Xudadat
bəy Rəfibəyli – 140
Azərbaycanın milli istiqlal
mücadiləsi fədailərindən biri olan Xudadat Ələkbər
oğlu Rəfibəyli peşəkar cərrah, savadlı
terapevt, müdrik, humanist insan idi. Turan bayrağının
tarixi türk torpaqları üzərində
dalğalanacağına inanan Xudadat bəy vətənpərvər
ziyalı kimi, təqiblərdən, həbslərdən,
sürgünlərdən qorxmadan mənsub olduğu millətin
səadəti uğrunda çalışır, Azərbaycanın
azadlığa qovuşmasını müqəddəs amal
sayırdı.
İlk təhsilini Gəncə
gimnaziyasında alan Xudadat bəy sonra Xarkov İmperator
Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1904-cü
ildə oranı bitirərək həmin universitetin
klinikasının Cərrahiyyə şöbəsində 3 il
ordinator işləmişdi. Sonra doğma yurdu Gəncəyə
qayıtmış, burada həkimliklə məşğul
olmuş, 6 saylı Gəncə Şəhər Xəstəxanasına
baş həkim təyin edilmişdi.
Həmin dövrdə ölkənin
digər bölgələri kimi, Gəncədə də həkim
çatışmırdı. Xudadat bəy gecə-gündüz
xəstəxanada olur, bəzən evə getməyə vaxt
tapmasa da, “yoruldum” demir, xəstələri naümid yola
salmırdı. O, kasıb xəstələri nəinki təmənnasız
müalicə edirdi, bəzən imkanı olmayan pasiyentlərə
dərman pulu da verirdi. Buna görə də qısa müddətdə
Xudadat bəy tək Gəncəbasarda yox, ölkənin hər
yerində məşhurlaşmışdı. Tək xəstələr
deyil, digər dərdi olanlar da Xudadat bəyin yanına gəlir,
problemlərinin həllinə kömək istəyirdilər. O
da insanların dərdlərini yuxarı orqanlara
çatdırır, xalq arasındakı nüfuzundan istifadə
edərək şikayətlərin müsbət həllinə
nail olurdu.
Xudadat bəy əhalini maarifləndirmək,
milli vətənpərvərlik ruhunu formalaşdırmaq məqsədi
ilə dövrün müxtəlif qəzet və
jurnallarında elmi-publisist məqalələr də
yazırdı.
1914-cü ildə Xudadat bəy
tanınmış ictimai xadim Həsən bəy Ağayevlə
birlikdə Gəncə Tibb Cəmiyyətini təsis edir və
onun ilk sədri olur. Cəmiyyətin əsas vəzifəsi I
Dünya müharibəsi dövründə kasıblara,
Rusiyanın işğalçılıq siyasəti və ermənilərin
Anadoluda həyata keçirdikləri kütləvi
qırğınlar nəticəsində yurdundan didərgin
düşən minlərlə insana, xüsusilə
uşaqlara pulsuz tibbi yardım göstərmək, aclıq və
xəstəlikdən əziyyət çəkən yüzlərlə
şəxsin həyatını xilas etmək idi.
Gəncə və Gəncəbasar
camaatı Xudadat bəyi daha yuxarı vəzifədə
görmək istəyir, ona yerli əhalini problemlərdən
xilas edəcək, bölgədə
özbaşınalığa son qoyacaq dövlət xadimi kimi
baxırdılar. O da öz növbəsində əhali
arasındakı nüfuzundan istifadə edərək, milli
azadlıq ideyaları yayır, Azərbaycanın müstəqil
olacağını dönə-dönə
vurğulayırdı.
1917-ci ilin noyabrında Bakıda
daşnak Şaumyanın başçılıq etdiyi
bolşeviklər hakimiyyəti ələ alanda və hər yerdə
müsəlmanların qətlinə hazırlıq görəndə
X.Rəfibəyli hadisələrin təhlükəli istiqamətdə
inkişaf etdiyini və bolşevik-daşnak quldur dəstələrinin
kütləvi şəkildə müsəlman-türk qətliamına
hazırlaşdığını anlayır, bunun
qarşısını almaq məqsədilə Gəncəbasar
zonasında əhalinin silahlandırılması
üçün işlər görür. Öz
adamlarını kəndlərə göndərərək,
onlara gözlənilən bolşevik-daşnak hücumuna
hazır olmaları və bu məqsədlə silahlı dəstələr
yaratmaları barədə tövsiyələr verir. 1918-ci il
martın sonlarında Bakıda, Şamaxıda, Qubada, Salyanda və
s. qətliamlar törədən, bolşevik cildinə
girmiş daşnaklar Xudadat bəy və digərlərinin səyi
nəticəsində Gəncədə belə
qırğınlar həyata keçirə bilmirlər.
