"Molla Nəfəs və XIX əsr türkmən həyatı"

     Azərbaycan alimləri beynəlxalq konfransda iştirak ediblər

     Türkmənistanın Mari  şəhərində "Molla Nəfəs və XIX əsr türkmən həyatı" adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

     Böyük türkmən şairi Molla Nəfəsin 200 illiyi ilə bağlı baş tutan tədbirdə 25 ölkədən gəlmiş tarixçilər, şərqşünaslar və dilci alimlər iştirak etmişlər. Konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Ramiz Əsgər, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Elmira Fikrətqızı və Bakıdakı "Min bir mahnı" nəşriyyatının rəhbəri Rafiq Babayev təmsil etmişlər.

     Konfransda milli və dünya mədəniyyətinin inkişafında Molla Nəfəsin poetik irsi, şairin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilməsi, onun irsinin tədqiqi və diğer məsələlər ətrafında müzakirələr aparılmışdır.Türkmən xalqının övladı Molla Nəfəsin Azərbaycanda iki kitabı nəfis tərtibatla çap edilmişdir. Bu kitabların istər tərtibatı, istərsə də tərcümənin keyfiyyəti iştirakçıların diqqətini çəkmişdir. Ramiz Əsgər Molla Nəfəsin şeirlərini dilimizə çevirmışdir. Konfrans iştirakçıları Marı vilayətinin tarix-diyarşünaslıq muzeyinə, "Mərv" tarixi-mədəni qoruğuna getmiş, Marı şəhər Sərgilər Mərkəzində türkmən rəssamlarının əsərlərinə baxmışlar.

 

 

     Türküstan.- 2010.- 18-24 aprel.- S. 13.