Henri Li: “Biz kriminalistlər həmişə haqqın
yanında olmalıyıq”
ABŞ-da “kriminalistikanın şahı” adlandırılan ekspert “Tibb qəzeti”nə eksklüziv müsahibə verdi
Budəfəki həmsöhbətim dünyanın ən tanınmış məhkəmə ekspertlərindən biri, ABŞ-ın Nyu-Heyven Universitetinin Henri K. Li adına Məhkəmə Təbabəti İnstitutunun banisi, Məhkəmə Təhqiqatı və Təlim Mərkəzinin rəhbəri, professor Henri Lidir. Hazırda həmin Universitetin Məhkəmə təbabəti kafedrasının fəxri professoru olan H.Li 1979-2000-ci illərdə Konnektikut ştatının baş kriminalisti, Dövlət Kriminalistika Laboratoriyasının direktoru, 1998-2000-ci illərdə həmin ştatın ictimai təhlükəsizlik komissarı kimi çalışıb. Məhkəmə təbabəti üzrə 40-dan artıq kitabın, ABŞ telekanallarında kriminalistika üzrə verilişlərin müəllifi olan professor H.Li həm də Ağ Evlə bağlı baş vermiş və böyük əks-səda doğurmuş məşhur hadisələrin təhqiqatçısı kimi tanınır. Onunla bu günlərdə Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) Bakıda keçirilən 23-cü konqresi çərçivəsində qısa söhbət etmək imkanı tapdıq.
- Cənab Li, sizin kimi bir mütəxəssisi Azərbaycanda görməkdən çox məmnunuq...
- Etiraf edim ki, mən də sizin ölkənizdə olmaqdan, sizləri daha yaxından tanımaqdan məmnunam. Yeri gəlmişkən, Assosiasiyasının yubiley konqresinin yüksək səviyyədə keçirilməsinə və məni bu tədbirə dəvət etdiklərinə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Azərbaycan bu günə qədər səfərdə olduğum 74-cü ölkədir və onları müqayisə etsək, deyə bilərəm ki, ən yaxşılardandır. Ölkəniz haqqında, onun tarixi, mədəniyyəti barədə məlumatım var idi, amma indiyə qədər, təəssüf ki, buraya səfər etmək imkanı yaranmamışdı. Bir neçə gündə mütəxəssislərinizlə tanış oldum, çox sayda gənc alimlər yetişdirdiyinizi gördüm. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir və məni sevindirdi. Məndə qısa zamanda ölkəniz haqqında yüksək fikir formalaşıb və Azərbaycandan gözəl təəssüratlarla ayrılacağam. İnsanlarınız səmimi, mehriban və gülərüzdürlər.
- Sizcə, bu cür tədbirlərin keçirilməsi niyə önəmlidir?
- Əvvəllər müxtəlif ölkələrin aparıcı mütəxəssisləri, gənc alimləri ayrılıqda çalışırdılarsa, DTHA-nın tədbirləri sayəsində onlar bir araya gəlib, ortaq fəaliyyət göstərirlər. Aramızda hansısa sədlər, çərçivələr yoxdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrin inkişafını şərtləndirən mühüm amildir. Məsələn, bu gün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssisləri öz bilik və təcrübələrini bölüşmək üçün buraya toplaşıblar. Belə konqreslərin önəmi məhz bundan ibarətdir.
- Assosiasiyanın keçdiyi yarım əsrlik yolda bu sahələrin inkişafını şərtləndirən ən mühüm nailiyyət nəyi hesab edirsiniz?
- Ümumiyyətlə, qazanılan uğurların ən əhəmiyyətlisi texnoloji inkişafdır. Hətta deyə bilərik ki, elmi-texniki tərəqqi, yüksək texnologiyalar sayəsində inqilabi nailiyyətlər qazanılıb və bu tendensiya davam etdirilir. Onların arasında birinci yerdə DNT analizlərinin həyata keçirilməsi dayanır. İnsanın cəmi bir hüceyrəsinin DNT-sində ağlınıza gətirə bilməyəcəyiniz qədər məlumatlar var. Əvvəllər bunu müəyyənləşdirmək mümkün deyildi. İndi isə DNT ilə hər şeyi öyrənmək, eyni zamanda, bu yolla cinayətkarları tapmaq mümkündür. Ona görə də müasir texnologiyaların gücünü gözardı etmək olmaz, qazanılan uğurlar daha çox bununla bağlıdır.
