Nizami Gəncəvinin irsində Türklük və İslam

 

Hazırda Azərbaycan-türk fəlsəfəsi və mədəniyyətinin inciləri sayılan mütəfəkkirlərin Ə.Bəhmənyar, N.Gəncəvi, Xaqani, N.Tusi, İ.Nəsimi, M.Füzuli və b. yaradıcılığından bəhs olunarkən, onların Azərbaycan xalqının qədim dini-fəlsəfi dünyagörüşü ilə bağlı fikirləri tədqiqatlardan, həmçinin Azərbaycan türk fəlsəfəsi, Azərbaycan türk tarixi və s. adlanan mühüm əhəmiyyətə malik olan elmi yazılardan ya kənarda qalmış, ya da çox cüzi şəkildə təfsir olunmuşdur. Halbuki onların dünyagörüşündə türk mənsubiyyətinə, türk ruhuna, eləcə də islama dair motivlər güclüdür. Bu mütəfəkkirlər birmənalı şəkildə özlərini türk adlandırmış və türklükləri ilə də fəxr etmişlər. Onların arasında böyük türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin yaradıcılığında əski türk düşüncəsinə, türk dini etiqadlarına, ümumilikdə türk mədəniyyətinə-fəlsəfəsinə meyil daha çox hiss olunur. N.Gəncəvi "Xəmsə"sini (”Beşliy”ini) farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümummilikdə türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ etmişdi.

N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir. Filosof-şair ”Sirlər xəzinəsi”ndə dəfələrlə türk düşüncəsinə, türk etiqadlarına müraciət etmişdi: Türkə bənzər yasəmən çöldə qurub ağ çadır, Çadırın ayparası Sürəyyaya nur saçır”. Burada o, ağ yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşçü çadırına oxşadır və bu çadırquya, o qədər əzəmətlidir ki, Sürəyya ulduzunadək ucalıb ona şölə verir. Nizami daha sonra yazır: ”Lalənin bağrı qara - ərəb yavrusu kimi, Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi!’’. "Türk yasəmən" ifadəsi Nizaminin ənənəvi məcazlarındandır və türkün qədim dövrlərdən əbədi bahar, təzəlik, paklıq rəmzi olduğuna işarədir. ”Qarı ilə Sultan Səncərin hekayətində isə Nizami türk hökmdarını ədalətli və vicdanlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç bir zaman zalım və ədalətsiz olmamışlar, Sultan Səncərin buna uyğun olmayan davranışı isə türk adına şərəf gətirmir. Ona görə də, Nizami bir qarının dilindən türk hökmdarı Sultan Səncəri ədalətsiz işlərinə görə belə ittiham edir: ”Dağ kimi ucalmışdı bir zaman Türk dövləti, Sarmışdı məmləkəti ədaləti, şəfqəti. Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san, Demək, sən türk deyilsən, yağmaçı bir hindusan”. Fikrimizcə, burada N.Gəncəvi bir tərəfdən Sultan Səncərin timsalında türk hökmdarlarını türk düşüncəsinə, türk adət-ənənələrinə əməl etməyə çağırmaqla yanaşı, onları pis əməllərdən çəkindirməyə çalışmış və başqa tərəfdən Azərbaycanda bir Türk dövlətinin hakim olduğuna işarə etmişdir.

"Xosrov və Şirin" poemasında isə N.Gəncəvi açıq şəkildə yazır ki, türklərin köku bu millətin ulu əcdadı Alp ƏrTonqa, di-vani etiqadı isə Günəşə sitayişlə bağlıdır: ”Əgəp o aydırsa, biz aftiabıq (Günəş - F.Ə.), O Key-xosrovdursa, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa-F.Ə.)’’. Eləcə də, N.Gəncəvinin zərdüşti Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubuna qarşı göstərdiyi hörmətsizliyə münasibəti də göstərir ki, o, fars düşüncəsindən çox-çox uzaq olmuşdu. Gəncəli Nizami atəşpərəst dininə tapınan fars Pərvizin peyğəmbərin məktubunu cırmasını "quduzluq” kimi qiymətləndirmişdi.

