Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə edilib

 

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

 

Toplantıda komitənin sədri Əhliman Əmiraslanov yeni hazırlanmış “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəyə təqdim edildiyini bildirib. Dünyada psixologiya sahəsində xidmətin çoxdan mövcud olduğunu, zaman keçdikcə belə yardıma tələbatın artdığını söyləyən komitə sədri ölkəmizdə bu istiqamətin nisbətən yeni yarandığını qeyd edib, bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktının vacibliyini vurğulayıb: Bunu nəzərə alaraq, 2015-ci ildə Milli Məclisin sədri Oqtay Əsədovun tövsiyəsi ilə bu sahəni tənzimləyən qanunun hazırlanması üçün işçi qrupu yaradıldı. Bu qrupda Səhiyyə komitəsinin üzvləri, Milli Məclis Aparatının aidiyyətli şöbəsinin əməkdaşları, müxtəlif qurumların nümayəndələri, mütəxəssislər təmsil olunur. Qrup öz fəaliyyəti dövründə MDB-yə üzv dövlətlərin, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənib və nəticədə yeni qanun layihəsi yaranıb. Sənəd müvafiq qurumlara təqdim olunub və layihə ilə bağlı mütəxəssislər tərəfindən müsbət rəy alınıb”.

Komitə sədrinin müavini Musa Quliyev belə bir qanunun hazırlanmasının sosial tələbatdan irəli gəldiyini deyib. O, layihə barədə geniş məlumat verərək bildirib ki, 6 fəsil, 23 maddədən ibarət olan bu sənəd psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formaları əks olunur.

Qanun layihəsində psixoloji yardım sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən normativ hüquqi aktların, dövlət standartlarının və proqramlarının işlənib hazırlanması, qəbulu və tətbiqi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ehtiva olunur. Psixoloji problemlərin yaranması riski yüksək olan əhali qrupları arasında çətin həyati halların və onların nəticələrinin profilaktikası və aradan qaldırılması, əhalinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətini yüksəldən şəraitin yaradılması, psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması, bu sahədə dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, maarifləndirmə işinin aparılması dövlətin vəzifələri kimi qeyd olunur.

Sənəddə psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bu sahədə elmi tədqiqatların dəstəklənməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə Azərbaycan Psixoloqlar Şurasının yaradılması nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Kamilə Əliyeva, Ağacan Abıyev, Məlahət İbrahimqızı, Ülviyyə Ağayeva, Bəxtiyar Əliyev, İlham Məmmədov belə bir sənədin zamanın tələbi olduğunu qeyd ediblər, bu gün dünya təcrübəsindən yararlanaraq xalqımız üçün faydalı olacaq qanun layihəsinin hazırlanmasını təqdirəlayiq hadisə kimi qiymətləndiriblər. Çıxışlar zamanı bir sıra təkliflər də səsləndirilib.

İclasın sonunda qanun layihəsi verilən təkliflər nəzərə alınmaqla, Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Tibb qəzeti.-2017.-fevral-mart.-S.4.