Azərbaycan Prezidenti “Ürək Mərkəzi”nin açılışında iştirak edib

 

İlham Əliyev: “Deyə bilərəm ki, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəzdir”

 

Martın 6-da Respublika Müalicə Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək, Respublika Müalicə Diaqnostika Mərkəzinin nəzdində yeni “Ürək Mərkəzi”nin açılışı münasibətilə kollektivi təbrik edib: “Çox gözəl mərkəzdir. Ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəzdir. Həm bunun tikintisi, həm daxili dizaynı, əlbəttə ki, avadanlığı, müasir texnologiyalar – hər şey burada ən yüksək səviyyədə təşkil olunubdur.

Bu gün mənə göstərilən kiçik videotəqdimatda qeyd edilir ki, son beş il ərzində Diaqnostika Mərkəzi ölkəmizin həyatında, insanların sağlamlığında çox böyük işlər görür. Yüz minlərlə insan burada müalicə alıbdır. Ən müasir texnologiyalar tətbiq olunur. Yerli və xaricdən gələn həkimlər öz peşəkarlıqlarını nümayiş etdirirlər və əsas məsələ budur ki, xəstələrə yüksək səviyyəli xidmət göstərilir.

Son illər ərzində Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülübdür, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilibdir. Bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Demək olar ki, biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır. Bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Statistik göstəricilərdə də bu özünü göstərir – insanların ömrünün uzunluğu artır, uşaqana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir.

Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Bilirsiniz ki, artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək.

Mən xatırlayıram, yeni istifadəyə verilmiş bütün tibb ocaqlarında vətəndaşlarla görüşlər zamanı onlara söyləyirdim ki, siz mütləq ildə bir dəfə müayinədən keçməlisiniz. Biz artıq buna nail olduq və bölgələrdə, tibb mərkəzlərində yaşanan izdiham onu göstərir ki, vətəndaşlar bu imkanlardan böyük həvəslə istifadə edirlər. Bu, ilk növbədə, insanlara lazımdır. Eyni zamanda, dövlətimizin inkişafı üçünbunun çox böyük mənası var. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir.

Biz gələcəkdə də səhiyyə sahəsində əlavə tədbirlər görəcəyik. Belə gözəl mərkəzlərin yaradılması ölkəmizin ümumi inkişafını göstərir. Çünki əgər bu mərkəz dünyanın ən qabaqcıl tibb mərkəzlərindən fərqlənirsə, ancaq müsbət istiqamətdə fərqlənir. Çünki bu səviyyədən daha yuxarı səviyyəni təsəvvür etmək mümkün deyil. Burada yüzlərlə həkim, tibb işçisi fəaliyyət göstərir və onların da peşəkarlığı, əminəm ki, bax, burada yaradılmış səviyyəyə uyğundur.

Gözəl, əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram”.

Respublika Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova deyib: “Möhtərəm cənab Prezident! Çox hörmətli Mehriban xanım! Sizi bu gün burada görməkdən çox şadıq. İlk növbədə, qrafikinizin gərgin olmasına baxmayaraq, vaxt tapıb bizim mərkəzə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildirmək istəyirik. Beş il əvvəl – 2011-ci il dekabrın 27-də Sizin xeyir-duanızla Respublika Müalicə Diaqnostika Mərkəzi fəaliyyətə başlayıb. Ötən müddət ərzində bu Mərkəz nəinki ölkəmizdə, hətta beynəlxalq qurumlar tərəfindən də qabaqcıl bir tibb müəssisəsi kimi tanınıb. Respublika Müalicə Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının qızıl sertifikatına layiq görülüb, mərkəzin laboratoriyası isə beynəlxalq ISO sertifikatını alıb.

Azərbaycan səhiyyəsi həmişə Sizin qayğınızı, diqqətinizi hiss edir. Mən uzun müddətdir səhiyyə sahəsində çalışıram və əminliklə deyə bilərəm ki, son illər ölkəmizin səhiyyəsində ciddi müsbət dəyişikliklər baş verib. Sizin sayənizdə Azərbaycanda elə bir rayon, elə bir bölgə yoxdur ki, orada yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılmasın, müasir avadanlıqla təchiz olunaraq insanların istifadəsinə verilməsin. Buna görə biz Sizə çox minnətdarıq.

Sizin tövsiyənizlə hər il ölkə vətəndaşlarının pulsuz müayinədən keçmək imkanları yaranıb. Bundan başqa, onu da demək istəyirəm ki, Sizin diqqət və qayğınız sayəsində hazırlanan təhsil proqramı olmasaydı, indi bu müasir, mürəkkəb aparatlarla işləməyə ixtisaslı mütəxəssislər tapılmazdı. Bizim Diaqnostika Mərkəzində də əməkdaşların çoxu xaricdə yüksək səviyyəli təhsil alan gənc mütəxəssislərdir. Biz Sizin səhiyyəyə qayğınızı daim hiss edirik. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı qərarınızı biz çox bəyənirik. İcbari tibbi sığorta artıq indi pilot rayonlarda tətbiq olunur və ümidvarıq ki, tezliklə bütün ölkədə tətbiq ediləcək.

Çox hörmətli Mehriban xanım, fürsətdən istifadə edib Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik. Siz çıxışınızda vurğulamışdınız ki, Sizə inanan insanların etimadını doğrultmağa çalışacaqsınız. Mən Sizi əmin edirəm ki, Sizə bütün Azərbaycan xalqı inanır, Sizi sevir, çox istəyir və hər zaman Sizi dəstəkləməyə hazırdır. Siz öz işinizlə, fəaliyyətinizlə, xeyirxahlığınızla hamının hörmətini qazanmısınız. Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik. Şübhəsiz, əminik ki, Siz bu məsuliyyətli yeni işinizin öhdəsindən də uğurla gələcəksiniz.

Möhtərəm cənab Prezident, Sizə öz hörmətimizi, ehtiramımızı bir daha bildirmək istəyirik. Buraya gəldiyiniz üçün çox sağ olun”.

 

Tibb qəzeti.-2017.-fevral-mart.-S.2.