Professor Paşa Qəlbinur: “Gözlərinizi
göz bəbəyi kimi qoruyun”
Budəfəki həmsöhbətimiz ömrünü nura həsr edən – öz elmi ilə insanların gözlərini, ədəbi yaradıcılığı ilə qəlblərini nurlandıran ziyalı, həkim-oftalmoloq, şair, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur oldu.
- Həkimlər
adətən xəstələrin öz
sağlamlığına biganə yanaşmasından, mütəxəssisə
vaxtında müraciət etməməsindən gileylənirlər.
Bu cəhətdən pasiyentlərinizdən fərqlənirsiniz?
- Deyə bilmərəm ki, xəstələrimdən fərqliyəm. Şükür, səhhətimdən elə bir şikayətim yoxdur. Ancaq vaxtlı-vaxtında həkimə gedirəm desəm, yalan olar. Məsələn, neçə vaxtdır diş həkiminə getməliyəm, amma yubadıram. Öz sağlamlığına biganəlik yaxşı xüsusiyyət deyil, amma bizim xalqda bu cəhət, təəssüf ki, var. Ancaq özüm riayət etməsəm də, bütün xəstələrimə vaxtında həkimə getməyin, lazımi profilaktik tədbirlər görülməsinin vacibliyini həmişə xatırladıram. Cansağlığı hər şeydən vacibdir.
Valideynlər çox vaxt övladlarının sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələləri, onların problemlərinin həllini ön plana keçirərək, özlərini yaddan çıxarırlar. Bizim üçün hər zaman öncə uşaqlar gəlir. Amma, məsələn, təyyarədə qəza şəraiti yarananda, oksigen çatışmazlığı olanda, qaydalara görə, oksigen maskasını birinci özün geyinməlisən ki, uşağına da yardım edə biləsən. Övladını istəyən valideyn özünü də düşünməlidir.
- Kiçik
yaşlardan yaradıcılığa meyil etmisiniz, şeirlər
yazmısınız. Bəs, sizdə göz həkimi olmaq istəyi
haradan yarandı?
- Həqiqətən də, şeir yazmağa erkən – 13 yaşımda başlamışam. Təsadüfə baxın ki, ilk şeirimin adı “Gözlər” idi. 1987-ci ildə artıq SSRİ Yazıçılar İttifaqına üzv olmuşdum. İndi də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. “Qara su” romanım bir neçə dəfə təkrar nəşr olunub, mükafatlar alıb. Bu əsər Rusiyada, Hollandiyada, İngiltərədə də işıq üzü görüb. Bununla yanaşı, şeirlərim, esselərim də xarici dillərə tərcümə edilib.
Həkimlik peşəsinə sevgim isə mənə irsən keçib. Biz göz həkimləri nəsliyik. 100 ildən artıqdır ki, ailəmizdə bu ənənə davam edir. Dayım da tanınmış göz həkimi idi. Kiçik yaşlarımdan onun yanına gələnlərin gözlərinə nur bəxş etdiyini, insanların hədsiz sevincini, ona minnətdarlıq dolu baxışlarını görmüşəm və bu sənəti sevmişəm.
Biz ailədə 3 uşaq olmuşuq. Valideynlərim təhsilə çox önəm verib, dərslərimizə həddən artıq tələbkar yanaşıblar. Ona görə də hər üçümüz orta məktəbi qızıl medalla bitirmişik, Moskvada aspirantura oxumuşuq. Ancaq onların heç biri ədəbi fəaliyyətlə məşğul olmur. Çünki bu, çox oxumaqla qazanılan istedad deyil.
Qeyd edim ki, bacım da oftalmoloqdur. O hazırda ailəsi ilə
birlikdə Moskvada yaşayır və çalışır.
Övladlarımın ikisi – oğlum və
qızım da göz həkimidirlər. Kiçik
qızım isə hazırda xarici ölkədə tibb təhsili
alır və o da oftalmoloq olmaq arzusundadır. Məncə, bu ənənə bir nəsildə qazanılan
təcrübənin digərlərinə ötürülməsi
baxımından müsbət haldır.
- Sizin cəmiyyətdə bu qədər
tanınmanızda, təbii ki, həkimlik fəaliyyətinizdən
daha çox, şeirləriniz, digər əsərləriniz
mühüm rol oynayıb. Maraqlıdır, ədəbi
yaradıcılıqla tibbi fəaliyyətiniz bir-birinə mane
olmur ki?