Kiçik bir nümunə ilə fikrimi əsaslandırım: Burada 5 masa görürük və onlardan ancaq birinin üzərində qəhvə fincanı var. Siz bu mənzərəyə baxıb deyə bilərsiniz ki, burada bir nəfər çay və ya qəhvə içib. Biz isə baxanda bilirik ki, o fincanda qəhvə içən Asiya, Avropa yox, Amerika qitəsindən ola bilər. Çünki fincanı nəlbəkisiz götürüb. Qəhvənin südlü və ya südsüz, şəkərli, şəkərsiz, az və ya çox şəkərli olmasına görə də şəxsin milliyyəti və s. haqqında müəyyən təsəvvür yaranır. Məsələn, çinlilər heç vaxt qəhvəni südlə içmirlər. Bundan əlavə isə, bioloji, psixoloji analizlər, DNT müayinəsi həyata keçirilir. Əvvəl belə imkanlarımız yox idi. Artıq qəhvə fincanında qalan ağız suyuna, əl izlərinə əsasən şəxsin milliyyətini, hətta nə qədər təəccüblü görünsə də, gözlərinin, saçının rəngini və s. müəyyənləşdirə bilirik. Texnoloji inkişaf bizim qarşımızda sərhədsiz imkanlar açıb.
- Kriminalist adi insanlardan fərqli olaraq, ətrafda baş verən hadisələrin təkcə görünən tərəflərini deyil, həm də pərdəarxasını sezir. İnsanların, hadisələrin iç üzünə bələd olaraq yaşamaq, həyatını saysız-hesabsız cinayətlərin təhqiqatına sərf etmək çətin deyil ki?
- Kim deyir ki, çətin
deyil?! Biz gündəlik
elə hallarla rastlaşırıq ki... Bina yanır, bir şəxs digərini səbəbsiz yerə qətlə yetirir, digər ağır cinayətlər törədilir,
təyyarələr qəzaya
uğrayır, terror baş
verir və s. Adamların necə həlak olduğunu və heç kimin onlara kömək
edə bilmədiyini görürsən. Hər dəqiqə
cəsədlərin arasında
olmaq ehtimalın var. Bəzən adamların sənə necə baxdığını, onların
səndən kömək
gözlədiyini hiss edirsən.
İstər-istəməz, insanların pis,
qəddar tərəflərinə
bələd olursan.
Bunları yaşamaq, əlbəttə
ki, insan üçün ağırdır.
Amma bütün
çətinliklərinə baxmayaraq, mən işimi sevirəm, ondan zövq alıram. Unutmamalıyıq ki, hər şey ancaq qara rəngdə deyil, insanların yaxşı tərəfləri
ilə də qarşılaşırıq. Həm də, biləndə ki, sənin fəaliyyətin cəmiyyət
üçün faydalıdır,
çətinliklər və
digər məsələlər
unudulur.
- Dünyanın ən tanınmış kriminalistlərindən
biri sayılırsınız,
hətta ABŞ-da sizi “kriminalistikanın şahı” da adlandırırlar. Maraqlıdır, indiyədək elə hadisə olubmu ki, təhqiqatınız nəticəsiz qalsın?
- Əlbəttə, öz
təcrübəmdə belə
hallarla qarşılaşmışam.
Qeyd edim ki, son 50 ildə 8 mindən çox hadisə araşdırmışam. Con Kennedi,
Bill Klinton, Corc
Buş kimi bir çox prezidentlərlə çalışmışam.
1980-ci illərdən etibarən biz informasiyaya, təhqiqat texnologiyalarının
inkişafına yönəldik,
bunun nəticəsində
ciddi uğurlar əldə etdik. Ən önəmlisi, toplanmış
mühüm məlumat
bazası əsasında
kriminalistika inkişaf
etdi və bu, çox vacib məsələdir.
