Ölkəmizdə vərəm xidmətində
islahatlar artıq öz
bəhrəsini verir
“Azərbaycanda səhiyyəyə olan diqqət və qayğı son illər vərəmlə mübarizə xidmətini də xeyli gücləndirib. Bunun nəticəsidir ki, əgər 2010-cu ildə xəstələnmə göstəricisi hər 100 min nəfər əhaliyə 53 idisə, hazırda 39-a enib. İlkin aşkarlanmış vərəm hallarında da 21 faiz azalma müşahidə olunur. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə müasir üsulların tətbiqi, xəstələrin dərman preparatları ilə təminatı və s. hesabına vərəmdən ölüm hadisələri də azalır. 2010-cu illə müqayisədə vərəmin gecikmiş və yayılmış formalarının sayı da 2 dəfə azalıb”.
Bu barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) direktoru, professor Həqiqət Qədirova bizimlə söhbət zamanı məlumat verdi. Son illər ölkəmizdə vərəmlə mübarizə sahəsində əldə edilən uğurlardan, İnstituta rəhbərlik etdiyi bir il ərzində görülən işlərdən, mövcud problemlərdən danışan müsahibimiz həmçinin son günlər mediada yer alan ittihamlara da aydınlıq gətirdi.
Həqiqət xanım Vərəmlə Mübarizə Proqramı çərçivəsində son illər Səhiyyə Nazirliyi tərəfindən Bakıda və bölgələrdə vərəmli, o cümlədən dərmanlara davamlı vərəmli xəstələr üçün 15 müasir tipli tibb müəssisəsinin tikildiyini və ya əsaslı təmir olunduğunu, zəruri avadanlıqla təchiz edilərək istifadəyə verildiyini diqqətə çatdırdı: “Təkcə ötən il ərzində ETAXİ-də yerləşən Milli Referens Laboratoriyasında, regionlarda fəaliyyət göstərən 5 mikrobioloji laboratoriyada, eləcə də 6, 8 və 9 nömrəli xüsusiləşdirilmiş xəstəxanalarda ventilyasiya sistemləri təmir edilib, İnstitutun mərkəzi dərman anbarında soyuducu otaq quraşdırılıb, 3 bölgədə – Gəncə Quba və Zaqatalada mikrobioloji laboratoriyalar işə salınıb. Mingəçevirdə, Xaçmaz, Sabirabad, Lənkəran, Şəki, Yevlax və s. rayonlarda da yeni laboratoriyaların təşkili planlaşdırılır”.
Bir il əvvəl Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə təyin olunan H.Qədirova ilk gündən qarşısına vərəmlə mübarizəni daha da gücləndirmək, elmi tədqiqatların səviyyəsini qaldırmaq, bir sıra neqativ halların – xəstələrin qeydiyyatdan kənar müalicəsinin, vərəm əleyhinə dərmanların apteklərdə satılmasının və s. qarşısını almaq kimi vəzifələr qoyulduğunu və bu istiqamətdə çalışdığını dedi. İnstitutda çox aşağı səviyyədə olan infeksion nəzarət işini yaxşılaşdırmaq üçün qısa müddət ərzində tədbirlər görüldüyünü bildirdi: “İlk öncə institutun su təchizatı yaxşılaşdırıldı. Yoluxucu xəstəxanada su gündə 3 dəfə verilirdi ki, bu da nəinki infeksion nəzarət qaydalarına uyğun deyildi, hətta adi sanitar-gigiyenik normalara riayət etməyə imkan vermirdi. Vəziyyəti düzəltmək üçün su çənləri quraşdırıldı, Nazirliyin köməyi ilə maliyyə vəsaiti artırıldı ki, bu da bütün gün ərzində suyun verilməsini təmin etdi. Sonra yerdəyişmə aparıldı – vərəmli xəstələr olan şöbələr bir korpusda, pulmonoloji şöbələr digər korpusda cəmləndi. Vərəm şöbələrinin daxilində vərəm mikrobunu ifraz edən xəstələrlə ifraz etməyən xəstələr eyni palatada saxlanırdı, bunu da aradan qaldırdıq. Bundan əlavə, İnstitutun müalicə korpuslarında təmir işləri aparılır, istilik sistemi yenidən qurulub. Səhiyyə Nazirliyinin və şəxsən cənab nazirin dəstəyi ilə ötən il ərzində ETAXİ və digər vərəm əleyhinə müəssisələr müasir tələblərə cavab verən yeni cihaz və aparatlarla, o cümlədən rentgen aparatı, flüoroqraflar, molekulyar-genetik müayinələrin aparılması üçün GenXpert aparatları, audiometrlər, elektrokardioqraflar və holterlər, biokimyəvi və qan analizatorları, test-sistemlər, reaktivlər və sairlə təchiz olunub. İnstitutun bütün palatalarında köhnəlmiş, yararsız çarpayılar yeni, xüsusi ortopedik çarpayılarla əvəz edilib.
