“Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirilib

 

 

Xəbər verildiyi kimi, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən, 2020-ci il yanvarın 1-dən etibarən dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə veriləcək. Bununla əlaqədar olaraq, həmin dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirilib.

Rəhbər heyəti icbari tibbi sığorta sistemi, bu sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq məqsədi daşıyan görüşdə Səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyinin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaq.

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyəyə ayırdığı diqqətdən danışıb. O xatırladıb ki, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtregionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. X.Əhədov icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

İcbari tibbi sığortanın tətbiqi çərçivəsində dövlət tibb müəssisələri ilə əməkdaşlıq perspektivləri barədə danışan agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsində, səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsində icbari tibbi sığortanın əhəmiyyətini qeyd edib. Z.Əliyev xəstəxanadaxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb.

Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sistemi təkmilləşdirilməli, təchizatı yaxşılaşdırılmalı, ilkin səhiyyə xidməti inkişaf etdirilməlidir. Ş.İsmayılova həmçinin icbari tibbi sığortanın xidmətlər zərfi və maliyyə mənbələri barədə də danışıb.

Tibb qəzeti 2019.- 30 aprel.- S.3.