- Qətiyyən.
Əslində, hər iki sahə bir-birinin
inkişafına təkan verir, fərqlilik yaradır. Çünki onların arasında bir
bağlılıq var – hər iki sənətin obyekti insan,
onun mənəvi, fizioloji dünyasıdır. Bunu inkar etmək olmaz.
Qeyd edim ki, əsrlər boyu tibb elmi fəlsəfənin
tərkib hissəsi olub. Zaman keçdikcə inkişaf edən təbabət
artıq fəlsəfənin çərçivəsinə
sığmayıb. Sonrakı dövrdə
təbabəti incəsənətlə bağlayıblar.
Bir neçə əsr sonra isə tibb elmi incəsənətin
də sərhədlərini aşıb və ayrıca sahə
kimi formalaşıb. Nəhayət, XIX əsrin
sonunda dünyada belə bir fikir qəbul olunub ki, tibb elmi 3
dayaq – təbabət, incəsənət və fəlsəfə
üzərində dayanır və inkişaf edir. Təbabət bu üç elm sahəsinin ilahi vəhdətindən
ibarət fəaliyyət növüdür. Əsl həkim gərək fəlsəfəni də,
incəsənəti də bilsin. Mən tələbələrimə
həmişə tapşırıram ki, dünya ədəbiyyatı
ilə tanış olsunlar, əsərlər
oxusunlar, tamaşalara getsinlər. İnsan
Allahın yaratdığı müqəddəs və mükəmməl
varlıqdır. Onu öyrənmək, ona
korreksiya vermək üçün çox geniş biliklərə
malik olmaq lazımdır.
- Xəstənin sağalmasında
onun iradəsi və həkimə daxili inamı nə dərəcədə
rol oynayır?
- Bunun
çox mühüm rolu var. İnamla xəstəliyə qalib
gəlmək mümkündür və mən həkimlik təcrübəmdə
belə hadisələrlə çox qarşılaşmışam.
Onlardan birini sizinlə bölüşüm.
Ukraynadan bir qadın 13 yaşlı qızı ilə mənim
yanıma gəlmişdi. Qızın gözləri
görmürdü və onu Rusiyada və digər yerlərdə
müayinədən keçirən həkimlər xəstəliyinin
çarəsi olmadığını, əməliyyat edilsə
belə, görməyəcəyini bildirmişdilər. Mən də qızı müayinə etdikdən
sonra eyni qənaətə gəldim və əməliyyatın
heç bir müsbət təsirinin olmayacağını izah
etməyə çalışdım. Ancaq
ana israrla bildirdi ki, mən yuxuda görmüşəm ki, siz mənim
qızımı əməliyyat edəcəksiniz və onun
gözləri açılacaq. O məni də
inandırmağı bacardı və razılaşdım. Əməliyyatdan sonra qızın gözləri
gördü. Belə saysız-hesabsız
möcüzələr yaşamışam. İnam çox önəmlidir. Biri var
bataqlıqda ev tikəsən, biri də var
möhkəm təməl üzərində. İnam
bataqlığı qurudan vasitədir, fundamentdir, etibardır.
- Paşa Qəlbinur
dünyanı hansı rəngdə görür?
- Rəngarəng,
7 rəngin milyonlarla çalarında. Dünyanın,
yaşadığımız hər anın öz gözəlliyi
var. Sadəcə, bunu görməyi, bizə bəxş etdiklərinə
görə Allaha şükr etməyi, sevinməyi
bacarmalıyıq. Sevinc gözəl
duyğudur. Dünyada kədər, qəm-qüssə
də var. Ancaq sevinc, sevgi daha çoxdur.
- Amma nədənsə
kədər rəngi olan qaranı daha çox sevirsiniz...
- Qara kədər
rəngi deyil. Kor insanlar da dünyanı qara
deyil, boz görürlər. Qara bizim
inanclarımızda da mübarək rəngdir, bu mənim
üçün eşq, məhəbbət, zadəganlıq,
nəciblik rəmzidir.
