Milli səhiyyə: çətin yolun başlanğıcı

 

1918-ci il mayın 28-i... Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikası) İstiqlal Bəyannaməsi elan olunub. İyunun 16-da isə hökumət Gəncəyə köçüb və ayın 21-də Azərbaycan Respublikasının dövlət bayrağı haqqında qərar qəbul edilib. İlk vaxtlar qırmızı, üzərində ağ rəngli səkkizguşəli ulduzaypara təsviri olan bayraq, noyabrın 9-da üçrəngli, səkkizguşəli ulduzaypara təsviri olan dövlət bayrağımız kimi təsdiqlənib. Beləliklə, xalqımızın həyatının ən unudulmaz səhifələrini təşkil edən istiqlal günləri başlanıb.

Milli hökumətin verdiyi ilk qərarlarından biri də həmin il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri vəzifəsinə Xarkov Universitetinin Tibb fakültəsinin məzunu, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib.

1918-ci ildə “Azərbaycan” qəzetinin nömrələrindən birində yazılmışdı: “Şəhər tibb-sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb”.

Nazirlik öz fəaliyyətinə belə çətin şəraitdə başlayıb. Həmin illərdə səhiyyənin vəziyyəti olduqca bərbad idi. Mövcud müalicə ocaqlarının əksəriyyətində avadanlıqlar çatışmırdı, sukanalizasiya sistemləri sıradan çıxmışdı, binalarda təcili təmir işlərinə kəskin ehtiyac duyulurdu.

Yeni yaranan nazirlik şəhər və məhkəmə tibbi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələrindən ibarət olub. Nazirliyin fəaliyyətə başlaması ilə ölkədə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilib, yeni xəstəxanalar, tibb məntəqələri açılıb, dərman anbarları, laboratoriya binaları tikilib, lazımi avadanlıqlar alınıb.

Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin inkişafını sürətləndirmək üçün tədbirlər görülüb. Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün planlar hazırlanıb, qərarlar qəbul edilib. 1918-ci ildə hökumət “Ana və uşaqların sağlamlığının mühafizəsi haqqında” qərar qəbul edib. Bununla yanaşı, həmin illərdə Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, onların ixtisaslı kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində olub.

ADR hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən birimilli tibbi kadrların hazırlanması idi. Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) təsis olunması haqqında qərar qəbul edib. Universitet Tarix-filologiyaTibb fakültələrindən ibarət olub. BDU-nun ilk rektoru, görkəmli cərrah, professor Vasili RazumovskiTibb fakültəsinin ilk dekanı professor İvan Şirokoqorovun səyi ilə ölkədə olan ən yaxşı tibb kadrları universitetdə işləməyə cəlb edilib. 1920-ci ildə universitetdə Ümumi cərrahlıq və Əczaçılıq kafedraları yaradılıb.

Həmin illərdə hökumət ölkənin ən müxtəlif sahələr üzrə kadr ehtiyacını nəzərə alaraq 100 tələbəni xarici ölkələrdə dövlət hesabına təhsil almağa göndərib. Onların arasında 6 tələbə həkim kadrlarına olan ehtiyacı ödəmək üçün Almaniya, Fransa və İngiltərədə təhsil alıb.

Arxiv sənədlərindən əldə olunan məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərib və onların ştatları 1 həkim, 2 feldşer, 1 mamaça və çiçəyə qarşı peyvənd edən 1 işçidən ibarət olub. Kəndlərdə pulsuz olaraq ambulator xidmət göstərilib. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitalizasiyası, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olub. O vaxtlar ölkə əhalisinin hər 75 min nəfərinə cəmi 1 ixtisaslı həkim düşürdü. Parlament bu vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkəsini genişləndirmək, bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul edib, bunun üçün 43 321 950 manat vəsait ayırıb. Həmin qərara əsasən, Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulub. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biri olduğuna görə, nazirliyinin Əczaçılıq şöbəsi dərman preparatlarının alınması ilə məşğul olub.

Həmin illərdə əksər bölgələrdə səhiyyə infrastrukturu yaradılıb və fəaliyyəti qaydaya salınıb, Bakı, Gəncə, Şuşa, Lənkəran şəhərlərində pulsuz dövlət xəstəxanaları açılıb. Şuşa şəhər xəstəxanası üçün 1 746 400 manat vəsait ayrılıb, bunun hesabına xəstəxanalar genişləndirilib, çarpayıların sayı 40-dan 100-ə çatdırılıb. Gəncə quberniyasının Ərəş qəzasının AğdaşXaldan kəndlərində xəstəxanalar, Qocalı və Qayabaşı kəndlərində tibb məntəqələri təşkil edilib. Bir qədər sonra ermənilərin dağıtdığı həmin məntəqə Yuxarı Qarxun kəndinə köçürülüb. Ləki stansiyasında xəstəxana təşkil edilib, malyariyanın ən çox yayıldığı Pirqulu zonasındakı Kotavan kəndində isə feldşer məntəqəsi açılıb. Cəbrayıl qəzasının Qaryagin, Horadiz və Cəbrayıl kəndlərində xəstəxana və onların nəzdində feldşer məntəqələri yaradılıb. Daşkəsən, Böyük Bəhmənli və Sultanlı kəndlərində də səhiyyə müəssisələri açılması barədə qərar çıxarılıb. Cavanşir qəzasının Bərdə və Tərtər kəndlərində xəstəxanalar, Vəng və Kəlbəcər kəndlərində həkim məntəqələri təşkil edilib.

1920-ci ildə tibbi xidməti yaxşılaşdırmaq üçün Lənkəran İctimai İdarəsinə 781,5 min manat, 15 çarpayılıq xəstəxana üçün Quba İctimai İdarəsinə 300 manat vəsait ayrılıb. Ümumiyyətlə, səhiyyə problemlərinin aradan qaldırılması üçün 7 083 500 manat ayrılıb, onun 3 576 558 manatı epidemiyalarla mübarizə tədbirlərinə sərf olunub. Həmin il Qızıl Aypara Cəmiyyəti yaradılıb, mama-ginekologiya, sinirruhi xəstəliklər, eləcə də burun-boğaz-qulaq xəstəlikləri klinikaları açılıb.

Bakıda dövlət aptekionun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunub. Səhiyyə ocaqlarının dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil edilib. Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlayaraq xəstələrə pulsuz xidmət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti özünün 23 aylıq fəaliyyəti dövründə səhiyyə sahəsində çox böyük işlər görüb, əhalinin sağlamlığı, yoluxucu xəstəliklərdən xilas olması üçün çox ciddi tədbirlər həyata keçirib və sonrakı illərdə gerçəkləşdirilən bir sıra işlərin bünövrəsini qoyub.

 

Tibb qəzeti  2018.- 31 mart.- S.11.