1918-ci il mayın 28-də Tiflisdə
Azərbaycanın müstəqilliyinin elan edilməsini, xalqın
digər vətənpərvər ziyalıları kimi, X.Rəfibəyli
də böyük sevinclə qarşılayır. O hər
hansı göstəriş gözləmədən, dərhal
müstəqilliyimizin möhkəmləndirilməsi və hərbi
tibbi kadrların təşkili ilə bağlı işlər
görür. Xudadat bəyin ən böyük xidmətlərindən
biri də Azərbaycana köməyə gələn Qafqaz
İslam Ordusunun əsgərlərinə və
döyüşlərdə yaralananlara tibbi xidmət göstərmək
üçün tanıdığı kadrlardan xüsusi
qruplar yaradıb orduya göndərməsi olur. Həmin
dövrdə özü də dəfələrlə Qafqaz
İslam Ordusundakı tibbi xidmət qrupunun tərkibinə
qatılır, yaralı əsgərlərin həyatını
xilas edir.
AXC qurulduqdan sonra Xudadat bəy Rəfibəyli müstəqil
dövlət quruculuğunda fəal iştirak edir. Xalqına əvəzsiz
xidmətləri nəzərə alınaraq, o, Cümhuriyyətin
ilk hökumətində səhiyyə və sosial təminat
naziri vəzifəsinə təyin olunur. X.Rəfibəyli yeni
səhiyyə ocaqlarının yaradılmasına, həmin
dövrdə tüğyan edən yoluxucu xəstəliklərin
aradan qaldırılmasına böyük əmək sərf
edir. Bunun üçün bir çox yerlərdə,
xüsusilə yoluxucu xəstəliklərin geniş
yayıldığı rayonlarda pulsuz xəstəxanalar,
feldşer məntəqələri açır, onların
kadrlarla və dərmanlarla təchiz edilməsi
üçün çalışır, Gəncə
yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə
stansiyanın yaradılmasına nail olur. Eyni zamanda, yeni yaranan
müstəqil ordunun tibbi kadrlarla təmin edilməsi
üçün Xudadat bəyin göstərişi ilə
çoxsaylı tədbirlər həyata keçirilir, yeni
hospitallar, səyyar hərbi tibb məntəqələri təşkil
olunur, xaricdən preparatlar, tibbi ləvazimatlar alınır.
Xudadat bəy AXC-nin I və II
kabinetlərində səhiyyə və sosial təminat naziri vəzifəsini
uğurla həyata keçirir. 1918-ci ilin dekabrında Xoyski
hökuməti istefa verdikdən sonra X.Rəfibəyli səhiyyə
və sosial təminat naziri vəzifəsini tərk edir, Gəncəyə
qayıdır. Bu qayıdış xalq arasında böyük
sevinclə qarşılanır. Çünki 1918-1919-cu illərdə
Gəncə və Gəncəbasar zonasında
özbaşınalıq hökm sürürdü. Yeni qurulan
dövlətin hələ lazımi qədər möhkəmlənməməsindən
istifadə edən bəzi qüvvələr silahlı dəstələr
yaradaraq yerlərdə ağalıq edirdilər. Bunun
qarşısını alacaq, xalqın problemlərini həll
edəcək, quldur dəstələrinin
özbaşınalığına son qoyacaq iradəli, qətiyyətli
rəhbər isə məhz Xudadat bəy Rəfibəyli idi.
Beləliklə, o, Gəncə general-qubernatoru təyin edilir.
Məsul vəzifədə
olmasına və işinin çoxluğuna baxmayaraq, Xudadat bəy
həkimlik fəaliyyətini də davam etdirirdi. O,
günün birinci yarısında xəstələri
müalicə edir, günortadan sonra isə quberniyanın
problemlərinin həlli ilə məşğul olurdu: “Mən
həkiməm və vəzifəm xəstələri
müalicə etməkdir. Amma indi qarşımda daha
böyük vəzifə durur. Bu da bölgədə əmin-amanlığı,
haqqı və ədaləti bərpa etmək, insanların
dinc və sakit yaşayışına nail olmaq, onlarda dövlətimizə
qarşı inam yaratmaqdır”.
