Salih Salihov – 110
“Doktor Salihov haqqında yazmaq istəyərkən mən anlayıram ki, nə qədər çalışsam da, onun necə diqqətcil, humanist və məsuliyyətli oldugunu tam catdıra bilməyəcəyəm. O, səhiyyənin təşkili, müalicə metodları, xəstəxana rejimi sahələrində bizim üçün yeni yollar açıb”. Bu sözləri tanınmış yəmənli həkim, Hodeyd xəstəxanasının direktoru Həsən Mahsani Azərbaycan səhiyyəsi və tibb elmi tarixinə istedadlı alim, klinisist, elm təşkilatçısı kimi, eyni zamanda, gözəl pedaqoq və yeni alimlər nəslinin tərbiyəçisi kimi daxil olmuş professor Salih Salihov haqqında söyləyib.
Salih Mustafa oğlu Salihov 110 il bundan qabaq – 1909-cu ilin mart ayında Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olub. Kiçik yaşlarında valideynlərini itirən Salih böyük qardaşının himayəsində böyüyüb. O, 1929-cu ildə Bakıya gələrək, fəhlə fakültəsinə daxil olur, əvvəlcə ali pedaqoji təhsil alır. 1933-cü ildən Bakıda müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərməyə başlayır. Humanizmi və insanlara sevgisi onu 30 yaşında Azərbaycan Tibb İnstitutuna (ATİ) gətirir və 1939-cu ildə o, Müalicə-profilaktika fakültəsinə daxil olur. 1943-cü ildə bu ali məktəbi bitirdikdən sonra sahə həkimi, Tibb İnstitutunda klinik ordinator, Tibb Texnikumunda müəllim və direktor vəzifələrində çalışır. Salih Salihov Tibb İnstitutunda işləməklə yanaşı, səhiyyə təşkilatçısı kimi, Naftalan kurortunun direktoru (1944-1945), Semaşko adına Kliniki Xəstəxanada baş həkim və başqa vəzifələri də yerinə yetirib.
1945-ci ildə ATİ-nin II Hospital terapiyası kafedrasının assistenti vəzifəsinə qəbul edilən S.Salihov 5 ildən sonra namizədlik dissertasiyasını müdafiə edir, 1956-cı ildə isə həmin kafedranın dosenti vəzifəsinə seçilir. 1966-cı ildə doktorluq dissertasiyasını müdafiə edən Salih müəllim elə həmin il professor vəzifəsinə seçilir və ömrünün sonuna qədər bu kafedraya rəhbərlik edir.
Professor S.Salihov 100-dən artıq elmi işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. O həmçinin A.Myasnikovun “Daxili xəstəliklərin propedevtikası" dərsliyini Azərbaycan dilinə tərcümə edib.
Daxili xəstəliklər, xüsusən ağciyər iltihabının insanları əldən salması professoru dərindən düşündürürdü və o, araşdırmalar aparırdı. Əvvəlcə heyvanlar üzərində təcrübələr qoyub müsbət nəticə əldə etdikdən sonra S.Salihov 1952-ci ildə dünya təbabətində ilk dəfə ağciyər absesinin müalicəsində penisillinin vena daxilinə yeridilməsini tətbiq edib. Salih müəllim heç bir xəstənin həyatını təhlükə qarşısında qoymamaq üçün bu üsulu ilk dəfə öz üzərində sınaqdan keçirib. Sonralar alim bu müalicə metodu haqqında XV Ümumittifaq terapevtlər qurultayında məruzə edib.
Professor Şuşada turşsuyun tərkibinin öyrənilməsinə cox böyük əmək sərf edərək, bu sahədə də elmi nəticələr qazanıb.
Salih müəllim təkcə Azərbaycanda deyil, o zamankı SSRİ məkanında tanınmış, nüfuzlu həkim, alim və pedaqoq idi. Bunu belə bir fakt da təsdiq edir ki, 1956-cı ildə Salih müəllim SSRİ rəhbərliyinin qərarı ilə Yəmənə işləməyə göndərilir. Yəmən kralının şəxsi həkimi kimi fəaliyyət göstərən Salih Salihov bu ölkədə böyük nüfuz qazanır. Salih müəllim Yəmən səhiyyəsi üçün əvəzolunmaz işlər görüb. Səna və Hodeyd şəhərlərində kral feldşer məktəbləri təşkil edib və həmin müəssisələrdə tələbələrə ərəb dilində dərs deyib. Bütün bunlarla yanaşı, Salih müəllimin rəhbərliyi ilə Yəməndə stomatoloji kabinetlər, mama-ginekoloji şöbələr də təşkil edilmişdi. Kral feldşer məktəblərini bitirən onlarla oğlan və qız sonralar SSRİ-nin müxtəlif ali məktəblərində təhsilini davam etdirmiş, ixtisaslı mütəxəssis kimi vətəninə qayıdaraq, öz xalqına tibbi yardım göstərmişdi. Bu xidmətlərinə görə Salih müəllimə minnətdar olan Yəmən xalqı Səna şəhərində bu gün də fəaliyyət göstərən Salih Salihov muzeyi yaratmışdır.
Azərbaycana qayıtdıqdan sonra Salih müəllim elmi-pedaqoji və ictimai fəaliyyətini davam etdirib. O, ATİ-də kafedra müdüri, Səhiyyə Nazirliyinin baş terapevti, Azərbaycan Ensiklopediyası Redaksiya Heyətinin üzvü vəzifələrində çalışıb. Onun rəhbərliyi altında 12 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.
Professor Salih Salihovun əməyi xalqımız və dövlətimiz tərəfındən yüksək qiymətləndirilib. O, 1960-cı ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb, 1969-cu ildə Ali Sovetin fəxri fərmanı ilə təltif olunub.
Həyatının son anınadək iş başında olan professor Salih Salihov 1976-cı ildə Tibb İnstitutunda, özünün rəhbərlik etdiyi Hospital terapiyası kafedrasında qəflətən vəfat edib.
Ölümündən sonra onun xatirəsi əbədiləşdirilərək, Ağdaş Mərkəzi Rayon Xəstəxanasına adı verilib və xəstəxananın həyətində professorun büstü qoyulub.
Bu gün professor Salih Salihovun oğlu professor Mustafa Salihov həm bir təbabət alimi, həm bir praktik həkim, həm də tibb elminin incəliklərini yeni nəslə ötürən pedaqoq kimi, atasının yolunu şərəflə davam etdirir.
Azərbaycan Təbabəti Muzeyinin qarşısına qoyulan əsas vəzifələrdən biri də ölkəmizin tibb elminin və səhiyyəsinin inkişafında xidmətləri olmuş görkəmli həkim və alimlərimizin fəaliyyətini indiki nəslimizə çatdırmaqdır. olub. Azərbaycan Təbabəti Muzeyinin 7-ci zalında xalqımızın yaddaşında silinməz izlər qoymuş, görkəmli alim və həkim, professor Salih Salihovun həyat və fəaliyyətini əks etdirən stend və vitrin nümayiş olunur.
Sadatxan Əliyev
Azərbaycan Təbabəti
Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş
mühafizi
Tibb qəzeti.-2019.-30 aprel.-S.8.