Baba Vəziroğlu:
“Nağıllara inana-inana yaşayırıq”
Bu dəfə
redaksiyamızın qonağı şair, nasir, publisist, az qala hər sözü nəğməyə
çevrilən söz adamıdır. Onun şeirlərinə
min beş yüzdən artıq mahnı bəstələnib
və onlar Azərbaycanın korifey sənətkarlarının
ifasında səslənib, dillər əzbəri olub. Əslində, onun haqqında uzun-uzadı
danışmağa ehtiyac yoxdur. Çünki
o, yaradıcılığı ilə yanaşı, nurlu
siması, danışıq tərzi, sadəliyi, yüksək
mədəniyyəti, müsbət enerjisi... ilə də
özünü xalqına lazımi səviyyədə təqdim
edib. Həmsöhbətim Azərbaycan
Respublikasının "Əməkdar incəsənət
xadimi" Baba Vəziroğludur.
- Baba
müəllim, necəsiniz?
- Adi
müasir Azərbaycan vətəndaşı necə ola bilərsə, eləyəm. İndiki
zamanda çox yaxşı olmaq mümkün deyil, amma
heç vaxt pessimizmə qapılmıram. Həmişə
planlar qururam və hər şeyin yaxşı olacağına
inanıram. Atalar deyir ki, niyyətin hara, mənzilin
də ora. Gecə-gündüz
ağlayıb-sızlasan, həyatından,
yaşayışından şikayət etsən, səadətə
çata bilməzsən. Ümumiyyətlə,
düşünürəm ki, şükürlü insan olmaq
lazımdır. Allah da belə insanları
sevir. Naşükür olanları isə nə
Allah sevir, nə də bəndə. Bu
mövzuda çoxlu şeirlərim də var. Onlar insanları
gözütoxluğa, optimizmə çağırır.
Amma mən şükürlü olmaq deyəndə hər
şeylə barışmağı, öz taleyi, bəxti ilə
razılaşıb oturmağı nəzərdə tutmuram. Allah da deyir
ki, səndən hərəkət, məndən bərəkət.
Həzrət Əli ən böyük ibadətin iş
görmək olduğunu söyləyib. İş,
əmək hər şeydən əfzəldir. Ona görə mən əlimi-əlimin üstünə
qoyub şükür edənlərdən deyiləm və
tövsiyəm də bu deyil. Sadəcə,
demək istəyirəm ki, Tanrı heç nədən, təmənnasız
bu dünyanı bizə bəxş edibsə,
qulağımız eşidirsə, gözlərimiz gözəllikləri
görürsə, bunlara görə şükür etməliyik.
Mən həmişə şükür edirəm
və hər şeydən razıyam.
- Sizin
üçün xoşbəxtlik nədir?
- Mənim
üçün dünyada ən böyük xoşbəxtlik
özünüifadə şansına malik olmaqdır. Bu baxımdan, cəmiyyətdə müəyyən
mövqe tutan, tanınan, öz zəhmətinin bəhrəsini
görən insanlar çox şanslıdırlar. Çünki Allah onlara belə bir yol açıb.
Elə insanlar var ki, həddən artıq
istedadlıdırlar, bacarıqlıdırlar, təhsillidirlər,
amma Allah onlara kiçik bir şans verməyib ki, həyatda
parlasınlar, cəmiyyətdə layiqli mövqe tutsunlar.
Bu halda düşünürsən ki, nə yaxşı ki,
İlahi mənə özümü ifadə etməyə
imkan verdi.
Bu mənada, mən xoşbəxt insanam – həm
bütün dövrlərdə özümü lazımi səviyyədə
ifadə etmək şansım olduğu üçün, həm
də müəyyən yaşa çatdıqda həyatın
mütləq həqiqətlərini dərk etdiyim
üçün. Bu həqiqətləri dərk etdiyin zaman
sənin xoşbəxtliyinə sədd çəkən maneələr
tədricən aradan qalxır. Bu həqiqətlərə
bəzi insanlar gənc, bəziləri ahıl yaşda çatır.
Yəni yaşadıqları illərin sayına
görə yox, qazandıqları təcrübəyə,
özəl xüsusiyyətlərinə, həyata
baxışlarına görə həqiqəti tapa bilirlər.
