Professor Əhməd Abasquliyevin 100 illik yubileyi qeyd edildi

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşəbbüsü ilə ATU-nun Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, professor Əhməd Əlibaba oğlu Abasquliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Toplantıda çıxış edən universitetin rektoru, professor G.Gəraybəyli Əhməd Abasquliyevin psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alim olduğunu deyib. Onun psixiatriya elminə verdiyi töhfələrdən danışan rektor görkəmli alim haqqında xatirələrini də bölüşüb. G.Gəraybəyli yüksək insani keyfiyyətlərə malik Ə.Abasquliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını və onun psixiatriya elminin inkişafı naminə gördüyü işlərin unudulmayacağını bildirib.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, ATU-nun Psixiatriya kafedrasının professoru Nadir İsmayılov Əhməd Abasquliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verib: “Otuz ildən çox Azərbaycan psixiatriyasına rəhbərlik etmiş Əhməd Abasquliyevin yaxından iştirakı ilə bir neçə rayon və şəhərdə psixonevroloji dispanser və xəstəxanalar təşkil olunub. Dörd monoqrafiya və 150-dən çox elmi əsərin müəllifi olan görkəmli alimin rəhbərliyi ilə 3 nəfər tibb elmləri doktoru, 8 nəfər tibb elmləri namizədi dərəcəsi alıb”.

Səhiyyə Nazirliyinin psixiatriya üzrə baş mütəxəssisi, professor Teymur Qafarov, professor Nadir Əliyev, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Mayıl Tağıyev, Əməkdar həkim Mövsüm Cəfərov görkəmli alim haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin unudulmayacağını qeyd ediblər.

Əhməd Abasquliyevin nəvəsi Zaur Əhmədzadə çıxış edərək, göstərilən diqqətə görə universitet rəhbərliyinə, tədbir təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

 

Tibb qəzeti.-2019.-30  aprel.S.8.