Akademik Zərifə Əliyevanın
xatirəsi yad olundu
Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir.
Bu münasibətlə görkəmli alimin doğum günündə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Səhiyyə Nazirliyinin əməkdaşları, Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələri və elm xadimləri onun xatirəsini ehtiramla yad ediblər. Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini anmaq üçün Fəxri xiyabana gələn tibb işçiləri onların məzarları üzərinə tər çiçəklər düzüblər.
Milli Oftalmologiya Mərkəzi
Akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
görkəmli alimin anadan olmasının 94-cü
ildönümünə həsr edilmiş
"Oftalmologiyanın aktual məsələləri" elmi
konfransı keçirilib.
Toplantını giriş sözü ilə açan Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov akademik Zərifə xanım Əliyevanın misilsiz xidmətlərini, göz xəstəliklərinin müalicəsi sahəsində gördüyü işləri xatırlayıb.
Mərkəzin elmi işlər üzrə direktor müavini Hicran Namazova oftalmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın fəaliyyətindən, xüsusilə traxomanın ləğvi ilə əlaqədar axtarışlarından danışıb, onun araşdırmalarının SSRİ Tibb Elmləri Akademiyası tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Konfransda Rusiya Federasiyası Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, prosessor Muxarram Bikbov “Ültrabənövşəyi krosslinkinq: keçmişi, bu günü və sabahı” mövzusunda məruzə edib. Milli Oftalmologiya Mərkəzinin həkimləri, tibb üzrə fəlsəfə doktorları Fərəh Abduləliyeva, Cəmil Həsənov, Fidan Ağayeva və başqalarının qlaukoma, qohum nikahları ilə göz patologiyalarının əlaqəsi, diabetik retinopatiyalar və digər aktual mövzularda məruzələri də maraqla dinlənilib.
Azərbaycan Tibb Universiteti
Akademik
Zərifə xanım Əliyevanın anadan olmasının
94-cü ildönümü münasibətilə Azərbaycan
Tibb Universitetində (ATU) Nəsimi Rayon İcra hakimiyyəti və
ATU-nun birgə təşkilatçılığı ilə
“İnsanlara nur bəxş edən alim” adı altında tədbir
keçirilib.
Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəyli oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafında əvəzsiz xidmətlərindən, elmi-pedaqoji və ictimai fəaliyyətindən, həkimlərin yeni nəslinin yetişməsinə verdiyi böyük töhfələrdən söz açıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Əməkdar Elm Xadimi Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə danışıb. Qeyd edib ki, keçmiş SSRİ-də SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim kimi, akademik Zərifə xanım Əliyevanın adı oftalmologiya elminin tarixinə düşüb.
Digər çıxış edənlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı 11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin pulsuz tibbi müayinəsi təşkil edilib, ehtiyacı olan uşaqlara eynəklər təqdim olunub.
Mərkəzi
Neftçilər Xəstəxanası
Tanınmış
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
anadan olmasının 94-cü ildönümü münasibətilə
Mərkəzi Neftçilər Xəstəxanasında (MNX)
pulsuz göz müayinələri keçirilib.
MNX və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində 200-dən çox vətəndaş – şəhid ailələri, Qarabağ və Böyük Vətən müharibəsi, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz qocalar müayinədən keçirilib. Göz xəstəlikləri aşkar olunan 10 nəfər pulsuz əməliyyat olunmaq üçün qeydiyyata götürülüb.
Xəstəxanada görkəmli akademikin xatirəsinə həsr olunmuş yığıncaqda Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və başqaları Zərifə xanımın gözəl ziyalı, xeyirxah və nəcib insan, peşəkar həkim, istedadlı oftalmoloq, eyni zamanda, vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi yaddaşlara həkk olunduğunu bildiriblər.
Pirallahı rayonunda qanvermə aksiyası
Bakının Pirallahı rayonunda Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) təşkilatçılığı ilə görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.
B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə aksiyasında 300-ə yaxın rayon sakini talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün qan verib.
Tədbirdə çıxış edənlər və aksiya çərçivəsində nəcib təşəbbüsə qoşulanlar Zərifə xanımın xalq qarşısında xidmətlərini xatırlayıb, insanlara həyat işığı bəxş edən həkimin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Suraxanı tibb işçiləri alimi yad etdilər
Suraxanı rayonundakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Toplantıda 15 nömrəli BŞX-nın baş həkimi Arif Məmmədov, 24 nömrəli BŞX-nın baş həkimi Azər Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, həkimlər Dürdanə Kəngərli və Fatma Nuriyeva tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın tutduğu mövqedən danışıb, qeyd ediblər ki, bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alimin apardığı tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyət və aktuallığını saxlamaqdadır.
Sabunçu rayonunda qanvermə aksiyası
Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi qanvermə aksiyası keçirilib.
Rayon rəhbərlərinin, bələdiyyə və ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi aksiyaya qoşulanlar görkəmli alimin xalq qarşısındakı xidmətlərini xatırlayaraq, insanlara həyat işığı bəxş edən həkimin, nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə tədbirində 350-dən çox rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan veriblər.
Tibb qəzeti.-2017.-30 aprel.-S.4.