17 İyun –Tibb işçiləri günü qeyd olundu

 

Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ənənəyə sadiq qalaraq, bu il də bayram münasibətilə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Nazirliyin rəhbər işçiləri, tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə əklil qoyuldu, gül dəstələri düzüldü.

Tibb işçiləri Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

Sonra tibb işçilərinin peşə bayramı münasibətilə Səhiyyə Nazirliyində kollegiya iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini təbrik etdi, onlara vacib, şərəfli və nəcib peşələrində uğurlar arzuladı: “Əziz həmkarlar! Hörmətli tibb işçiləri! İlk növbədə sizin hər birinizi – bu zalda olan və olmayan hər bir həkimi, ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi peşə bayramımız – Tibb işçiləri günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.

Biz artıq 16 ildir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsi olan bu peşə bayramımızı qeyd edirik. Ümummilli liderin Tibb işçiləri gününü təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək qiymətini göstərir. Bu tarix rəmzi bir məna kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi məhz 17 iyun tarixində təşkil olunmuşdu”.

Səhiyyəmizin həmin dövrdə tarixinə nəzər salan Oqtay Şirəliyev xatırlatdı ki, o zaman ölkəmizdə çox az sayda azərbaycanlı həkim var idi: “Demokratik Respublika dövründə Bakı Dövlət Universitetinin nəzdində Tibb fakültəsi yaradıldı. Onun ilk məzunlarından cəmi 5 nəfəri azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı, milli kadrlar hazırlandı. Tibb müəssisələri, poliklinikalar tikilməyə başladı. O dövrlərdə respublikada müxtəlif infeksiyaların epidemiyaları tüğyan edirdi, onların qarşısının alınması üçün müxtəlif tədbirlər görülürdü. Həmin dövrlərdə bizim Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Əbülfəz Qarayev, Emin Əfəndiyev və başqaları kimi görkəmli təbabət alimlərimiz sovetlər birliyində çox tanınan və böyük ad-sana sahib olan tibb xadimləri idilər. Onların tədqiqatları o dövrün dərsliklərində, monoqrafiyalarında dərc olunurdu”.

Oqtay Şirəliyev səhiyyəmizin o dövrdən sonrakı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ulu öndər bütün sahələr kimi, səhiyyəyə də böyük diqqət və qayğı göstərirdi: “Bugünkü iri tibb müəssisələrinin əksəriyyəti məhz Heydər Əliyevin hakimiyyəti dövründə tikilmişdir. Tək paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar inşa olunub əhalinin istifadəsinə verilmişdir. Ulu öndərin hakimiyyəti zamanı bir çox mütəxəssislər xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə xidmət etmək üçün geri dönürdülər. Ölkəmizdə müxtəlif simpoziumlar, konfranslar keçirilirdi. Ümummilli liderin beynəlxalq aləmdəki nüfuzu sayəsində Azərbaycana çoxlu zərdablar, peyvəndlər gətirilir, müxtəlif kampaniyalar təşkil edilirdi. O tədbirlərin əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi”.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün çox uğurla davam etdirildiyini söyləyən nazir bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasəti, gərgin əməyi, səyi və uzaqgörənliyi nəticəsində hazırda ölkə səhiyyəsi durmadan inkişaf edir: “Artıq 600-dən çox tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilib. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir.

Əgər illər öncə insanlar ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və s. üçün xarici ölkələrə üz tuturdularsa, bu gün ən mürəkkəb cərrahi müdaxilələr böyük uğurla təkcə Bakıda deyil, regionlarda da həyata keçirilir”.

Nazir O.Şirəliyev səhiyyənin inkişafından, bu sahədə qazanılan uğurlardan danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın insanlara hər sahədə öz yardımını göstərdiyini, onun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradıldığını vurğuladı.

Bu gün yeni nəslin sağlamlığı naminə bir çox addımlar atıldığını söyləyən Oqtay Şirəliyev buna misal olaraq səhiyyənin müxtəlif sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının adını çəkdi, onların uğurla həyata keçirildiyini bildirdi.

Tədbirdə çıxış edən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr kimi səhiyyənin də sürətlə inkişaf etməsindən, bir sıra dövlət proqramlarının reallaşmasında, diabetli, talassemiyalı xəstələrə yüksək qayğı göstərilməsində, ana və uşaqların sağlamlığının qorunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışdı. Əldə edilən uğurlarla yanaşı, görüləsi işlərdən də söz açan natiq dövlət başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrıldığını dedi.