Bundan sonra yaşamaq daha asan olur. Bəziləri isə həyatın mütləq həqiqətlərindən
bixəbər həyatdan köçürlər.
- Sizin həyatınızın
mütləq həqiqəti nədir?
- Bu
dünyada heç nədən və heç kimdən nəsə
ummamaq, gözləməmək. İnsan ancaq
özündən umub-küsməli, özünə
arxayın olmalıdır. Mən bir doqma,
ehkam kimi qəbul etmişəm ki, insanın dostu da,
düşməni də özüdür. Etdiyin hər
şeyə, hər hərəkətə həm dost, həm də
düşmən gözü ilə baxırsan, kamil insansansa,
obyektiv, dəqiq qiymət verə bilirsən. Amma kənardan
kimin dost, kimin düşmən olduğunu, sənə həqiqəti
deyib-demədiyini bilmirsən.
- Azərbaycanda
şeirləri nəğməyə çevrilmiş şairlər
arasında ön sırada dayanırsınız. Nəğməkar şair kimi tanınmaq necə
hissdir?
- Bu,
böyük bir tituldur. Təsəvvür edin,
Azərbaycanın ilk nəğməkar şairlərindən
biri Mikayıl Müşfiqdir. Onun
yazdığı hər şeirin öz nəğməsi var.
O nəğməni qoşacaq ürəyə sahib bəstəkarlar
lazımdır. Hər şair nəğməkar ola bilmir. Bu önəmli
missiyanı layiqincə yerinə yetirmək qürurvericidir.
Mən hələ universitetin 1-ci kursunda oxuyanda ilk dəfə
şeirlərimə musiqilər bəstələnib. Onda hələ
17 yaşım vardı. Həmin nəğmələr
Azərbaycan televiziyasında səsləndi. Mənim sözlərimə yazılmış
mahnıları Şövkət Ələkbərova, Rəşid
Behbudov, Flora Kərimova kimi korifeylər ifa edib. Demək olar ki, Azərbaycandakı bütün bəstəkarlarla,
müğənnilərlə işləmişəm. Son
zamanlar Kamal müəllimlə 50-dən artıq mahnı yazmışıq
və istər siyasi, istər məhəbbət və s.
mövzularda olan bu əsərlər dillər əzbəri
olub. Bütün əsrlərin ən böyük azərbaycanlısı
Heydər Əliyev haqqında yazılmış,
Ağadadaş Ağayevin ifa etdiyi “Sən elə bir zirvəsən”,
Alim Qasımovun həyat verdiyi “Xatirədir”, “İlahi” bu
gün milyonların nəğməsidir.
Yeri gəlmişkən, səhiyyə nazirinin müavini
Abbas Vəlibəyovla da bir neçə mahnı işləmişik. Məsələn,
Mübariz Tağıyevin gözəl ifa etdiyi “Azərbaycanımız”
mahnısı və s.
-
Heç olub ki, şeirinizə yazılmış hansısa
musiqini dinləyəndə təəssüflənəsiniz və
ya kiminsə ifasından narazı qalasınız?
- Hər
şey olur. Sel gələndə, özü ilə
çör-çöp də gətirir. Onu
deyim ki, mahnıların taleyi də insan taleyi kimidir. Bəzən gözəl bir şeirə gözəl
musiqi yazılır, ifa da əla alınır, amma bəxti gətirmir.
Hərdən isə elə-belə bir mahnı
yazırıq, heç böyük gözləntimiz də
olmur. Ancaq baxırıq ki, onu milyonlar
sevdi. Bəzən isə çox ümid bəslədiyimiz
mahnıları naşı ifaçılar korlayırlar.
Musiqi naşı əllərdə qorxulu olur.
Çünki onunla gözəl şeylər də
təbliğ edə bilərsən, xalqın
zövqünü korlaya da bilərsən.
-
Jurnalistika ixtisası üzrə təhsil almısınız
və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz.
Sonra niyə davam etmədiniz?
- Sovet
dövründə ən populyar müəllif
proqramlarının aparıcısı olmuşam. “Ömrün ayları” proqramına hamı həsrətlə,
sevgi ilə baxırdı. Amma sonra bu sahədən
uzaqlaşdım və düşünürəm ki, doğru
qərar vermişəm. Hər
dövrün öz tələbi var və mən bu
günün standartları ilə uyğunlaşa bilmərəm.
