20 Yanvar şəhidlərinə açıq məktub

 

(19-cu məktub)

 

Salam, 20 Yanvar şəhidləri!

 

Heç cürə inanmaq olmur ki, şəhidliyinizdən 19 il ötdü. 19 - bahar, 19 - yay, 19 - payız və bu qədər də qış... necə gəlib-getdisə, heç xəbərimiz olmadı.

Başqa günlər istisna olmaqla, 20 Yanvar tarixində 19 ildir ki, yad olunursunuz. Ancaq 20-si yanvarda.

Çox əfsuslar olsun ki, keçən bu illər ərzində sizləri al-qana boyayıb, üstünüzdən tankları sürdürənlərdən heç kimi məsuliyyətə cəlb etməmişik. Narahat olmayın, rahat yatın, biz onları mütləq cəzalarına çatdıracağıq, çünki aparılan təhqiqatlar hələ bitməyib, hələ araşdırmalar davam eləyir.

Xəbəriniz olsun ki, "20 Yanvar" ümumxalq matəm gününü hələlik bu günə qədər qeyd edirik.

Sonrakı illərdə necə olacaq, necə yad ediləcəksiniz, onu indidən demək çətindir. Siz şəhidlərə bir xoş xəbəri də çatdırmaq istəyirəm. Məlumunuz olsun ki, "20 Yanvar" faciəsinin 19-cu ildönümü münasibəti ilə sərəncam imzalanıb. Prezidentin İcra Aparatından verilən məlumata görə, respublikanın bütün şəhər və rayonlarında 20 Yanvara həsr olunmuş konfranslar, yığıncaqlar və müşavirələr keçiriləcək, başqa günü deyə bilmərəm, amma həmin gün sizin ailələrinizə humanitar yardımlar ediləcək.

Bakı meriyasına da göstəriş verilib ki, Şəhidlər xiyabanı ərazisində təmizlik işləri aparılsın, qəbirlərinizi səliqə-səhmana salsınlar.

Bunun üçün də mütləq tapşırıq olmalıdır, yoxsa mer bu işləri niyə görəsidir ki...?

Çünki mer də deyəsən, qabaqkı kişi deyil, daha Bakını da əvvəlki kimi sevmir. Qabaqlar deyirdi ki, mən Bakımızı çox sevirəm, onu sevə-sevə tikəcəyəm... Amma...

Ancaq deyəsən bu belə olmayacaq, onun Bakıya sevgisindən əsərlamət daha qalmayıb.

Əziz və unudulmaz şəhidlərimiz, yadınızdadırsa mən 1-ci məktubumda sizlərə yazılı surətdə söz vermişdim ki, respublikamızda baş verən hadisələr barədə sizləri məlumatlandıracağam. O da məktub yazanda. Ona görə məlumunuz olsun ki, müqəddəs "Atəşkəsimizi" qabaqkı illər olduğu kimi bu il də ola bilsin göz bəbəyimiz kimi qoruyub saxladıq.

Biz heç cürə atəşkəsi pozub şəhidlərimizin və vətəndaşlarımızın yuxularına haram qata bilmərik, narahat olmayın, rahatca yatın.

 

***

 

Onu da deyim ki, hərdən erməni dığaları iri çaplı silahlardan, snayperlərdən atəş açaraq atəşkəsimizi pozurlar, elə də olur ki, əsgərlərimizə hücum edir, onları girov götürür, öldürür və hətta döyürlər də.

Belə hallar baş verən kimi Milli Ordumuzun əsgərləri dərhal yuxarıdan əmr alıb cavab atəşi açaraq erməniləri susdururlar. Biz çox xoşbəxtik ki, milli ordumuzun əsgərləri kimi cavab atəşi açan belə ikinci ordu dünyanın heç bir ölkəsində bu günə qədər qeydə alınmayıb.

Onlar cavab atəşini necə ustalıqla atırlarsa, nə özlərinin, nə də ermənilərin burnu da qanamır. Erməni də qan görməsə bilirsiniz ki, torpaqları verəsi deyil. Neyləyə bilərik ki, bizim əsgərlər də belədir də, onların atdıqları cavab atəşləri həmişə itkisiz olur.

