şair-publisist Namiq Hacıheydərli:

 

“Nağılarımızın qəhrəman Elxan, Oğuz olmalı idi, Məlikməmməd, yetimİbrahim yox”

 

 -Namiq bəy, 2012-ci ildə şeirlər kitabınız çap olundu - “Ey Türk doğulan...” - Kimə üz tutur və nəyi demək istəyirdiniz?

 -Adından göründüyü kimi daha çox özünü, milli kimliyini türk olaraq dərk edənlərə. Ancaq, təbii ki, şair üçün dəyərli və anlaqlı oxucu var. Milli kimliyindən aslı olmayaraq qələm adamı hər kəs üçün yazır. Eləcə də mənim yazdıqlarım hər kəs üçün - oxuyan, anlayan, dəyər verən bütün oxucular üçündü. Az-çox yazdıqlarımda amacım sələflərimin başladığı qutsal davanı sürdürməkdi.

- Nədir o qutsal davalar?

-Milli kimliyin heç bir halda, heç bir məqamda gözardı edilməməsi. Milli şüurun oyanışı, millətin özünə dönüşü və əski özümlüyünə dayanaraq sabahlara yürüməsi və s.

- Dünyada qloballaşma – kürəsəlləşmə prosesinin getiyi bir zamanda milliyətçilikdən, milli kimlikdən, milli məfkurədən danışmaq nə dərəcədə doğrudur?

-Elə dava da bu kürəsəlləşmə dönəmində yabançı mədəniyyətlərin içində əriməməyə, milli kimliyini qoruyub saxlamağa xidmət edir. Düşünürəm ki, sizin dediyiniz kimi dünyada qloballaşma – kürəsəlləşmə sürəcinin getiyi bir zamanda bu dava daha gərəklidir, genəl deyimlə desək daha aktualdır. Ulutürk deyirdi ki, “bu dünyada otun, suyun, torpağın da yaddaşı var, sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var”. Əlavə edərdim ki, eləcə də iyi, dadı, ətri var. Düşünürəm, otun, çıçəyin, meyvənin öz iyi, öz dadı və ətri olduğu kimi hər bir millətin də öz iyi, öz rəngi, öz ətri var. Bu iy, rəng, ətir millətin yaradıcılığında – fəlsəfəsində, ədəbiyyatında, mədəniyyətində, incəsənətində ifadə olunur. Bir milləti digər millətdən fərqləndirən də bu özəllikləridi zatən. Gülüstanda bütün çiçəklər eyni ətri verərsə, daha minbir çiçəyə nə ehtiyac var?! Bir çiçək bəs edərdi o zaman... Milliyətçilik davası da çoxmillətli dünyada əriməmək, milli varlığını qoruyub saxlamaq, imzasını “imzalar içində” əbədi var etmək üçündü...

-Niyə türklük davası yetərincə uğurlu sonuca vara bilmir?

-Gerçək türk birliyi nə zaman yaranacaq, Turan nə zaman qurulacaq?

Türklük, milliyətçilik davasının, Turan məfkurəsinin uğurlu sonuca vara bilməməsinin ən başlıca nədəni istər bizdə, istərsə də bildiyim qədəri ilə digər türk respublikalarında bu qutsal anlayışlardan danışanların məhz bu iş üçün görəvləndirilməsidir. Daha aydın ifadə etsəm Türk birliyindən danışanların çoxu elə türk birliyindən danışmaqla görəvlidirlər. Bu yönümdə fəaliyyət göstərən qurumlara – qeyri-hökumət təşkilatlarına da bir çox hallarda belələri rəhbərlik edir. Məfkurə davası şəxsin uzun illik özünü öyrənməsi və illərlə düşünməsi sonucunda verdiyi qəti qərara bağlı olmalıdı. Bəzi dinçilər cənnət eşqi ilə ibadət etdikləri kimi, milliyətçilik qrant, kürsü, vəzifə ehtirası ilə olmamalıdı.

-Türkün birliyində maraqlı olmayan qüvvələr birilərini türk birliyindən danışmaq üçün niyə görəvləndirsinlər ki?!