Ölkə rəhbərinin göstərişi ilə əsaslı təmir olunmuş və ən müasir avadanlıqla təchiz edilmiş Respublika Klinik Xəstəxanasının fəaliyyəti barədə də məlumat verən M.Babayev bildirdi ki, burada 1560 nəfər hemofiliyadan, 1000 nəfər dağınıq skelerozdan əziyyət çəkən, 180 nəfər hemodializ alan xəstə müalicə olunur: “Müqayisə üçün qeyd edim ki, 2006-cı ildə xəstəxanamıza 14 890 xəstə daxil olmuşdusa, 2016-cı ildə onların sayı 22 371 nəfər olub. 2006-cı ildə 6311 əməliyyat aparılmışdısa, 2016-cı ildə bu rəqəm 7252-yə bərabər olub. Həmçinin keçən il xəstəxanada 9299 çağırışçı müayinədən keçib. Eyni zamanda, ildə 25-26 həkim Naxçıvan Muxtar Respublikasına ezam edilir. İl ərzində orada 200-300 ağır əməliyyat aparılır. Son 6 ilin göstəricilərinə görə, Naxçıvanda ümumilikdə 2 mindən çox əməliyyat həyata keçirilib, 10 mindən artıq xəstə müalicə olunub. Respublika Klinik Xəstəxanası təkcə paytaxtdan olan sakinlərə deyil, Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə, bölgə xəstəxanalarından təyinatla göndərilən xəstələrə də xidmət göstərir. Xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Səhiyyə naziri Oqtay Şirəliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq xəstəxanamız daim yenilənir, insanlara keyfiyyətli tibbi yardım edilir”.

Çıxışının sonunda M.Babayev Tibb işçiləri günü münasibətilə təltif olunduğu mükafata görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətinə, kollektivin uğurlu işinə verilən böyük qiymət kimi dəyərləndirdi.

İclasda çıxış edən Respublika Endokrinoloji Mərkəzinin (REM) direktoru Yusif İsmizadə ölkəmizdə əhaliyə lazımi səviyyədə endokrin xidmət göstərilməsi üçün Səhiyyə Nazirliyinin əvəzsiz dəstəyini vurğuladı. O, Bakı şəhərində yaşayan, şəkərli diabetlə xəstə olan 18 yaşadək uşaqların yüksək keyfiyyətli insulin preparatları, qlükometr və onun stripləri ilə təmin olunduğunu dedi: “Mərkəzin xəstələrinə Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə 90 ədəd pompa aparatı paylanılıb, yüksək ixtisaslı, peşəkar həkim-endokrinoloqlarımız xəstələri və onların valideynlərini bu aparatdan istifadə qaydaları haqqında təlimatlandırıb”.

Direktor Mərkəzin həkim-endokrinoloqlarının qrup halında müxtəlif bölgələrə ezam olunduqlarını, rayonlarda müayinələr apardıqlarını, “Diabet məktəbləri”ndə təlimlər keçdiklərini də qeyd etdi, bunun endokrin xəstəliklərin erkən aşkarlanmasına, qarşısının alınmasına, müalicəsinin asanlaşmasına kömək etdiyini dedi. Səhiyyə Nazirliyinin dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzində “diabet pəncəsi” otağı yaradıldığını, burada diabetik yara ilə müraciət edən xəstələrə kiçik cərrahi müdaxilələr edildiyini söyləyən Y.İsmizadə rayonlarda da belə bir xidməti otağın yaradılması üçün REM-in həkim-endokrinoloqlarının təlimlər keçdiyini vurğuladı. Şəkərli diabetli uşaqlar və gənclər üçün tətil günlərini səmərəli keçirmələri məqsədilə hər il xüsusi yay düşərgələrinin təşkil edildiyini bildirən natiq belə xəstələrə insulin analoqlarının təyinatı ilə bağlı nazir Oqtay Şirəliyevin göstərişinə əsasən Mərkəzdə 5 nəfərdən ibarət (iki həkim-endokrinoloq, okulist, nevropatoloq, kardioloq) həkim-ekspert komissiyasının təşkil edildiyini, analoqların təyinatı ilə məşğul olduğunu söylədi. Direktor belə komissiyanın rayonlarda da yaradılması və xəstələrin problemlərinin Mərkəzə gəlmədən, yaşadıqları rayonda həll edilməsi barədə REM tərəfindən regionlara telefonoqram göndərildiyini dedi.

Çıxışının sonunda Y.İsmizadə tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi.