Əslində, kədərin zirvəsi qara yox,
qırmızı rəng, ağlamaq yox, gülməkdir. Məsələn,
bir insan öz doğmasını itiribsə, ağlayırsa,
bu, kədərin son həddi deyil, zirvəyə gedən
yoldur, ancaq qəhqəhə çəkib gülürsə,
kədərin son nöqtəsidir. “İblis” əsərində
bir ifadə var: “Ağlamaq istər ikən həp gülərəm”
– kədərin zirvəsi budur. Ya da gənc insan
rəhmətə gedəndə üstünə
qırmızı rəngli parça salırlar. Bu zaman qırmızı rəng kədərin son həddini
ifadə edir.
- Bir məsələdə
də göz həkiminin fikrini bilmək maraqlıdır –
göz dəyməyə inanırsınız?
- Bəli.
Çünki gözdəymə var.
İnsanın gözündən ayrılan şüalar
bir-birindən fərqlidir və onlar çox olanda
qarşıdakı adama müəyyən dərəcədə
müsbət və ya mənfi təsir göstərir. Amma gözdəymənin çox ağır fəsadlar
yaratması, xəstəliyə, ölümə səbəb
olması ilə bağlı xalq arasında yayılan fikirləri
doğru saymıram.
- Deyirlər,
gözlər qəlbin aynasıdır...
- Bəli.
Bədii yanaşsaq, gözlər qəlbin, elmi
cəhətdən isə bütün orqanların
aynasıdır. Bütün xəstəliklərin
gözdə əlaməti, izi var. Gözə baxaraq bir
çox orqanların xəstəliklərinə diaqnoz qoymaq
mümkündür. Akademik Zərifə
xanım Əliyeva bu sahə ilə – iridodiaqnostika ilə
bağlı SSRİ məkanında çıxan ilk
monoqrafiyanın həmmüəlliflərindən biri idi.
İridodiaqnostika zamanı qüzehli qişaya
baxılır, şəkili çəkilir və
böyüdülərək orada hər bir orqana aid mövcud
olan nöqtələr təhlil edilir. Hətta bu
üsulla insanın 5-10 il əvvəl
hansı xəstəliyi keçirdiyini də demək
mümkündür. Dünyada elə bir sistem xəstəliyi
yoxdur ki, onun gözdə təsiri olmasın.
- Güclü insansınız?
- Bəli.
Mən özümü güclü sayıram.
Gözümü açandan
yaşadığım problemlərə, çətinliklərə
baxmayaraq, heç vaxt həyata məğlub olmamışam.
Ömrüm zəhmətlə keçib. Alpinist kimi, əl-ayağım dona-dona qayadan,
daşdan tutub, addım-addım zirvəyə doğru
qalxmışam. Aşağıda
uçurumu görüb əlimi buraxmamışam.
- Zirvəyə çata bilmisiniz?
- Deyə
bilmərəm ki, indi olduğum nöqtə zirvədir, ya yox.
Amma qarşıma qoyduğum məqsədlərə
bir-bir çatmışam. Sağalma
şansı olmayan xəstəni müalicə etmişəm.
Həm yazıçı, həm müəllim,
həm də oftalmoloq kimi özümü təsdiqləmişəm.
- Amma hər
güclü insanın da bir zəif tərəfi var...
-
Haqsızlığa, nahaq deyilən sözə, edilən hərəkətə
qarşı dözümsüzlük və sərt reaksiya vermək
zəif cəhətimdir. Əslində, hövsələsiz adam deyiləm. Çox səbirliyəm.
Amma bəzən özümdən
çıxıram. Müdriklik isə odur
ki, bütün situasiyalarda səsini qaldırmadan
sözünü deyə biləsən.
Bir zəif cəhətim də odur ki, hamıya kömək
etmək istəyirəm, bu da mümkün deyil. Bacarmayanda isə
çox mütəəssir oluram.
- Bir neçə istiqamətdə
işlərinizi çatdırmaq üçün
vaxtınızı necə bölürsünüz?
- Mənim
anam çox ağıllı qadın idi və onun deyimləri
həmişə yoluma işıq salıb. Anam
bədii dillə deyirdi ki, insan ayını dayıdan
ayırmağı bacarmalıdır. Fəlsəfədə
buna “əsası əlavədən ayırmağı bacarmaq”
deyilir. Bu, çox vacib məsələdir.
Həmişə çalışmışam
ki, həmin prinsiplə hərəkət edim. Amma bəzən məcbur olub əlavə işi əsasdan
önə salıram.
Elmlə bağlı işlərimi planlaşdıra
bilirəm. Yaradıcılıq isə plansız fəaliyyətdir.
