Tibb xidməti IV İslam Həmrəyliyi Oyunlarına tam hazırdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Oyunlarının tibbi təminatı barədə” əmri ilə bu tədbirə tibb xidmətini yüksək səviyyədə təşkil etmək məqsədi ilə müvafiq Təşkilat Komitəsi yaradılıb. Həmin əmrə əsasən, yarış iştirakçıları və qonaqlara tibbi yardımın göstərilməsi üçün Bakı şəhərində iki böyük tibb müəssisəsi – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi müəyyənləşdirilib.

 

Kliniki Tibbi Mərkəz

 

İslam Oyunlarına tibbi yardım göstərilməsi ilə əlaqədar aparılan hazırlıq işlərinin təşkili və əlaqələndirilməsi məqsədi ilə Kliniki Tibbi Mərkəzdə işçi qrupu yaradılıb və xəstəxananın əməliyyat blokunun şöbə müdiri Aydın Əlizadə məsul nümayəndə təyin edilib.

Aydın Əlizadə qeyd edir ki, Kliniki Tibbi Mərkəz artıq belə tədbirlərə tibb xidməti təcrübəsinə malikdir. Belə ki, I Avropa Oyunları zamanı da onun rəhbərlik etdiyi qrup tapşırılan işin öhdəsindən yüksək səviyyədə gəlib: Avropa Oyunları zamanı bizə 129 nəfər, o cümlədən 69 əcnəbi, 60 ölkə vətəndaşı müraciət etmişdi, onlardan 76-sına ambulator, 53-ünə stasionar xidmət göstərilmişdi. İstər əcnəbi vətəndaşlar, istərsə də ölkə sakinləri tibbi xidmətin səviyyəsindən razı qalmışdılar.

IV İslam Həmrəyliyi Oyunlarına da yüksək tibbi xidmət göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb. 9 nəfərlik işçi qrupumuza baş həkim və onun müavinləri, şöbə müdirləri və baş tibb bacısı daxildir. Mühüm idman tədbiri ilə əlaqədar xəstəxanada ümumi, toksikolojiyoluxucu xəstəliklər üzrə üç şöbədə qəbul otağı yaradılıb. Stasionar müalicə üçün qəbul edilən xəstələrə uşaq cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi, ümumi cərrahiyyə, ümumi terapiya, kardiologiyanevrologiya, travmaneyrotravma, toksikologiya, yoluxucu xəstəliklər şöbələrində ümumilikdə 57 palata ayrılıb və tam hazır vəziyyətə gətirilib.

Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT, MRT müayinələri aparmaq üçün də hər cür şərait yaradılıb. Müraciət edənlərə tibbi yardım göstərmək üçün kifayət qədər dərman, sarğı materialları, gips və digər tibbi ləvazimatlar ayrılıb.

Ümumilikdə xəstəxanada və ayrı-ayrılıqda hər bir şöbədə mayın 1-dən 31-dək növbətçilik cədvəlləri tutmuşuq. Bu cədvəllərə əsasən, hər ixtisas üzrə 1 həkim və 1 tibb bacısı olmaqla, 18 həkim və o qədər də tibb bacısı 12 saat ərzində növbədə olacaqlar. Növbələrə ingilis və digər dilləri bilən həkim, rezidenttibb işçiləri cəlb ediləcək. Əlavə olaraq, şöbələrdə əcnəbi dil bilən işçilərin siyahısı müəyyənləşdirilir.

Yarışlar 10 gün ərzində keçirilsə də, növbətçilik cədvəlləri bir aylıq müddətə tutulub. Nəzərə almışıq ki, yarış iştirakçıları və tamaşaçılar Bakıya bir neçə gün əvvəldən gəlməyə başlayacaqlar və yarış başa çatandan sonra da onlar paytaxtın və ölkəmizin görməli yerlərinə səyahət edəcəklər”.

