Azərbaycan travmatologiya və
ortopediyası inkişaf edir
“1946-cı ildə
yaranmış Elmi Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutunda (ETTOİ) bir neçə həftə öncə
önəmli tarixi hadisə baş verdi. Burada süni oynaq – Artroplastika və artroskopiya
şöbəsi fəaliyyətə başladı. Əslində, istər institutumuzda, istərsə də
digər klinikalarda indiyə qədər süni oynaq əməliyyatları
icra edilirdi. Ancaq indi xarici istehsal olan
süni oynaqların köçürülməsi əməliyyatları
bu şöbədə Səhiyyə Nazirliyinin nəzarəti
ilə, dövlət hesabına, sistemli şəkildə
aparılır. Hazırda növbəlilik
prinsipi ilə gündə 2-3 əməliyyat həyata
keçiririk”.
Bu haqda bizə müsahibəsində ETTOİ-nin
direktoru, tibb elmləri doktoru İlqar Qasımov məlumat verdi.
- Bütün dünyada olduğu kimi, Azərbaycanda da sümük-oynaq
xəstəlikləri, bud-çanaq və diz
oynaqlarının patologiyaları geniş yayılıb.
Bud-çanaq oynağı probleminin, koksartrozun səbəbləri
arasında genetik meyillilik, artıq çəki, ağır
fiziki iş və s. xüsusi yer tutur. Koksartrozlar
100-ə qədər müxtəlif xəstəliklər zəminində
də yaranır. Bud-çanaq oynağı
displaziyaları, bu oynaqda baş vermiş sınıqlar,
Bexterev xəstəliyi, bud sümüyü başı
avaskulyar nekrozu, oynaq nahiyəsinin infeksiyaları və s. də
səbəb kimi göstərilə bilər.
Şəxsi təcrübəmə əsasən
deyə bilərəm ki, Azərbaycanda birinci yerdə anadangəlmə
displastik koksartrozlar dayanır. Bunun da səbəbi əksər hallarda
ölkəmizin cənub və şimal regionlarında anadangəlmə
bud-çanaq displaziyası və çıxıqların
yüksək faiz olmasıdır. Körpə
doğulandan 1 ay ərzində mütəxəssis tərəfindən
ultrasəs müayinəsi ilə dəqiq erkən diaqnostika
olduqda, onların 80-90 faizində oynağı sadəcə
bandajlar vasitəsilə bərpa etmək mümkündür.
Əgər ağır patologiyadırsa, 3 ay
sonra ultrasəs ilə yanaşı, rentgen müayinəsi də
aparılır. Qalıq
çıxıqlar olarsa, xəstəliyin hansısa əlamətləri
qalarsa, 2-3 yaşda əməliyyat aparılmalı, ciddi
çanaq rekonstruksiyası edilməlidir. Doğrudur,
insanlar bunu bir az təəccüblə
qarşılayırlar, çox zaman razılaşmırlar. Amma, təəssüf ki, müalicə yolu budur.
Nəzərə almaq lazımdır ki,
bud-çanaq oynağının patologiyası kifayət qədər
ciddi problemdir və ona diqqətsiz yanaşmaq olmaz. Gecikmiş diaqnostika
müalicənin məqsədyönlü olmamasına, xroniki
ağrılara və oynağın funksiyalarının əlillik
dərəcəsinədək itirilməsinə gətirib
çıxara bilər. Terapiya vaxtında
başlasa, oynağın məhv olmasının
qarşısını almaq, xəstəliyin
simptomlarını aradan qaldırmaq, yaxud azaltmaq
mümkündür. Ona görə də
uşaqlıq illərindən profilaktikaya
başlanılmalıdır. Vaxtında
aparılmış profilaktika xəstəliyin irəliləməsinin
qarşısını ala və sümük
sağlamlığını uzun müddət qoruya bilər.
Tövsiyələrə riayət edərək
müalicənin erkən başlanması simptomların
böyük bir hissəsini aradan qaldırır. Gec mərhələdə isə hərəkət
qabiliyyətinin bərpası yalnız bud-çanaq
oynağının endoprotezləşdirilməsi əməliyyatı
ilə mümkündür.