Bu və digər
səbəblərdən mənə
çox böyük maraq göstərirlər və dəyər verirlər. İstər media, istər ayrı-ayrı
şəxslər fikirləşirlər
ki, bütün hal və hadisələri
araşdırıb müsbət
həll edə bilərəm. Onlar düşünürlər
ki, bu sahədə
təkəm və gözəl araşdırmalar
aparıram. Amma bütün
uğurlarımı çox
gözəl komandama borclu olduğumu qeyd etməliyəm. Biz polis, kriminalist, vətəndaş və ekspertlərdən ibarət
qrup halında təhqiqat aparırıq.
Dörd ayaqlı stulun bir ayağı olmasa, yerində dayana bilməz, aşar. Bu sistemdə
də bir ayaq yoxdursa, deməli, axsama var, deməli, araşdırmada problem qaçılmazdır.
Ona görə də komanda şəklində birgə fəaliyyət mühüm şərtdir.
Amma bütün
bunlar o anlama gəlməməlidir ki, heç vaxt uğursuzluqla nəticələnən
təhqiqatım olmayıb. İstənilən sahədə 100 faizlik nəticə ilə fəaliyyət göstərmək
mümkün deyil.
- Həm ABŞ-da, həm də Çində Henri Li Məhkəmə
Ekspertizası İnstitutlarını
təsis etmisiniz...
- O institutlarda gənc kriminalistlər yetişir.
Mən də onlara dərs deyirəm. Biliklərimi,
təcrübəmi tələbələrimlə
bölüşürəm.
Qeyd edim ki, həm də
molekulyar biologiya üzrə doktoram.
- Siz kriminal televiziya verilişlərinin müəllifi və aparıcısı kimi də tanınırsınız...
- Gənclik illərimdə bir il müxbir kimi də çalışmışam. Qeyd etdiyiniz proqram isə real hadisələr əsasında hazırlanırdı və kifayət qədər çox izləyicisi vardı. Həmin verilişlərdən 40-nın yer aldığı disk Çində rekord sayda satılıb.
Biz həmişə media ilə birgə işləmişik. Televiziya verilişinə müəlliflik edəndə də, indi də. Çünki bəzən reportyor, müxbir polisdən daha çox məlumat əldə edə bilir.
- Təbabətdə deontologiya olduğu kimi, kriminalistikada da hansısa etik məhdudiyyətlər varmı?
- Bəli, kriminalistikada da qəbul olunmuş müəyyən etik davranış qaydaları var və ekspertlər bu çərçivələri nəzərə almalıdırlar. Onu demək istəyirəm ki, təhqiqatçı vicdanlı, qərəzsiz olmalı, irqinə, milliyyətinə, cinsinə, dininə, dilinə, əqidəsinə, sosial vəziyyətinə və sairə görə insanlar arasında ayrı-seçkilik etməməli, kiminsə onun peşəkar fəaliyyətinə təsir göstərməsinə imkan verməməli, bahalı hədiyyələr qəbul etməməlidir. Təbii ki, bu siyahını çox uzatmaq olar. İşinin peşəkarı olan, şərəfini, ləyaqətini qoruyan hər bir mütəxəssis bu və digər etik qaydalara bələddir və fəaliyyətində onları nəzərə alır.
- Nə vaxtsa hansısa tərəf sizi etik qaydaları nəzərə almamaqda və ya haqsızlıqda ittiham edibmi?
- Bəli, belə hallar da olur.
Bəzən elə situasiya
yaranır ki, sən arada qalırsan, prokuror, iddia irəli sürən, təqsirləndirilən
və ya onu müdafiə edən şəxslər tərəfindən qeyri-obyektivlikdə
ittiham olunursan. Məsələn, prokuror deyir
ki, sən müdafiə etdiyin şəxsdən pul almısan. Prokuroru müdafiə edirsənsə,
əks tərəf deyir ki, o sistemin
parçası olduğun
üçün onların
tərəfindəsən. Amma biz kimin nə deməsindən
və necə düşünməsindən asılı
olmayaraq, ədalət
üçün çalışırıq,
ədalətli davranırıq.
Mən öz tələbələrimə
də hər zaman deyirəm ki, biz kriminalistlər heç bir tərəfin deyil, həmişə haqqın
yanında olmalıyıq.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti $g 2017.- 31 iyul.- S.10.