X.Rəfibəyli tezliklə
bölgədə sabitliyin təmin edilməsinə yönələn
bir sıra tədbirlər həyata keçirir. Nəticədə,
qısa müddətdə Gəncə və Gəncəbasar
zonası əhaliyə qarşı zorakılıq edən
silahlı quldur dəstələrindən təmizlənir,
bölgədə əmin-amanlıq bərpa olunur. O, vəzifəsindən
sui-istifadə edən məmurları və hüquq-mühafizə
orqanları əməkdaşlarını da cəzalandırır.
Beləliklə, əhalinin hüquq-mühafizə
orqanlarına və müstəqil dövlətimizə
inamı artır. Xudadat bəy Gəncədə və ətraf
rayonlarda yeni fabrik-zavodlar, məktəblər, xəstəxanalar
açmaq, böyük yenidənqurma işləri aparmaq istəyirdi
və bu məqsədlə xüsusi plan da
hazırlamışdı. Bu arzular gerçəkləşsəydi,
Gəncə yenidən Azərbaycanın ən inkişaf
etmiş şəhərlərindən biri olacaqdı. Amma
1920-ci ilin əvvəllərindən başlayaraq, bolşevik
Rusiyasının Azərbaycanı işğal etmək
üçün hərəkətə keçməsi
qeneral-qubernatora öz planlarını həyata keçirməyə
imkan vermədi. Belə ki, bolşeviklər paytaxt Bakıda, Gəncədə
və digər yerlərdə Rusiyanın nökərləri
kimi çıxış edən pozucu qüvvələrdən
istifadə etməyə başladılar.
X.Rəfibəyli Gəncədə
əmin-amanlığı bərpa etmək, bolşevik nökəri
olan və erməni daşnakları ilə birlikdə
Cümhuriyyətə arxadan zərbə vurmaq istəyən
yerli satqınların iç üzünü açmaq
üçün mübarizə aparır, əhali arasında
təbliğatı gücləndirir. Amma onun və digərlərinin
demokratik respublikanı qorumaq üçün göstərdiyi
cəhdlərə baxmayaraq, Azərbaycanın başı
üzərindən qara buludlar çəkilmir. 1920-ci il aprelin
27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı
işğal edirlər. Aprelin 29-da Qırmızı ordu hissələri
ərazilərimizi zəbt edə-edə Gəncəyə
doğru irəliləməyə başlayır. Belə vəziyyətdə
Gəncənin taleyi artıq bəlli idi. Dinc insanların
öldürülməməsi və Qırmızı ordu əsgərlərinin
əllərinə şəhərdə kütləvi qətliamlar
törətməyə bəhanə verməmək
üçün Xudadat bəy uzaqgörən addım
atır. O, aprel ayının 30-da tutduğu vəzifədən
istefa verir. Xudadat bəyin qubernator kimi imzaladığı
axırıncı sənəd onunla birlikdə işləmiş
adamların hamısına etdiyi müraciəti idi. Bu
müraciətdə deyilirdi: “Bir ilə yaxın müddətdə
Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin
oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının
qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin
qulluqçuları onlara həvalə olunmuş vəzifələri
vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və
əmin-amanlıq yaratmaq işində mənə kömək
etmək üçün var qüvvələrini əsirgəməmişlər.
Ona görə də qubernator vəzifəsini tərk edərkən
adlarını saydığım idarələrin
qulluqçularına çəkdikləri zəhmətlərə
və qeyrətlə işlədiklərinə görə səmimi
minnətdarlıq etməyi özümə mənəvi borc
bilirəm və ümidvaram ki, onlar Azərbaycan
Respublikasının tərəqqisi və çiçəklənməsi
naminə öz vəzifələrini bundan sonra da vicdanla və
səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.
Xudadat bəy şəhəri tərk
etmək, həkimlik fəaliyyətini davam etdirmək niyyətində
idi. Qırmızı ordu hissələri Gəncəyə
daxil olandan bir neçə gün sonra şəhərdəki
ermənilər azərbaycanlılara qarşı fəallaşdılar.
Onlar şəhərdəki azərbaycanlıların və
milli ordu hissələrinin guya Qırmızı orduya
qarşı təxribata hazırlaşması haqqında
Bakıya məlumat verdilər. Eyni zamanda, XI Ordu
komandanlığında bu işin başında Xudadat bəyin
dayanması, onun general-qubernator olduğu vaxt bolşevik tərəfdarlarına
qarşı sərt tədbirlər həyata keçirməsi,
erməni qırğınında iştirak etməsi barədə
rəy formalaşdırdılar. Nəticədə, Gəncədəki
Qırmızı ordu komandanlığı Xudadat bəyin həbs
üçün bəhanə axtarmağa başlayır. Ermənilər
Qırmızı ordu komandanlığına Xudadat bəyin
bolşeviklərə qarşı üsyan hazırlaması
barədə məlumat verirlər və o, 1920-ci il mayın
12-də həbs edilir. Onu silahlı əsgərlərin nəzarəti
altında Gəncədən Bakıya aparmaq qərarına gəlirlər.