- Baba
müəllim, nə qədər həyata müsbət
yöndən baxsanız da, yəqin ki, bir yaradıcı insan,
ziyalı kimi, cəmiyyətdə sizi narahat edən məsələlər
var. Əlinizdə olsaydı, nəyi dəyişmək istəyərdiniz?
- Eyni
sualı ayrı-ayrı insanlara ünvanlasanız, tamamilə
müxtəlif cavablar eşidərsiniz. Kamil olan
və olmayan insan arasındakı fərq də bu zaman ortaya
çıxır. Məsələn, biri
deyər ki, dolanışığımız yaxşı
deyil, hər gün ət yeyə bilmirik. Digəri
“JEK” müdirindən şikayətlənər. Təbii ki, bunlar xırda məişət problemləridir.
Vaqif Səmədoğlu müsahibələrinin
birində şairlərin həmişə müxalifətdə
olduğunu demişdi. Mən də bu fikirdəyəm.
Amma biz “JEK”lə, hansısa nazirliyin şöbə müdiri
ilə yox, Allahla, qlobal istiləşmə ilə, dünya
güclərinin savaşı ilə və s. müxalifik. Yazarlar, fikir, düşüncə adamları daha
qlobal məsələlərə görə narahat olurlar.
Məsələn, mən insanların tədricən
bir-birinə biganə olmasından, kitabdan, deməli, həm də
mədəniyyətdən, intellektdən, kamillikdən
uzaqlaşmasından nigaranam. Bəxtiyar Vahabzadənin məşhur
iki misrası var: “Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə...” Mən
də insanlığın ölməsindən narahatam. Təbiətin simasını dəyişməsindən,
tədricən geni dəyişdirilməmiş məhsullar
tapmayacağımızdan ehtiyatlanıram. Məsələn,
artıq bazarda uşaq vaxtı yediyim şaftalıdan tapa
bilmirəm, bir azdan təbii meyvələrin
görüntüsünü, dadını unudacağıq.
Gündəlik məişət məsələləri,
xırda problemlər gec-tez düzələcək. Yadınızdadırsa, 1990-cı illərin əvvəllərində
ölkəmizdə ciddi xaos hökm sürürdü. Tədricən hər şey yoluna düşdü.
Amma qeyd edilən problemlər ildən-ilə
böyüyür və onların qarşısını almaq
mümkün deyil.
- Şeirlərinizin əksəriyyətinin mövzusu
sevgidir. Bu əsərlərin real qəhrəmanı
varmı?
- Həmin
şeirlərdə bütün qadınlardan zərrə var.
Amma heç birində konkret bir insan tərənnüm
olunmayıb. Çünki real qadın, hətta dünya
gözəli belə olsa, ədəbiyyatın yox,
jurnalistikanın, publisistikanın subyekti ola
bilər. Əgər sevgiyə əllə toxuna
bilirsənsə, gözlə görürsənsə, bədəninlə
hiss edirsənsə, artıq o, sevgi deyil. Sevgi
əlçatmaz olanda qiymətlidir. Mənim sevgi
subyektimin ayağı yerdə ola bilməz.
O sevgi böyükdür ki, onun həsrətindəsən, ona
toxuna bilmirsən. Şeirlərimdə təsvir
olunan, vəsf edilən qadın, sevgili ilahi varlıqdır,
Allah kimi. Ona doğru ömür boyu yol
gedirsən. Sevgiyə qovuşmaq istəyirsən,
amma mümkün olmur. Yəni biz sevgini hər
yerdə görürük, hiss edirik, duyuruq, tərənnüm
edirik, ona doğru can atırıq. Amma heç vaxt can
atdığımız ilahi mərhələyə yüksələ
bilmirik. Və nə yaxşı ki, bunu
bacarmırıq.
-
Yaxşı ki?
- Bəli.
İnsan sevgiyə çatırsa, artıq o
sevgi deyil. Dillərdə dastan olan sevgilərin
heç birinin sonu vüsalla bitmir.
