24 Mart Ümumdünya
Vərəmlə Mübarizə günüdür
Azərbaycanda vərəm
səbəbindən ölüm göstəricisi
azalır
Son illər ölkəmizdə vərəmə yoluxma hallarında azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2016-cı ildə ölkədə 3500 nəfərdə vərəmə yoluxma aşkar edilib. Uşaqlar arasında bu xəstəliyə yoluxma 3-4 faiz təşkil edir. Vərəmdən ölüm halları isə hər 100 mindən 3-3,8 nəfərdə baş verib. 2015-ci illə müqayisədə bu göstəricidə də azalma var. Belə ki, 2015-ci ildə bu rəqəm 4,2 olub.
Bunu Beynəlxalq Vərəmlə Mübarizə gününə həsr edilmiş, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Pulmonoloqlar İctimai Birliyinin birgə əməkdaşlıqda keçirdiyi “dəyirmi masa”da İnstitutun elmi işlər üzrə direktor müavini İradə Axundova söyləyib. O həmçinin bildirib ki, Azərbaycanda vərəmə 25-44 yaş arası, aktiv həyat tərzi sürən insanlarda daha çox rast gəlinir. Bunların arasında kişilər üstünlük təşkil edir.
“Dəyirmi masa”da Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bu tədbirin vərəmlə mübarizə sahəsində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək imkanı verdiyini vurğulayıb. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə müəyyənləşdirdiyi 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə Məqsədlərindən biri vərəmin qlobal epidemiyasının ləğv olunmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi 2016-2035-ci illər üzrə Vərəmin ləğv edilməsi Strategiyası 2014-cü ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən dəstəklənib. Bu strategiyaya əsasən, 2030-cu ilə qədər vərəmdən ölüm hallarının sayı 2015-ci illə müqayisədə 90 faiz, vərəmdən xəstələnmə göstəricisi isə 80 faiz azaldılmalıdır.
Toplantıda ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə əlaqələndiricisi Cəvahir Süleymanova məlumat verib ki, dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 72 faizdən 76 faizə qalxıb. Çoxsaylı dərmanlara davamlı vərəm haqqında danışan natiq bildirib ki, belə xəstələrin aşkarlanma göstərici 30 faizdən 63 faizə, müalicə əhatəsi 63 faizdən 96 faizə, uğurlu müalicə göstəricisi isə 48 faizdən 51 faizə yüksəlib. C.Süleymanova onu da qeyd edib ki, dünyada 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarının sayı 8,3 faiz azalıb, vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə 40 faizdən 36 faizə enib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə vərəmlə mübarizə sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik, bu infeksiya ilə əlaqədar ölkəmizdə vəziyyət, görülmüş işlər, vərəmin profilaktikası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə toxunulub, bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Qeyd olunub ki, keçən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib və səhiyyə naziri Oqtay Şirəliyev həmin proqramın icrasına dair əmr imzalayıb. Hazırda müvafiq dövlət proqramı və Milli Strategiya çərçivəsində vərəmlə mübarizə, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Xatırladaq ki, 24 Mart – Ümumdünya Vərəmlə Mübarizə günü ÜST və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən bütün ölkələrdə qeyd olunur. Dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etmək məqsədi daşıyan bu günün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır.
ÜST-nin məlumatına əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. XX əsrin əvvəllərində isə insanların 20 faizi vərəmdən ölüb.
Tibb qəzeti.-2017.-31 mart.-S.6.