Tibbin görən gözü

 

Bakıda şüa diaqnostikası üzrə beynəlxalq elmi-praktik konfrans keçirildi

 

 

Bakıda Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşəbbüsü ilə, şüa diaqnostikasının aktual problemlərinə həsr edilən“Tibbin görən gözü” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

Yerli həkimlərlə yanaşı, Türkiyə, Rusiya və Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbirdə əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar.

Toplantıda çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli bu sahədə konfransın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib. Şüa diaqnostikasının müasir dövrdə tibbin bütün sahələrində aparıcı rol oynadığını vurğulayan rektor deyib: “Son illər ölkəmizdə təbabətin bütün istiqamətləri kimi, şüa diaqnostikası da inkişaf edir. Paytaxtdaregionlarda çoxsaylı diaqnostika mərkəzləri açılıb, onlar müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi dəstəyin bariz nümunəsidir”. G.Gəraybəyli dinləniləcək mövzuların və aparılacaq müzakirələrin bu sahənin inkişafına töhfə verəcəyinə inandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Tədbirin qonaqları şüa diaqnostikası sahəsində yeniliklərin müzakirəsinin onun inkişafında mühüm rol oynayacağını deyib və konfransın təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.

Azərbaycanda radiologiyanın inkişaf tarixi barəsində məlumat verən Universitetin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova qeyd edib ki, uzun illər ərzində şüa diaqnostikası yalnız klassik rentgen müayinə üsulları ilə məhdudlaşırdısa, hazırda ultrasəs müayinəsi, kompüter, maqnit-rezonans, pozitron-emission tomoqrafiyaları kliniki praktikada aparıcı rol oynayır. Bu müayinə üsullarının diaqnostik imkanları ilbəil artır, tədqiq olunan patoloji proseslərin spektrləri genişlənir, xəstəlik haqqında alınan informasiyaların həcmi və keyfiyyəti yüksəlir.

İkigünlük konfransın ilk günündə “Bağırsaqların iltihabi xəstəliklərinin radioloji diaqnostikası”, “Radioloji görüntülərin artırılmış reallıq eynəkləri ilə interoperasion istifadəsi”, “Süd vəzisi xərçənginin diaqnostikasında innovativ texnologiyaların rolu”, “Renovaskulyar xəstəliklərin invaziv radioloji müalicəsi” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tədbirin ikinci günündə gənc tədqiqatçılar və rezidentlər üçün radioloji kurslar da təşkil olunub.

 

Tibb qəzeti  2019.- 30 mart.- S.6.