Fikrimizcə, N.Gəncəvinin "İskəndərnaməni yazmaqda məqsədi yalnız Makedoniyalı İskəndərin timsalında adil hökmdarı, ədalətli cəmiyyəti təsvir etmək deyil, eyni zamanda türk millətinin qədimliyini, türk inanclarını, adət-ənənələrini və s. dünyaya tanıtdırmaq olmuşdu. Bu baxımdan N.Gəncəvinin Makedoniyalı İskəndəri türk dünyasının bir hissəsi olan Azərbaycana, daha sonra Qıpçaq elinə aparması təsadüf ola bilməzdi. N.Gəncəvinin burada başlıca məqsədi Azərbaycanda, Qafqazda, Orta Asiyada və b. yerlərdə yaşayan türklərin adət-ənənələrini, mədəniyyətini, düşüncələrini və s. açıqlamaq olmuşdu. Məsələn, İskəndəri Qıpçaq ellərinə aparan N.Gəncəvi yazır ki, Qıpçaq türklərinin adət-ənənələri böyük Fatehi mat qoyur. Xüsusilə qadınların üzlərini örtməməsi və kişilərdən qaçmaması İskəndəri təəccübləndirir. İskəndər qıpçaqların ağsaqqallarını başına yığaraq bu adətlərindən əl çəkməyə çağırır: "Örtülü dedi çöl qıpçaqlarına: ”Üzünü gizləmək xoşdur qadına". Qıpçaq türkləri isə İskəndəri başa salırlar ki, onlar adətlərini dəyişməyəcəklər, Makedoniyalı Fateh isə hiylə işlətməklə istəyinə çatır.

Nizaminin yaradıcılığında zərdüştiliyin, atəşpərəstliyin birmənalı şəkildə pislənməsi, eləcə də Makedoniyalı İskəndəri bu din-dünyadan təmizlədiyi üçün tərifləməsi, heç də təsadüf ola bilməzdi. Əgər Firdovsi "Şahnamə’’də fars düşüncəsini, fars dini etiqadlarını, fars dünyagörüşünü təbliğ etmişdirsə, N.Gəncəvi də "Beşlikdə, o cümlədən İskəndərnamə poemasında türk həyat tərzini, türk düşüncəsini, türk dini etiqadlarını, türk adət-ənənələrini, türk dünyagörüşünü və s. böyük ustalıqla əks etdirmişdir.

Göründüyü kimi, N.Gəncəvinin əsərlərində “türk” amili xüsusilə önə çəkilmiş və Azərbaycan türklərin qədim vətəni kimi açıq şəkildə qeyd edilmişdir. "Xosrov və Şirin” poemasında "Dərbənd dənizinin bir sahmanında”, "Arrandan başlamış Ərmənə qədər” hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün qədimliyini bu cür ifadə edir: ”Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Ton-qa - F.Ə.)”. Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin nəsi-lindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün türk olması və türklərin Əfrasiyab (Alp Ər Tonqa) kimi hökmdarının olması ilə fəxr edir. Xüsusilə N.Gəncəvi "İskəndərnamə” poemasında türk xalqlarının qədimliyini, onların adət-ənənələrini böyük ustalıqla əks etdirmişdir. Bu əsərində Makedoniyalı İskəndərin Qıpçaq ellərinə səfərindən bəhs edən N.Gəncəvinin məqsədi türklərin yalnız Azərbaycanda deyil, Orta Asiya və bütün Qafqaz ellərində qədim xalqlardan biri olduğunu sübuta yetirmək olmuşdu. Ümumiyyətlə, N.Gəncəvinin bütün yaradıcılığı bizə onu deməyə əsas verir ki, o bir türk ölkəsində, şəhərində dünyaya gəlmiş, türk kimi böyümüş və türk adına xidmət etmişdir.