 Ona görə də, ara-sıra atəş səsləri eşitsəniz narahat olmayın, keçib gedəcək. Yəqin xəbəriniz var ki, İsrail dövləti Fələstin torpağında necə vəhşiliklər edir, dinc əhalini necə qırırlar. O gün İsrailin ölkəmizdəki hələ qovalanmamış səfiri Artur Lenk ondan müsahibə götürən həmkarlarımızdan birinə deyib ki:

- "Əgər sizin yaşadığınız şəhər və kəndlər mütəmadi olaraq atəşə tutulsaydı, əhaliniz öz hökumətindən nə istəyərdi?

Axı İsrailin də normal ölkə olaraq öz vətəndaşları qarşısında onları qorumaqla  bağlı öhdəliyi var."

Görün nə gülməli söz danışır ey, ermənilərin bizim şəhərləri, kəndləri hər gün atəşə tutmasından deyəsən xəbəri yoxdur. Onun deməyindən belə çıxır ki, bizim yiyəmiz yoxdur, yiyəsizik, ay səni araqarışdıran!

Gedin siz də bizim əsgərlər kimi cavab atəşi açın da. Bax ona görə də biz bütün dünyada ən sülhsevər xalq kimi tanınır.

 

***

 

Hörmətli şəhidlərimiz, yadınızdadırsa əvvəlki məktublarımda sizlərə  xəbər vermişdim ki, ermənilərə güllə atan, onları öldürən əmioğlanlarınız, yaxın qohumlarınız həbsxanalardadırlar. Onların arasında ermənilərə ən çox qan udduran Milli Qəhrəmanımız da var idi, özü də ağır xəstədir.

Gözünüz aydın olsun, bu yaxınlarda həmin qəhrəman əfv olundu, çəliklə də olsa həbsxanadan birtəhər çıxa bildi, hələ də sağlamlığının hayındadır. Başqa qohum-əqrabalarınızı da buraxıblar.

Məlumunuz olsun ki, indi həbsxanalarda onların yerini həqiqətləri yazan ipə-sapa yatmayan jurnalistlər tutur, yəqin Novruz bayramında əfv olunarlar.

Nə isə... hələ ki, vəziyyət belədir. Allah sizlərə rəhmət eləsin, bu günlərdə Bakının keçmiş meri Rafael Allahverdiyev də rəhmətə getdi. Deyəsən o da Bakını çox sevirdi, çünki Bakıya çatan kimi gözlərini əbədi olaraq yumdu.

Onu da deyim ki, onun dəfn mərasimində partiyadaşlarından indi yekə kreslolarda oturan dostlarından heç kim  iştirak eləmədi.

Ancaq Rafael müəllim vəzifədə olanda bu baş versəydi, başqa məsələ və yaxud da onun bir yaxını rəhmətə getsəydi, bəlkə də dəfn mərasimi belə sönük keçməzdi.

Bu hadisə yadıma Molla Nəsrəddini saldı. Məncə bu matəm günü onu sizə yazıb bir azca da olsa hüzn sükutunu pozsam pis olmaz.

Bir gün Molla Nəsrəddin eşidir ki, bəyin nökəri ölüb.

Tez durub hazırlaşır və gedir yas yerinə. Gəlib görür ki, böyük bir mağar qurulub və kəndin camaatı da oradadır. Molla mağara yaxınlaşan zaman həmkəndlilərinin oradan çıxdığını görüb onlarla görüşüb, nökərin çox yaxşı adam olmasından, onun ölümünün ona çox pis təsir etməsindən  danışmağa başlayır. Bunu eşidənlər Mollanı sakitləşdirib nökərin yox, bəyin öldüyünü xəbər verirlər. "Nə danışırsınız?"- deyə Molla üzünü həmkəndlilərinə tutaraq deyir ki, "di yaxşı, gəlin qayıdaq geri..."

