Azər Qəribov: “Özümü
heç yerdə qərib hiss etmirəm”
Bu dəfə həmsöhbətimiz Azərbaycanda ilk dəfə səyahət telelayihəsini reallaşdıran tanınmış jurnalist, düz 10 il “Qərib Azər” və “Oralar” kimi proqramları ilə bizləri televiziya ekranının önündən ayrılmağa qoymayan, ölkə-ölkə, şəhər-şəhər gəzdirən səyyahdır. Sosial şəbəkələrdə fərqli üslubu ilə seçilən, öz məzəli, düşündürücü, maarifləndirici statusları ilə on minlərlə izləyici auditoriyası toplayan, oxucularının, tamaşaçılarının sevimlisinə çevrilən tanınmış blogerdir. Bakı Media Mərkəzində media eksperti kimi fəaliyyət göstərən, sadəcə, maraqlı insan Azər Qərib.
Ənənəmizə sadiq qalaraq, söhbətimizə müsahibimizin sağlamlıq vəziyyətindən başladıq.
- Hərdən səhhətimdən gileylənməyim,
bu barədə deyinməyim var. Amma şükür ki, heç bir
ciddi problemim yoxdur. Göz dəyməsin, yaxşıyam.
Bacardığım qədər
sağlamlığıma diqqət edirəm. Mövsümdən
asılı olmayaraq, piyada gəzməyi çox sevirəm.
Hər gün təxminən 50 dəqiqəlik
yolu işə yeriyərək gəlirəm. Vaxtım olanda üzürəm. Ümumiyyətlə,
özümü həmişə formada saxlamağa
çalışıram. Sağlam
qidalanmağa çalışıram, əlbəttə,
doğma mətbəximizin reallıqları çərçivəsində.
Yəni hələ yaşamaq, həyatdan
zövq almaq istəyirəm. Mən heç vaxt “5
günlük dünyadır, nə gəldi ye, iç, kef elə”
psixologiyası ilə hərəkət etməmişəm,
amma suyu üfürə-üfürə içənlərdən
də deyiləm. Məsələn, desəm ki,
tam sağlam həyat tərzi keçirirəm, hər gün
bu haqda düşünürəm, heç bir zərərli vərdişim
də yoxdur, yalan olar. Hərdən bir az
içki də içirəm, arada siqaret də çəkirəm.
Bilirəm ki, həm səhhətim
üçün, həm də tanınmış sima kimi gənclərə
nümunə olmaq baxımından, siqaret çəkməyim
yaxşı hal deyil. Təəssüf ki,
bu vərdişdən hələ yaxa qurtara bilməmişəm.
Lakin bəzi məqamlara mütləq diqqət
yetirirəm. Məsələn, yanımda
uşaq varsa, şəkil çəkdirirəmsə və s.,
əlimdə siqaret olmur. Bir sözlə,
bacardığım qədər hər sahədə
balansı qorumağa çalışıram.
- Səfərləriniz zamanı
ölkələr arasındakı saat fərqi, iqlim dəyişikliyi
və s. səhhətinizə necə təsir edir?
- Əfsus ki, bu dəyişikliklərdən
özümü yaxşı hiss etmirəm. Təyyarədə
yata bilmədiyim üçün uzaq məsafələrə
uçanda daha çox narahat oluram. Məsələn,
Amerikaya gedəndə 1-2 gün özümə gələ
bilmirəm. Əlbəttə ki, 2-3
saatlıq məsafələrə uçmaq daha rahatdır.
Səyahət mənim üçün həm işdir,
həm istirahət. Fiziki olaraq yorulsan da, mənəvi cəhətdən
dincəlirsən, mühiti dəyişirsən, başqa mədəniyyətlərlə,
yeni insanlarla tanış olursan və s.
-
Dünyanın 90-a yaxın ölkəsində olmusunuz. Yəqin
ki, onlardan hansınısa daha çox bəyənmisiniz...
- Bu suala
cavab vermək bir az çətindir. Çünki heç birinə “ən yaxşı”,
“ən gözəl”, “ən unudulmaz” deyə bilmirəm. Bəzən bu, bəzən də digər tam fərqli
ölkədə özünü yaxşı hiss edirsən.
Hava şəraiti, mövsüm, əhval-ruhiyyə,
maliyə imkanı da yaranan təəssürata öz təsirini
göstərir. Amma bəzi sevimli ölkələrim
var. Məsələn, İtaliya, İngiltərə,
İspaniyadan xüsusi xoşum gəlir. Asiya
ölkələrinin, demək olar ki, əksəriyyətini bəyənirəm.
Ekzotika, təbiət, möhtəşəm otellər... Həm də oraların insanları daha
istiqanlıdır. Malayziya, Tailand, Sinqapurda insanların
gülüşlərindəki səmimiyyətə inanırsan,
bilirsən ki, qəlbdən gəlir. Avropa təbəssümlərində
hərdən sünilik görürsən.
