“Bakı Ürək Günləri” V Beynəlxalq
Konqresi
“Bakı Ürək
Günləri” V Beynəlxalq Konqresinin
iştirakçılarına
Hörmətli
konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konqresinizin işində dünyanın müxtəlif mötəbər tibb mərkəzlərini, o cümlədən ABŞ-ın Klivlend Klinikasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400-ə yaxın kardioloq alim və cərrahın iştirakı təqdirə layiqdir.
Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır.
Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idmanın və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaratmışdır. Əminəm ki, siz də doğma vətəninizə xalqımız və şəhərimiz haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.
Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin inkişafına layiqli töhfəsini verəcəkdir.
Ən səmimi arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 26 may 2017-ci il.
Azərbaycan paytaxtında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümünə
həsr edilən “Bakı Ürək Günləri” V Beynəlxalq
Konqresi keçirilib. Artıq ənənəvi hal alan,
ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin
inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə
təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki
son yeniliklərini müzakirə etmək məqsədi
daşıyan bu elmi-praktik forum Azərbaycan Ürək və
Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı
ilə baş tutub. Dünyanın aparıcı
kardioloq və kardiocərrahlarının dəvət
olunduğu üçgünlük konqresdə 15 ölkədən
400-ə yaxın yerli və əcnəbi mütəxəssis
iştirak edib.
Fəxri
xiyabanı ziyarət
Əvvəlcə konqres iştirakçıları Fəxri
xiyabanda xalqımızın ümummilli lideri Heydər
Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil və gül dəstələri
qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anılıb, məzarı
üzərinə tər çiçəklər
düzülüb.
Sonra konqres iştirakçıları Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəmanların xatirəsini yad ediblər.
Gənc
mütəxəssislər üçün praktik məşğələlər
Ötən konqresdə tətbiq edilən yenilik bu dəfə
də davam etdirilib. Belə ki, xarici ölkələrdən dəvət
olunmuş tanınmış, yüksək ixtisaslı ürək
cərrahları tədbirin rəsmi
açılışından əvvəl ürək-damar cərrahiyyəsi
sahəsində fəaliyyət göstərən bütün
gənc mütəxəssislər üçün praktik məşğələlər
keçiblər. Müasir avadanlıqlardan
istifadə etməklə, xüsusi şəraitdə
keçirilən WET LAB praktik məşğələlərində
heyvan ürəkləri üzərində ürəyin cərrahi
anatomiyası üzrə təlim aparılıb.
Türkiyə
Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri,
professor Mehmetali Özatikin moderatorluğı ilə “Damar
anastomozu” mövzusunda ilk təlimdə süni damarlara
atılan tikişlər, onların bir-birinə bağlanma
yolları tədris olunub. “Mitral qapaq təmiri”
mövzusunda digər təlimdə isə moderator – Türkiyənin
Ankaradakı Atatürk Xəstəxanasının ürək-damar
cərrahı, professor Şərəf Alp Küçüker
ürək qapaqları xəstəlikləri zamanı tətbiq
olunan cərrahi müdaxilələr barədə məlumat
verib.
Sonra təlimlər mövzuları əhatə edən əməliyyatların
maketlər üzərində tətbiqi ilə davam etdirilib.
“Bakı
Ürək Günləri”nin rəsmi
açılış mərasimi
Rəsmi açılış mərasimində əvvəlcə
dövlət başçısı İlham Əliyevin konqres
iştirakçılarına təbrik məktubunu oxunub.
Açılışda çıxış edən səhiyyə
nazirinin müavini Elsevər Ağayev bildirib ki, “Bakı Ürək
Günləri” Beynəlxalq Konqresi 2009-cu ildən etibarən hər
iki ildən bir təşkil edilir. Azərbaycan səhiyyəsinin
yüksək səviyyəsinin göstəricisi olan bu konqreslər
bizim mütəxəssislərin beynəlxalq təcrübədən
yararlanmasına şərait yaradır, həmçinin Azərbaycanın
uğurlarının təbliği işində mühüm
rol oynayır. Bu konqres kardiologiya və
ürək-damar cərrahiyyəsi sahəsində yerli və
xarici mütəxəssislərin fikir və təcrübə
mübadiləsi aparmaları üçün ən ideal məkandır.
Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən
danışan E.Ağayev bildirib ki, hələ 1978-ci ildə
keçmiş SSRİ ölkələri arasında ilk
açıq ürək əməliyyatları Azərbaycanda
keçirilib.
Səhiyyəmizin tarixinə nəzər salan
E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə
müqayisədə bu sahədə vəziyyətin müsbət
istiqamətə doğru dəyişdiyini diqqətə
çatdırıb. Qeyd edib ki,
ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və
nüfuzu sayəsində səhiyyənin digər sahələri
kimi, kardiologiyada da mühüm nailiyyətlərin əsası
qoyulub. Ulu öndərin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin diqqət və
qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin
infrastrukturu tam yenilənib. Son 10 ildə
600-dən çox tibb müəssisəsi əsaslı təmir
olunaraq və ya tikilərək əhalinin istifadəsinə
verilib. Bir sıra dövlət
proqramlarının reallaşdırılmasında Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın böyük xidmətləri var.
AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev
bildirib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq
Konqresinin reallaşması ümummilli lider Heydər
Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Onun bu sahədə
uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
K.Musayev məlumat
verib ki, konqresin ilk günündə təşkil edilən
“Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları
xüsusilə gənc kardioloqlar üçün çox
faydalı olub. Azərbaycanlı həkimlərə
dünyanın ən qabaqcıl mütəxəssisləri ilə
kardioloji elmlərdəki ən son nailiyyətləri
müzakirə etmək imkanı verən Konqresdə təşkil
olunan sosial proqram çərçivəsində əcnəbi
qonaqlar həm də Azərbaycanın zəngin tarixi və mədəni
irsi ilə tanış ola biləcəklər.
Türkiyə
Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri,
professor Mehmetali Özatik konqresin əhəmiyyətini
vurğulayarıb, təşkil olunan təlimlərin gənc
cərrahların gələcək professional fəaliyyətlərində
çox böyük müsbət rol oynayacağına əminliyini
bildirib.
Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizin
sürətli iqtisadi inkişafının bütün sosial
sahələrin, o cümlədən səhiyyənin
inkişafına da əsaslı təkan verdiyini, dünya
standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin
nüfuzunun nəzərəçarpacaq dərəcədə
artdığını qeyd edib. Ölkəmizdə səhiyyə
sahəsində aparılan islahatlardan və inkişafdan
söhbət açan F.Heydərov bildirib ki, Azərbaycanda əhalinin
sağlamlığının qorunması, tibbi xidmətin
keyfiyyətinin daha da yaxşılaşdırılması həyata
keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
biri kimi daim dövlətin diqqət mərkəzindədir.
Son illər iqtisadiyyatın yüksək
inkişafı səhiyyə sahəsinə də öz təsirini
göstərib və bu sahədə aparılan islahatlar nəticəsində
əhalinin sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər görülüb.
Milli Məclisin deputatı, tibb üzrə elmlər
doktoru Rəşad Mahmudov ürək-damar xəstəliklərinin
dünyada ölümə səbəb olan qeyri-infeksion xəstəliklər
sırasında birinci yerdə olduğunu deyib və ölkəmizdə
səhiyyənin digər sahələrində olduğu kimi,
kardiologiyanın da çox sürətli inkişafın
müşahidə edildiyi bildirib. O, son illərdə Azərbaycan
kardiocərrahlarının Bakıda və regionlarda
apardıqları uğurlu əməliyyatları yüksək
qiymətləndirib. Bildirib ki, bu əməliyyatları
aparan kadrlar vaxtında dövlətimiz tərəfindən
xarici ölkələrə təhsil almağa göndərilən
gənclərdir. R.Mahmudov, eyni zamanda,
ölkəmizdə tətbiqinə başlanılan icbari tibbi
sığorta haqqında da danışıb.
Azərbaycan
Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev, yeni
yaradılmış “Həyat Fondu”nun rəhbəri Hacı
Nuran Hüseynov paytaxtda və regionlarda beynəlxalq standartlara
cavab verən, müasir avadanlıqla təmin olunmuş
müalicə-diaqnostika mərkəzlərinin istənilən
ürək əməliyyatlarının keçirilməsinə
imkan verdiyini qeyd ediblər.
Konqres işini bölmələrdə davam etdirib.