-Elə türk birliyini istəmədikləri üçün. Şəxsi maraqlarını təmin etmək uğruna  göstərdikləri çaba ilə bu qutsal davanı ləkələmək, nəzərdən salmaq üçün. Bu mövzunu dəyərdən salmaq, millətimizdə  “türk birliyi, turan məfkurəsi boş xəyaldır” – qənaətini yaratmaq üçün. Və artıq, düşüncələrdə bu qənaəti az-çox yaradıblar.

-Sizcə bu gün millət olaraq bizim üçün  ən ağrılı məqam nədir və ya  haradır?

-Ağrılı məqamlarımız çoxdur. Nağıllarımızda, bəzi klassiklərimizin yaradıcılığında milli kimliyin görünməməsi, yazar çağdaşlarımızın bir qisminin kosmopolitləşməsi, dünyaya gələn körpələrimizə öztürkcəmizdə deyil, ərəb-fars, rus, yəhudi, italyan, latın... mənşəli adların qoyulması, rusca doğulub, ingiliscə yaşayıb, ərəbcə ölməyimizə qədər o qədər ağrılı məqamlarımız var ki... Rusun nağılını oxuyan yapon ivan və ya ayı obrazını görən kimi nağılın rus nağılı olduğunu bilir. Bizim nağılların qəhrəmanı Elxan, Ayxan, Bilgə, Oğuz... və sair olmalı idi. Məlikməmməd, yetim İbrahim yox. Yaxud 10-cu əsrdə farsın şairi Firdovsi milli kimliyini az qala hayqırdığı halda, bizim 12-ci əsrdə yaşamış Nizamimizdə milliyə t görünmür. Ona görə bu gün bəziləri onu öz marağına uyğun olaraq farslaşdırmağa cürət edir. Nizami “Yüz il sonra sorsan şair hardadır, hər beyti səslənər burda, burdadır” – deyirdi. Hər beyti onun milli kimliyini kəsinliklə bəlli etsəydi daha gözəl olardı. Şairin, yazarın milli kimliyi onun yaradıcılığında boy verib görünməlidi. Yaxud, siz qızının adı Aysel, Günel, Aytəkin oğlunun adı Ayxan, Elxan, Anar, Oğuz olan ərəb, fars, rus və ya avropalı gördünüzmü?! Əlbəttə yox! O zaman nədən bizim çocuqların adı, Sədrəddin, Bədrəddin, Rafael, Roksana... olsun? Yad adlar qoymaqla övladlarımızın beşikdəcə yadlaşma sürəcini başlatmış oluruq. Artıq, bu yadlaşmaya dur- demə zamanı gəlmədimi?! Bütün bunlar ağrılı məqamlarımızdır. Ancaq, sualda ifadə etdiyiniz kimi ən ağrılı məqamımız isə hələ də layiqli qiymətini vermədiyimiz Azərbaycan Demokratik Cümhuriyyətinin Rus iya tərəfindən işğalı və 37-ci il repressiyasıdır. ! Diktator Stalinin hakimiyyəti dönəmində, özəlliklə 37-ci ildə Azərbaycanda bir Türk-İslam sivilizasiyası yer üzündən silindi. Mədəni-mənəvi sferada  yaratdıqlarımız məhv olmuş bu sivilizasiyanın xarabalıqları üzərində qurulanlardı. Daha aydın olsun deyə gəlin bir müqayisə aparaq. Tam yüz il əvvələ xəyali səyahət edək; Azərbaycanda kimlər vardı?! Musiqimizdə Üzeyir Hacıbəyli, milli ideologiyada Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, publisistikada Ömər Faiq, hərbdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, siyasətdə Fətəli xan Xoyski, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, ədəbiyyatımızda Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqaları. Bu gün eyni sahədə kimlər var, müqayisə edin fərqi görəcəksiz. XX əsrin əvvəllərində Azərbaycanda  düşüncə inqilabı, bir intellektual hərəkat başla mışdı. Bu hərəkat hələ də orta əsrlərin havasından ayrıla bilməyən şərq mühitində ilk Demokratik Respublikanın yaranmasına və o dönəm üçün az qala möcüzə olan sivil qərarların verilməsinə vəsilə oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə bu proses yeni qurulmuş milli hökumətin timsalında özünə ali dayaq qazanmış oldu. Rusiyanın işğalı bu dayağı dağıtdı, hərakatı isə ciddi şəkildə zəiflətdi. 37-ci ildə isə dediyim kimi rus işğalı nəticəsində bir sivilizasiya yer üzündən silindi...