- Maraqlıdır, haranın mətbəxini
daha çox bəyənirsiniz?
- Mənim
üçün Azərbaycan mətbəxinin alternativi yoxdur. Öz yeməklərimizin ləzzətini heç
yerdə ala bilməmişəm. Şərqi
Avropa dövlətlərinin, məsələn, Macarıstan,
Rumıniya, Ukrayna, Sloveniya, Xorvatiyanın mətbəxi də
müəyyən qədər xoşuma gəlir. Qərbi Avropa ölkələrinin yeməkləri isə
damaq zövqümə uyğun deyil. Hətta
haqqında çox zaman bəh-bəhlə
danışılan fransız mətbəxi də. Elə bu günlərdə Fransadan səfərdən
qayıtmışam. Məni ən dəbdəbəli
restoranlarına da dəvət etdilər, məşhur
sayılan yeməklərini də daddım. Amma yenə də eyni fikirdəyəm. Zövq məsələsidir, əlbəttə.
- Azər müəllim, necə oldu
ki, səyahət telelayihəsini gerçəkləşdirdiniz?
- Atam
çox səyahət edirdi və hər yay tətilində
bizi də harasa aparırdı. Zaman keçdikcə
səyahət etməyi çox sevdim. Qeyd
edim ki, ilk dəfə 12 yaşımda tək səfərə
çıxmışam. Digər tərəfdən
də jurnalist olmağı arzulayırdım. Sonradan bu maraqlarım birləşdi və belə
bir layihə ortaya çıxdı.
- Bəs, televiziyadan niyə getdiniz?
- Bir
sıra səbəbləri var. Ən əsas səbəb
maliyyə problemidir. Səyahət proqramları
dəyəri ən yüksək olan telelayihələrdəndir.
Çünki bu, xarici səfərlərlə
bağlıdır. Əvvəl mən hər
şeyi özüm edirdim. Həm operator
idim, həm rejissor, həm musiqi redaktoru və s. Bileti də
özüm alırdım, viza üçün də
özüm qaçırdım. Etiraf edirəm
ki, öz kiçik kameramla çəkilişlər
apardığım və hər bir işi özüm
gördüyüm üçün verilişlərim texniki cəhətdən
bir o qədər də keyfiyyətli deyildi. Amma o vaxtlar boşluq var idi efirdə.
Sonralar isə illər keçdikcə, gəzib
gördüm ki, xarici ölkələrdə belə
verilişləri çəkmək üçün 8-10 nəfərdən
ibarət böyük komanda – rejissor, redaktor,
işıqçı, səs mühəndisi, operatorlar və
başqaları çalışır. Aparıcı
üçün əvvəldən mətnlər
yazılır, o özü bilet almır, viza üçün
qaçmır, otel axtarmır. Belə nəticəyə
gəldim ki, əvvəlki səviyyədə veriliş
hazırlasam, bu, tamaşaçıya qarşı hörmətsizlik
olacaq. Amma əgər nə vaxtsa qərb
standartlarına uyğun layihədə iştirak etmək təklifini
alsam, məmnuniyyətlə efirə qayıdaram. Əslində, səyahət verilişləri hər
bir kanalda olmalıdır. Dünya
praktikasında özünə hörmət edən hər
kanalda səyahət proqramı olur. Hətta
ayrıca səyahət kanalları belə var.
- “Qərib Azər” özünü
daha çox harada qərib hiss edir?
-
Özümü heç yerdə qərib hiss etmirəm. Heç təklikdə qalanda da darıxmıram.
Düşünməyə, yazmağa,
oxumağa və ya baxmağa mütləq bir şey
tapıram.
-
Seçim qarşısında qalsanız, Azərbaycandan sonra
hansı ölkədə yaşamaq istəyərdiniz?
- Bu
sualı mənə tez-tez verirlər. Əslində,
bacım da, qardaşım da 20 ilə yaxındır
Amerikadadırlar. Yəni bu gün qərar versəm, sabah gedib orada yaşamağa yerim də,
imkanım da var. Sadəcə olaraq, özümü Azərbaycandan
kənarda təsəvvür edə bilmirəm. Əzizlərim,
yaxınlarım, ata yurdum Qəbələ, oradakı kənd
evimiz, Azərbaycan mətbəxi... Bunlar məni
Vətənə bağlayan, buradan qopmağa qoymayan amillərdir.
Təbii ki, siyahını uzatmaq da olar.
Amma seçim etməkdən başqa yolum olmasa, ABŞ
deyərdim. Çünki digər yerlərdən fərqli
olaraq, orada sən də hamı kimi gəlməsən. Digər tərəfdən, ABŞ-da ölkə vətəndaşları
üçün yüksək həyat standartları təmin
edilib. Orada hər şey insan və onun
rahatlığı üçündür.
