Milli Reproduktiv
Sağlamlıq Strategiyası layihəsi müzakirə edildi
Reproduktiv sağlamlıq hər bir insan və hər bir ailə üçün fundamental əhəmiyyət kəsb edir və cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsini səciyyələndirir. Sağlam ailə sağlam anadan başlanır, buna görə reproduktiv sağlamlıq dedikdə, ilk öncə qadın sağlamlığına diqqət yetirmək vacibdir.
Bunu 2017-2025-ci illər üçün Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın yaradılması üzrə işçi qrupun iclasında Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, işçi qrupunun rəhbəri Cəmilə Qurbanova söyləyib. Milli Strategiyanın ilkin layihəsinin müzakirəyə çıxarıldığı toplantıda C.Qurbanova layihə haqqında məlumat verib, bildirib ki, bu gün ana və uşaq sağlamlığı sahəsində çalışan bütün tibb işçilərinin qarşısında duran əsas məsələlər ana ölümü hallarının azalması, yeni doğulmuş uşaqların sağlamlığının yaxşılaşması, onların xəstələnmə və ölüm səviyyəsinin aşağı düşməsi, yeniyetmələrin və gənclərin sağlamlığının mühafizəsidir. Milli Strategiyanın ümumi prinsiplərinə diqqət yetirən C.Qurbanova bildirib ki, sənəd əhalinin reproduktiv sağlamlığının qorunması, o cümlədən fövqəladə vəziyyətlərdə sektorlararası əməkdaşlığın və səylərin koordinasiyasının təmin olunması, gender bərabərliyinə riayət edilməsi kimi bir sıra məsələləri əhatə edəcək.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı konseptual sənəd olan Milli Strategiyanın həyata keçirilməsində müəyyən məqamlar barədə danışıb. Bildirib ki, səhiyyədə aparılan genişmiqyaslı islahatlara baxmayaraq, bu gün də ölkəmizdə ana ölümü halları, süd vəzisi xərçəngi və bu kimi bir sıra digər qadın problemləri mövcuddur. O, qanunvericilikdə surroqat ana məsələsinin də əks olunmasının vacibliyini bildirərək, işçi qrupun belə mövzuları müzakirə etməsinin əhəmiyyətini vurğulayıb. M.İbrahimqızı arzuolunmaz hamiləliyin qarşısının alınması üçün əsasən bölgələrdə və məcburi köçkün ailələrində təbliğat işlərinin aparılmasına diqqət çəkib.
“Azərbaycanda əhalinin sağlamlığının qorunması, o cümlədən reproduktiv sağlamlığın mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”, - deyən Səhiyyə Nazirliyinin ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova ölkəmizdə ana və uşaq sağlamlığı istiqamətində atılan mühüm addımlardan danışıb, son illər ana ölümlərinin sayının azaldığını qeyd edib. Bildirib ki, tibb personalının sertifikasiyası onların bilik və bacarıqlarının artmasına, göstərdikləri antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin yüksəlməsinə imkan yaradılıb. 2008-2015-ci illəri əhatə edən ilk Milli Strategiya haqqında danışan S.Məmmədova indi müzakirə edilən ikinci Strategiyanın da hazırlanması və həyata keçirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.
Səhiyyə Nazirliyinin
pediatriya üzrə baş
mütəxəssisi, professor Nəsib Quliyev ana və uşaq sağlamlığının
mühafizəsi məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. “İnsan
sağlamlığının başlanğıcı ana südüdür”, -
deyən N.Quliyev
bildirib ki, reproduktiv sağlamlığın təməli
dünyaya gələn uşaqların
vaxtında – hələ doğum evində
ana südü ilə
təmin edilməsidir. Ana südü
ilə qidalanmanın 100 faizə çatdırılması,
eləcə də ölkədə yeni doğulan oğlan və
qızların sayında fərqin azaldılması üçün dövlət səviyyəsində
tədbirlər görülməlidir.
Tibb qəzeti.-2017.-fevral-mart.-S.4.