- Bəs, bu əməliyyatlar nə zaman həyata
keçirilir?
- Bud-çanaq oynağının ağır dərəcədə
zədələnməsi, travmadan sonrakı artroz, bud
sümüyü başının avaskulyar nekrozu,
bud-çanaq oynağının çıxıq və
sınıqları artroplastika üçün göstərişdir.
Oynaqdakı ağrı keçmədikdə,
gün ərzində hərəkətləri məhdudlaşdıranda,
yerimək, əyilmək çətinləşəndə,
axşam və gecə narahatlıq yaratdıqda, digər
müalicə metodları (dərmanlar, fizioterapiya və s.) nəticə
vermədikdə oynaq süni protezlə əvəz edilir.
Dünyada il ərzində 1 milyon 250
min süni oynaq qoyulur. Bu əməliyyatların
orta hesabla 400 mini Avropada, 400 mini Amerikada icra olunur. Qeyd edim ki, hazırda Avropada “aqressiv” cərrahiyyə
ön plandadır, yəni bu əməliyyatlar xəstəliyin
erkən mərhələsində həyata keçirilir.
Hətta mən xaricdə olanda buna təəccüblənirdim.
Onlar həyatı ağrı ilə yaşamaq
istəmirlər. Bizdə isə pasiyentlər xəstəlik
başlayandan 20 il sonra, son mərhələdə,
ağırlaşma ilə gəlirlər, buna görə cərrah
üçün də problemi aradan qaldırmaq çətinləşir.
Bunun baş verməməsi üçün sadəcə
vaxtında rentgen müayinəsi və düzgün diaqnoz
lazımdır.
Nəzərə alınmalıdır ki,
artroz insan üçün həm tibbi, həm iqtisadi, həm
də sosial problemdir. Ailə
başçısı işə gedə bilmirsə, maaş almırsa, övladına köməyi
dəymirsə, mənəvi cəhətdən də
sarsıntı yaşayır, depressiyaya düşür.
- Süni oynaqların effektivliyi nə dərəcədədir?
- Effektivliyi odur ki, bu əməliyyatla insan normal həyata
qayıdır, ciddi ağrılardan, hərəkətsizlikdən,
dərman içməkdən və s. xilas olur. Əlbəttə,
bu, ciddi əməliyyatdır. Amma artıq
20 ildir ki, Rusiyada, digər xarici ölkələrdə,
hazırda Azərbaycanda süni oynaq əməliyyatları həyata
keçirirəm. Oktyabr ayından indiyədək
briqadamızla birgə 150 əməliyyat aparmışıq.
Əməliyyatın səhəri gün xəstəni
qaldırırıq. Onlar 6 həftə, bəzən
ağır, gecikmiş xəstələr 2 ay əsa ilə,
sonra isə əsasız, rahat gəzirlər.
Amerika statistikasına görə, bud
sümüyünün boynunun sınığı diaqnozu
qoyulan xəstə əməliyyat olunmazsa, yataqda qalarsa, 48 faiz
halda yataq yarası, ağciyərdə durğunluq, ürək
çatışmazlığı, tromboemboliya, tromboz və
s. səbəblərdən vəfat edir. Əməliyyatdan
sonra isə 12 faiz, yəni 4 dəfə az
ölüm hadisəsi olur.
Əhali hərdən 100 faiz zəmanət
istəyir. Amma hər kəs bilməlidir
ki, təbabətdə bu, qəbul olunmazdır, çünki
hər bir əməliyyat kimi, bu əməliyyatların da
öz fəsadları ola bilər.
- Məsələn, necə fəsadlar
ortaya çıxa bilir?
- Bud-çanaq oynağının artroplastikası əməliyyatından
sonra ciddi ağırlaşmalara az rast gəlinir.
Amma ortaya çıxan fəsadlar çoxsaylıdır.