- Əgər tərənnüm etdiyiniz ilahi sevgiyə
qovuşmaq, o mərhələni fəth etmək mümkün
deyilsə, niyə insanlar bunu bilə-bilə əsrlərdir
onun ardınca sürüklənir, bu haqda saysız-hesabsız
əsərlər yaranır?
- İnsan çox şeyi bilir, amma dərk etmir. Bilməklə
dərk etmək fərqli anlayışlardır. Məsələn, insan bir gün öləcəyini,
torpağa özü ilə bir çöp də
aparmayacağını bilir. Buna baxmayaraq, daim qurur,
yaradır, gələcək üçün planlar
cızır, əlindən gəldiyi qədər çox
var-dövlət yığmağa çalışır və
s. Deməli, ölümü dərk etmir. Bu mənada,
biz çox şeyi bilirik, amma dərk etmirik.
- Belə
anladım ki, siz də real sevgiyə
qovuşmamısınız?
- Bizim
yaşadıqlarımız sevgi deyil. Mən
onlara münasibət deyirəm.
- İlk məhəbbət haqqında deyilənlər də
yalandır?
-
Nağıldır. İlk məhəbbət
deyilən bir şeyin reallıqla əlaqəsi yoxdur. Onları biz uydurmuşuq və həmin nağıllara
inanmağa çalışmışıq. O
nağıllar olmasa, insan həyatı, “Nəsimi” filmində
deyildiyi kimi, digər canlı məxluqatın həyatından
heç nə ilə seçilməz, mənasız olar. Amma o nağıllara inana-inana mənalı, zövqlə
yaşayırıq. Primitiv, sadə,
uşaqların belə inana bilməyəcəyi
nağıllara özümüzü inandırmaq istəyirik.
Çünki bunsuz həyat çox boz
olardı. Nağıllar mütləq
lazımdır.
- Sizin
yozumunuzla desək, hər kəsin uydurduğu bir ilk məhəbbət
nağılı, xatirəsi var. Yəqin ki, sizin də...
- İlk məhəbbət deyəndə, konkret bir insan,
onun siması, adı ağlıma gəlmir. İsmayıllıda
çox sərt keçən qış fəsli, kənd məktəbinin
darısqal sinif otağı və həmin otaqda məndən
ön partada oturan qızın şaxtadan çatlamış əlləri,
mürəkkəbə bulaşmış barmaqları
yadıma düşür. İlk sevgi məktubu
deyəndə də o qızın balaca barmaqları ilə
yazılmış, ana dili kitabının arasında mənə
verdiyi məktubu xatırlayıram. Məktubda da bircə
cümlə: “Bu gün dərsə niyə gecikdin?” Bunun real sevgi ilə nə əlaqəsi var?! Sadəcə, özümüzü
inandırdığımız nağıldır. Amma bizim həyatımızın mənalı
olması üçün o nağıl çox gözəldir.
-
Şeirlərinizə əsasən romantik insan olduğunuzu
düşünürdüm, amma...
- Realist və
praqmatikəm. Amma mən ona görə xoşbəxtəm ki,
günün 24 saatını realist ola
bilmirəm. Ümumiyyətlə, yaradıcı
insanlar ikili həyat sürürlər. Burada
oturub sizinlə söhbət edən insanla yazı masası
arxasındakı Baba Vəziroğlu bir-birindən tamamilə
fərqlənir. Mən indi real həyatdayam,
orada isə günahkar torpaqla əlaqələrimi üzürəm.
Yaradıcılıq prosesində başqa bir aləmə
düşürəm. O aləmdə valideynlərim hələ
sağdır, dünyanın ən gözəl müəllimləri
mənə dərs deyir. Orada daha xoşbəxtəm
və, ən əsası, özüməm. Real həyatda bizi xoşbəxt edəcək
heç nə yoxdur, axı. İş, məişət
qayğıları, problemlər və s.
- Deyirlər
ki, yaradıcı insanlarla ömür sürmək çətindir.
Sizcə də bu belədir?
- Bunu deyənlərin
yaradıcı insanların həyat mətbəxindən xəbəri
yoxdur. Məsələn, şair ancaq iş prosesində
yaradıcılıqla məşğuldur. Qalan bütün
zamanlarda həm də ərdir, valideyndir, hətta millət vəkilidir,
nazirdir, haradasa müəllimdir, həkimdir... Yəni
o da hamı kimi bu cəmiyyətin bir üzvüdür. Əslində, yaradıcı insanlar ailədə
çox sakit olurlar. Onlar xırda məişət
detallarına varmazlar, çox qayğı tələb etməzlər.