Əslində, mən bütün
varlığımla oftalmologiyadayam, onunla nəfəs
alıram və demək olar ki, şeir yazmamağa
çalışıram. Amma bəzən hiss edirəm
ki, yazmasam, ürəyim partlaya bilər. Yəni
“desəm, öldürərlər, deməsəm, ölləm”
dileması qarşısında qalıram. Adətən
yazmamaq mümkün olmayanda yazıram. Heç
yazımın janrını da öncədən
planlaşdırmıram. Sadəcə,
fikirlərimi kağıza köçürməyə tələsirəm.
Necə ki, əlindən bir badya süd
tökülür və axıb çuxura gedir, yazı da elədir
– yazırsan, o öz janrını tapır. Yazının yalnız qaranlıqda
başlığını görürəm, sonra o bir kəndir
kimi mənim ürəyimdən, içimdən
sökülüb gəlir.
Onu da
deyim ki, yaradıcılıq mənim üçün iş
deyil. Mən ailəmlə birlikdə olanda və
yaradıcılıqla məşğul olanda dincəlirəm.
- Sizcə, uğur qazanmağın
sirri nədir?
- Ən önəmlisi – nəsə etmək istəyəndə
gərək düşünməyəsən ki, görəsən,
filankəs nə deyər?! Mən hər zaman gənclərə
deyirəm ki, nəsə edəndə ancaq Allahı
düşünün. Fikirləşin ki,
ona xoş gedər, ya yox!? Mən həmişə
Allaha xoş gedəni etməyə
çalışmışam.
- Xəstə
insanlara “Allah şəfa versin” deyirik. Sizcə,
bu ifadə həkimlərin əməyinə haqsızlıq
deyil ki?
- Kainat
bizim Allah adlandırdığımız böyük güc tərəfindən
ədalət qanunları ilə idarə olunur. Xəstəyə
dərdi də Allah verir, çarəni də. Həkim isə, sadəcə olaraq, Allaha xəstəsinə
görə minnətçi düşür. Mən 30 mindən artıq xəstəni əməliyyat
etmişəm və çox maraqlı hallarla
rastlaşmışam. Eyni dərmanı və
ya cərrahi üsulu 100 nəfərə tətbiq edirsən,
30 nəfərə çox yaxşı, 30-na orta, 30-na zəif
təsir edir. 10 nəfərə isə
ümumiyyətlə təsir etmir. Söhbət
yaşdan və ya sağlamlıqdan getmir. Hətta eyni
yaşda, eyni sağlamlıqda olan insanlarda belə, nəticə
fərqli ola bilir. Bəzən
möcüzə olur, tibbə görə yüz faiz
sağalmamalı olan xəstə sağalır. Allah istəməsə, həkim heç bir xəstəni
müalicə edə bilməz.
- Tənqidə münasibətiniz necədir?
- Kim desə
ki, “mənim tənqiddən xoşum gəlir”, inanmayın. Amma yaş keçdikcə, müəyyən biliklər
topladıqca, tənqidə münasibət dəyişir.
Tənqid haqlı olanda heç bir mənfi
reaksiya doğurmur. Tənqid edənin
kimliyindən və üslubundan da çox şey
asılıdır. Yəni “Oha var dağa
qaldırar, oha var dağdan salar”. Mahiyyətində
ədalətli fikir, xeyirxahlıq olan tənqidi fikirlər nəzərə
alınmalı, yaxşı qəbul olunmalıdır. Mahiyyətində məkr, aşağılamaq,
paxıllıq olan tənqidə və tənqidçiyə
isə əhəmiyyət vermək lazım deyil.
-
Dünyanın bir çox həkimləri, o cümlədən
oftalmoloqları “Mona Liza” əsəri barədə yazıblar.
Siz də “Cakondanın kodu və ya da Vinçi” essesini qələmə
almısınız...
- Həqiqətən də, dünyanın bütün tibb elmi sahələrindən olan adamlar Cakondaya izahat veriblər. Mən onların hər birini araşdırmışam, dediklərini təhlil etmişəm. Əsərin sirrlərini tibb qanunları ilə açmışam. Bununla bağlı müxtəlif ölkələrdən çoxsaylı məktublar da almışam.
- Paşa müəllim,
bu gün ədəbi yaradıcılıqla məşğul
olanların şikayət etdiyi əsas məsələ oxucu
problemidir. Siz də eyni fikirdəsiniz?