 

Bakı Sağlamlıq Mərkəzi

 

IV İslam Həmrəyliyi Oyunlarının iştirakçılarına və qonaqlarına tibbi yardım göstərilməsi ilə əlaqədar hazırlıq işlərinın son mərhələsində olan Bakı Sağlamlıq Mərkəzində (BSM) də bu məqsədlə xüsusi komissiya yaradılıb. On bir nəfərdən ibarət komissiyanın tərkibinə xəstəxananın baş həkimi, onun dörd müavini və şöbə müdirləri daxildir.

Komissiyanın sədri, Mərkəzin baş həkimi Hikmət Həsənov hazırlığın gedişi barədə məlumat verərək deyib ki, BSM-in 6-cı mərtəbəsi xüsusi olaraq İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müraciətlər üçün ayrılıb: “Cərrahiyyə, ümumi terapiya, nevrologiya, endokrinologiya, mamalıq və burun-qulaq-boğaz şöbələrində 9 palata hazır vəziyyətə gətirilib. Lazım gəlsə, ümumi cərrahiyyə şöbəsinin tərkibinə daxil olan torakal cərrahiyyə də iştirakçılara xidmət göstərəcək. Bundan başqa, ehtiyat üçün hər şöbədə daha 5 çarpayı ayrılması da nəzərdə tutulub. Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT müayinələri aparılması üçün hər cür şərait yaradılıb. Reanimasiya otağı və laboratoriya da tibbi yardım göstərmək üçün tam hazırdır. Yeni alınmış MRT aparatının da işə salınması üçün tədbirlər görülür”.

Direktor mühüm idman tədbiri ərəfəsində həkimlərin treninqlərə cəlb olunduğunu, həkim və tibb işçiləri arasında ingilis dilini, eləcə də idman tədbiri iştirakçılarının dillərini bilənlərin siyahısının hazırlandığını söyləyib. Bildirib ki, müraciət edənlərə tibbi yardım göstərmək üçün kifayət qədər dərman, sarğı materialları, gips və digər tibbi ləvazimatlar tədarük edilib: “Aprelin axırlarında növbətçi qrafikləri tutulub təsdiq ediləcək. Mayın əvvəllərindən yarışlar başa çatanadək xüsusi rejimdə işləyəcəyik. Sutka ərzində həkimlər, ortakiçik tibbi heyət, həmçinin funksional-diaqnostika şöbələri tam gücü ilə fəaliyyət göstərəcək”.

H.Həsənov onu da qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində qonaqlar üçün xüsusi namaz otağı da ayrılıb, oraya Quran kitabları qoyulub, xalça döşənib, dəstəmaz almaq üçün hər cür şərait yaradılıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

 

 

IV İslam Həmrəyliyi Oyunları iştirakçılarına 90 təcili yardım həkim briqadası və 40 sanitar maşın xidmət göstərəcək. Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) bu mühüm beynəlxalq idman tədbirinə hazırlıq işləri ilə əlaqədar stansiyanın baş həkimi Rauf Nağıyev deyib. O məlumat verib ki, BŞTTTYS-nın tibb işçiləri IV İslam Həmrəyliyi Oyunları iştirakçılarının və qonaqların məskunlaşdığı 40-a yaxın obyektə xidmət göstərəcəklər, eləcə də yarışların keçirildiyi idman meydançalarında növbədə dayanaraq, iştirakçılar, qonaqlar və tamaşaçılar arasında təcili tibbi xidmətə ehtiyacı olanlara yardım edəcəklər. Baş həkim növbətçilik qrafikinin artıq tərtib olunduğunu, 40 sanitar avtomobilinin hazır vəziyyətə gətirildiyini, tədbir müddətində 90 həkim briqadasının qrafik əsasında öz xidməti borclarını yerinə yetirəcəyini bildirib. Qeyd edib ki, daha ciddi tibbi yardıma ehtiyacı olanlar sanitar maşınlarla Bakı Sağlamlıq Mərkəzinə və Kliniki Tibbi Mərkəzə çatdırılacaqlar.

 

Tibb qəzeti.-2017.-30 aprel.-S.5.