Milli Oftalmologiya
Mərkəzinin 10 illiyi
qeyd edildi
Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin
10 illiyinə həsr edilmiş “Oftalmologiyanın
bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi, Azərbaycan
Oftalmoloqlar Cəmiyyəti
və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
təşəbbüsü ilə təşkil olunan tədbirdə mərkəzin direktoru,
professor Elmar Qasımov
çıxış edərək,
bu günün bütün oftalmoloqlar üçün əlamətdar
olduğunu deyib, 10 il ərzində mərkəzin əldə
etdiyi uğurlardan danışıb: "2009-cu il
22 may tarixində Prezident
İlham Əliyevin iştirakı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı
olub. 10 illiyini
qeyd edən Milli Oftalmologiya Mərkəzi beynəlxalq
standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini
əhatə edən şöbələr və
yüksək ixtisaslı
mütəxəssislər fəaliyyət
göstərir. Ən müasir
texnologiyalar əsasında
işləyən diaqnostik
avadanlıq və üsulların istifadəsi
görmə orqanlarının
anatomik və funksional parametrlərini dəqiq müəyyən
edir ki, bu da göz
xəstəliklərinin diaqnostikası
və müalicəsinin
keyfiyyətini, gözün
müəyyən strukturunda
aparılan cərrahi əməliyyatların funksional
nəticələrini qat-qat
yüksəldir. Mərkəzin aparıcı cərrahları
dünyanın qabaqcıl
oftalmoloji müəssisələrində
aparılan unikal cərrahi əməliyyatları
tətbiq edirlər".
E.Qasımov fəaliyyət göstərdiyi
10 il ərzində
Mərkəzdə 90 224 nəfər
stasionar pasiyentin müalicə olunduğunu,
82 468 cərrahiyyə əməliyyatının
aparıldığını diqqətə çatdırıb.
O, Masallıda və Gəncədə Mərkəzin
regional şöbələrinin fəaliyyət göstərdiyini
qeyd edib: “Ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş regional
şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Rayonların əhalisinə oftalmoloji,
xüsusilə cərrahi
yardım göstərmək
üçün 2005-ci ildə
müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika da təşkil
edilib. Bu klinika paytaxtda, bir çox rayon və şəhərlərdə
aksiyalar keçirir.
Bununla yanaşı, 2018-ci
ildən Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin
Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb.
Bu klinikalarda 22 692 nəfərə baxış
keçirilib, onlardan
2 minə yaxını
üzərində cərrahiyyə
əməliyyatı aparılıb”.
Natiq yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin Şəki
filialının da fəaliyyətə başlayacağını
deyib. Azərbaycanda yüksək ixtisaslı
gənc oftalmoloqların
hazırlandığını və oftalmologiya elminin sürətlə inkişaf etdiyini söyləyən E.Qasımov
bu sahənin inkişafında akademik Zərifə Əliyevanın
rolunu xüsusi vurğulayıb.
Sonra mərkəzin
fəaliyyətini əks
etdirən videoçarx
nümayiş etdirilib,
müxtəlif mövzularda
məruzələr dinlənilib.
Oftalmologiya sahəsində əldə
olunan son yenilikləri
və nailiyyətləri,
yeni müayinə və müalicə metodlarını müzakirə
etmək və öz sahələrində
mütəxəssis olan
oftalmoloqların təcrübələrindən
yararlanmaq məqsədilə
keçirilən konfransda
yerli mütəxəssislərlə
yanaşı, xarici oftalmoloqlar da iştirak ediblər.
Ü.FƏRZƏLİYEVA
Tibb qəzeti 2019.- 31 may.- S.5.