Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir
Dünya üzrə ictimaiyyətin diqqətini
qazanılmış immun
çatışmazlığı sindromu
(QİÇS) xəstələrinin və insanın immun çatışmazlığı virusu (İİV) infeksiyası
daşıyıcılarının problemlərinə cəlb
etmək, həmçinin bu infeksiyanın
yayılmasının qarşısını almaq
məqsədilə hər il may ayının üçüncü
bazar günü
QİÇS-dən vəfat edənlər xatırlanır.
İİV virusunun yayılmasına
qarşı insanlara xəbərdarlıq
etmək və onları bu təhlükədən
uzaq olmağa
çağırmaq məramı ilə həmin gün mühazirələr oxunur,
maarifləndirici, xatirə və xeyriyyə tədbirləri təşkil
edilir.
İİV
üzrə müalicə və profilaktika tədbirləri
davam etdirilir
Dünyada aparılan çoxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, İİV infeksiyası hələ də yayılmaqdadır. Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri arasında yayılıb. 2019-cu ilin birinci rübü ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 1987-ci ildən cari ilin aprelinə qədər olan dövr ərzində isə bu rəqəm 43 faizə bərabər olub. Görülən tədbirlər sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda bildirilir.
Diqqətə çatdırılır ki, 2019-cu ilin 3 ayı ərzində 172 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 167-si (97,1 %) Azərbaycan vətəndaşı, 5-i (2,9 %) isə əcnəbilərdir. Qeydiyyata alınmış 167 yerli sakindən 114-ü (68,3 %) kişi, 53-ü (31,7 %) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 51 İİV-li xəstə QİÇS mərhələsinə keçib, 16 nəfər İİV infeksiyasından vəfat edib.
Bu ilin I rübü ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 22 nəfər (13,2 %) parenteral, 118 nəfər (70,7 %) heteroseksual, 8 nəfər (4,8 %) homoseksual kontakt nəticəsində, 1 nəfər (0,6 %) şaquli yolla yoluxub, 19 nəfərin (11,4 %) yoluxma yolu müəyyənləşdirilməkdədir.
2006-cı il noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 201 nəfərin müalicəsi 2019-cu ilin ilk 3 ayı ərzində başlanılıb.
2019-cu ilin I rübü
ərzində mərkəz bir sıra beynəlxalq
hesabatların tərtibi üzrə öz
fəaliyyətini davam edib.
Belə ki, bu dövrdə
BMT-yə təqdim olunan GAM hesabatı və
SPECTRUM proqramı üzrə hesabatların tərtibi
yekunlaşıb və əlaqədar təşkilatlara
göndərilib.
Avropa
İİV-ə testləşmə həftəsi yaz
kampaniyası
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Avropa İİV-ə testləşmə həftəsi yaz kampaniyası çərçivəsində İİV testləşmə aksiyası keçirir.
Mərkəzdən verilən məlumata görə, bu kampaniya “HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS üzrə Birləşmiş Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Həftə çərçivəsində ÜST-nin Avropa regionu üzrə bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. ÜST-nin hesablamalarına görə, Avropa regionunda bu virusa yoluxanların təqribən üçdə biri yoluxduğunu bilmir. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV infeksiyası epidemiyasına son qoymaqdır.
Testləşmə kampaniyasının keçirilməsi təşəbbüsü 2013-cü ildə yaranıb və elə həmin ildən Azərbaycan panavropa kampaniyasına qoşulub. Hər il bu aksiyalarda İİV/QİÇS-lə mübarizə üzrə 700-dən çox milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən kampaniya ildə iki dəfə – mayda QİÇS Qurbanlarının Dünya Xatirə Günündə və noyabrda – QİÇS-lə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin
mütəxəssisi Ceyhun Nəcəfov bildirib ki, aksiya
çərçivəsində Bakı, Sumqayıt və
ölkənin digər şəhərlərindəki ali məktəblərdə, avtovağzallarda,
ticarət mərkəzlərində ödənişsiz və
könüllü şəkildə
İİV-ə testləşmə aparılıb: “Testləşmə həftəsi ərzində
Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət
Universitetində, paytaxtın iri ticarət-əyləncə
mərkəzlərində, Bakı Beynəlxalq
Avtovağzalında və digər obyektlərdə
İİV-ə könüllü və pulsuz testləşmə üçün
məntəqələr yaradılıb. Bakının, Gəncənin,
Tovuzun və digər rayonların müxtəlif
obyektlərində də testləşmə və məsləhət
aksiyaları keçirilib. Tədbirlərdə
yüzlərlə vətəndaş könüllü
müayinədən keçib. Həmçinin
İİV barədə materiallar,
broşürlər, bukletlər, plakatlar
paylanıb”.
Tibb qəzeti 2019.- 31 may.- S.4.