Nevroloqların VI konfransı

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ölkə nevroloqlarının VI konfransı keçirilib.

 

Tədbir iştirakçılarını salamlayan İnstitutun rektoru, professor Nazim Qasımov rəhbərlik etdiyi elm müəssisəsinin Sinir xəstəlikləri kafedrasının nevrologiyanın inkişafında rolundan danışıb.

Ə.Əliyev adına ADHTİ-nin Sinir xəstəlikləri kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva nevroloqların I konfransından keçən son on ildə bu toplantıların mütəmadi təşkil edildiyini, bəzilərinin beynəlxalq mütəxəssislərin iştirakı ilə baş tutduğunu, rəhbərlik etdiyi kafedranın ayrı-ayrı vaxtlarda Nevroloqların Milli Assosiasiyası ilə birgə dağınıq skleroz, baş ağrıları, insults. kimi aktual nevroloji problemlər üzrə seminarlar, ustad dərsləri, yay məktəblərinin də keçirdiyini iştirakçıların nəzərinə çatdırıb.

İkigünlük konfransın ilk günü professor R.Şirəliyeva “Dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər” mövzusunda məruzə edib.

Sonra iştirakçılar Azərbaycan Tibb Universitetinin Nevrologiyatibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalovun Hantinqton xoreyası irsi xəstəliyi, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayevin işemik insultun müalicə və reabilitasiyasında son elmi nailiyyətlər, Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsinin müdiri, professor Əhməd Məmişin “Epilepsiyanın neyrovizualizasiyasında yeni yanaşmalar”, Ə.Əliyev adına ADHTİ-nin Sinir xəstəlikləri kafedrasının dosenti Rövşən Həsənovun “Nevroloji praktikada yuxu pozulmalarının diaqnostikasına yanaşmalar” və s. mövzularda məruzələr dinləyiblər.

Konfrans çərçivəsində nevroloji viktorina keçirilib. Qaliblərə professor R.Şirəliyevanın üç cilddən ibarət “Nevrologiya” kitabı hədiyyə edilib.

 

Tibb qəzeti.-2017.-31 mart.-S.7.