Bölmə
iclasları
Səhiyyə
Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, mütəxəssislər
Anar Əmrah, Elnur İmanov və Qalib İmanovun sədrliyi ilə
keçirilən “Anadangəlmə ürək
qüsurları” adlı sessiyada anadangəlmə ürək
qüsurları və onların yaranma səbəbləri
müzakirə edilib. İclasda “Ağciyər
hipetenziyalı geniş VSD-lərdə qapaqlı yamaq
istıfadəsi” (Abbas Əfrasiabi, İran),
“Aortkoarktasiyanın cərrahi müalicəsinin xüsusiyyətləri”
(Elnur Həsənov, Azərbaycan) və “Yenidoğulmuşlar və
az yaşlı uşaqlarda koarktasiya və rekoarktasiyanın cərrahi
və endovaskulyar müalicəsi” (Aleksey Kim, Rusiya)
mövzularında məruzələr dinlənilib.
C.Abdullayev
adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru,
professor Adil Baxşəliyev, Səhiyyə Nazirliyinin baş
kardioloqu, professor Faiq Quliyev, mütəxəssislər Fazil
Abbasov, Elman Ələkbərov və Abbasəli Abbasəliyevin
sədrliyi ilə keçirilən “Koronar 1” adlı ikinci
sessiyada erkən miokard infarktlar, mitral qapaq
çatışmazlığı və s. mövzular
müzakirə olunub. Sessiyada “İkincili mitral qapaq xəstəliyində
cərrahi baxış” (professor Rəşad Mahmudov, Azərbaycan),
“ Familial hiperxolesterinemiya. Aysberqin
görünməyən üzü” (Firdovsi İbrahimov, Azərbaycan),
“40 yaşın altında xəstələrdə miokard
revaskulyarizasiyası” (Fuad Abdullayev, Azərbaycan) və
“Aortokoronar şuntlama keçirmiş xəstələrdə
perkutan müdaxilələr” (Eyvaz Abbasov, Azərbaycan
) mövzularında məruzələr dinlənilib.
Konqresin
azərbaycanlı mütəxəssislər Seymur Musayev,
Nüsrəddin Abışov, Üzeyir Rəhimov və Rasim Cəfərovun
rəhbərliyi altında keçirilən “Aorta cərrahiyyəsi”
bölməsində Rezayat Pərvizinin “Kəskin aorta
disseksiyasında müasir cərrahi texnikalar”, Mustafa
Çıkırıkçıoğlunun“Tip A kəskin aorta
disseksiyası” və Şeref Alp Küçükerin “Aorta
qapaq qoruyucu əməliyyatlar (reimplantasiya-remodeling)”
mövzularında məruzələri dinlənilib, müzakirələr
aparılıb.
“Minimal invaziv müdaxilələr” bölməsi Ömər
İşık, Rəşad Mahmudov, Firuz İbrahimov və
Ülvi Mirzəyevin sədrliyi ilə keçirilib. Bölmədə Kamran
Musayevin “Minimal invaziv ürək cərrahiyyəsi: Mərkəzi
klinika təcrübəsi”, Cengiz Köksalın “Mitral qapaq təmirində
dəyişən təməl prinsiplər və mikro-invasiv
mitral qapaq təmiri”, Altuğ Tuncərin “Arkus aort cərrahiyyəsində
hibrit yanaşma” və Otto Dapuntun “Ürək cərrahiyyəsində
Perceval və Memo 3D-nin rolu” mövzularda məruzələri
dinlənilib.
Konqresinin
ikinci iş günü “Yeni trendlər” bölməsində
aparılan müzakirələrlə başa çatıb.
Tanınmış kardioloqlar Fuad Abdullayev, Fərid Əliyev, Rufulla
Abdullayev, Qalib Qarayev və Vəsadət Əzizovun sədrliyi
ilə keçirilən bölmə iclasında Həsən
Babazadənin “İnsan ürək toxuması mühəndisliyi:
konsepsiya, yanaşmalar, proqress və biomühəndislik problemləri”,
Ümit Kervanın “Ventrikül dəstək sistemlərində
yeni trendlər” mövzularında məruzələri dinlənilib.
