Autizm barədə məlumatlandırma
aylığı
Autizm XXI əsrdə bütün dünyada yayılmış problemlərindən hesab edilir. Tədqiqatlar göstərir ki, dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon insan autizmdən əziyyət çəkir. Belə pozuntular ildən-ilə artır və getdikcə ağır sosial problemə çevrilir. Belə ki, əgər 2004-cü ildə ABŞ-da hər min uşaqdan 68-də həmin sindrom özünü göstərmişdisə, 2014-cü ildə artıq hər min uşaqdan 150-si onunla üzləşib. Sindromun artım sürəti bu sahədə maariflənmənin artırılmasını, stiqmanın aradan qaldırılmasını və cəmiyyətin bütün təbəqələrini onunla mübarizəyə yönəltməyi zəruri edir.
Autizmin müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi ən geniş yayılıb. Uşaq autizminə 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə və ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər xarakterikdir. Belə uşaqlarda artıq 2-3 yaşdan etibarən müəyyən simptomlar özünü büruzə verir, dəqiq diaqnoz isə 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.
Autizmin yaranmasının dəqiq səbəbləri elmə hələ də məlum deyil. Əvvəllər onu valideynin diqqətsizliyi və ya peyvəndlərlə əlaqələndirirdilər, lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.
2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 aprel tarixi bütün dünyada Autizm barədə Məlumatlandırma günü kimi qeyd olunur. Bu il bir sıra ölkələrdə bütünlükdə aprel ayı bu xəstəlik haqqında informasiyanın cəmiyyətdə geniş işıqlandırılmasına həsr edilib. Azərbaycanda da Autizm barədə məlumatlandırma aylığı müxtəlif tədbirlərlə yadda qalıb.
Autistlərə
müstəqil qərar qəbul etmək imkanı
yaradılmalıdır
Cəmiyyət autizmdən əziyyət çəkən insanlara münasibətini dəyişməli, onların stiqmatizasiyasından imtina etməli və vətəndaş hüquqlarını tanımalıdır. Bu fikirlər BMT-nin baş katibi Antoniu Quterrişin 2 Aprel – Ümumdünya Autizm barədə Məlumatlandırma günü ilə bağlı müraciətində yer alıb.
Əlil Hüquqları Konvensiyasında cəmiyyətin bütün üzvlərinin hüquq bərabərliyinin təsbit olunduğunu xatırladan BMT-nin baş katibi vurğulayıb ki, autizmdən əziyyət çəkən insanların özləri barədə, o cümlədən, kiminlə və harada yaşamaq, nikah bağlamaq, peşə seçmək və öz pulunu necə xərcləmək məsələlərinə dair müstəqil qərar qəbul etmələri üçün imkan yaradılmalıdır. Onlara öz hüquqlarını həyata keçirməkdə yalnız müvafiq kömək göstərmək lazımdır.
Antoniu Quterriş deyib: “Ümumdünya Autizm barədə Məlumatlandırma günündə biz hamımız autistlərə münasibətin dəyişməsində və onların vətəndaş kimi hüquqlarının tanınmasında öz rolumuzu oynamalıyıq. Onlar da digər insanlar kimi öz hüquqlarını tələb edə bilərlər və öz mənafelərinə uyğun sərbəst şəkildə mühüm qərar qəbul etmək hüququna malikdirlər”.
BMT-nin baş katibinin müraciətində deyilir ki, autizmdən əziyyət çəkən insanlar müstəqil davranışa malik olsalar, ümumi gələcəyimizin qurulmasına daha çox töhfə verə bilərlər.
II Azərbaycan Autizm Paneli
Beynəlxalq Autizm barədə məlumatlandırma aylığı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) II Azərbaycan Autizm Paneli keçirilib. ATU-nun Tədris Terapevtik Klinikasında baş tutan toplantıda autizmlə bağlı stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açılıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ATU-nun Psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), "Birgə və Sağlam" və "Lider Qadınlar" ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov problemin uşaqların sağlamlığına təsirindən danışıb.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı autizmlə bağlı görülən işlər, ölkə parlamentində mövzu ilə əlaqədar aparılan müzakirələr barədə məlumat verib. Millət vəkili autizm sindromuna ictimaiyyətin diqqətinin cəlb edilməsinin və valideyn-həkim əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə autizmlə bağlı statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb, aparılan maarifləndirmə tədbirlərinin bu sahədə müsbət nəticələr verdiyini vurğulayıb.
Sonra həkimlər Kamran Salayev “Autizmin diaqnostik meyarları”, Nigar Sədiyeva “Uşaq inkişafı və onun qiymətləndirilməsi”, psixoloq Turanə Əliyeva “Autizm spektr pozuntusu diaqnozu olan uşaqların psixi sağlamlıq ehtiyaclarının təhsil vasitəsilə dəstəklənməsi, mövcud problemlər və inkişaf imkanları”, Rima İbadova “Autizmlə yanaşı sıx rastlanan epileptik sindromlar və bu uşaqlarda elektroensefaloqrammanın xüsusiyyətləri”, İkram Rüstəmov “Autizm spektr pozuntlarında medikal müalicə üsulları” mövzularında məruzələrlə çıxış ediblər.
Autizmlə
bağlı seminar keçirilib
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ümumdünya Autizm barədə Məlumatlandırma gününə həsr edilmiş seminar keçirilib.
Tədbirdə ADHTİ-nin Pediatriya kafedrasını dosenti Mətanət Qaraxanova uşaqlarda autistik spektrli pozuntuların erkən aşkarlanması üçün diaqnostik meyarlar, erkən müdaxilə istiqamətləri, autizm sahəsində beynəlxalq təcrübələr və maarifləndirilmə tədbirləri barədə məlumat verib.
“Mavi
işiqla işiqlandır”
2
Aprel – Ümumdünya Autizm barədə Məlumatlandırma
günü münasibətilə İSİM, "Birgə və
Sağlam" və "Lider Qadınlar" ictimai birliklərinin
birgə aksiyası çərçivəsində Bakıda
növbəti tədbir keçirilib.
“Park Bulvar” ticarət mərkəzində fləşmobla başlayan tədbir Azərbaycan Xalça Muzeyinə yürüşlə davam etdirilib. Daha sonra “Mavi işıqla işıqlandır” şüarı altında Qız qalası, Alov qüllələri, “Baku Crystal Hall”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) binası və Bakı Olimpiya Stadionu autizmin beynəlxalq rəmzi hesab edilən mavi rənglə işıqlandırılıb.
Qeyd edək ki, Autizm barədə məlumatlandırma aylığı çərçivəsində Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbi”ndə ictimai maarifləndirmə tədbiri, “Boulevard Hotel”də isə İSİM, "Birgə və Sağlam" və "Lider Qadınlar" ictimai birliklərinin, Gülnarə Xəlilova Moda evi, “Ümid var” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirilib.
Tibb qəzeti.-2017.-30 aprel.-S.8.