Qonşuları təəccüb götürür, deyirlər ay Molla, bəs mağara keçib təriflədiyin nökərə baş sağlığı vermək istəmirsən?

Molla Nəsrəddin heç halını pozmadan cavab verir ki, ay sağolmuşlar, mən nökəri ölmüş bilib bəyə özümü göstərməyə gəlmişdim, indi də dediniz ki, ölən bəydir, daha burada mənim nə işim var girim mağara, özümü kimə göstərim?

Allah Rafael müəllimə də rəhmət eləsin, həyatda hər şey olur, eybi yoxdur. İcazə versəydiniz yaralı yerimizdən olan müxalifətçilərimiz barədə də bir-iki kəlmə xoş xəbərləri nəzərinizə çatdırardım.

Onlar Prezident seçkilərində birləşə bilməsələr də axır ki, qarşıdan gələn referendumla bağlı hay-küydə deyəsən birləşiblər. Allah axırını xeyir eləsin.

Torpaqlarımız da hələ ki, işğal altındadır. Bu vaxta qədər sülh danışıqlarına milyonlarla dollar vəsait sərf olunub, verilən qonaqlıqlara nə qədər pul xərclənib, ancaq heç bir nəticə əldə olunmayıb. Bu xərclənən havayı pullara hərbi sursatdan-zaddan alınsaydı, Qarabağı bəlkə də çoxdan azad etmişdik.

Nənəmin goru haqqı, heç sursat-zad da lazım deyil, elə respublikamızdakı, ya da eləcə Bakıdakı "Xammer"ləri, "Cip"ləri, "Qazell"əri, yol-patrul, post-patrul xidmətlərinin maşınlarını Qarabağa, ermənilərin üstünə sürsək, yəqin ki, onları çoxdan xurd-xəşil  etmişdik.

Deyəsən, axırda Fələstin xalqının başına gələnlər, bizim də başımıza gələcək, Allah bizləri o gündən saxlasın.

Bu "lazım" da sağolmuş vaxtında gəlib çıxmır ki, gedib torpaqlarımızı azad edək.

Keçən siçan ilində gəlmədi, ola bilsin ki, bu öküz ilində gəlsin görək gələcəkmi...

Əziz şəhidlər!

Onu da diqqətinizə çatdırım ki,  20 faiz torpaqları işğal altında olan bir ölkədə vətənpərvərlik hissləri məhv olub gedir. Sizlərin vaxtında belə deyildi.

İndi vətənpərvərlik hisslərini xalqa çatdırmalı olan televiziya kanallarımızda elə eybəcər verilişlər göstərirlər, yaxşı ki, bunları görmürsünüz, yoxsa qəbirləriniz od tutub yanardı. Belə olan yerdə vətənpərvərlikdən danışmaqmı olar?

Gənc oğlan və qızlarımız, hətta bağçadakı uşaqlar da bütün günü telekanallarda Faiq Ağayevin əlindəki arvad üzüklərinə, qulağındakı sırğalara, Rəhim Rəhimlinin gah nakolkalı, gah da sarı tüklü kəlləsinə, keçi saqqalına bənzər  saqqalına, Aygün Kazımovanın yekə ağzından çıxan sayıqlamalarına, çılpaq bədəninə və s. baxan gələcəyimiz olan gənclərimizdən nə gözləmək olar?

Ancaq onu da deyim ki, millət vəkili  Gülər Əhmədova bu biabırçılığa son qoymaq üçün parlamentdə axır ki, məsələ qaldırıb və 60-dan çox deputat buna müsbət reaksiya veriblər. Yəqin artistlik eləyənləri başa salacaqlar ki, hərəkətlərinə nəzarət edə bilsinlər.

Bir də xəbəriniz olsun ki, bütün dünyanı maliyyə böhranı götürüb, dünya iqtisadiyyatı od tutub yanır.

