Ümumdünya Diabet Günü

 

“2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idi. Son hesablamalara əsasən, 2040-cı ildə bu rəqəmin 625 milyona çatacağı ehtimal olunur. Azərbaycanda isə hazırda 242 min diabet xəstəsi qeydiyyatdadır və onlardan 1556 nəfəri uşaqlardır”.

Bu haqda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 14 noyabrÜmumdünya Diabet Gününə həsr olunmuş brifinqdə Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek məlumat verdi.

Birinci tip şəkərli diabetə əsasən 25-30 yaşa qədər gənclərdə, II tipə isə daha çox yaşlı insanlarda təsadüf olunduğunu söyləyən direktor müavini bu xəstəlikdən əziyyət çəkən uşaqların insulin analoqları ilə təmin edildiyini, 2014-cü ildə 90 uşağa insulin pompası qoyulduğunu diqqətə çatdırdı. Son 9 ayın statistikasına görə bu il ölkəmizdə şəkərli diabet xəstələrinin sayında 12 faiz artım müşahidə olunduğunu bildirən mütəxəssis xəstəliyin yaranma səbəblərindən də danışdı. Problemin ildən-ilə artmasında düzgün qidalanmamağın, fastfud yeməklərin, oturaq həyat tərzi keçirməyin və genetik amillərin xüsusi rol oynadığını vurğuladı, şəkərli diabet xəstəliyi olan atanın övladında bu problemə rast gəlinmə ehtimalının çox yüksək olduğunu qeyd etdi.

Şəkərli diabetdən əziyyət çəkən hamilə qadınlarla bağlı danışan Babək Salek onların 9 ay müddətində nəzarətdə saxlanılmasının zəruriliyini vurğuladı: “Bəzi qadınlar hamiləlik zamanı şəkərli diabetə tutulur. Onlarda adətən hamiləlikdən sonra şəkərin səviyyəsi stabilləşir. Buna baxmayaraq, dünyada hər belə 7 uşaqdan biri diabetlə dünyaya gəlir”.

Xəstəliyin ilkin simptomlarının həddindən artıq susuzlamaq, tez-tez sidiyə getmək, iştahasızlıq, halsızlıq və s. olduğunu deyən mütəxəssis belə hallarla üzləşdikdə həkimə müraciət etməyin vacibliyini diqqətə çatdırdı.

 

Şəkərli diabet xəstələrinə göstərilən qayğı ilbəil artır

 

“Azərbaycan MDB ölkələri arasında şəkərli diabet haqqında qanun qəbul edən ilk ölkədir. Ümumiyyətlə, son illər Milli Məclisdə ana və uşaqların sağlamlığına, vərəmlə mübarizəyə, talassemiya, xroniki böyrək çatışmazlığı və digər xəstəliklərə dair çox mühüm qanunların, proqramların qəbul olunması, onların yüksək səviyyədə həyata keçirilməsi, diabet xəstələrinin sağlamlıq vəziyyətlərini yaxşılaşdırmaq üçün ayrılan vəsaitin ildən-ilə artırılması və s. dövlət tərəfindən əhalinin sağlamlığına göstərilən qayğının təzahürüdür”.

Bu fikirlər isə Ümumdünya Diabet Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masada səsləndirildi.

Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova ictimaiyyətin diqqətini bu xəstələrə cəlb etmək, onların problemlərinin yüngülləşməsi və həlli naminə səyləri birləşdirmək məqsədi daşıyan Ümumdünya Diabet Günü münasibətilə təşkil edilmiş bu tədbirin mövzusunun “Qadın və diabetolduğunu dedi. Dünyada hər 10 qadından birinin şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirən natiq qeyd etdi ki, bu gün bir çox ölkələrdə onların əksəriyyətinin müalicə olunmaq, təhsil almaqs. imkanları yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətin əsas aparıcı qüvvəsi olan qadınların, hökumət, qeyri-hökumət və ictimai birliklərin şəkərli diabet xəstəliyi ilə mübarizədə səylərini birləşdirməsinin vacibliyini vurğuladı: “Bu sahədə stiqmanın aradan qaldırılması və xəstəliyin aşkarlanması da çox mühüm məsələdir, çünki həmin səbəblərə görə qadınlar arasında xəstə olduğunu bilməyənlər də var”.

Milli Məclisin üzvü, Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisi, professor Rafiq Məmmədhəsənov şəkərli diabet xəstələrinin problemlərinin dövlətin diqqət mərkəzində olduğunu, xəstələrin keyfiyyətli insulinlə təmin edildiyini, 18 yaşınadək müavinət aldığını və ildə bir dəfə pulsuz müayinə olunmaq hüququ olduğunu söylədi. Baş endokrinoloq şəkərli diabet xəstəliyinin əsas səbəbinin genetika və streslə bağlı olduğunu, qidalanmanın, xüsusilə xəmir xörəklərinin də əhəmiyyətli rol oynadığını qeyd etdi.

Milli Məclis aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova şəkərli diabet xəstələrinin sayının dünyada hər il 15 faiz artmasından və xəstələrin əmək hüququndan danışdı. O da 2003-cü ildən bəri bu sahədə qəbul edilən proqram və qanunları həmin xəstəliyə düçar olanlara göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirdi.

“Dəyirmi masa”nın yekununda bu sahədə səyləri birləşdirməklə mövcud problemlərin həllinə nail olmağın mümkünlüyü qeyd edildi.

 

Diabet xəstələrinin psixoloji problemləri ilə mübarizə yolları

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında da Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi. Toplantını giriş sözü ilə açan klinikanın direktorunun müalicə işləri üzrə müavini Adil Nuriyev şəkərli diabetin bütün dünyada geniş yayılmasından, xəstəliyin insan orqanizminə vurduğu zərərlərdən danışdı.

Professor Tamfira Əliyeva isə şəkərli diabetin dünyada və Azərbaycanda epidemiologiyası, ölkəmiz üzrə statistik göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verdi.

ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova şəkərli diabet xəstəliyi olan şəxslərin psixoloji vəziyyəti və xəstəliklə mübarizə yolları barədə danışdı.

Sonra endokrinoloq, dosent Səbinə Məşədiyeva “Diabet Məktəbi”nin tarixi barədə məruzə etdi, bu məktəbin əsas məqsədinin şəkərli diabet xəstələrini maarifləndirmək və onlara özlərinə düzgün qulluq etmə qaydalarını aşılamaq olduğunu dedi.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.

 

Diabet günü ilə əlaqədar beynəlxalq konfrans keçirilib

 

Azərbaycan Diabet Cəmiyyəti, Respublika Endokrinoloji Mərkəzi, Endokrinoloqlar Elmi Mərkəzinin təşkilatçılığı keçirilən konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənov açıb.

Ukrayna Milli Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Boris MankovskiDiabetik neyropatiyaensefalopatiya”, tibb elmləri doktoru, professor Sənan Kərimov “Psoriazmetabolik sindrom”, Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, tibb elmləri doktoru Valeh Mirzəzadə “II tip şəkərli diabetdə insulinoterapiya” mövzularında məruzələr ediblər.

Konfrans öz işini müzakirə və sual-cavab şəklində davam etdirib.

 

Ü.FƏRZƏLİYEVA

 

Tibb qəzeti  2017.- 30 noyabr.- S.7.