Ən vacib məsələlərdən biri çoxsaylı dərmanlara davamlı (MDR) və genişsaylı dərmanlara davamlı (XDR) vərəm xəstələri ilə bağlı idi. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin əmrlərinə əsasən dərmanlara davamlı MDR və XDR vərəm xəstələrinin müalicəsinin ancaq 6, 8 və 9 nömrəli xüsusiləşdirilmiş xəstəxanalarda aparılmasına icazə verilir, ETAXİ-də xeyli belə xəstələr var idi, hətta onların adi vərəm xəstələri ilə eyni palatalarda qalması hallarına yol verilirdi. Həkimlər, tibb personalı elementar infeksion nəzarət normalarına riayət etmir, məsələn, xalat geyinmir, tibbi papaq qoymur, zəruri olsa da, heç kim, hətta həkimlər də respirator taxmırdı, xəstələrin maska geyinməsini tələb etmirdilər. Belə halları tədricən aradan qaldırdıq. Bundan başqa, keçən illərdə pərakəndə şəkildə fəaliyyət göstərən Poliklinika şöbəsinə aid bütün kabinetləri eyni binanın birinci mərtəbəsinə köçürdük. Beləliklə, xəstələrin müayinə üçün bir korpusdan başqasına getməsi, mərtəbə-mərtəbə gəzməsi halları da aradan qalxdı. Poliklinikada pulmonoloji və vərəm xəstələrinin qəbula axın istiqamətini də ayırdıq ki, bir-birləri ilə təmasda olmasınlar. Bütün kabinetlərdə və koridorlarda yoluxmanın qarşısını almaq üçün havanı zərərsizləşdirən qurğular – reserkulyatorlar qoyduq.
Günün istənilən vaxtında qapılar hər kəsin üzünə açıq idi. Xəstələrin yanına gələnlər üçün qəbul saatı anlayışı unudulmuşdu. Həkimlər ambulator xəstələri şöbələrdə qəbul edirdilər. Ona görə xəstələrin və həkimlərin yanına gələnlər koridorlarda və palatalarda yığılırdılar ki, beləliklə, həm infeksion nəzarət qaydaları, həm də iş ahəngi pozulurdu. Bununla bağlı da lazımi tədbirlər görüldü: tibb müəssisəsində mühafizə xidməti möhkəmləndirildi, artıq iş vaxtı kənar şəxslərin şöbələrə daxil olmasına icazə verilmir, ambulator xəstələrin qəbulu Poliklinika şöbəsində təşkil edilib, xəstələrin yanına gələnlər üçün də müvafiq saatlar ayrılıb”.
İnstitutun direktoru dedi ki, aradan qaldırılan digər problem dərmanlara davamlı vərəmli xəstələrin uzun müddət, hətta bəzilərinin bir ildən artıq xəstəxanada saxlanması hallarıdır: “Pasiyentlər xəstəxanadan hospis kimi istifadə edirdilər. Həm ETAXİ-də, həm də digər vərəm xəstəxanalarında hospitalizasiya günlərinin sayına görə vəziyyət qənaətbəxş deyildi.
ÜST-nin tövsiyəsində vərəmli xəstələrin stasionarda qalması ilə bağlı çox ciddi tələblər qoyulur və yalnız hospitalizasiya üçün göstəriş olduğu halda, məsələn, pasiyentin vəziyyəti ağırdırsa, xəstədə qanaxma və ya qanhayxırma varsa, xəstə külli miqdarda mikrob ifraz etməklə epidemioloji cəhətdən ətrafdakılar üçün təhlükə yaradırsa və s., xəstəxanada qalmalıdır. Dünyada qəbul olunmuş praktikaya görə, bütün digər hallarda ambulator müalicə aparılır. Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən də xəstənin hospitalizasiya müddəti iki aydan çox olmamalıdır. Nadir hallarda xəstənin vəziyyəti tələb edirsə, bu müddət uzadıla bilər, amma əksər hallarda əgər diaqnoz düzgün qoyulsa, müalicə dəqiq aparılsa, bu müddət ərzində, demək olar ki, xəstələrdə mikrob ifraz etmə müşahidə olunmur və onlar başqa insanlar üçün epidemioloji cəhətdən təhlükəli sayılmırlar”.