Ancaq o gün keçirilən müşavirədə Dövlət başçımız dedi ki, "2008-ci il dünya tarixinə maliyyə böhranı kimi daxil olmasına baxmayaraq, Azərbaycan üçün uğurlu olub"

 

***

 

...Bakıda salınan körpülər barədə də sizləri məlumatlandırmaq istəyirəm. Bilin ki, şəhərdə çoxlu körpülər salınıb. Bu körpülər tikiləndə deyirdilər ki, onlar istifadəyə verilən kimi şəhəri bürüyən tıxaclar yox olacaq. Lakin bu belə olmadı, körpülərin çoxu istifadəyə verilib, ancaq yenə də şəhərdə tıxaclar hökm sürür.

Deyəsən keçən məktublarımda sizlərə tıxac barədə yazıb, həlli yollarını da göstərmişdim ki, tıxac məsələsini həll etmək üçün torpaqlarımızı işğaldan azad etməliyik.

Çünki işğal altında olan rayonların camaatının  əksər hissəsi maşınları ilə birlikdə Bakıdadırlar.  Bütün günü də şəhərdə maşın sürüb uşaqlarına çörək pulu qazanırlar.

Ancaq rayonlarımız azad edildikdən sonra, aydın məsələdir ki, onların əksəriyyəti Bakıda sürdükləri maşınlara doluşub qayıdacaqlar öz ev-eşiklərinə və bununla da tıxac məsələsi bitəcək.

Ona görə də milyonlarla manat pulu körpülərə yox, Qarabağın azadlığına sərf etmək yaxşı olardı. Bilmirəm, mən düz fikirləşirəm, yoxsa körpüsaldıranlar? Onu da deyim ki, körpü yol salmaq da yaxşı işdir.

Xəbəriniz olsun ki, axır zamanlar Bakıda və respublikamızın digər şəhərlərində evlərdə partlayışlar baş verir, insanlar daş-beton altında qalaraq həlak olurlar.

Deyirlər ki, bu hadisələrə səbəb qazın açıq havaya sızması nəticəsində baş verir. Deyirəm, hələ yaxşı ki, "Azəriqaz" Səhmdar Cəmiyyəti qapalı tiplidir. Belə qapalı şəraitdə bu qədər partlayışlar baş verirsə, gör açıq tipli olsaydı ölkə dağılardı ki... Allah üzümüzə baxıb ki, bu səhmdar cəmiyyəti qapalı ediblər.

 

***

 

Əziz və heç vaxt unudulmayacaq şəhidlərimiz, bu gün sizin gününüzdür. 20-si yanvar tarixidir.

Elə bir azərbaycanlı tapılmaz ki, bu gün siz şəhidləri yad eləməsin, ümumiyyətlə, siz hər gün yad olunursunuz, elə bilməyin ki, sizləri yaddan çıxartmışıq.

Hal-hazırda ölkəmizdə və dünyada vəziyyət uruscadır, problemlər həddindən artıq çoxdur, bilmirəm daha hansından yazım, ancaq hər halda azacıq da olsa, elə hesab edirəm ki, sizləri bunlar barədə məlumatlandıra bildim.

Bu gün dünyada başqa bir "20 Yanvar" tarixi də tarixə düşəcək. ABŞ prezidenti seçilmiş Hüseyn Obamanın andiçmə mərasimi keçiriləcək. Bəlkə bu müsəlman balası köməyimizə çatdı, bizi uçuq-sökük baraklardan el-obamıza göndərdi, görək nə olur, lazım gəlsə göndərəcək!

Di rahat yatın, şəhidlər! Bu gün yenə sizləri yad edib qəbirlərinizin üstünə tər qərənfillər (hər bir məktəbliyə tapşırıblar ki, bir dənə qərənfil gətirsin) düşəcək və yenə deyəcəyik: Allah siz şəhidlərə rəhmət eləsin! Qanınız yerdə qalmayacaq, sizləri şəhid edənləri 19-cu dəfədir and içirik ki, mütləq tapıb cəzalandıracağıq!

Di hələlik, gələn il də bilirsiniz də, yubileyinizdir. Onu Bakıda lap möhtəşəm keçirəcəyimizə indidən söz veririk!

 

 

Eldar Əzizli

 

Təzadlar.- 2009.- 20 yanvar.- S. 9.