Məsələn, ən çox rast gəlinən
tromboz, tromboemboliyadır. Əməliyyatdan
sonra erkən yeriməyə başlamaqla, hərəkətsiz
qalmamaqla bu riski azaltmaq olar. Digər fəsad protezdən
sonra infeksiya, iltihablaşma ola bilər.
Şəkərli diabet, digər xronik xəstəliklər və
s. bu riski artırır. Ona görə əməliyyat
vaxtı profilaktik antibiotik müalicəsi və digər
xüsusi tədbirlərlə infeksiya təhlükəsi
azaldılır. Total bud-çanaq
oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat
– protezin çıxarılıb müəyyən müddətdən
sonra təkrar yerləşdirilməsi əməliyyatı icra
olunur.
Bundan başqa, yaranın sağalmasında yaranan problemlər,
damar və ya sinir zədələnmələri, protezin, yaxud
onun bəzi parçalarının yerindən
çıxması, protezin özündəki və protez ətrafı
sınıqlar və s. fəsadlara, çox az
da olsa, rast gəlinə bilər.
- Fəsad faizini götürəndə,
dünya statistikası ilə müqayisədə, Azərbaycanda
vəziyyət necədir?
- Yaxşı sualdır. Əslində,
bunun statistikası aparılmalıdır. Amma
mən buna dəqiq cavab verməyə çətinlik çəkirəm.
Onu deyə bilərəm ki, öz xəstələrimin
hamısını izləyirəm. Onlar 6
aydan, 1, 2, 5, 10 ildən sonra təkrar müayinələrə
gəlirlər. Süni oynaqda laxlama, yeyilmə,
irinləmə, süni oynağı bədənin
götürməməsi hallarının
olub-olmadığını yoxlayırıq. Əslində, statistika deyəndə, təkcə rəqəmlər
nəzərdə tutulmamalıdır. Mən
aliməmsə, cərrahamsa, bilməliyəm ki, bu fəsad nəyə
görə baş verir? Bütün
dünyada bu məsələlər belə qoyulur.
Bir şeyi də qəbul etmək
lazımdır ki, fəsad hər yerdə olur. Hətta səhiyyəsi
yüksək inkişaf etmiş, dünyanın ən məşhur
ortopedlərinin, cərrahlarının
çalışdığı Amerikanın özündə
də. İnsanlar möcüzəyə
inanırlar. Amma heç yerdə
möcüzə yoxdur.
- Bu əməliyyatlar əsasən
yaşlı insanlarda həyata keçirilir?
- 16 yaşdan 108 yaşına qədər xəstələrdə
süni oynaq əməliyyatları etmişəm. Amma bud sümüyünün boynunun
sınıqları əksər hallarda yaşlı insanlarda təsadüf
olunur. Ümumiyyətlə, səbəbindən
asılı olmayaraq, etdiyim əməliyyatlarda əsas yaş
həddi 30-dan 75-ə qədərdir.
Onu da qeyd edim ki, bud-çanaq
oynağının patologiyalarına daha çox qadınlarda
rast gəlinir. Məsələn, indiyə qədər həyata
keçirdiyim artroz əməliyyatlarının 80 faizini
qadınlar üzərində aparmışam. Dünya statistikasına görə də belə əməliyyatların
yalnız 20 faizi kişilərin payına düşür.
- Bu gün yeriməyin insan sağlamlığına
faydalı olması ilə bağlı çox
danışılır və yazılır. Bu məsləhət
hansı hallarda nəzərə alınmalıdır?
- Əlbəttə ki, hərəkət, o
cümlədən yerimək sağlamlıq üçün
faydalıdır. Ancaq problem artrozdursa, yeriməyə “stop” deyirik.
Bu zaman oynağın bərpasına kömək
etmək məqsədilə üzmək tövsiyə olunur.
Başqa problemlər zamanı isə yumşaq,
xüsusi idman ayaqqabısı ilə yerimək
faydalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Qadınlarımız
yüksək dabanlı ayaqqabılara çox meyillidirlər.
