"Ürəyimdə bircə
narahatçılıq var..."
Xanəndə Arif Babayev söhbəti Qarabağla başlayıb, Qarabağla bitirdi
Arif Babayevlə "Dostluq" kinoteatrının qarşısında görüşməli idik. Kinoteatrın qarşısına çatanda qapının ağzında Arif Babayevi yox, Qulu Ağsəsi gördüm. Qulu müəllim məni görüb, "Boy, Qızılgül səniymişsən?" deyə səslənəndə bildim ki, məsələdən halidir. "Bəs Arif müəllim hanı?"
Yuxarıya qalxdı:
- Müsahibə götürəssən?
- Lent.az-ın "Yol yoldaşı" layihəsinə dəvət eləmişəm.
- Gəzməyə gedəcəksiniz? Vallah, adına söz çıxardacaqlar.
Qulu müəllimin zarafatlarına öyrəncəliyəm.
- Fevralın 20-də kişinin 71 yaşı tamam olur.
...Qulu Ağsəsi görən kimi Arif müəllimin dərdi açılır.
- Qızım, bax, deyirəm, sən də biləsən. Bu gülablılar var ha, Ağdamın içində elə bil ayrıca bir mafiyadır. Kim olursan ol, içərilərinə buraxmırlar.
- Arif müəllim, vallah, qaza görə oldu.
- Ay Qulu, bu sarımsaqqatığın kələmdolmasına nə dəxli var axı?
Arif müəllim söhbətdən heç nə anlamadığımı görüb, hadisəni danışır. Sən demə, Ukraynanın Energetika nazirinin müavini Gülablıdan imiş. Arif müəllimə söz veriblərmiş ki, onun 70 illik yubileyini Ukraynada yüksək səviyyədə qeyd eləsinlər.
- Hətta internetdə də getmişdi.
- Mən vermişdim də, internetə - Qulu Ağsəs etiraf eləyir - Amma vallah, elə oldu ki, o ərəfədə Rusiya qazı dayandırdı. Yuşşenkoynan da Timoşenkonun arası dəydi...
Arif müəllim Qulunun izahını qəbul eləmir.
- Bax, hər yerdə də deyəcəm. Söhbət yubileydən getmir ey... Mən bir adama söz versəm, o sözə görə başımı da verərəm. İndi o boyda nazir mənim gözümdə büzüldü-bürüşdü, (əliylə göstərir) oldu bircə belə...
Qulu Ağsəs mənə tərəf çönür:
- Bunu yazmaszan, yaxşı?
Arif müəllim inad eləyir.
- Yox, qəzetdə də gedəcək, büzüldü, bürüşdü.
Gülüşürük.
..Birtəhər,
sürüşə-sürüşə kinoteatrın
qarşısındakı buzlaqdan keçirik.
- O gün Allah saxladı, elə
pis yıxılacaqdım. - Arif müəllim deyir. -
Qarovulçu oturub boş-bekar, pilləkənlər buz, gələn-gedən
sürüşür, yıxılır. Deyirəm,
ay oğlum, nolar əlinə lapatka götürüb buzu təmizləsən?
Təmizlə, bir-iki manat verərəm. Bizim millətdə xoşməramlı fəaliyyət
çatışmır.
Söhbətə
Qarabağla başlayır...
- Qarabağda yaxşı
kişilər olub, sözünə düz, əhdinə vəfalı
insanlar olub. Süfrəsi açıq, ürəyi
açıq, mərd. Amma get-gedə mən
baxıb görürəm ki, cırlaşma gedir. Onu da qınama, neyləsinlər, torpaq gedəndən
sonra belə oldu. Hərdən mənim
gözlərim dolur. O kişiləri ki mən
görmüşəm, onlar ta qurtarıb, yoxdu. Mənim
doğulduğum kənd -Ağdam rayonunun Sarıhacılı
kəndi gözəl kişilər, gözəl insanlar , gözəl də səslər yetişdirib.
İndi o torpaq yoxdu. Hərdən
ürəyim pis olur, özüm də bilmədən
görürəm gözümdən yaş gəlir.
- Kənddən nə vaxt
çıxmısınız?
- Kənddən
çıxmışam, 1961-ci ildə. Burda
İncəsənət İnstitutuna qəbul olmuşam. Neçə medal almışam. Onun
içində bir qızıl medal da varıydı. Onu da apardım zərgərə yoxlatdım, məlum
oldu ki, qızıl döyül.
- Neynirdiniz yoxlatdırıb?
- Yox, yaman günnük
üçün yox, elə-belə maraq üçün
yoxlatdırdım ki, görüm həqiqi
qızıldırmı? Dedilər yox, elə
adı qızıldır.
