Əlilliyin qiymətləndirilməsi sahəsində
problemlər aradan qaldırılır
Bu günlərdə Səhiyyə Nazirliyində əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi və təhlilinə həsr olunmuş kollegiya iclası keçirildi.
Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açdı.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov əlil və sağlamlıq imkanları məhdud olan insanların daim dövlətin diqqətində saxlandığını vurğuladı. Prezident İlham Əliyevin 2015-ci ilin sentyabr ayında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzaladığını xatırladan G.Poladov həmin sənəddən irəli gələn məsələlərin həlli istiqamətində Səhiyyə Nazirliyi tərəfindən də çoxsaylı işlər görüldüyünü dedi.
Səhiyyə naziri O.Şirəliyevin 27 noyabr 2014-cü ildə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nin yaradılması barədə əmr imzaladığını diqqətə çatdıran şöbə müdiri qeyd etdi ki, həmin əmrə əsasən “Tibbi-sosial ekspert komissiyasına göndəriş”in yeni forması və “Uşaqlar uçün Tibbi-sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq olunub: “Bundan əlavə, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılıb, bu məqsədlə məlumat bazası və proqram təminatı hazırlanıb, onun ölkənin səhiyyə müəssisələrində tətbiqi zamanı həmin müəssisələrə texniki dəstək göstərilib. 1 yanvar 2015-ci il tarixdən adı çəkilən göndərişlər yalnız müvafiq proqram modulundan çap edilməklə təmin olunur”.
Şöbə müdiri nazir O.Şirəliyevin sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 9 sentyabr 2015-ci il tarixində daha bir əmr imzaladığını da vurğuladı. Bildirdi ki, bu əmrə əsasən, əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib. Əmrin icrası ilə bağlı şəhər və rayon tibb müəssisələrində müvafiq təlimlər də keçirilib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi, İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanıb və səhiyyə naziri tərəfindən təsdiq edilib. Bundan əlavə, G.Poladov məlumat verdi ki, şəhər və rayon tibb müəssisələrinin rəhbərləri həkim-məsləhət komissiyalarının üzvlərini gücləndirilmiş elektron imza ilə təmin ediblər. Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün bu sənədlər gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil edilir.
Şöbə müdiri Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın hazırlandığını və 30 mart 2016-cı ildə Nazirlər Kabinetinin Qərarı ilə təsdiqləndiyini dedi. Eyni zamanda, bildirdi ki, Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi meyarları hazırlanıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib və bu sənəd əsasında müvafiq Əsasnamə Nazirlər Kabinetinin Qərarı ilə 30 dekabr 2015-ci ildə təsdiqlənib. Bundan əlavə, müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması məqsədilə 2011-ci ildə səhiyyə naziri tərəfindən təsdiqlənmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”yə dəyişiklik olunub və bu komissiyanın sədri funksiyası müəssisənin baş həkiminə həvalə edilib.
Hazırda “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın yeni variantının hazırlanması məqsədilə işçi qrupun yaradıldığını bildirən natiq qeyd etdi ki, təlimatın yeni variantı təsdiqləndikdən sonra xəstəlik vərəqəsinin yeni formasının işlənilməsi və oradan tibbi-sosial ekspert komissiyasının qərar hissəsinin və möhür yerinin çıxarılması planlaşdırılır.