Adının qarşısında ürəklə Böyük epitetini işlədə biləcəyimiz kim vardısa, hamısı öldürüldü, sürgün olundu, Respublikadan didərgin salındı. Burda sağ qalanlar isə ya sındırıldı ya da susmağa məcbur edildi.

-Amma radio, televiziya rus işğalından sonra meydana gəldi...

-Bu, dünyada, beynəlxalq aləmdə gedən proses idi. Rus işğalı olmasaydı televiziya Azərbaycana 56-cı ildə yox, lap 46-cı ildə də gələ bilərdi. Ayrıca, Azərbaycan işğala məruz qalmasaydı II Dünya savaşında neytral mövqe seçməklə 300 min insan itkisinin qarşısını ala bilərdi. Bəzən qabardırlar ki, bizdə kütləvi savadlanma sovetlər dönəmində getdi. Əcəba, yaranandan bir il sonra Universitet açan Respublika savadlanmanı özü təmin edə bilməyəcəkdimi? Əlbəttə, edəcəkdi. Həm də daha yüksək və daha sivil şəkildə.

- Yeri gəlmişkən, televiziyalarımızın bu gün ki durumu sizi qane edirmi?

-Qətiyyən yox! Televiziyalarımızda bəzi verilişlər mənəviyyatı, yüzillərlə oturuşmuş dəyərləri məhv etməklə məşğuldu. Təsəvvür edin hər gün televiziya xəbərlərində “oğul atanı baltaladı”, “ata qızına təcavüz etdi”, “qardaş qardaşı bıçaqladı”, “ər arvadını öldürdü”... kimi xəbərləri dinləyən vətəndaş hansı vəziyyətə düşür. Artıq, ata oğuldan, ər arvaddan, qız atadan ehtiyat etməyə başlayıb. İnsanların alt şüurunda qorxu meydana gəlib. Yaxud, camışın ağ balasının olmasını, payızda hardasa ağacın çiçək açmasını xəbər adına tamaşaçıya sırımaq xəbəri ucuzlaşdırmaqdı, həm də tamaşaçıya hörmətsizlikdi. Televiziyalar məktəblinin doğru istiqamətdə böyüməsi, tələbələrin bilik və düny agörüşlərinin formalaşması, genəlliklə toplumun sağlamlığının qorunub saxlanması üçün hansı işləri görür?! Bu gün ailə başçılar var ki, məktəbli övladlarını televiziyaların təqdim və təlqin etdiyi tərbiyəsizlikdən qorumaqla məşğuldu. Əgər evlərdə ailələr birlikdə oturub televiziyanı sərbəst şəkildə izləyə bilmirsə, ana evdən çıxarkən məktəbli övladlarına televizoru işə salmamağı, verilişləri izləməməyi tapşırırsa bu, artıq üzərində ciddi düşünüləsi məsələdi.

- Sonda daha bir sual: 2012-ci il başa çatır. Yeni ildən – 2013-cü ildən – nə gözləyirsiz, nə umursuz?

-İl bitir, ancaq, qayğılar, dərdlər bitmir. Köhnə ilin dərdlərini özümüzlə 2013-cü ilə daşımaqdayıq. Umduğum bu ki, 2012-ci ilin dərdlərini 2013-ə daşıdığımız kimi, 2013-cü ilin dərdlərini növbəti  - 2014-cü ilə daşımayaq. Azərbaycan olaraq ən böyük dərdimiz olan Qarabağ problemi çözülsün. Çözülsün ki, Təbriz, Kərkük, Dərbənd, Borçalı, Göyçə... intizardadı...

 

 

Böyükağa Mikayıl

 

Türküstan.-2013.-20-26 yanvar.-S.13.