N.Gəncəvinin "İskəndərnamə" poemasında türk ölkəsi, türk əhalisi, türkyurdu və s. mənalarda tez-tez ifadə etdiyi “Xəzran", "Xəzər", "Xəzərli", "Xəzərlər", “Xəzər dağı" anlayışları da göstərir ki, o, bir türk filosofu olmuş və türk ölkəsində yaşamışdır. “Xəzər dağından Çin suyuna qədər Türklərlə doludur bütün bu yerlər" - yazan N.Gəncəvi birincisi, Azərbaycanın qədimdən türk torpağı olduğunu, ikincisi isə "Xəzər dağı" ifadəsini işlətməklə həmin dövrdə xəzərlər adlı türk etnosunun mövcudluğunu göstərmək istəmişdir. Başqa tərəfdən N.Gəncəvinin "İskəndərnamə”sində görürük ki, İskəndərin qoşununda türklər olduğu kimi, rusların da qoşununda Xəzər, Xəzran ölkəsindən gəlmiş "xəzərlər” adlı türk tayfaları var: "Qarşıda bənizi qırmızı ruslar Məcusun atəşi kimi parıldar. Sağ qolu bəzəmiş Xəzran dəstəsi, Soldan da ucalır Burtasın səsi”. Əslində "Xəzran” sözünün mənası Xəzərlər - "Xəzərlər ölkəsi" deməkdir. Hətta, N.Gəncəvi "İskəndərnamə”də bir türk etnosu kimi "xəzərli” terminindən də istifadə etmişdir.

Fikrimizcə, N.Gəncəvinin dünyagörüşünün bu yöndə obyektiv, elmi prinsiplərə əsaslanan şərhi, təfsiri ilk dəfə böyük türkçü ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdi. M.Ə.Rəsulzadə N.Gəncəvinin türk mənsubiyyətinə, türk dini-fəlsəfi düşüncəsinə, türk ruhuna, türk mədəniyyətinə, fəlsəfəsinə bağlılığını vaxtında görərək, bütün bunları "Azərbaycan şairi Nizami’’ əsərində əks etdirmişdi.

M.Ə.Rəsulzadə yazır ki, Firdovsi İran millətçiliyinin ideoloqu, fars oğlu fars olduğu kimi, N.Gəncəvi də türkoğlu türk kimi bir Azərbaycan şairidir. M.Ə. Rəsulzadəyə görə, Nizaminin iranlılıqdan, farspərəstlikdən uzaq olmasına nümunə "Xosrov və Şirin” poemasında Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubunu cırmasını "quduzluq” adlandırması, "atəşpərəst hökmdarın yalnız maddi fəlakət və süqutunu şərh etməklə kifayətlənməyib, eyni zamanda iran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etməsidir. Onun fikrincə, Nizaminin bir o qədər də ehtiyac olmadan peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qırmancla onu vurması, vəziri Büzürgümidin ona ərəb peyğəmbəri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşkədələrin (atəş-gahların) sönməsi kimi əhvalatları "Xosrov və Şirin” poemasına əlavə etməsi, türk ziyalısının farslıq təəssübündən, fars düşüncəsindən uzaq olmasıyla bağlı olmuşdu. M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi. Onun fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəsləməsi onda farslıq duyğusunun olmaması idi. M.Ə.Rəsulzadəyə görə, Nizami bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır: "Təkallahlıq mövqeyindən də o hər cür ikilik və çoxluğu rədd edən bir "vəhdaniyyətçidir”. Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub öz aralarında vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlir”. M.Ə.Rəsulzadə yazır ki, hətta Nizami üçün ”qədim farslığın islama qarşı müxa-lifətinin bir ifadəsi” olan ismaililik "iranlı” məzhəb kimi onun dilində bir söyüşdür: "Dediyim kimi deyilsə, ismaili olum”. Deməli, N.Gəncəvi qədim türklərin tanrıçılıq dini-fəlsəfi təlimində olduğu kimi təkallahlılıq dünya-görüşünə sahib olmuş və bütün hallarda dualist, politeist sistemləri inkar etmişdi. Bu da, bir daha göstərir ki, N.Gəncəvi XII əsrdə dualist fars düşüncəsinin, atəşpərəst fars ehkamçılığının, yaxud da islama qarşı yönəlmiş "Firdovsi kini’nin yox, qədim dövrdən etibarən türk düşüncəsinə hakim olan monoteizmin, türk dini etiqadının daşıyıcısı olmuşdur.

 

 

Faiq Qəzənfəroğlu

 

Türküstan.- 2013.- 31 mart-6 aprel.- S. 6.