Bu hadisə Gəncə camaatını ayağa
qaldırır, minlərlə əhali küçələrə,
dəmiryol stansiyasına axışır. Xudadat bəy
üç nəfər silahlı əsgərin müşayiəti
ilə qatara minmək üçün dəmiryol
vağzalına gətirilir.
O həmişəki kimi qamətini
dik tutmuş və qürurlu görkəmini
saxlamışdı. Şahidlərin sözlərinə
görə, kimsə ona pul uzatmış, o isə əlləri
ilə rədd etmişdi. Həmin vaxt Xudadat bəyi azad etmək
üçün Şəmkirdən Gəncəyə
doğru 500 nəfər silahlı dəstə gəlirdi. Ancaq
Xudadat bəy buna ehtiyac olmadığını demişdi. O,
günahsız olduğunu bilirdi və haqqını müdafiə
edəcəyinə əmin idi...
Bolşeviklər Xudadat bəyi
erməni kəndlərinin yandırılması və yerli əhaliyə
divan tutması iddiası ilə mühakimə edirlər.
Xudadat bəy bu iftiranı rədd edir. Amma ona nə
özünü müdafiə etməyə, nə də son
sözünü deməyə imkan vermirlər. Çünki
bu işi düzüb-qoşan, əvvəlcə daşnaklara
xidmət edən, sonra isə bolşeviklərin tərəfinə
keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan
xalqının görkəmli şəxsiyyətlərindən
birini aradan götürtmək idi. Saxta ittihamla Xudadat bəyi
mühakimə etdilər və iyunun 1-də onu gizlicə Xəzər
dənizindəki adalardan birinə apararaq güllələdilər.
Gəncə üsyanı Xudadat
bəyə görə başladı. Xudadat bəy Rəfibəylinin
həbsi Gəncədə üsyan üçün siqnal oldu.
Bununla əlaqədar tarixçi alim Nəsiman Yaqublu “Azərbaycan
legionerləri” adlı kitabında yazır: “1920-ci il mayın
ortalarından başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi
və Qızıl ordu hissələri ilə əhali
arasında toqquşma baş verəcəyi gözlənilirdi.
Vəziyyəti gərginləşdirən və Gəncə
üsyanının başlamasına səbəb olan amillərdən
biri də Xudadat bəyin bolşeviklər tərəfindən
həbs edilməsi idi. X.Rəfibəylinin istintaq işini ermənilər
aparmışdı. Bu hadisədən bir neçə gün
sonra, mayın 25-dən 26-na keçən gecə üsyan
başlamışdı. Gəncə üsyanına
başçılıq edən, Azərbaycan milli ordusunun
keçmiş 3-cü piyada Gəncə polkunun komandiri,
sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin
yanvarında isə sovet KQB-sinin göndərdiyi bir xanım tərəfindən
Almaniyada zəhər verilərək öldürülən məşhur
albay Cahangir Kazımoğlu da xatirələrində
üsyanın başlanmasına X.Rəfibəylinin həbsinin
səbəb olduğunu göstərirdi”.
Həmin ağır günlər
haqqında Rəfibəylilər nəslinin tədqiqatçısı,
tanınmış alim Rafael Hüseynov belə yazır:
“...Sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən
sərt repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə
yolladı, güllələdi. Gözlədi ki, yeni Rəfibəylilər
yetişsin, sonra eyni bəlaları onların başına gətirdi.
Rəfibəylilərin bir çoxu İrana, Türkiyəyə
mühacirət etdi. Amma şər imperiyasının
caynağından qurtulmuş mühacir Rəfibəylilər
xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər
orada da davam etdi. Rəfibəylilər izi itirmək
üçün Türkiyədə 3 müxtəlif soyadla
ömür sürdülər – Arran, Sayqın, Əsgəran.
Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini
gizlətmək üçün Rəfiyev, Rəfizadə,
Babayev, Kərimov oldular”...
70 il sonra Xudadat bəy Rəfibəylinin
günahı olmadığı təsdiq edildi və ona bəraət
verildi.
Sadatxan
Əliyev
Azərbaycan
Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş
mühafizi
Tibb qəzeti.- 2018.- 31 may.- S.11.