- Oralardan
buralara gətirmək və buradan oralara aparmaq istədiyiniz
xüsusiyyətlər varmı?
- İlk növbədə, oralardakı qanuna, qaydalara
münasibəti buraya gətirmək istərdim. Xarici ölkələrdə
insanların ən xırda məsələdə belə necə
qanunpərəst olduqlarını görəndə həsəd
aparıram.
Onların növbədə durmaq, ictimai yerlərdə səliqəyə,
təmizliyə riayət etmək mədəniyyətini
ölkəmdə görmək istərdim.
Oralarda əlillər üçün yaradılan şəraitin,
onlara olan münasibətin, böyük hörmətin burada da
olmasını istərdim.
Sizin qəzetin profilini nəzərə alaraq qeyd edim ki,
Azərbaycanda da ABŞ-da, Yaponiyada, Avropa dövlətlərində
olduğu kimi, siqaretə qarşı daha ciddi mübarizə
siyasətinin aparılmasını istərdim. Bu ölkələrdə
qapalı yerlərdə, otellərdə, hava limanlarında və
s., hətta bəzi açıq ərazilərdə siqaret
çəkmək qadağan olunub. Küçədə
siqaret satılmır, marketlərdə isə qapalı vitrinlərdə
saxlanılır. Siqaret qutusunun yarıdan
çox hissəsində siqaretə qarşı təbliğat
şəkilləri verilir. Ən əsası
isə, orta məktəblərdə birinci sinifdən
uşaqlara siqaretin zərərləri, insanları
öldürməsi və sairlə bağlı təbliğat
aparılır. Mənim Amerikada yaşayan
qardaşım qızı məndən
küsülüdür ki, əmi, sən siqaret çəkirsən,
görmüşəm.
Bir də oraların geyim tərzini bizdə görmək
istərdim. Hərdən Bakıda metroya minəndə diqqət
edirəm ki, hamı boz, qara geyimdədir. Xüsusən
qış aylarında belə olur. Bu,
insanın əhval-ruhiyyəsinə də mənfi təsir
edir. Heç olmasa, şarfla, papaqla da rəng
qatmırlar. Avropa ölkələrinin
metrosu ilə bizim metronu müqayisə edəndə, istər-istəməz,
aradakı böyük fərqi hiss edirsən. Xüsusən kişilərin geyim məsələsində
cəmiyyətimiz sanki bölünüb. Bəziləri
kişilərin rəngli, əlvan geyinməsini çox bəyənir,
digərləri isə bunu qəbul etmir, ayıb bilir. Düşünürəm ki, zamanla bir çox
şeydə olduğu kimi, bu məsələ də
düşüncə tərzi dəyişəcək və
balans tapılacaq – artıq şitliklə artıq
ağırlıq ortaq məxrəcə gələcək ki,
zövq qələbə çalsın.
Buradan
oralara aparmaq istədiyim isə qonaqpərvərliyimiz, insanlara
qarşı isti münasibətimiz, səmimiliyimiz və s.
müsbət xüsusiyyətlərdir.
-
Oraları qarış-qarış gəzirsiniz, bəs
buraları?
- Təəssüf
ki, Azərbaycanı istədiyim qədər gəzə bilməmişəm.
Tez-tez Qəbələyə getdiyim
üçün yolumun üstündəki rayonlarda çox
olmuşam, ancaq çox yeri hələ görməmişəm.
-
Tanınmış blogerlərimizdən biri kimi, sosial şəbəkələrin
sizin həyatınızda və işinizdə rolunu necə dəyərləndirirsiniz?
- Sosial
şəbəkələrin həm mənfi, həm də
müsbət cəhətləri var. Burada sənə hörmət
edən insanları tanıyırsan, onların sənə
müsbət münasibətinin, sevgilərinin şahidi
olursan, izləyicilərinlə ünsiyyət qurursan. Həm də
çəkdiyin şəkli, videonu insanlara göstərmək,
əvvəllər olduğu kimi, həftə ilə vaxt
aparmır, elə həmin dəqiqə sosial şəbəkəyə
qoyursan və 1 dəqiqədən sonra səni 20-30 min adam görür. Ancaq eyni zamanda,
sosial şəbəkələrdə kimsə sənə
haqsız irad bildirə bilər, acı, xoş olmayan sözlər
yaza bilər, bu da adamın əhvalını pozur.
- Sosial
şəbəkə sayəsində check-up müayinələrinizdən
də xəbərimiz olur. Bununla həm də
sağlamlığın qayğısına qalmağı təbliğ
edirsiniz...
-
Çalışıram ildə bir dəfə, imkan olanda
xaricdə, olmayanda burada check-up müayinədən keçim.