Həqiqət xanım bu tələblərə uyğun surətdə görülən işlər nəticəsində ötən illərlə müqayisədə təkcə 2017-ci ildə hospitalizasiya göstəricisinin 32 faiz azaldığını söylədi, vurğuladı ki, bəzi informasiya saytları bunu mənfi fakt kimi qələmə versələr də, əslində, bu, müsbət dəyişiklikdir.
H.Qədirova vərəm əleyhinə xidmətin Milli Vərəm Proqramı tərəfindən idarə edildiyini və Vərəmlə Mübarizə Proqramının ölkə üzrə müşahidə altında olduğunu dedi. Ağciyər Xəstəlikləri İnstitutunun bu məsələdə rəhbər mövqe tutduğunu, onlara nəzarət işini həyata keçirdiyini bildirdi. “Bunlarla yanaşı, vərəmin erkən aşkarlanması və müalicəsi məqsədilə ambulator şəbəkə genişləndirilib, ilkin səhiyyə xidmətinin həkimləri bu işə qoşulublar”.
ETAXİ-nin direktoru Səhiyyə Nazirliyinin tapşırığı ilə ÜST-nin protokollarına uyğun fəaliyyət göstərdiklərini, həmin protokolların isə 2017-ci ilin mart ayında yenidən dərc edildiyini, son tövsiyələrə əsasən vərəmin müxtəlif formalarının diaqnostika və müalicəsinə aid normativ-metodik sənədlərin təzələndiyini də bildirdi. O, aprel ayından etibarən ölkəmizdə müayinə və müalicənin həmin protokollara uyğun təşkil edildiyini dedi: “Bunun üçün vərəmlə mübarizə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə ötən il ETAXİ tərəfindən 48 təlim keçirilib və ümumilikdə 896 nəfər (vərəməleyhinə xidmətin bütün həkimləri və orta tibb işçiləri, ilkin səhiyyə xidmətinin həkimləri, gigiyena və epidemiologiya mərkəzlərinin epidemioloqları və QİÇS-lə mübarizə xidmətinin həkimləri) hazırlığa cəlb olunub.
Professor H.Qədirova qeyd etdi ki, vərəm əleyhinə xidmətin nailiyyətlərindən biri də 2017-ci ilin iyun ayında XDR vərəm xəstələrinin müalicəsinə start verilməsidir: “ÜST-nin eksperti bir neçə il bu müalicənin başlamasına müsbət rəy vermirdi, çünki vərəmin diaqnostika və müalicəsində aşkar olunan bir sıra iradlar aradan qaldırılmamışdı. Halbuki bu cür xəstələrin yeganə sağalma ümidi bu müalicə ilə bağlıdır. Qısa müddət ərzində həmin iradlar aradan qaldırıldı və nəticədə müsbət rəy alındı. Hazırda 203 nəfər həmin müalicəyə qoşulub”.
Müsahibimiz bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sisteminin tətbiq olunduğunu və xəstələrin qeydiyyatının dünya standartlarına uyğun aparıldığını diqqətə çatdırdı. O, əldə edilmiş uğurlarla kifayətlənmədiklərini, hələ də bir sıra problemlərin olduğunu dedi, onların həlli istiqamətində fəaliyyətlərini davam etdirdiklərini söylədi.
H.Qədirova son günlər mediada Ağciyər Xəstəlikləri İnstitutu və onun özü ilə bağlı yer alan ittihamlara da aydınlıq gətirdi: “İnstitutda 400-ə qədər işçi çalışır və onların böyük əksəriyyəti normal fəaliyyət göstərir. Onlar qanuni tələbləri – nizam-intizam qaydalarına riayət etmək, işə vaxtında gəlib vaxtında getmək, gecə növbələrini özbaşına tərk etməmək, vərəmli xəstələri rəsmi qeydiyyata salmadan müalicə etməmək, yeni diaqnostik alqoritmlərə uyğun diaqnostika aparmaq, ÜST-nin yeni protokollarına uyğun müalicə etmək, yararlılıq müddəti keçmiş reaktiv və testlərdən istifadə etməmək, xəstələrdən müayinə və müalicə üçün pul tələb etməmək və s. kimi tələbləri normal qəbul etdilər və işlərini qanun çərçivəsində qurdular.