Arif müəllimin
ləhcəsinə diqqət edirəm. Bir söz belə
dəyişməyib, qarabağlılar necə
danışır, eləcə də qalıb ləhcəsi.
Mən ümumiyyətlə, kişi
xeylağına yaraşdırmıram ləhcəsini dəyişməyi.
Əlbəttə, əgər ciddi zərurət
yoxdursa. Təbiilik, səmimiyyət
qarabağlıların ən gözəl cizgisidir, zənnimcə.
İndi də yol-yoldaşım olan
hündürboylu, qarabuğdayı qarabağlı kişisinin
"gəlif-gedif", "gələjək-gedəjək",
"ta, innən belə" kimi doğma ləhcəli kəlmələri
məni bu qarın-çovgunun içindən uzaq, doğma,
isti diyara aparır.
Dərdim dəbərir.
- Arif müəllim,
Qarabağ məsələsinin axırı nətər olacaq
görən?
- Nətər olacaq, ay bala.
Qarabağ məsələsi hasat məsələ
döyül axı... Bilsəm ki mənim
torpağım alınacaq, mənim bir oğlum var, onu da
götürüb, birinci gedərəm. Torpaq
anadan irəlidir. Amma indi bizim
gücümüz çatmır bu torpağı geri
almağa. Gücümüz çatmayandan
sonra da mənasız yerə milləti qırğına verməyin
adı yoxdu. Torpaq məsələsi
çox çətin işdi. Ona
gücümüz çatsa nə vardı?
- Neçə
övladınız var?
- Qoy sayım görüm...
Demək bir oğlum, iki qızım, altı nəvəm var.
Hamısı da öz istəkləriynən peşə
seçiblər - biri həkimdir, biri müəllimədir,
biri... institutu qurtarıb..
- Pedaqoji institutu?
- Yox, yox, pedaqoji
döyül... hə, iqtisadiyyatı qurtarıb.
- Arif müəllim, siz
deyirsiniz, bir muğam məktəbi var, vəssalam, bunun
Bakısı, Şamaxısı yoxdur. Amma iş
orasındadır ki, Bakı xanəndələri qəzəliyyata
fikir verirlər, sözlərin aydın tələffüzünə,
qarabağlılar səsə.
- Yox, səs lazımdır. Amma qəzəliyyat da lazımdır. Bax, bir şeiri götürüb oxuyursan. Nə qədər yaxşı oxusan da, ona kənardan
bir kamança da verəndə, balaban da verəndə şer
güclənir.
- Siz hansına
üstünlük verirsiniz?
- Səsə, səsə...Onda
mən elə çoxlu qəzəl əzbərləyərəm,
vuraram qoltuğuma gəzərəm.
- Axı deyirsiniz ki, bir məktəb
var - muğam məktəbi. Nə Qarabağ məktəbi
var, nə Bakı, nə Şamaxı. Əgər
belədirsə, nəyə görə onda bakılılar məhz
qəzəliyyata fikir verirlər, qarabağlılar səsə?
Deməli, ayrıntılar var?
- Yox, bilirsən nətərdi?
Mən saa deyim. Bakı
camaatı qəzəli xoşlayır, həm də qəzəlin
deyilişini də bilirlər. Vəzni də
düzgün bilirlər, tələffüzü də
düzgün bilirlər, yalanı yoxdu.
- Deməli, ayrıntı var
da?
Böyük
muğam ustası mübahisəyə son verir.
- Mən gənə də
öz sözümün üstündə dururam ki, xanəndə
xanəndədir. Bir məktəb var - o da
muğam məktəbi. Əslində səs Qarabağdan
gəlir, bunu heç kim inkar eləmir. Cabbar, Seyid hardan gəlib? Qarabağdan
gəlib də.
- Burda da söz yox ki,
Qarabağın suyu, havası rol oynayır.
- Əlbəttə,
indi Bakıda maşın da çoxdur, hava da, su da təmiz
döyül.
O gün Bərdədə mənim yubileyimi keçirtdilər.
Bir az soyuqlamışdım, gecə səhərə
qədər yatmamışdım. öz-özümə
deyirdim ki, ay Allah, mənə qüvvə ver, oxuya bilim. Allah mənə
orda bir qüvvə verdi ki, cavan oğlan
kimi oxudum. Allah haqqı.
- Arif müəllim, Bərdədə
sizin başınıza belə bir hadisə gəlib cavan
vaxtı - maşınınız qəzaya uğrayıb...
