Mehdi müəllimin adı çəkiləndə, unudulmaz xidmətləri xatırlananda çoxları üzünü belə görməyənlər, səsini eşitməyənlər, amma mərhəmətini, alicənablığını hiss edənlər ayaq üstə durur, onun müqəddəs ruhuna dualar oxuyurlar. Yaxından tanıyanlar, birgə işləyənlər,
pedaqoji fəaliyyət göstərənlər isə
insanlıq zirvəsinə müsbət əməllərinə,
elmi xidmətlərinə görə ucalan dahi şəxsiyyəti -
ömrü, fəaliyyəti ərzində haram tikə yeməyən,
əlinə zəhmətsiz gəlir dəyməyən Mehdi
müəllimi yadlarından çıxara bilmirlər.
İşıqlı obrazı gözlər önündən
çəkilmir, əziz xatirəsi yaddaşlarda
yaşayır. Alimlər, elm xadimləri, qədirbilən
insanlar tanıyıram, hələ də Mehdi müəllimin
aramızda olmamasına inanmırlar.
Bəzən əyanilik,
peallıq kimi onun xəyali obrazı ilə üz-üzə
dayanıblarmış kimi danışırlar. Onu yenə
min-bir həvəslə eşidirlər, tövsiyələrinə
əməl edirlər. Bax, belə yerdə deyiblər:
"Xoşbəxt o kəsdir ki, dost-tanışdan,
işıqlı dünyadan əbədi ayrılandan sonra da
unudulmur, vaxt-bivaxt ehtiramla yad olunur, dönə-dönə
urvatla anınır". Elə xalqımızın vətənpərvər,
görkəmli ziyalısı Mehdi müəllim kimi.
Sonsuz hörmətlə,
məhəbbətlə yad etdiyim, ilk dəfə 1972-ci ildə
məktəbimizdə keçirilən olimpiadada
özünü gördüyüm, səsini eşitdiyim, indi
də müqəddəs ruhuna gecə-gündüz Tanrıdan
dinclik, rahatlıq istədiyim, arzuladığım Mehdi Məmməd
oğlu Mehdizadə ötən əsrin əvvəlində Cəbrayıl
qəzasının Daşkəsən obasında dünyaya
göz açmışdı. Təsadüfə bax,
hazırda nə Mehdi müəllim var, nə də tarixi
el-obamız, təskinlik tapdığımız
torpaqlarımız. Birini Əzrail – əcəli apardı, digəri
quduzlaşmış ermənilərin tapdağı,
zülmü, əsarəti altında qalıb. Amma Daşkəsən
- o oba intizarlı xatırlananda da Mehdi müəllim yenə
bizimlədir. çünki doğmalarına, rayon camaatına
gərgin əməyi, axtarışları, elmi
yaradıcılığı, ictimai-siyasi fəaliyyəti,
sağlam əqidəsi, amalı ilə baş
ucalığı gətirmiş, özünə isə əbədilik,
sevgi-məhəbbət, unudulmazlıq qazanmışdı. O,
18 yaşında pedaqoji kurs bitirmiş, məzunu olduğu kənd
məktəbində əmək fəaliyyətinə
başlamışdı. Eyni zamanda ali təhsilini də davam
etdirmiş, Bakı şəhərində ali pedaqoji kursda
oxumuş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
fizika-riyaziyyat fakültəsini uğurla başa vurduqdan sonra
yenidən doğma diyara qayıtmışdı. Az
keçmiş istedadlı, hərtərəfli bilgiyə malik
müəllim kimi tanınmışdı.
Gərgin əməyi,
elmi axtarışlarının bəhrəsi onun üzünə
gülmüşdü. 1930-cu ilin yazında Respublika Xalq Maarifi
Komissarlığının dəvəti ilə Bakıya gəlir,
qurumun Tərbyə Baş İdarəsinin elmi katibi, qısa
vaxtdan sonra isə Komissarlığın birinci müavini Ayna
Sultanovanın müavini təyin edilir. Bir il sonra Elmi-Tədqiqat
Pedaqogika İnsitutunun aspiranturasını bitirir, Pedaqoji
İnstitutda müəllimlik fəaliyyətinə
başlayır. 1941-ci ildə elmlər namizədi, 1956-cı
ildə elmlər doktoru, professor elmi ad almışdı.
Sıravi əməkdaşlıqdan, müəllimlikdən
institutun rektoru vəzifəsinə yüksəlmişdi. Qəribədir,
titullar, nüfuz qazandıqca özü adidən-adi, sadədən-sadə
olar, hər bir müəllimin, tələbənin
qayğısına qalarmış. Onların dolanışıqları,
necə təhsil almaları ilə maraqlanar, müəllimlə
tələbə arasında etik normalara uyğun
mehribançılıq, səmimiyyət yaradarmış. Elə
bu baxımdan da hazırkı Pedaqoji Universitetin binasını
görənlər M.Mehdizadənin ruhuna dualar oxuyurlar.
