Hematologiya və Transfuziologiya İnstitutunun
75 illiyi
B.Eyvazov
adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə
həsr olunan “Hematologiyanın aktual problemləri” mövzusunda
beynəlxalq konfrans keçirilib.
Yerli mütəxəssislərlə yanaşı, Türkiyə,
Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan
və Tacikistandan hematoloq və transfuzioloqların da iştirak etdiyi tədbirdə institutun direktoru Zöhrə Əlimirzəyeva çıxış
edərək, bu günün hematoloqlar üçün əlamətdar
olduğunu qeyd edib. O bildirib ki, Prezident İlham
Əliyevin siyasəti
sayəsində ölkəmizdə
səhiyyə sahəsində
ciddi islahatlar aparılır, tibb müəssisələrinin maddi
texniki-bazası möhkəmləndirilir,
bu sahədə əhəmiyyətli qanunvericilik
aktları, dövlət
proqramları qəbul
edilib. İnstitut da səhiyyənin
dinamik inkişaf tendensiyasından geri qalmayıb. Azərbaycanda hematologiya üzrə
böyük işlər
görülüb, əhaliyə
göstərilən hematoloji
xidmət standartlara uyğun şəkildə
qurulub. İnstitutun binası əsaslı
təmir edilib, laboratoriyalar, eləcə də qurumun nəzdində və 8 bölgədə yerləşən
qan bankları ən müasir avadanlıq və reaktivlərlə təmin
olunub. Həmçinin burada çalışan
mütəxəssislərin peşəkarlıq səviyyəsi
yüksəldilib. Ölkəmizdə hematologiya və transfuziologiya sahəsi daim diqqət mərkəzində saxlanılır.
Son zamanlar bu sahədə Milli Məclis tərəfindən
3 qanunun, Nazirlər Kabineti tərəfindən
isə 4 dövlət
proqramının qəbul
edilməsi bu diqqətin bariz nümunəsidir.
Z.Əlimirzəyeva qeyd edib ki, Azərbaycanda talassemiya ilə mübarizədə köklü
dəyişikliklər Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə 2005-ci ildən
etibarən “Talassemiyasız
həyat naminə” layihəsinin həyata keçirilməsindən sonra
qeydə alınıb.
Milli Məclis Ailə Məcəlləsinə
dəyişikliklər barədə
Qanun qəbul etdikdən sonra talassemiyanın profilaktikası
proqramının müvəffəqiyyətlə
həyata keçirilməsinə
başlanılıb: “İndiyədək
yarım milyondan çox insan müayinə olunub, 20 mindən çox talassemiya daşıyıcısı
aşkarlanıb. 204 cütlüyün isə hər ikisində talassemiyaya rast gəlinib. Onlara genetik konsultasiyalar
verilib, hamiləlik dövründə prenatal müayinə
aparılaraq xəstə
uşaqların doğulmasının
qarşısı alınıb.
Görülən tədbirlər nəticəsində
doğulan xəstə
uşaqların sayı
azalıb”.
Direktor rəhbərlik
etdiyi qurum haqqında məlumat verib, institutda indiyədək keçirilən
beynəlxalq tədbirlərdən
danışıb.
Sonra Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi
Çingiz Əsədov
“B.Eyvazov adına
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu:
75 illik tarixlə gələcəyə” mövzusunda
təqdimatla çıxış
edib, institutun tarixi haqqında məlumat verib.
Konfrans qanın bədxassəli xəstəliklərinin, irsi xəstəliklərin və transfuziologiyanın müxtəlif aspektlərinə həsr olunan məruzə və müzakirələrlə davam etdirilib. İştirakçılar hematologiyanın aktual problemləri üzrə məlumat mübadiləsi aparıb, bu sahədə son elmi nailiyyətləri izləmək imkanı qazanıblar.
Tibb qəzeti
2019.- 31 may.- S.3.