- Vallah, mənim adıma o qədər
lətifə uydurublar, biri deyir, gözü çıxıb,
biri deyir...
Bu vaxt bizə
ağsaçlı bir kişi
yaxınlaşır. Ləhcəsindən bilinir
ki, o da qarabağlıdır.
- Kamran müəllim mənim
əlli illik dostumdur. Bir yerdə oxumuşuq.
çox şey onun yadında daha
yaxşı qalıb.
Kamran müəllim
soruşur ki, nə məsələdir? O dəqiqədə
yaddaşını vərəqləyir.
- Hə, Bərdədə elə
bir şey olmuşdu. İsbən kişinin barısına dəymişdi
maşın...
- Hə, hə, İsbən
kişinin barısına, bax, mən o əhvalatı deyirəm.
Deyirdilər orda sizi birtəhər
çıxardıblar maşından.
- Yox, bir balaca alnım
cızılmışdı. Amma elə hadisə
olmuşdu, bəli. Nişanlıydım
onda, Şuşaya getmişdim. Ordan
qayıdıb, Şəkiyə qastrola gedirdim. Yolda böyük bir maşın çıxdı
qarşıma, ya vurmalıydım onu, ya da kənara
çıxmalıydım. Mən də bir az sola çəkdim, maşın girdi
barıya.
-
Şuşalı qızıyla evlənmisiniz?
- Yox, mən xalis
ağdamlıyla evlənmişəm. Babaşoğlu
Mamed deyirlər, onun qızıdır, nöyütçü
İzzətin nəvəsidir.
- Sizin adınıza bir lətifə
də danışırlar. Deyirlər,
imkanlı adamlardan birinin toyunda hirslənib demisiniz ki, tərifləyəndə
məni tərifləyirsiniz, amma pulu qadın müğənninin
cibinə basırsınız.
-
(Gülür) Hə, o düzdür. Olub elə bir şey.
İmkanlı adamlardan birinin toyunda idik...(Duruxur,
fikrə gedir) Sən Allah, bağışla, sən də mənim
balam. İndi ta söz gəlib,
danışıram. Bir rəqqasə də
gətirmişdilər. Mən də
beş-altı mahnı oxudum. Oturub
çörək yemək istəyirdim. Yaxşı
da kabab çəkmişdilər. İndi
bu rəqqasəni çıxardıblar oynayır, mən də
istəyirəm yeməyimi yeyəm. Bu kişi
gedir-gəlir, pulu aparır qoyur rəqqasənin yaxasına, gəlir
məni öpür. Yemək qalıb
qarşımda, imkan vermir, yeməyimi yeyəm. Gedir, pulu qoyur, gəlir məni öpür,
İmkanlı adamdı də, pulu çoxdur. Axırda
dedim, a kişi, sən deyəsən bizi səhv
salmısan. Pulu kimə verirsən, get onu da
öp də, nə istəyirsən mənnən, qoy
çörəyimi yeyim.
- Arif müəllim, toya gedəndə
qiymət danışırsınız, yoxsa nə versələr
qane olursunuz?
- Vallah, mən qiymət
danışmıram. Beş yüz də versələr
"sağ ol" deyirəm. Amma indi gərək
adamın özünün insafı olsun də, mənim
gözümün qabağında orta səviyyədə oxuyan
müğənniyə gətirib min beş
yüz manatı, min manatı sayıb verirsə, nəzərə
ala ki, bu da Arif Babayevdir. Hər şey cəhənnəm,
birdən elə ölüntü pul qoyurlar adamın cibinə,
yanıb-tökülürsən ki, azdır-azdır, heç
olmasa, şax pul ver də.
- Arif müəllim, bir
neçə il öncə tələbələrinizlə
birgə böyük bir konsert proqramı
hazırlamışdınız. Orda bircə
Könül Xasıyeva kənardan idi, hamısı
qarabağlılar yığışmışdı.
Konsertdən sonra bir az söz-söhbət
də gəzdi ki, Arif Babayev qarabağlılardan kənar xanəndələri
qəbul etmir. Yəni hesab edir ki, yaxşı
xanəndə ancaq Qarabağdan çıxa bilər.
- Yox, qətiyyən
qarabağlı məsələsi yox idi ortada. Onlar
səsli uşaqlar idi də, oxuduq, yeddi lad muğamın
dördünü işlədik, səhnələşdirdik,
camaat da bəyənmişdi. Qızıl fonda
daxil oldu. Allah rəhmət eləsin, Ramiz Mirzəyev
kömək elədi bizə. Mənimçün
fərqi yoxdur, qarabağlı olsun, bakılı, şəkili
olsun, yaxşı oxusun. Aygünün, Nəzakətin
oxumağına kim nə deyə bilər
ki?