Son 2 ildir ki, Respublika Diaqnostika Mərkəzində
yoxlanıram. Orada olan avadanlıq, həkimlərin
münasibəti yüksək səviyyədədir. Bəzən mən tərifləyəndə deyirlər
ki, səni tanıdıqları üçün yaxşı
qulluq edirlər. Bəli, bunu inkar etmək
düzgün olmazdı, amma hər halda, nə oradakı
müasir avadanlığı, nə də xaricdə təhsil
almış gənc, savadlı mütəxəssisləri mənə
görə gətirməyiblər.
Bir də qeyd etmək istəyirəm ki, ölkəmizdə
kardiologiya və oftalmologiya sahəsindəki inkişaf məni
sevindirir. Hesab edirəm ki, bu sahələr üzrə istənilən
inkişaf etmiş ölkənin səhiyyəsi ilə rəqabət
apara bilərik. Bu sahədə
uğurlarımız göz qabağındadır.
Səhiyyəmizin qayğıları mənə
çox yaxındır, çünki həyat yoldaşım
həkimdir. Ona görə vəziyyəti hər iki tərəfdən
qiymətləndirə bilirəm. Təbii ki, hələ
problemlər də var. Məncə, səhiyyənin ən
böyük problemi həkimlərin maaşının az olmasıdır. Digər
böyük problem isə tibbi sığorta məsələsi
idi ki, indi yavaş-yavaş həll olunur. Tibbi
sığorta tam tətbiq edildikdən sonra vəziyyətin
daha da yaxşı olacağına ümid edirəm. Bir problem də ölkəmizdə dərmanların
qiymətinin bahalığıdır. Amma
mən optimist insanam. Bu və digər
problemlərin zamanla öz həllini tapacağına inanmaq istəyirəm.
- Sizinlə
Yeni il ərəfəsində
görüşürük. Ən yaddaqalan Yeni il
bayramını hansı ölkədə qeyd etmisiniz?
- Yeni ili bir çox ölkələrdə
qarşılamışam. Amma bu bayram heç
yerdə postsovet ölkələri qədər, xüsusilə
Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycanda olduğu kimi təmtəraqlı
qeyd olunmur. Avropalılar bayram əhvalını
əsasən Miladda yaşayırlar, Yeni ildə isə adi
günlərdən biri kimi evdə otururlar. Bu ərəfədə paytaxt şəhərlərinə
həddən artıq turistlər axın edir, küçələr
dolur insanla. Mən də heç
sıxlıq sevən deyiləm.
Bir dəfə
Yeni ili oğlumla Santa Klausun vətəni
sayılan Laplandiyada qeyd etmişəm. Orada nisbətən
fərqli ab-hava var idi.
Ümumiyyətlə, Yeni ildə bayram əhval-ruhiyyəsini
ən yaxşı öz ölkəmdə hiss edirəm.
- Valideynlərimizdən,
bizdən yaşlı nəsildən tez-tez eşitdiyimiz fikir
var: “Bizim uşaqlığımızın bayramları
başqa idi”...
- İnsan həmişə öz keçmişini bəzəyir,
daha da gözəlləşdirir. Amma bu fikirdə
reallıq payı da var. O vaxt insanlar arasında səmimiyyət
daha çox idi. Bayramlar əksər
hallarda restoranlarda yox, evlərdə qeyd edilirdi. Bəzən kiçik “xruşşovka” mənzildə
30-40 nəfər qohum-qonşu yığışırdı,
hamı mehriban yeyib-içir, deyib-gülürdü.
Heç kim də darısqallıqdan gileylənmirdi.
İndi 150 kv.m evi olanlar da deyir ki, qonaq qəbul
etməyə yerim yoxdur. Əfsuslar ki, bəzi
ənənələri itiririk.
Bir də o vaxt hər şey indiki kimi əlçatan
deyildi, qıtlıq dövr idi. Məsələn, bizim
uşaqlığımızda Yeni il ərəfəsi
“Yolka şənlikləri” keçirilirdi. Ən
yaxşı şənlik Bayıl qəsəbəsindəki
Neftçilərin Mədəniyyət Evində olurdu və
oraya da ancaq neft sahəsində çalışanlar dəvətnamə
ala bilirdilər. Xoşbəxtlikdən,
bizim də belə qohumlarımız var idi. Bu şənliyi həm də ona görə digərlərindən
üstün sayırdıq ki, onların hədiyyələrinin
içərisində mandarin olurdu (gülür).
- Sonda
Yeni il arzularınızı eşitmək
istərdik...
- Həkimlərimizə
səbr, iradə, insanlara qarşı diqqət və
qayğıkeşlik arzulayıram. Canları
sağlam, ruziləri bol, maaşları yüksək olsun.
İnsanlara isə arzulayıram ki, heç vaxt həkimlərə
ehtiyacları olmasın, xəstələnməsinlər.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti 2018.- 30 yanvar.- S.10;12.