Əlilliyin müəyyən edilməsi ilə bağlı ortaya çıxan problemlərdən də danışan Gülmirzə Poladov Tibbi yardımın təşkili şöbəsi tərəfindən əlilliyin təyini üçün Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinə ciddi nəzarət edildiyini, bu sahədə işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı müəssisə rəhbərlərinə dəfələrlə məktublar göndərildiyini vurğuladı. Qaldırılan problemlər təkrarlanarsa, Səhiyyə Nazirliyi tərəfindən tibb idarə və müəssisələrinin rəhbərləri barədə ciddi inzibati tənbeh tədbirlərinin görüləcəyini, bu barədə onlara əvvəlcədən xəbərdarlıq olunduğunu bildirdi. O təəssüflə dedi ki, Səhiyyə Nazirliyinin 088 saylı formaların verilməsi istiqamətində gördüyü çoxsaylı işlərə baxmayaraq, bəzi hallarda nəticələr qənaətbəxş olmur: “15 noyabr 2016-ci il tarixindən əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ay ərzində əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə mart ayında eyni məzmunlu məktub daxil olub. Mərkəzləşmiş məlumat bazasından götürülmüş rəqəmlərə əsasən, həmin müddət ərzində dövlət səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına 21 minə yaxın göndəriş verilib. Onlardan yalnız 8 519 nəfərinə əlillik təyin edilib. 8 248 halda əlilliyin təyininə imtina olunub, 3 159 halda isə göndəriş düzgün doldurulmadığı üçün geri qaytarılıb.
Ötən müddət ərzində Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin ümumi sayına görə ilk yerləri tutan tibb müəssisələrindən – 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından (RMX) 574, 31 min nəfərə tibbi xidmət göstərən 21 saylı Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən RMX-dən 385 “forma 088” verilib.
Hesablamalar göstərir ki, bir ay ərzində hər 10 min nəfər əhaliyə verilən “forma 088”lərin sayının ölkə üzrə orta göstəricisi təxminən 5-6-ya bərabərdir. Əfsus ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Beləliklə, məhz bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7,9, 15 saylı Şəhər Poliklinikası (ŞP) 4,5, 22 saylı ŞP 4,1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi RMX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub.
3 aylıq dövrün təhlili isə göstərir ki, 21 saylı BŞX orta ölkə göstəricisindən 7,9, 4 saylı ŞP 4,8, Ağcabədi RMX 4,6, 22 saylı ŞP 3,5 dəfə çox “forma 088” göndərib.
Bütün bu rəqəmlər Səhiyyə Nazirliyinin İnformatika və Statistika idarəsinin, Səhiyyənın İnformasiyalaşdırılması Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi məlumat bazasından götürülüb”.
Şöbə müdiri vəziyyəti müqayisəli göstərmək üçün bildirdi ki, araşdırılan müddət ərzində Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dən cəmi 15, 24 saylı ŞP-dan 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə “forma 088” verilib.
G.Poladov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 10 gün əvvəl daxil olan məktubda Tibbi-sosial ekspert komissiyaları tərəfindən imtina edilmiş xəstələrə dəfələrlə təkrar “forma 088” verən müəssisələr barədə müfəssəl məlumat olduğunu da vurğuladı. Qeyd etdi ki, Balakən RMX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar “forma 088” verib.
Gülmirzə Poladov qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təklifləri diqqətə çatdırdı:
- tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssislərinin tibbi şurasında təhlil olunsun, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülsün və nəticəsi barədə Tibbi yardımın təşkili şöbəsinə məlumat verilsin;
- Həkim məsləhət komissiyalarının işinə zəif nəzarət etdiklərinə və əlilliyin müəyyən edilməsi işində yol verdikləri nöqsanlara görə tibb müəssisələrinin baş həkimləri barədə intizam tədbirləri görülsün.
Daha sonra məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev çıxış etdi. Nazir kollegiyanın geniş tərkibli iclasının həsr olunduğu məsələni – əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı tibb müəssisələrindəki vəziyyəti çox ciddi problem adlandırdı. Nazirlər Kabinetində əlilliklə bağlı müzakirələrin aparıldığını, Azərbaycanla digər dövlətlərin bu sahədə göstəricilərinin müqayisə edildiyini, bizdə nəticələrin başqa ölkələrin göstəricilərindən dəfələrlə yüksək olduğunu bildirdi. O.Şirəliyev əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçdikdən sonra Tibbi-sosial ekspert komissiyalarına 21 minə qədər göndərişlə müraciət edildiyini, onlardan cəmi 8 519 nəfərə əlillik verildiyini söylədi. Nazir istər 8 248 göndərişdən imtina olunmasını, istərsə də 3 159 göndərişin düzgün doldurulmadığı üçün geri qaytarılmasını bu sahədə çalışan tibb mütəxəssisləri üçün mənfi hal kimi qiymətləndirdi. “Forma 088”in həkim, şöbə müdiri, baş həkim tərəfindən düzgün doldurulmamasını “bisavadlıq” adlandıran səhiyyə naziri qeyd etdi ki, bəzən düzgün yazılmadığına görə geri qaytarılan göndərişi növbəti dəfə yenidən səhv yazıb göndərirlər, hətta bu hal bir neçə dəfə təkrarlanır.
