Ümumdünya Böyrək günü

 

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi olaraq Ümumdünya Böyrək günü kimi qeyd edilir. Bir sıra ölkələrdə bu gün ictimaiyyətin və ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığının aşkarlanmasına və müalicəyə cəlb olunmasına yönəltmək məqsədi ilə elmi-praktik konfranslar keçirilir, böyrək xəstəliklərinin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır.

Azərbaycanda böyrək xəstəlikləri ölkə səhiyyəsində daim diqqətdə saxlanılan problemlərdəndir. Bu sahədə artıq bir neçə dövlət proqramı yerinə yetirilib, hazırda Nazirlər Kabinetinin təsdiqlədiyi “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” icra olunur. Proqram çərçivəsində xroniki böyrək çatışmazlığı olan xəstələrin vaxtında aşkarlanması üçün işlər görülür, belə şəxslər tibbi yardımla, o cümlədən hemodializlə təmin edilir, onların vahid elektron registri təkmilləşdirilir və digər tədbirlər həyata keçirilir.

Bu il “Böyrək xəstəlikləri və piylənmə” devizi altında keçirilən Ümumdünya Böyrək günü Azərbaycanda da bir sıra tədbirlərlə qeyd olunub.

Belə ki, bu gün münasibətilə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında Səhiyyə Nazirliyinin mətbuat xidməti və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib.

“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən təşkil olunan tədbirdə xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev media nümayəndələrinə ölkəmizdə xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olanların həyat tərzinin yaxşılaşdırılması, onlara göstərilən tibbi yardımın təkmilləşdirilməsi və hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Brifinqdə xəstəliyin profilaktikası, vaxtında aşkarlanması və müalicə tədbirləri görülməsində ictimaiyyətin maarifləndirilməsi sahəsində KİV-lərin rolu xüsusi qeyd olunub.

Sonda xroniki böyrək çatışmazlığı mövzusunda əhalinin maarifləndirilməsi üçün İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı çap materialları KİV nümayəndələrinə paylanılıb.

Ümumdünya Böyrək Gününə həsr olunmuş daha bir tədbir Azərbaycan Tibb Universitetində (ATU) keçirilən elmi-praktik konfrans olub. ATU-nun Tədris Terapevtik Klinikasında baş tutan toplantıda Səhiyyə Nazirliyinin nefrologiya üzrə baş mütəxəssisi, professor Mehman Ağayev bildirib ki, dünya əhalisinin təxminən 10 faizi xroniki böyrək xəstəliklərindən əziyyət çəkir. Hər il yer üzündə milyonlarla insan bu xəstəliklərin fəsadlarından dünyasını dəyişir. Bu günün əhəmiyyətini vurğulayan professor qeyd edib ki, Ümumdünya Böyrək günü xroniki böyrək çatışmazlığına səbəb ola bilən şəkərli diabet, arterial hipertenziya kimi bir sıra xəstəliklərin müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirməyə, əhali arasında maarifləndirmə və təbliğatı gücləndirməyə kömək edir.

Konfransda son illərdə bu sahədə aparılmış işlərlə bağlı hesabat təqdim edilib, “Böyrək Əvəzedici Terapiyasının 2017-ci il registrı” müzakirə olunub, elmi məruzələr dinlənilib.

 

Tibb qəzeti.-2017.-31 mart.-S.6.