Tədbirdə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin (RPM) direktoru Sevinc Məmmədova bildirdi ki, Azərbaycanda ana və uşaqların sağlamlığının və həyatının qorunması səhiyyənin prioritet istiqamətidir və daim diqqətdə saxlanılır. Hazırda bu sahədə həyata keçirilən tədbirlərin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun aparıldığını diqqətə çatdıran natiq görülmüş işlər nəticəsində ana ölümü göstəricisinin 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azaldığını vurğuladı.

RPM-in direktoru məlumat verdi ki, Azərbaycanda 1 yanvar 2015-ci ildən diridoğulmanın yeni meyarlarına keçilsə də, bu, bir sıra ölkələrdən fərqli olaraq, perinatal ölüm səviyyəsinin artması ilə nəticələnməyib, çünki keçidə hazırlıq mərhələsi davamlı və əsaslı olub. O qeyd etdi ki, 2015-ci ildən III səviyyəli doğuşayardım müəssisələrində vaxtından əvvəl doğulmuş, ehtiyacı olan körpələrə dövlət təminatlı surfaktant tərkibli suspenziya istifadə olunur: “Respublika Perinatal Mərkəzində 2015-ci ildə 454, 2016-cı ildə 331 yenidoğulmuşa həmin suspenziya istifadə edilib. Nəticədə, tənəffüs pozulma sindromundan ölüm səviyyəsi əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib. Əvvəlki illərdən fərqli olaraq, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqi nəticəsində ekstremal azçəkili 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub”.

Təcili və təxirəsalınmaz tibbi xidmətin rolundan danışan S.Məmmədova vaxt itkisinə yol vermədən, aparıcı mütəxəssisləri cəlb etməklə onlayn konsultasiyalar aparıldığını, konsiliumlar təşkil olunduğunu, nəticədə, sanaviasiya xətti ilə ixtisaslaşmış briqada tərəfindən yerlərdə qısa zamanda göstərilən xidmət sayəsində onlarla qadının həyatının xilas edildiyini vurğuladı: “Son 6 ay ərzində qeydiyyata alınmış 1500-dən artıq ekstragenital patologiyalı hamilələrə yerlərdə antenatal və doğuşayardım xidməti göstərilib və yalnız 50 halda onlar Bakının tibb müəssisələrinə köçürülüb. Regionlarda doğulmuş azçəkili uşaqlara yerlərdə göstərilən keyfiyyətli xidmət nəticəsində isə paytaxta yalnız 60 köçürülmə olub. Bu isə ötən illərlə müqayisədə 6 dəfə azdır”.

Komissiyanın sədri Səhiyyə Nazirliyinin Rostropoviç – Vişnevskaya Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yenidoğulmuşda skrininq aparıldığını, 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlandığını dedi. Bildirdi ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində RPM-də hər ikisi talassemiya daşıyıcı olan 30 cütlukdə hamilə qadınlarda prenatal diaqnostika aparılıb, nəticədə, ana bətnində inkişaf edən döllərin 5-nin xəstə, 14-nün daşıyıcı, 11-nin isə sağlam olması təyin edilib.

S.Məmmədova çıxışının sonunda əməyinə verilən yüksək qiymətə və ümumilikdə səhiyyəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi.

Respublika Talassemiya Mərkəzinin (RTM) direktoru Ceyhun Məmmədov 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində tikilib istifadəyə verilən, ən yüksək standartlara uyğun olan RTM-də hazırda 3006 xəstənin qeydiyyatda olduğunu, onların 939-na mütəmadi hemotransfuziya aparıldığını və dəmirqovucu preparatlarla müalicə olunduqlarını söylədi: “Son illər talassemiyalı xəstələrin müalicəsində nəzərəçarpacaq uğurlar qazanılıb. Belə ki, xəstələrin donor qanı ilə təminatı məsələsi tam həll edilib. Posttransfuzion fəsadların qarşısının alınması məqsədilə donor qanının xəstəyə uyğunluğunu yoxlamaq üçün lazım olan bütün müasir testlər (kross-matç, Kumbs sınağı, qeyri-müntəzəm eritrosit antigenlərinin təyin edilməsi və s.) həyata keçirilir. Xəstələrə qan köçürülən zaman qanda leykositlərin miqdarının azaldılması məqsədilə xüsusi filtrlərdən istifadə olunur. Müalicənin dünya praktikasında tətbiq olunan müasir dəmirqovucu preparatlarla aparılması xəstələrdə qorxulu fəsadların inkişaf etməsinin qarşısını alır”.