- Məncə, hər oxucunun yazılarını axtardığı, izlədiyi öz müəllifləri var və onları heç vaxt unutmur. Yeni nə yazsa, xəbər tutur, tapıb oxuyur. Bu baxımdan, mən, sizin dediyiniz kimi, ciddi oxucu problemi hiss etmirəm. Əsərlərin müxtəlif xarici dillərə tərcümə olunması da oxucu auditoriyasını genişləndirir. Mənim "Qara su" romanım 2009-cu ildə rus dilində nəşr olunandan sonra bir sıra Avropa ölkələrində, İsraildə, Amerikada və digər ölkələrdə yaşayan rusdilli oxuculardan məktublar alırdım.
- Sizcə, sevgi nədir?
- Məncə, bu dünyanın iki ən çətin sualından biri budur. Sevgi insanın ömrünü uzadan, onu qanadlandıran gücdür, enerjidir. Sevgi dünyanı gözümüzdə günü-gündən daha da gözəlləşdirən, rəngləndirən duyğudur, Allahın bəxş etdiyi dəyərli töhfədir. Sevgini tam anlamı ilə izah etmək mümkün deyil, onu yaşamaq lazımdır. Sevgisiz yaşamağın mənası yoxdur.
- Ən
böyük sevginiz?
- Anama olan sevgim. Mən elə bilirdim, anamsız yaşaya
bilmərəm. Amma zaman keçdikcə anlayırsan ki,
bu, doğru deyil. Bir gün Tanrı səni
həyatın gerçəyi ilə üz-üzə qoyur və
sən dinməz-söyləməz baş verənlə
barışırsan, hətta ən böyük sevginin itkisi
ilə də.
- Taleyə inanırsınız?
- Bəli,
çox inanıram. Düşünürəm
ki, mən göz həkimi olmaq üçün dünyaya gəlmişəm.
- Sizin fikrinizcə, ölüm nədir?
- Yerdəyişmə, bir mühitdən digərinə keçid. Mən hazırda 3 dünyada yaşayıram. Əməliyyat otağında bir dünyada oluram. Onda beynimə nə şeir gəlir, nə də başqa şey. Demək olar ki, hər yerdə – iclasda, təyyarədə, yuxuda, yolda, toyda, maşında və s. şeir yazan Paşa Qəlbinur əməliyyat otağında belə bir istedadının olduğunu belə xatırlamır. İkincisi şeir yazanda yaşadığım dünyadır. O dünyada keçirdiyim hissi, həyəcanı sözlə ifadə etmək çətindir. Üçüncüsü isə yaradıcılıqdan və əməliyyat otağından kənardakı adi məişət dünyasıdır. Və mən bilirəm ki, nə vaxtsa dördüncü dünyaya köçəcəyəm.
- O
dördüncü dünyadan qorxursunuz?
- Ölüm məndən çox uzaqdır. Düzü, onun haqqında heç fikirləşmirəm.
- Paşa müəllim, sizin adınızla bağlı olan Musayev müalicə üsulu var. Bu barədə məlumat verərdiniz...
- Bu mənim təklif etdiyim, qlaukoma xəstəliyinin ən ağır formalarının cərrahi müalicəsində tətbiq olunan effektli üsul – kapsuloplastikadır. Musayev üsulu orqan və toxuma transplantasiyasında yeni istiqamətdir və bütün dünyada qəbul olunub.
- Elmi uğurlarınızdan biri də “Aktipol” dərman preparatının kəşfidir...
- Bu dərman preparatı mənimlə yanaşı, həm də bacım, tibb elmləri doktoru Sevinc Əkbərovanın və professor Olqa Stroyevanın adı ilə bağlıdır. Qeyd edim ki, 15 ildən artıq tədqiqatlar aparılıb, dünyanın müxtəlif ölkələrində təcrübədən keçirilib. Bu, son 100 ildə Azərbaycanın yeganə dərman preparatıdır ki, Rusiya Farmakopeya Komitəsi tərəfindən təsdiq edilib. Həmçinin “Aktipol” bütün müsəlman dünyasında Brüssel Ümumdünya Sərgilər Salonunun böyük qızıl medalını alan və maliyyə nazirinin xüsusi prizinə layiq görülən yeganə dərmandır. Virus əleyhinə olan bu preparat Moskvada istehsal edilir və dünyanın çox ölkələrinin farmakopeya komitələri tərəfindən təsdiqlənib. “Aktipol” çoxşaxəli təsir mexanizminə malikdir – o həm immunomodulyatordur, həm regenerasiya qabiliyyəti var, həm də torlu qişanın retinoprotektorudur.
