Görkəmli dövlət və elm xadimi Əziz
Əliyevin xatirəsinə həsr edilmiş
konfrans
Azərbaycan
səhiyyəsinin inkişafında müstəsna xidmətləri
olan görkəmli alim və dövlət xadimi,
bacarıqlı səhiyyə təşkilatçısı,
Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim
oğlu Əliyevin doğum günü münasibətilə
onun adını daşıyan Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunda (ADHTİ) elmi-praktik
konfrans keçirilib.
Ənənəvi olaraq hər il təşkil olunan konfransı giriş sözü ilə açan institutun rektoru, professor Nazim Qasımov dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin keçdiyi şərəfli həyat yolunu xatırladıb, yüksək ixtisaslı həkimlərin yetişdirilməsi üçün onun çox böyük zəhmət sərf etdiyini söyləyib. Bildirib ki, Ə.Əliyev öz istedadını, sönməz enerjisini, Respublikanın Xalq Komissarlığında Müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən qazandığı təcrübəsini Azərbaycan səhiyyəsinə, tibbi kadrların hazırlığına, elmin inkişafına yönəldib.
Qeyd olunub ki, ADHTİ-nin tarixinin bir çox şərəfli səhifələri məhz Əziz Əliyevin adı ilə bağlıdır. Onun Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyi dövrdə institut öz fəaliyyətini genişləndirib, tək Azərbaycanın yox, bütün sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak edib. Burada yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı yaxşılaşdırılıb. Onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərindən ibarət bir neçə məcmuə nəşr olunub. Həmin dövrdə ADHTİ-də yüksək kateqoriyalı mütəxəssislər, təbabət alimləri hazırlanıb, həkimlərin çox böyük əksəriyyəti ixtisasartırma kurslarına cəlb olunub. İnstitutda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktorantura təhsili, onların paytaxtın iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vəhdəti təmin edilib.
Rektor çıxışında professorun elmi fəaliyyətindən danışarkən bildirib ki, Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə,17-si isə tarixi və siyasi problemlərə həsr olunub. Bu sahədəki fəaliyyətinə görə o, SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb.
N.Qasımov vurğulayıb ki, 1962-ci ildən professor Əziz Əliyevin adını daşıyan Təkmilləşdirmə İnstitutu bu gün də onun qoyduğu ənənələri davam etdirir. Bu elm və təhsil ocağı daim inkişaf edir, bütün sahələrdə durmadan yeniləşir.
Konfrans öz işini ADHTİ-nin gənc alimlərinin apardıqları elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dissertantı Alı Əliyev, Sinir xəstəlikləri kafedrasının rezidenti İlahə Əzizova, Nefrologiya kafedrasının rezidenti Xəyalə Tahirova, Mamalıq və ginekologiya kafedrasının baş laborantı Züleyxa Osmanlı və dissertantı Gülər Axundova, Yoluxucu xəstəliklər kafedrasının rezidenti Aysel Musayeva, Kardiologiya kafedrasının rezidenti İlkanə Quliyevanın məruzələri dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb.
Tibb qəzet 2018.- 31
yanvar.- S.4.