çünki o, burada rektor işlədiyi müddətdə ən
əsas, vacib şərt halal əməyə, bilgiyə qiymət
verilib. özü kimi müəllimlər, tələbələr
də sağlam, saf əqidə ilə
çalışıblar, oxuyublar, gələcəyə
inamla, ümidlə baxıblar. 25 ilə yaxındır o,
dünyasını dəyişib, amma bir nəfər də
olsun onun ünvanına gileylənmir, əksinə, əbədi
ünvanına dualar oxuyurlar.
M.Mehdizadə 23 il
Respublikanın maarif naziri vəzifəsində işləmiş,
elm, təhsil quruculuğu işlərinin inkişafına can
yandırmış, xoşbəxt sabahlarımız uğrunda
mübarizə aparmış, gənc nəslin təlim-tərbiyəsinə
var gücü ilə çalışmışdı. ötən
əsrin 70-80-ci illərində onun təşəbbüsü,
ulu öndər Heydər Əliyevin diqqət-qayğısı
sayəsində respublikamızdan xarici ölkələrdə
təhsil almağa 10 min nəfərdən artıq gənc
göndərilmişdi. İndi onların xoş soraqları
Amerikadan, Türkiyədən, Almaniyadan və başqa xarici
ölkələrdən gəlir. Bacarıqlı fəaliyyətləri,
istedadlı qabiliyyətləri ilə millətimizi dünyada
tanıtdırır, sevdirirlər. Mehdi müəllim sabir
SSRİ məkanında şəxsi nümunəsi, elmi
mövqeyi, təşkilatçılıq qabiliyyəti ilə
sayılıb-seçilmişdi. O, SSRİ Pedaqoji Elmlər
Akademiyasının təşkilatçılarından biri
olmuş, akademiyanın fəaliyyətə
başladığı ilk vaxtdan – 1967-ci ildən ömrünün sonuna kimi
həmin ünvanın görkəmli nümayəndəsi kimi
tanınmışdı.
Akademik M.Mehdizadə
dünyanın nüfuzlu təşkilatlarından biri
YUNESKO-nun təhsil üzrə komitəsinin üzvü
olmuş, inkişaf edən ölkələrdə xalq maarifi
quruculuğu təcrübəsinin yayımlanmasında, həyata
keçirilməsində fəal iştirak etmişdi. Rusiya,
Belorusiya, Ukrayna, Qazaxıstan, özbəkistan, Türkmənistan,
Gürcüstan, Moldaviya və başqa respublikalarda da yüksək
hörmət qazanmış, görkəmli pedaqoq alim, təhsil
təşkilatçısı kimi tanınmış və hər
ünvanda məhəbbətlə
qarşılanmışdı. O, 1930-cu ildən
ömrünün sonuna kimi elmi-pedaqoji tədqiqatlar aparmış,
pedaqoji fikrin və təhsilin inkişaf tarixi, təlim-tərbiyə
nəzəriyyəsinin aktual problemləri üzrə
fundamental elmi əsərləri ilə ad-san, şöhrət
qazanmışdı. Onun bu gün də müasir olan, elm-təhsil
yolunda gur işıq kimi yanan "Azərbaycanda məktəb
tarixi haqqında oçerklər", "Azərbaycanda xalq
maarifinin sürətli inkişafı", "Məktəb təhsili
yeni yüksəlişdə", "Məktəbdə təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsi yolları" və
başqa əsərləri çap olunmuşdu. Akademikin
yüzlərlə qəzet-jurnal məqalələri
çağdaş dövrümüzdə də mövzu
aktuallığına görə dəyərli, gərəkli
bilinir. O, onlarla yüksək ixtisaslı alimin yetişməsində
bilavasitə iştirak etmişdi.
