Azərbaycan Respublikasında icbari tibbi
sığortanın tətbiqinin təmin edilməsi ilə
bağlı bir sıra tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır.
Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ölkədə icbari
tibbi sığortanın tətbiqi və
idarəetmə sisteminin
formalaşdırılması məqsədilə qanunvericilik bazası
formalaşdırılmış, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli
Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş
rayonlarının inzibati ərazilərində
icbari tibbi
sığortanın tətbiqi pilot
layihə olaraq həyata keçirilməyə
başlamışdır. Layihə çərçivəsində
icbari tibbi
sığortanın baza zərfinə daxil olan tibbi
xidmətlərin siyahısı və tarifləri təsdiq edilmiş, icbari tibbi sığortanın tətbiqinin
üstünlükləri və əhəmiyyəti barədə
əhalidə əyani təsəvvür
yaranmışdır. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud
əməkhaqlarına müəyyən olunmuş
əlavələr həkimlərin və digər səhiyyə
işçilərinin sosial
rifahının yüksəldilməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, ölkədə tibbi
xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə
uyğunlaşdırmaq, habelə bu sahənin
mövcud maliyyələşmə
mexanizmlərini yeni iqtisadi
əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin
artırılmasına nail olmaq,
tibbi yardımın keyfiyyətinə,
pasiyentlərin hüquqlarının qorunmasına nəzarət
mexanizmlərini təkmilləşdirmək və əhalinin
sağlamlığının etibarlı qorunmasını təmin
etmək məqsədilə qərara alıram:
1.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxsi (bundan sonra – TƏBİB)
yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini
həyata keçirsin.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.
3. Müəyyən edilsin ki:
3.1. TƏBİB bu Fərmanın
2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən
dövlət səhiyyə sisteminə daxil
olan tibb müəssisələrinin
idarə edilməsini və bu sahədə
nəzarəti həyata keçirir;
3.2. bu Fərmanın
2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən
dövlət səhiyyə sisteminə daxil
olan tibb müəssisələrinə
münasibətdə vahid tənzimləməni
İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi
həyata keçirir;
3.3. TƏBİB-in saxlanması və
fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən
ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən
işlərdən, göstərilən xidmətlərdən əldə
edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən
edilmiş digər mənbələrdən
daxil olan vəsait
hesabına həyata keçirilir;
3.4. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə
Heyəti həyata keçirir;
3.5. TƏBİB-in İdarə Heyətinin sədrini
və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə
təyin və vəzifədən azad edir;
3.6.
bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq
TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə
sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin
səlahiyyətlərini (o cümlədən “Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikası
Qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi
şəxsin nizamnaməsinin təsdiq edilməsini)
TƏBİB həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirsin və həmin işləri əlaqələndirsin, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmanın
2-ci hissəsi nəzərə alınmaqla, TƏBİB-in
tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb
müəssisələrinin siyahısını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
5.5. bu Fərmanın 6.5.1 – 6.5.4-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə müvafiq kömək göstərilməsini, o cümlədən qeyd olunan məsələlərlə bağlı onların müraciəti əsasında zəruri maliyyələşməni, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir mənbədən satınalma metoduna əsaslanmaqla təmin etsin;
5.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını bir ay müddətində təmin etsin;
5.7. bu Fərmandan irəli
gələn digər məsələləri həll etsin.
6. İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi:
6.1. bir ay
müddətində:
6.1.1. TƏBİB-in
nizamnaməsini təsdiq
etsin;
6.1.2.
TƏBİB-in strukturunu təsdiq
etsin;
6.2.
TƏBİB-in dövlət qeydiyyatına alınması
üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
müraciət etsin;
6.3. beynəlxalq təcrübə
nəzərə alınmaqla,
bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə
verilən dövlət
səhiyyə sisteminə
daxil olan tibb müəssisələrinin
idarə edilməsinin
təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması,
habelə daha səmərəli idarəetmə
üsullarının tətbiq
edilməsi ilə bağlı təkliflərini
və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq icbari tibbi sığorta
fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan
şəxslərə tibbi
xidmətlərin həmin
fondun vəsaiti hesabına göstərilməsini
təmin etsin;
6.5.
2020-ci ildən etibarən
icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının
bütün ərazisində
tətbiqinə imkan verəcək hazırlıq
işlərini, o cümlədən
aşağıdakıları təmin edən, lakin bunlarla məhdudlaşmayan tədbirlər
görsün:
6.5.1. icbari tibbi
sığortanın məlumat
bazasının yaradılmasını
və bütün ölkə üzrə dövlət səhiyyə
sisteminə daxil olan tibb müəssisələrinin
həmin məlumat bazasına inteqrasiyasını;
6.5.2. informasiya-kommunikasiya texnologiyalarının
imkanlarından istifadə
etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə
sisteminə daxil olan müəssisələrdə
gəlirlərin və
xərclərin uçotu
da daxil olmaqla, həmin tibb müəssisələrinin
tam idarə edilməsini
təmin edəcək
proqram təminatının
hazırlanmasını (alınmasını)
və geniş tətbiqini;
6.5.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının
icbari tibbi sığortanın tətbiqini
təmin edəcək
hədlərdə Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin informasiya resurslarına inteqrasiyasını
və qarşılıqlı
məlumat mübadiləsinin
tətbiqini;
6.5.4. icbari tibbi
sığortanın tam şəkildə
həyata keçirilməsi
üçün lazım
olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin
tətbiqini;
6.5.5. bu Fərmanın
2-ci hissəsinə uyğun
olaraq TƏBİB-in tabeliyinə
verilən dövlət
səhiyyə sisteminə
daxil olan tibb müəssisələrinin
2020-ci il yanvarın
1-dən etibarən fəaliyyətinin
təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsini;
6.5.6. icbari tibbi
sığorta çərçivəsində
göstərilən xidmətlər
zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilməsini;
6.5.7.
TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə
işləyəcək tibb
işçilərinin işə
qəbulu qaydasına dair təkliflərin Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi ilə birlikdə hazırlanaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim
edilməsini;
6.6. bu Fərmanın
6.5.1 – 6.5.5-ci yarımbəndlərində
nəzərdə tutulan
tədbirlərin icrası
ilə bağlı Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
6.7. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
7. Mərkəzi və yerli icra hakimiyyəti
orqanları, dövlətin
adından yaradılan
publik hüquqi şəxslər və səhmlərinin (paylarının)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə
TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini
təmin etsinlər.
8. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Azərbaycan Respublikasının Vergilər
Nazirliyi bu Fərmandan irəli gələn məsələləri
həll etsinlər.
9. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
10. Bu Fərmanın 2-ci hissəsi
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2018-ci il.
Tibb qəzeti 2018.- 30 dekabr.- S.2-3.