C.Məmmədov Səhiyyə Nazirliyinin əmrinə əsasən, ixtisaslaşdırılmış tibbi yardımın əhaliyə yaxınlaşdırılması məqsədilə regionlarda qanın irsi xəstəliklərinin müalicəsi kabinetlərinin açıldığını, hazırda talassemiyalı xəstələrin hər dəfə Bakıya gəlmədən lazım olan müalicəni yerlərdə aldıqlarını diqqətə çatdırdı.

O, 2014-cü ildən indiyədək Respublika Talassemiya Mərkəzində 51 xəstəyə ilik transplantasiyasının uğurla tətbiq edildiyini dedi: “Bu xəstələr praktik olaraq tam sağalıb və onların hazırda müalicəyə ehtiyacı yoxdur. Alınan nəticələr dünyanın aparıcı transplantasiya mərkəzlərinin nəticələrindən geri qalmır. Qazanılan uğurlar Talassemiya Mərkəzinin Avropanın Sümük İliyi Transplantasiyası Təşkilatına üzv olmasına yol açıb. Bu, gələcəkdə həmin təşkilatın ilik donorları bazasından bizim xəstələr üçün uyğun donorların seçilməsinə imkan yaradacaq”.

Talassemiyanın profilaktikası sahəsində də önəmli uğurlar əldə edildiyini vurğulayan direktor 2015-ci ilin iyun ayından nikaha daxil olmaq istəyən bütün cütlüklərin talassemiya daşıyıcılığına görə yoxlanıldığını qeyd etdi: “Bu günə kimi 279 384 nəfər müayinədən keçirilib, onların 1 177-də daşıyıcılıq aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı aşkar edilən 106 cütlüyün 26-da prenatal diaqnostika aparılıb”.

C.Məmmədov sonda talassemiya probleminə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirdi.

Azərbaycan səhiyyəsinin çox zəngin inkişaf yolu keçdiyini söyləyən Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova xatırlatdı ki, müstəqilliyimizin ilk illərində Bakı səhiyyə ocaqlarının şəraiti, maddi-texniki bazası, tibbi avadanlıqla təchizatı acınacaqlı vəziyyətdə idi. Bu illər ərzində baş verən dəyişikliklərə diqqət çəkən natiq bu strategiyanın müəlliflərinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olduğunu, Səhiyyə Nazirliyinin isə onu uğurla reallaşdırdığını dedi.

K.Cabbarova 1 saylı Şəhər Poliklinikasının da müasir tələblərə uyğun təmir olunduğunu və lazımi avadanlıqla təchiz edildiyini, bundan sonra xidmət səviyyəsinin ikiqat artdığını qeyd etdi. O, poliklinikanın kollektivinin artıq neçə illərdir ki, dövlət başçısının tapşırığına əsasən, “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə əhalinin pulsuz tibbi müayinəsini həyata keçirdiyini diqqətə çatdırdı: “Qeyd edim ki, poliklinikanın qeydiyyatında olan insanlarla bərabər, ərazimizdə yerləşən 135 müəssisədə çalışan vətəndaşları da tibbi müayinədən keçirmişik. Son müayinələrdə 2 vərəm, 31 onkoloji xəstə aşkar etmişik”.

Baş həkim sonda ona verilən mükafata görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirdi, bu təltifin onu daha çox işləməyə, dövlət başçısının, səhiyyə nazirinin etimadını doğrultmağa ruhlandırdığını dedi.

İclasda çıxış edən 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova Azərbaycanda tibbin bütün sahələri kimi, ftiziatriya sahəsinə də xüsusi diqqət və qayğının olduğunu dedi. O, 2008-ci ildən ölkəyə MDR (dərmana davamlı) xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları gətirildiyini və nəticədə minlərlə insanın ağır xəstəlikdən xilas edildiyini vurğuladı. İ.Cabbarova rəhbərlik etdiyi müəssisənin tam təmirli, lazımi tibbi avadanlıqla təchiz edilmiş şəkildə, 2010-cu ildən Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası kimi fəaliyyət göstərdiyini və belə xəstələrin müalicəsi ilə məşğul olduğunu bildirdi.