Məişət üstünlüklərindən
özünü göstərmək üçün istifadə
etməzlər, əksər hallarda dəb, geyim həvəskarı
olmazlar. Çünki dərk edirlər ki, bir insan digərindən
yalnız elminə, savadına görə üstün ola bilər.
- Deyirlər
ki, qadınlar qulaqları ilə sevirlər. Bu
baxımdan, söz ustası olanların qadınlarını
daha şanslı saymaq olarmı?
- İlkin mərhələdə şanslı
sayılırlar. Qadınlar romantikaya daha çox meyillidirlər
və buna görə həmin dövrdə affekt vəziyyətə
düşürlər. Həm də birdən-birə
hamının tanıdığı, sevdiyi insanla ailə
qurduqları üçün heyranlıq hissləri olur.
Sonradan isə hər şey adiləşir.
Hamıda olduğu kimi. Kobud
səslənsə də, “məhəbbətin ömrü
nikah masasının kandarına kimidir” fikrində həqiqət
var. Çünki tədricən məişət
qayğıları, gündəlik problemlər insanı
romantikadan da, heyranlıqdan da, qəribə ovqatdan da
ayırır.
- Müsahibələrinizdən
birində qeyd edirsiniz ki, qadının missiyası öz
ocağını qoruması və övlad yetişdirməsidir.
Bu fikrinizlə əks cinsin nümayəndələrini
özünüzdən narazı salmırsınız ki?
- Qətiyyən.
Mən təbiətin əzəl yaradılış prinsiplərinə
dayanaraq deyirəm ki, Allah insanı qadın və kişi olaraq yaradıb və hərəsinin
öz missiyasını müəyyənləşdirib. Min illər keçməsinə baxmayaraq, yenə o
prinsiplər, əzəli missiyalar olduğu kimi qalır.
Onlar, sadəcə, elmi-texniki inkişaf
hesabına formasını dəyişib. Uşağı
yenə qadın doğur. Buna görə
deyirəm ki, qadın gərək birinci növbədə əzəli
missiyasını yerinə yetirsin, sonra istədiyini etsin.
İstər millət vəkili olsun, istərsə
də müğənni. Amma “mən filan
yerdə işləyirəm, filan vəzifədəyəm”
deyib, uşağına baxmırsa, tərbiyəsi ilə məşğul
olmursa və buna bəraət qazandırırsa, bu,
bağışlanmazdır. Əgər
qadının işləməsi və özünə vaxt
ayırması övladının tərbiyəsinə,
ocağının yanmasına zərər gətirmirsə,
onda bunu etmək olar. Əsas
missiyasını unudaraq həyatını sürən
qadını onun təyinatını yazan Tanrı
bağışlamaz. Hətta bəzi
qadınlarımız kişilərin missiyasını da
öz üzərlərinə götürməyə
çalışırlar. Bu zaman biz təbiətə,
onun qanunlarına asi çıxmış
oluruq. Qadın qadın kimi olanda gözəldir,
kişiyə bənzəyəndə eybəcərləşir.
Bunları nəzərə almayıb, müxtəlif
kampaniyalara, konyunkturlara uyan insanları sevmirəm.
Mən bunları nəzərdə tutub o fikri demişəm. Yoxsa, illərdir
qadınları vəsf edən adam necə
başqa cür düşünə bilər?!
-
Bağışlamağı bacarırsınız?
- Bu suala
birmənalı cavab vermək mümkün deyil. Elə şeylər var ki, bağışlayarsan.
O şeyləri Allah da bağışlayar. Amma
elə şeylər var ki, onları nə Allah, nə bəndə
bağışlayar. İnsan təməl
prinsiplərə - əqidəyə, Vətənə,
yaradana, özünə xəyanət edən adamı necə
bağışlaya bilər? Mümkün
deyil. Məncə Allah da Vətənini
satanı, yolunu azanı, əqidəsini hər gün dəyişəni
sevmir, bağışlamır. Mən də
bağışlamaram. Əgər hər
şeyi bağışlasan, görməzdən gəlsən,
heç bir insani dəyər qalmaz.