Bu halda 80 faiz yük pəncənin ön hissəsinə
düşür və bu, deformasiyaya gətirib
çıxarır, baldır əzələsini hipertrofiya
edir, onurğaya mənfi təsir göstərir. Ona görə hündürdaban ayaqqabıda 2-4
saatdan artıq gəzmək düzgün deyil.
Bir də sağlam yaşamaq istəyiriksə,
artıq çəkidən xilas olmalıyıq. Bu, ən ciddi problemdir.
Hər 1 kq artıq çəki oynağa 7 kq əlavə
yükdür. Təsəvvür edin ki, 10
kq arıqlayan insan oynaqlardan 70 kq yük götürür.
- İlqar
müəllim, hazırda travmatologiya və ortopediya sahəsində
ölkəmizdə vəziyyəti necə dəyərləndirirsiniz?
- Məncə, biz keçid mərhələsindəyik.
Son on ildə bu sahədə çox ciddi
işlər görülüb. Ultrasəs
diaqnostikası yüksək inkişaf edib. İnstitutumuzda müasir metodika ilə hər cür
əməliyyatlar həyata keçirilir. Artıq
xarici ölkələrdən qonaqlar gələndə
onları qürurla qəbul edirəm. Bu
gün çox xoşbəxtəm ki, rəhbərlik etdiyim
dövlət müəssisəsində Artroplastika və
artroskopiya şöbəsi açılıb. Ətrafımda
savadlı gənc mütəxəssislərdən ibarət
komanda var. 3-5 il onlar mənə dəstək
olacaq, sonra isə onların öz şagirdləri yetişəcək.
Onu da qeyd edim ki, səhiyyə nazirinin dəstəyi ilə
institutumuzda 1200 kvadrat metrlik müasir əməliyyatxana bloku
yaradılır, bu da ölkə travmatologiya və
ortopediyası üçün böyük addımdır. Bu bloka 6 əməliyyatxana daxildir, onlardan 3-ü
artıq hazırdır. Səhiyyə
naziri bu işin gedişinə şəxsən nəzarət
edir.
Demək olar ki, Bakı şəhərində
travmatologiya və ortopediya sahəsində problem yoxdur. Əslində, 2006-cı ildən
indiyədək rayonlarda da çox ciddi irəliləyiş
var. Yeni, müasir xəstəxanalar, diaqnostika mərkəzləri
tikilib, təchiz olunub. Amma etiraf etməliyik
ki, yüksək ixtisaslı kadrlar çatışmır.
Bu məsələnin həlli isə bir qədər
uzun prosesdir.
Bizim institut bu sahədə bütün
rayonlara nəzarəti həyata keçirir və lazımi dəstək
göstərir. Amma düşünürəm ki, travmatologiya və
ortopediya sahəsində rezidentura keçmiş gənc
kadrların rayonlara getməsi vacibdir. Axı,
niyə xaricdən mütəxəssis gəlib nəsə etməlidir?!
Çox yaxşı gənc həkimlərimiz
var. Onların rayonlarda fəaliyyətinə şərait
yaratmalı, dəstək olmalıyıq. Eyni
zamanda, regionlarda çalışan mütəxəssislərin
təcrübələrini artırmasına kömək etməliyik.
Qeyd edim ki, bir müddət öncə
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji
Konqresini keçirdik. İki günlük tədbirdə türkdilli
ölkələrdən 80-dən çox tanınmış
ortoped və travmatoloq iştirak etdi. Onlarla
danışıqlar zamanı payızda ölkəmizdə
uşaqların bud-çanaq oynağının erkən
diaqnostikası məqsədilə ultrasəs kursları təşkil
etmək barədə razılığa gəldik. Həmin kurslara əsasən rayonlardan mütəxəssisləri
cəlb edəcəyik. Sonra isə
travmatoloq və ortopedlərin konservativ müalicə və cərrahiyyə
sahəsində təkmilləşdirilməsini nəzərdə
tuturuq.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti.-
2018.- 31 may.- S.8-11.