O.Şirəliyev əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atıldığını, bu sahədə bir sıra əmrlər imzalandığını, tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı: “Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin araşdırılması zamanı vətəndaşlardan əksər hallarda tibb müəssisələri və Tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klinik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub. Əhalinin bu işdə rahatlığının təminatı, həmçinin, Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsini məqsədəuygun saydıq. Əgər əvvəl bir nəfər ekspertiza ilə məşğul olurdusa, məsuliyyəti artırmaq üçün səlahiyyəti baş həkimlərə verdik. Bunu etdik ki, qarşıya çıxan problemlər aradan qalxsın, xəstələr rayonlardan Bakıya göndərilməsinlər, kim həqiqətən xəstədirsə, əli, ayağı, gözü yoxdursa, süründürməçiliklə rastlaşmasın, yaşadığı yerdə müayinədən keçsin və göndəriş alsın. Digər tərəfdən, əlil olmayan adam da əbəs yerə rayondan şəhər xəstəxanasına göndərilməsin. Bu problemləri aradan qaldırdıq. Bəs, nəticə nə oldu?! Rəqəmlər artdı. Doğrudur, rayonlar arasında iqlim, iş şəraiti və s. cəhətdən müxtəlifliyə görə orta əlillik göstəriciləri arasında müəyyən fərqlər ola bilər. Amma bir rayonun əlillik göstəricisi ölkə üzrə orta göstəricidən 7-8 dəfə artıq ola bilməz”.
O.Şirəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə çox böyük işlər gördüyünü bildirdi: “Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri əlilliyi kodlaşdırılmış tibb sənədi əsasında, xəstələri şəxsən görmədən, anonim şəkildə verir. Bu isə o deməkdir ki, əlilliyin verilməsi ilə bağlı bütün məsuliyyət səhiyyənin üzərindədir. Əgər həkim xəstəyə düzgün diaqnoz qoymasa, subyektiv qərar qəbul etsə, onun rəyi əsasında əlillik verilsə, buna görə rəyi verən məsuliyyət daşıyır”.
Nazir O.Şirəliyev nöqsanların aradan qaldırılması üçün aprel ayından başlayaraq hər ay, əvvəldən hazırlanmış cədvələ əsasən, bölgələrdə zonalar üzrə tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları ilə birgə seminarların keçirilməsinin planlaşdırıldığını vurğuladı: “Bununla bağlı nazir Səlim Müslümova da müraciət etdim. Həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin məsul şəxslərinin bir yerdə müşavirələr keçirməsi problemlərin aradan qaldırılmasına, bu sahədə çalışan mütəxəssislərin yeni qaydalara, qanunlara daha yaxşı bələd olmasına kömək edəcək. Səhiyyə Nazirliyinin sırf bu məsələlərlə məşğul olan mütəxəssislərinin həmin müşavirələrdə iştirakı ortaya çıxan suallara cavab tapmaqda, çətinliklərin səbəblərini aydınlaşdırmaqda yardımçı ola bilər”.
O.Şirəliyev sonda tibb müəssisələrinin rəhbərlərinə öz işlərinə məsuliyyətlə yanaşmağı tapşırdı, Səhiyyə Nazirliyinin mütəxəssislərinin də əlilliklə bağlı məsələlərə daha ciddi nəzarət edəcəklərini dedi.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti.-2017.-30 aprel.-S.6-7.