- Bir az da ata Baba Vəziroğludan danışaq...
- İki böyük qızım, iki qız nəvəm
və ikinci sinfə gedən oğlum var. Qızlarımdan biri
ailəlidir, o biri Türkiyədə yaşayır. Qayğıkeş
ata olduğumu düşünürəm və mən də o
fikirdəyəm ki, qızlar atalarını daha çox sevirlər.
Bəlkə də oğlum yanımda
yaşadığı üçün, bəlkə də
yaşının azlığından atanın necə
böyük sərvət olduğunu dərk etmir. Mən
bu yaşımda da atasızlığı hiss edirəm. Ədəbi təxəllüs kimi atamın
adını götürmüşəm ki, heç olmasa, mənim
üçün etdiklərinin cüzi bir hissəsini
qaytarım. Onun adı gündə bir neçə
dəfə xoş məramla səslənsin. Həyatımın məramı iki adı
doğrultmaqdır. Müqəddəs Baba
dağının adını, bir də atamın. Çox ucalda bilməsəm də, heç olmasa
yaşatmağa çalışıram.
-
Atanın böyük sərvət olduğunu dediniz. Bu sərvəti övladlarınız
üçün uzun illər qorumaq, yaşatmaq naminə
sağlamlığınıza diqqət edirsinizmi?
-
Doğrusu, sağlamlığımla bağlı ciddi
şikayətim yoxdur. Ümumiyyətlə, elə
insanlar var ki, nə vaxt hal-əhval tutsan, deyir
“ağrıyıram, ölürəm”. Hətta
bəziləri həkimə ona görə gedir ki, onda xəstəlik
tapsın. Bu cür vasvasılıq bir
şey deyil. Mən belə insan deyiləm.
Bu, pessimist adamların işidir. Amma sağlamlığıma qarşı biganə də
deyiləm. Nə gəldi yemirəm. Xaraktercə təbii insan olduğum üçün
qadının da, heyvanın da, qidanın da təbiisini sevirəm.
Məsələn, nə qədər heyvansevər
olsam da, şəhər itlərini xoşlamıram. İsmayıllıda bağ evimdəki heç bir təlimi,
bicliyi olmayan, doğmalarına mehribanlıq göstərən,
yad adamlara hürən iti sevirəm. İnsan
da süni oldusa, onunla ikinci dəfə görüşməyi
arzulamıram. Riyakar adamlarla oturub-durmuram.
Ondansa kitab oxuyaram. Ona görə
də dar çevrəm var.
Qidanın da təbiisinə üstünlük verirəm. İndiyədək
mağazada hazır satılan heç bir şirniyyatı yeməmişəm,
qablaşdırılan suları qəbul etməmişəm.
Ancaq bulaq suyu içirəm. Bunu prinsipial olaraq etmirəm. Xislətimdə
təbiilik var deyə, süni heç nə məni çəkmir.
Bir də qırmızı əti, təbii
dadlı yeməkləri çox sevirəm.
Bəlkə də bu səbəbdən ruhumu, mənəviyyatımı,
orqanizmimi sağlam saxlamağı bacarmışam.
- Bəs,
zərərli vərdişləriniz varmı?
-
Heç bir zərərli vərdişin aludəçisi deyiləm.
Düzdür, gənclik illərində çox
siqaret çəkirdim, amma sonra atdım. O dövrdə
içkini də bir az artıq
içirdim. Çevrəm elə idi ki, istər-istəməz
oyunun qaydalarına uyurdum. Sonra işlədikcə,
onlardan uzaqlaşdım. Hərdən yaxşı
məclis olanda siqar çəkirəm. Sükan
arxasındayamsa, heç vaxt, adi vaxtlarda isə həddini bilərək
içirəm.
- Sonda həkimlərə
arzularınız...
- Həkimlər
mənim dostlarımdır. Onlarla ünsiyyətdə
olmağı, söhbət etməyi xoşlayıram, amma
pasiyentləri olmağı yox. Həkimlərə
də arzulayıram ki, heç vaxt bir-birlərinin pasiyenti
olmasınlar.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti 2017.- 30 sentyabr.- S.10-11.