Lakin bu tələblərə uyğunlaşmaq və qayda-qanuna riayət etmək istəməyən 6-7 nəfər başqa məqsədlər güdür. İllərlə xəstələrin mənafeyi üçün deyil, şəxsi maraqları üçün çalışanlar pasiyentləri qeydiyyatsız, qeyri-qanuni qəbul edirdilər, buna görə xəstələrin tam müayinəsi aparılmır, zəruri olan molekulyar-genetik üsullar istifadə edilmirdi. Nəticədə, törədicinin dərmanlara davamlılığı haqqında məlumatın olmadığına görə xəstələrin müalicəsi düzgün getmirdi. Bu isə bəzi xəstələrin vəziyyətinin ağırlaşmasına, hətta ölümünə gətirib çıxarırdı. Belə məsələlərlə bağlı bir sıra şikayətlər də var. Qeydiyyatda olmayan xəstələr, xüsusən MDR və XDR xəstələr, eyni zamanda, cəmiyyət üçün, ilk növbədə, öz ailələri üçün də təhlükə yaradırlar. Onlardan bəziləri vərəm mikrobları ifraz edərək, ətrafdakıları yoluxdura bilər.
Bu cür halların qarşısı, əlbəttə, alınmalıdır. Lakin dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, bəzi həkimlər öz çirkin işlərini davam etdirdiklərinə görə onlara müxtəlif növ intizam tənbehləri tətbiq olunub. Ancaq bundan nəticə çıxarmaq əvəzinə bəziləri müxtəlif yollarla fəaliyyətimizə, görülən işlərə kölgə salmağa, cəmiyyətdə İnstitutumuzla bağlı mənfi fikir formalaşdırmağa çalışırlar.
Məsələn, qalmaqallı materiallarda adı hallanan Anesteziologiya-reanimasiya şöbəsinin həkimi, ixtisasca anestezioloq-reanimatoloq olan Vüqar Səfərov İnstitutda vərəm xəstələrini gizli şəkildə ftiziatr kimi, qeydiyyatdan kənar qəbul etdiyinə, onların müayinə və müalicəsini qeyri-adekvat apardığına, bununla vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olduğuna, gecə növbələri işi tərk edib xəstələri yardımsız qoyduğuna görə şöbə müdiri vəzifəsindən azad edilmiş, dəfələrlə töhmət almış və işdən azad olunması məsələsi qaldırılmışdır. Üstəlik, onun iş yerində münaqişələrinə görə dəfələrlə Nizami rayon polis əməkdaşları İnstituta dəvət olunublar.
Adı hallanan digər şəxs – Uşaq vərəmi şöbəsinin həkimi Səbinə Məmmədovanın xəstəyə laqeyd yanaşması və müalicəni düzgün aparmaması xəstə uşağın ölümünə səbəb olub, buna görə də ona töhmət verilib. Lakin o bundan sonra da qanunsuz əməllərinə davam edib – vərəmli, BK-müsbət xəstə olan tələbəyə “ikitərəfli pnevmoniya” diaqnozunun olması haqqında saxta arayış verib və onun imtahanda iştirakına şərait yaradıb ki, bununla da digər tələbələri və müəllimləri yoluxma təhlükəsi qarşısında qoyub. Bundan əlavə, uşaqlarla işləyən, buna görə xüsusilə diqqətli olmalı olan S.Məmmədova da V.Səfərov kimi gecə növbəsini özbaşına tərk edib. Özünü yüksək səviyyəli həkim kimi təqdim edən, elmlər namizədi S.Məmmədova işinə məsuliyyətsiz yanaşaraq, başqa bir xəstə uşağın müayinəsini tam aparmayıb və onun dərmanlara davamlı xəstə olmasını aşkar etməyib, nəticədə, xəstə düzgün müalicə olunmayıb. Dəfələrlə edilən xəbərdarlıqlardan və ikinci dəfə verilən şiddətli töhmətdən sonra S.Məmmədova işdən azad olunub.
