Ümumdünya Malyariya ilə Mübarizə günü
qeyd olundu
Azərbaycan 2013-cü ildə malyariyaya qalib gəlib. Belə ki, həmin ildən bu günə kimi ölkəmizdə bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bu xüsusilə ona görə əlamətdardır ki, bundan cəmi 15 il əvvəl ölkə səhiyyəsi malyariya epidemiyası ilə üzləşmişdi.
Bu infeksiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər, əldə olunan uğurlar barədə 25 Aprel – Ümumdünya Malyariya ilə Mübarizə günü münasibətilə keçirilən mətbuat konfransında danışılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində təşkil olunmuş tədbirdə Mərkəzin direktor müavini Afaq Əliyeva məlumat verib ki, keçən əsrdə Azərbaycanda malyariya xəstəliyinin 5 genişmiqyaslı epidemiyası baş verib. Sonuncu epidemiya 1994-cü ildə başlanıb. Belə ki, 1993-cü ildə ölkədə cəmi 23 hadisə qeydə alındığı halda, 1994-cü ildə bundan 29 dəfə çox – 667 nəfərdə, 1995-ci ildə isə artıq 2 840 nəfərdə (124 dəfə çox) yerli yoluxma halı baş verib. 1996-cı ildə yoluxma ən yüksək həddə çataraq 13 135 hadisə olub. Bu xəstələnmə hadisələri ölkə ərazisinin 80 %-ni əhatə edib.
A.Əliyeva qeyd edib ki, həmin dövrdə epidemioloji vəziyyətin ağırlaşması ilk növbədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişə, qaçqın və məcburi köçkün axınının yaranması, xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəifləməsi, dərman preparatlarının, laboratoriyaların, dezinseksiya maddələrinin çatışmazlığı və vaxtında lazımi tədbirlərin görülməməsi kimi səbəblərlə əlaqədar olub.
Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov malyariya xəstəliyinin əlamətləri, gedişi, yayılma formaları, diaqnostikası, profilaktikası və onunla mübarizə formaları barədə ətraflı söhbət açıb. Ölkə ərazisinin 80 faizinin xəstəlik üçün endemik zona hesab edildiyini söyləyən şöbə müdiri sonuncu epidemiyadan bu günə qədər bu sahədə görülən işlər, aparılan mübarizə tədbirləri barədə ətraflı bəhs edib. Qeyd olunub ki, Səhiyyə Nazirliyinin hazırladığı Malyariya ilə mübarizə üzrə Milli Proqrama uyğun olaraq görülən kompleks əksepidemik tədbirlərin nəticəsində xəstələnmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik, yəni tək-tək hallarda qeyd olunmağa başlayıb və 2013-cü ildən isə artıq yerli yoluxma halları qeydə alınmayıb.
Azərbaycanın 2005-ci ildə Daşkənddə qəbul edilmiş “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyannaməsinə qoşulduğunu xatırladan S.Məmmədov bundan sonra ölkə ərazisində malyariyanın tam eliminasiyasına nail olunduğunu söyləyib: “2016-cı ildə Aşqabadda eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması üzrə yeni Bəyannamə qəbul edilib və ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb”.
Şöbə müdiri onu da qeyd edib ki, xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının baş verməsini və əhali arasında intensiv miqrasiyanı nəzərə alaraq, xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və davamlı şəkildə aparılması tələb olunur. Buna görə də ölkəmizdə 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması üzrə Milli Strategiya” işlənib hazırlanıb və onun icrasına başlanılıb.
Mətbuat konfransında jurnalistləri
maraqlandıran suallara
da cavablar verilib.
Tibb qəzeti.-2017.-30 aprel.-S.12.