- İran səfəriniz
necə keçdi?
- çox
gözəl keçdi. Tələbələrimlə
getmişdim İrana. Dörd min
tamaşaçı gəlmişdi konsertə. Muğamın da Maykl Ceksonu yoxdu ki? Bizi də
belə sevirlər də... Konsertimizə gəlirlər,
qiymətləndirirlər. çəkib
gətirmişik, hələ efirə getməyib.
- Ən çox istədiyiniz
tələbəniz kim olub?
- Tələbələrim
hamısı mənimçün əzizdir. Başqa
oxuyanlar da yaxşı oxuyursa, mənimçün əzizdir,
fərqi yoxdur, mənim tələbəmdir, yoxsa
başqasının. Mənim tələbələrimə
gəlincə, Nəzakətdir, Aygündür, Səbuhidir,
Cabirdir, Könüldür...o biri Könül də çox
istedadlı qızdır...
- Könül Kərimova?
- Hə, amma o bir az başqa yol tutdu...
- Heyif oldu...
- Həm heyif oldu, həm də
bir az özündən razı oldu. Amma o da mənimçün əzizdir.
- övladlarınızdan
səsi olan var?
- Yaşarın uşaq
vaxtı yaxşı səsi vardı. Böyüdükcə
korlandı səsi. Amma böyük
istedadı, musiqi duyumu var. Elə heyfim gəlir onun
istedadına, deyirəm, kaş səsi bütöv olaydı.
Elə-belə oxusa, oxuyar. Onu
da mən istəmirəm, orta səviyyəli oxuyan nəyə
lazımdır, gərək səs bütöv olsun.
- Qardaşınız
Şahin Babayevinsə gözəl səsi var. Amma mən onun
bircə mahnısını eşitmişəm. Niyə oxumur?
- O ayrı yol seçdi. Bizneslə məşğuldur. Aliəsi
böyükdür, ailəsini saxlayır. Mən
ona çox yalvardım ki, gəl, kömək eləyim, burda
məktəb bitir, sənin gözəl səsin var. Gəlmədi.
çox yanıram onun səsi
üçün. Bir dəfə İrana
getmişdim, bir nəfər gətirdi Şahinin səsi olan
kaseti qoydu, qulaq asdıq. Qeyri-ixtiyari olaraq
gözümdən yaş süzüldü. Dedilər, bilsək ki, sizə belə pis təsir edəcək,
oxutmazdıq onun mahnısını. özü
də görürsünüz, səsi mənim səsimdən
zərrəcə geri qalmır. çox
istəyərdim ki, iki qardaş çıxaq, oxuyaq, çox
maraqlı alınardı. Neyləyim, istəmədi.
Şahinin səsi mənim səsimdir. Sadəcə, mən gör-götür aləmində
olmuşam, böyük xanəndələrdən öyrənmişəm,
bayaq yadımdan çıxdı adını çəkmədim,
Mütəllim Mütəllimovdan öyrənmişəm.
Onun adını çəkməsəm,
çox böyük günah olar. Mütəllim
Mütəllimov bir "Bayatı-Qacar" oxuyurdu, göydə
uçan quş qanad salırdı. Məsələn,
Yaqub Məmmədov Xanda nə var, hamısını götürüb.
Amma səsinin çaları ayrıdır.
Yaqub özü həmişə deyirdi ki, Xana
qurban olum, ona dəyməyin, onu Allah göydən yetirib.
Söhbəti
yenə də Qarabağa çəkir.
- Mən hökumətimizin həm
özümə, həm də bütün sənətkarlara
qayğısından razıyam. Prezident təqaüdü
alıram, sözüm keçir, sayırlar, hər bir məsələdə
hiss eləyirəm bu qayğını. Amma
ürəyimdə bircə narahatçılıq var, o da
Qarabağımızla bağlıdır. Hərdən
ürəyim yarpaq kimi əsir. Yadıma düşür,
payızda gedirdim, darvazada maşını saxlayırdım, düşüb
xəzəli təmizləyirdim, qapı-baca dolu olurdu xəzəllə.
Valideynlərimin qəbri də ordadır - Qarağacı qəbiristanlığında...
Möcüzə bir torpaq idi Qarabağ. Mən dünyanın çox yerini gəzmişəm.
Dörd dəfə Amerikada olmuşam, Avropa
ölkələrində olmuşam. Helə torpaq, helə
su heç yerdə yoxdur...
Qızılgül Abdinova
Təzadlar.-2009 .-9 yanvar.- S.9.