Konqresinin
üçüncü iş günündə orta tibb
işçilərinin nəzəri-praktiki biliklərinin
artırılması məqsədi daşıyan “Tibb
bacıları toplantısı” bölməsində müzakirələr
aparılıb. Bu bölmədə Könül Nəzərovanın
“Yataq yaralarına qulluq və müalicəsi”, Nərgiz
Tağızadənin “Ürəyin xroniki xəstəliklərində
qulluq”, İradə Sadıxovanın “KVC şöbəsində
xəstələrə əməliyyatdan əvvəlki və
sonrakı baxım”, Səltənət Rüstəmovanın
“Müasir monitorinq standartları”, İlqar Şirəliyevin
“Kardiovaskulyar əməliyyatlarda anestezioloji iş prinsipi”,
Tural Aydınovun “AKŞ əməliyyatından sonra ürək
çatışmazlığının korreksiyası”
mövzularında mühazirələri dinlənilib.
Sonra “Maket üzərində kardio-pulmonar resusitasiya” kursu
keçirilib.
İştirakçılar sertifikatlarla təltif
olunub.
Kardioloqlar
Firuz Kazımov, Eldəniz Əliyev, Mehman Ağamalıyev,
İsfəndiyar İsmayılov və Ruslan Nəcəfovun sədrliyi
ilə keçən “Ürək
çatışmazlığı” bölməsində Yuriy
Pyanın “LYAD ürək plantasiyasına alternativ kimi”, Abbasəli
Abbasəliyevin “Ürək çatışmazlığı
2017” və Musa Qəhrəmanovun “Aşağı atım
fraksiyalı xəstələrdə revaskulyarizasiya qərarı”
mövzularında məruzələri dinlənilib.
Elməddin Əliyev, Cəmil Babayev, Firdovsi İbrahimov və Tofiq Cahangirovun sədrliyi ilə keçən “Qapaq 1” bölməsində Anar Əmrah “İnfektiv endokarditin cərrahi müalicəsi”, Oqtay Musayev “Keçmişdən bu günə: qapaq trombozları və Vüqar Qapaqov “Aort qapaq qoruyucu əməliyyatları” mövzusunda məruzələr ediblər.
“Anadangəlmə ürək qüsurları 2” bölməsi tanınmış kardioloqlar Natiq Mirzəyev, İbrahim İsayev, Şahin Xəlilov və Elnur Həsənovun sədrliyi ilə aparılıb. Bölmədə Andreas Petropulosun “Erkən diaqnostika və müalicədə pediatrik kardioloqun rolu”, Nabil Seyidovun “Neonatal screening proqramı: kritik anadangəlmə ürək qüsurlarının aşkar edilməsi üçün puls-oksimetriya testi”, Vəli Behbudovun “Kritik ürək xəstəlikləri” və Kamran Əhmədovun “Sianotik ürək qüsurlarında sistemik-pulmonar şunt proseduru” mövzusunda məruzələri dinlənilib.
Cabir Gülmalıyev, İsax Mustafayev, Rafiq Yusifli və Mirəli Məcidovum sədrliyi ilə “Qapaq 2” bölməsində Fuad Səmədovun “Mitral qapağın əməliyyatqabağı dəyərləndirilməsi”, Seymur Musayevin “İşemik mitral qapaq çatışmazlığı olan xəstələrə cərrahi yanaşma” və Solxan Lominadzenın “İşemik mitral çatışmazlığı cərrahiyyəsi: rezidual MÇ-nin uzun dönəm nəticələrinə təsiri” mövzusunda məruzələri ətrafında müzakirələr aparılıb.
Kardioloqlar Özgür Kocamaz, Ziya Səlimov, Əhməd Babayev, Rəfael Daşdəmirov və Vüqar Qapaqovun sədrlik etdiyi “Koronar 2” bölməsində Mehman Ağamalıyev “Koronar arteriya perforasiyalarında müdaxilələr”, Elnur İsayev “Koronar müdaxilələrin ziddiyyətləri. Son araşdırmalar bizi hara aparır?”, Elnur Azadxanov “Koronar arteriyalrın anamoliyaları” və Ramil Əliyevin “ÜİX-nin mexaniki ağırlaşmalarının cərrahi müalicəsi” mövzularında məruzə ediblər.
Bununla da Konqress öz işini başa
çatdırıb.
Tibb qəzeti 2017.- 31 may.- S.8.