- Bu gün
çarəsi hələ də tapılmayan göz xəstəlikləri
çoxdur?
- Xeyli var. Amma onu da qeyd edim ki, oftalmologiya digər sahələrlə müqayisədə çox inkişaf edib, inkişaf səviyyəsinə görə ancaq epidemiologiyadan geri qalır. Əksər hallarda biz insanlara kömək göstərə, onlara işıq bəxş edə bilirik. Ancaq elə problemlər var ki, hələ ki onun qarşısında acizik.
- Bəs dünya oftalmologiya elminin səviyyəsi ilə müqayisədə Azərbaycanda bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- SSRİ dövründə sovet ideologiyası bir çox sahələrdə olduğu kimi, tibbdə də bəzi istiqamətlərin inkişafına maneə yaradırdı. Məsələn, həmin dövrdə genetika elm kimi rədd edilir, inkişaf etməsinə imkan verilmirdi. Genetiklərin yazdıqları elmi işlər ləğv edilirdi. Kardiocərrahiyyəyə perspektivsiz sahə kimi baxılırdı. Ancaq çox qəribədir ki, oftalmologiyaya o cür ideoloji basqı olmayıb. Oftalmologiya Avropa ilə, Amerika ilə paralel inkişaf edib.
Bu gün Azərbaycanda bu sahə inkişaf etmiş ölkələrin oftalmologiyası ilə müqayisə oluna bilər. Hazırda bizim onlardan, onların da bizdən öyrəndiyi şeylər var. Praktik olaraq, elə bir göz problemi yoxdur ki, onun müalicəsi harada isə olsun, Azərbaycanda yox.
-
İnsanların gözünə işıq bəxş edən
həkimin öz gözləri necə görür?
- Bu baxımdan mən şanslı doğulmuşam. Gözdə görmə qabiliyyəti müxtəlif olur. Torlu qişanın hüceyrələri nə qədər kiçik olsa, göz o qədər yaxşı görür. Mənim gözümdə onlar 3 dəfə kiçikdir. Buna görə də görmə qabiliyyətim yaxına 3 dəfə, uzağa 2 dəfə artıqdır. Atamda da belə idi. Oftalmoloq olduğum üçün bu özəllik işimə yarayır.
- İnsanlar
gözlərini necə qorusunlar? Cəmiyyətə
çatdırmaq istədiyiniz məsləhətiniz varmı?
- Gözlərinizi göz bəbəyi kimi qoruyun. Bu gün ekologiya bizim zərərimizə dəyişib. Təbiət öz təbii halından çıxıb, su, hava çirklənib, qidalar təbii deyil, meyvələrin geni dəyişdirilib. Digər tərəfdən, hara baxırıqsa, gözümüzün qarşısını hündür binalar kəsir. Əvvəllər binadan baxanda dəniz görünürdü, gözlər uzağa akkomodasiya edirdi. İndi hər yeri binalar kəsib. Ona görə də yaxıngörmə yaranır. Məsləhət görərdim ki, insanlar heç olmasa, ildə bir dəfə kəndə, dağlara getsinlər. Bu da gözə qulluq sayılır. Heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Qar yağanda, günəşli günlərdə mütləq eynək taxsınlar. Həm özləri, həm də uşaqlar texnoloji vasitələrlə az təmasda olsunlar. Bəzən qadınlar saatlarla internetin qarşısında oturub paltar axtarırlar. Bu qədər ifrata varmasınlar. Gözlərinə əl vurmasınlar. Gözdə özfəaliyyət də yolverilməzdir. Məsələn, qonşuya yaxşı təsir edən dərmandan siz də almayın. Çünki qonşuya yaxşı təsir edən sizə pis təsir edə bilər.
- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Onlara böyük səbr, sağlamlıq arzu edirəm. Biz ön cəbhədə olan döyüşçülərik. Hər gün ən ağrılı-acılı insanlarla təmasdayıq. Onların bəzən əsəbləri yerində olmur. Xəstə insandan sağlam adamdan gözlədiyin etik normanı ummaq doğru deyil. Əgər varsa, çox gözəl, yoxdursa, onların dərdlərinə bağışlasınlar.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti.-2017.-fevral-mart.-S.10-12