Özünü yüksək səviyyəli mütəxəssis kimi təqdim edən digər şəxs – USM üzrə həkim Xatirə Əliyeva 2017-ci ilin iyun ayında sertifikasiya imtahanında 0 ball alaraq imtahandan kəsildiyinə görə Səhiyyə Nazirliyinin əmrinə əsasən, 6 ay müddətində praktik fəaliyyətdən kənarlaşdırılıb. Lakin o, əmrə əməl etməyərək xəstələrin qəbulunu davam etdirməyə cəhd göstərdiyinə görə USM aparatından uzaqlaşdırılıb. Qeyd edim ki, X.Əliyeva həm etik, həm də professional xarakterli bir sıra səhvlərinə görə institutun əvvəlki rəhbərliyi dövründə də dəfələrlə töhmət alıb, hətta işdən azad olunub.
Mediada adı hallanan Döş qəfəsi cərrahiyyəsi elmi şöbəsinin elmi işçisi Cəmil Ələkbərov çox vaxt işdə olmur, institutun nizam-intizam qaydalarını pozaraq, müxtəlif bəhanələrlə işdən və treninqlərdən yayınır, bunun üçün xəstəlik vərəqəsi açdırır, lakin axşam saatlarında instituta gəlib, marağı olan xəstələri qəbul edir. Bu cür hərəkətlərə görə intizam tənbehi alandan sonra isə mediaya üz tutur və böhtan dolu yazılar dərc etdirir. Yeri gəlmişkən, o özünü elmlər namizədi kimi qələmə versə də, Rusiyada yerinə yetirdiyi dissertasiya işini Azərbaycan Ali Attestasiya Komissiyasında müdafiə edə bilməyib və ona elmi dərəcə verilməyib.
Digər şikayətçi klinik laboratoriyanın müdiri Aygün Alxasovadır. O, elmlər namizədi olmasına və uzun illər işləməsinə baxmayaraq, indiyə qədər bilmir ki, yararlılıq müddəti keçmiş reaktiv və testlər işlədilə bilməz, çünki onlarla aparılan müayinələr dürüst olmur. Bu haqda ona yoxlama zamanı 3 dəfə deyilsə də, Səhiyyə Nazirliyindən gələn komissiya da bunu qeyd etsə də, bu ilin yanvar ayında klinik laboratoriyada yenə də vaxtı keçmiş 8 qutu bahalı test sistemlər aşkarlanıb və aktlaşdırılıb. İrada cavab olaraq A.Alxasova test sistemlərin alındığı firmanın tövsiyəsini əsas gətirdi. Onun sözlərinə görə, həmin test sistemləri vaxtı keçəndən sonra da istifadə etmək olar. Savadlı həkim belə söz deyərmi?! Bundan sonra belə həkimin laboratoriya müdiri vəzifəsində işləməsinin düzgün olmadığına qərar verildi”.
Həqiqət xanım İnstitutda çalışan işçilərə rəhbərlik tərəfindən haqsız münasibət olmadığını, qəbul edilən bütün qərarların müəssisənin ən yaxşı mütəxəssislərindən ibarət xüsusi komissiyaların yekdil rəyi ilə verildiyini və İnstitut əməkdaşlarının həmkarlar komitəsinin keçirdiyi geniş iclasda səsləndirildiyini diqqətə çatdırdı: “Bizim işimiz həqiqətən çətindir. Buraya çoxlu sayda ağır xəstələr müraciət edir. Bu cür gərgin iş rejimində belə hadisələr, böhtan xarakteri daşıyan belə ədalətsiz yazılar ancaq vaxt alır və işimizə mane olur”.
H.Qədirova sonda qeyd etdi ki, istənilən islahat heç də hamını təmin etmir, dəyişikliklərə qarşı çıxanlar olur. Lakin ölkəmizdə vərəm xidmətinin uğurlu fəaliyyəti üçün bu islahatlar zəruridir və onlar artıq öz bəhrələrini verir: “Vərəmlə mübarizə xidmətinin qarşısında bu xəstəliyin azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi məsələ durur. Ölkənin sosial yönümlü siyasəti, beynəlxalq qurumlarla əməkdaşlıq və Səhiyyə Nazirliyinin hərtərəfli dəstəyi ilə biz bu məqsədə çatmağa çalışırıq və əminik ki, yaxın gələcəkdə bu sahədə problemlər uğurla həll olunacaq, qarşımıza qoyulmuş bütün hədəflərə nail olacağıq”.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti 2018.- 30 yanvar.- S.6-7.