Baş həkim diqqətə çatdırdı ki, bu ilin 15 iyun tarixindən XDR (geniş dərmana davamlı) xəstələrin müalicəsi üçün yeni dərman preparatlarının istifadəsinə başlanıb: “Bu preparatlar hətta inkişaf etmiş ölkələrdə də yeni-yeni istifadə olunur və bu fakt səhiyyəmizin yüksək inkişafına, öncüllüyünə bariz nümunədir”. İ.Cabbarova həmin preparatlarla müalicəyə başlayan xəstələrin, onların ailə üzvlərinin, yaxınlarının simasında gördüyü ümid işığına görə, ümumiyyətlə, ölkə rəhbərliyinin başçılığı altında səhiyyə sahəsində uğurla həyata keçirilən dövlət proqramları və bu sahəyə göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, nazir Oqtay Şirəliyevə minnətdarlığını bildirdi. O, tibb işçilərinə peşə bayramları münasibətilə təbriklərini çatdırdı, “Əməkdar həkim” adına layiq görüldüyünə görə ölkə rəhbərinə təşəkkür etdi.

Tədbirin sonunda səhiyyə naziri tibb işçilərini peşə bayramı münasibətilə bir daha təbrik etdi, onlara uzun ömür, möhkəm cansağlığı, əmin-amanlıq arzuladı. Ölkə səhiyyəsinə xüsusi diqqət və qayğı ilə yanaşan Prezidenti İlham Əliyevin Tibb işçilərinin peşə bayramı münasibətilə Sərəncamlar imzaladığını, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə bir qrup qabaqcıl səhiyyə işçisinin “Əməkdar həkim”, “Əməkdar müəllim” və “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görüldüyünü, “Tərəqqi” medalı ilə təltif edildiyini dedi.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında” və “Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamları oxundu.

Daha sonra nazir O.Şirəliyev əməkdə xüsusi xidmət və nailiyyətləri ilə fərqləndiklərinə görə Səhiyyə Nazirliyinin əmrinə əsasən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilən tibb işçilərinə - Respublika Diaqnostika Mərkəzinin Radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri Ahmet Memişə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının assistenti Arzu Babayevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb İdarəsinin əməkdaşları Nigar Bağırovaya və Adil Cəfərova, Kliniki Tibbi Mərkəzin şüa diaqnostikası üzrə həkimi Cabir Əliyevə, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevə, “Analitik Ekspertiza Mərkəzi” MMC-nin müfəttişi Əlipənah Əliyevə, Bakı şəhəri 3 nömrəli Vərəm Əleyhinə Dispanserin həkim-ftiziatrı Yeganə Fətullayevaya, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyevə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və informatika sektorunun müdiri Kəmalə Həsənovaya və Kadr, elm və təhsil sektorunun müdiri Səmayə İbrahimovaya, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Qulam Hüseynova, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımova və Mərkəzin sanitar-feldşeri Mehriban Məmmədovaya, Azərbaycan Tibb Universitetinin professoru Maqsud Qasımova, Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənova, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Esmiralda Seyidovaya, Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasının həkim-nevropatoloqu Nəzakət Süleymanovaya, Bakı şəhəri 1 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkiminin müavini Mehin Şıxlinskayaya və Bakı şəhəri 5 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Nelli Veysovaya mükafatları təqdim etdi.

Həmçinin əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Səhiyyə Nazirliyinin Fəxri Fərmanı” ilə mükafatlandırılan şəxslərə - Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb bacısı Leyla Abdullayevaya, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə tibbi eksperti Nuru Allahyarova, Mingəçevir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayevə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramova, Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Sadiqulla Bağırova, Milli Onkologiya Mərkəzinin tibb bacısı Gülnarə Bəxtiyarovaya, “Analitik Ekspertiza Mərkəzi” MMC-nin Ümumi şöbəsinin müdiri Minaxanım Əhmədovaya, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Həsən Əsədova, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-anestezioloq-reanimatoloqu Səbinə Həsənovaya, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Həsən Hüseynova, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyanın əczaçısı Samir Qurbanova, Naxçıvan Muxtar Respublikası Babək rayonu Sirabkənd Həkim Ambulatoriyasının baş həkimi Ülkər Quliyevaya, Naxçıvan Muxtar Respublika Xəstəxanası Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Azər Məmmədova, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Təcili tibbi yardım üzrə həkimi Hamlet Məmmədova, Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əhsən Nəsirova, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının şöbə müdiri, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş nefroloqu Mustafa Şükürova, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb qardaşı Pərviz Vahabova, Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalova və Respublika Diaqnostika Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin meneceri Samir Zeynalova mükafatlar təqdim olundu.

IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının, Kliniki Tibbi Mərkəzin, Respublika Narkoloji Mərkəzinin kollektivlərinə Səhiyyə Nazirliyinin əmri ilə təşəkkür elan edildi.

 

Tibb qəzeti .-2017.-30 iyun.-S.4-7