Boyat xatirələri
yenidən yad etmək bəzən acı-qüssəli, kədərli,
bəzən də şirin olur. Yazımda onların vacibini
hörmətli oxucuların diqqətinə
çatdırmağı mənəvi borc bilirəm. Nəcəf
NƏCƏFOV uzun müddət Maarif Nazirliyinin kadrlar
şöbəsinin rəisi işləyib, Mehdi Mehdizadənin ən
inandığı şəxslərdən biri olub. Hazırda
"Azərbaycan müəllimi" jurnalının baş
redaktoru vəzifəsində çalışır. Onun xatirələri
unudulmaz şəxsiyyətin - akademikin
böyüklüyünə, ucalığına, qüvvəsinə,
qüdrətinə ayna tutur, müsbət obrazını bir
daha göz önündə, xəyallarda canlandırır:
- Mərhum Mehdi müəllim
milli dəyərlərimizin, təhsilimizin, elmimizin vicdanı,
abır-həyası, ləyaqəti, şərəfi olub. O,
nazir idi, mən şöbə rəisi. İnanın, bir dəfə
də olsun ondan soyuqqanlılıq, biganəlik, laqeydlik,
özündənrazılıq görmədim. Eşitsəydi
ki, Kəlbəcərdə, Laçında, Yardımlıda
bir müəllimin ürcahına təbii fəlakət
çıxıb, vallah, onun ağrı-acısını
öz canında çəkər, hiss edərdi. ölkəmizdə
bütün məktəbləri gəzər, müəllimlərlə,
azyaşlı şagirdlərlə doğması, əzizi kimi
görüşər, imkan daxilində onların
qayğısına qalardı. O, dünya şöhrətli
elm xadimi, akademik idi. İnanın, özünü adi müəllim
kimi aparar, böyüklüyünü,
ucalığını, nazirliyini üstün tutmaz,
öyünməz, hikkəli, ədalı, zəhmli
olmazdı. Nazirliyin kollegiya iclasında bir rayonun Maarif
şöbəsini işdən azad etdilər. Səhəri
gün məni kabinetinə çağırıb dedi:
"Get, onu başa sal ki, qəbahətinin ucbatından vəzifədən
uzaqlaşdırıldın. Amma biz sənə ögey deyilik.
Ailəni, uşaqlarını nəzərə alıb, məktəblərin
birinə müəllim göndəririk..."
İllər boyu onunla birgə
işlədik. And içirəm, təhsilimizin
inkişafında, formalaşmasında onun maddi marağı
olmayıb. Xalqımızı canı, varlığı qədər
sevərdi. Həmkarının, dostlarının
uğurlarından uşaq kimi kövrələrdi. O, nümunə
göstəriləsi elm xadimi, təşkilatçı,
qurucu, ilham, həvəsverici şəxsiyyət idi. Əməyi,
bacarığı, istedadı da vaxtaşırı layiqincə
qiymətləndirilərdi. "Əməkdar elm xadimi" fəxri
ada layiq görülmüşdü. Dəfələrlə
Respublika Ali Sovetinə deputat seçilmişdi. Dövrün ən
dəyərli mükafatın – Lenin ordeni, 3 dəfə Qırmızı
Əmək Bayrağı ordeni, başqa mükafatlar, təltiflər
almışdı. O, 25 ildən artıqdır ki,
dünyasını dəyişib, əbədi ünvanı Fəxri
Xiyaban olub. Lakin çoxları kimi şəxsən mənim
üçün də Mehdi müəllim yaşayır,
müstəqil Azərbaycanımızın elm xadimi kimi bizimlə
birlikdədir. Ən azı alicənab insan, görkəmli elm
xadimi Mehdi müəllimin ruhu dinclik tapıb ki, ölkəmizi
iqtisadi-sosial inkişafına görə bütün dünya
tanıyır.
...Çox hörmətli
Nəcəf müəllim bir az tələsdi. Kaş o, deyəydi
ki, dünya şöhrətli elm xadimi haqq dünyasına
qovuşsa, behiştlik tapsa da, indi də ruhu atası Məmmədin
məzarından nigarandı. Axı, torpaqlarımızın 20
faizi – füsunkar
Qarabağımız, tarixi şəxsiyyətlər yetirən
Daşkəsən kəndi də düşmən
amansızlığı, əsarəti altında inildəyir,
doğmalarının yolunu gözləyir. Elə burda akademik
Mehdi Mehdizadənin təxminən 70 il əvvəl
yazdığı fikri xatırladım: "Yaradanımız
bəşər boyu haqqı uca tutub". Əbədi
ünvanınız behiştlik olsun, insanlıq
ucalığı, dahilik zirvəsi qazanmış unudulmaz
şəxsiyyət! Fikrinizin qüdrətinə inanıb əmin
oluruq ki, tezliklə ata-baba yurd yerlərimiz işğaldan azad
ediləcək. Buna xalqımızın hüquqi səlahiyyəti,
dövlətimizin maddi-mənəvi, fiziki imkanı da var.
Səfər BAYRAMLI,
Kimya-biologiya təmayüllü
Respublika liseyinin dil və ədəbiyyat
müəllimi
Təzadlar.- 2009.- 29 sentyabr.- S.15.