"Səfəvilər dövləti türk
dünyasının bir hissəsi olub"
Yusif Alı Afşar: "Bu dövlət
Bütöv Azərbaycanın ideal modelidir"
Son dövrlər Səfəvi
dövləti və onun qurucusu Şah İsmayıl Xətai
haqqında gedən müzakirələrlə bağlı tədqiqatçı
alim, fəlsəfə doktoru Yusif Alı Afşar
suallarımızı cavablandırır.
- Bu gün bəzi şəxslər Şah İsmayil Xətaiyə
qarşı anti-təbliğat aparırlar. Ümumiyyətlə,
nə üçün bu gün bu tarixi şəxsiyyətin
üzərinə bu cür gedirlər?
- Əvvəla
onu qeyd edim ki, Şah İsmayıl Xətai və ondan əvvəl
və ondan sonra mövcud olmuş ailə sülaləsi Azərbaycan
tarixində xüsusi iz buraxmış şəxsiyyətlər
olmuşlar. Birmənalı olaraq deyilməlidir ki,
İsmayılın ata və ana tərəfi təmiz qanlı
türk tayfalarından ibarət idi. Şah İsmayılın
ana babası Uzun Həsən Azərbaycan tarixində xüsusi
qüdrətə malik olmuş Ağqoyunlu dövlətinin
yaradıcısı və başçısı olmuşdur.
Şah İsmayıl Xətai 15 yaşında hakimiyyətə
gəlmiş yeganə türk sərkərdəsidir.
İsmayıl 15 yaşa kimi dövrünün
tanınmış əmir və alimlərindən dünyəvi,
hərbi və dini biliklər öyrənmişdir. 37 il
yaşamasına baxmayaraq, Şah İsmayıl qüdrətli
bir türk dövləti, daha doğrusu imperiyası yarada
bilmişdir. Çox təəssüf hissi ilə qeyd etməliyəm
ki, həmin dönəmlərdə dünya üzərində
hökmranlıq aparan Osmanlı imperiyası ilə müttəfiqlik
əlaqələri yaradıla biməmişdir. Bunun da obyektiv
və subyektiv səbəbləri olmuşdur. Ən
başlıca amil isə sünni məzhəbini
Osmanlının rəsmi məzhəbi elan etmək istəyən
Yavuz Səlimin Osmanlının təməlində dayanan
türkmən tayfalarının inancına rəğmən
qanlı siyasət yürüdərək xəlifə olmaq
istəyi idi. Türkiyənin ən böyük tarixçisi,
dünyaca məşhur Xəlil İnalcık buyurur ki,
Osmanlının təməlini qoyan tayfalar abdalan və qaziyan
adlı iki türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri,
Qaziyanlar isə Tanrı savaşçıları anlamı
daşıyan adlardır. Bu Türkmən tayfaları batini
inanca sahip olaraq Türk ruhunun coşğusunu öz yaşam tərzlərinə
də hopdurmuş və Anadoluda türk dövlətinin
böyüməsində əsas rol oynamışdılar. Fəqət
sonradan Osmanlı sarayında türk kimliyindən
uzaqlaşmalar yaşandı. İstanbulun fəthi ilə Bizans
qeyser idarəçiliyinə keçməsi ilə kökə
olan bağlılıq zəiflədi. Və artıq Şah Xətaiyə
qədər türkmənlər sarayın bu mövqeyinə
etiraz edirdilər. Məsələn, Simavna qazısı
Şeyx Bədrəddinin üsyanı, bunun bir örnəyidir.
Mühüm fakt budur ki, Sultan Səlimin zəhərləyib
öldürdüyü atası II Bəyazid Xanla Şah Xətai
bir-birlərinə məktub yazarkən "sevgili atam" və
"sevgili oğlum" deyə xitab edəcək qədər
dost münasibətdə idilər. Hətta 1508-ci ildə
Zülqədəroğullarına qarşı savaşa gedən
Şah Xətai ordusunu Osmanlı torpaqlarından keçirməyə
belə izin almışdı. Yəni arada
qarşılıqlı güvən var idi. Fəqət Sultan
Səlimi iqtidara gətirən Osmanlı ülaməsi onu daim
Şah Xətai və Qızılbaşlığa
qarşı əsas güc olaraq yönləndirdi.
Çünki bilirdilər ki, Şah Xətai
Qızılbaşlığı Türkün mürtəce
molla yobazlığına qarşı etirazıdır. Qəribədir
ki, bəziləri tərəfindən böyük türk
hökümdarı kimi tərif edilən Sultan Səlimin
işi, gücü Türk dövlətləri ilə
savaşmaq olub. Əgər coğrafiyaya baxsanız görərsiniz
ki, Çaldıran düzü İstanbuldan nə qədər
uzaqdadır. Elə isə kimin daha çox savaş istədiyini
də anlamış olarsınız. Sultan Səlimin Məmlükləri
məğlub etdikdən sonra sünni ərəb
idrakını Osmanlının rəsmi ideologiyası,
özünü isə xəlifə elan etməsi ilə
sarayda Türkə "etraki biidrak", yəni "gerizəkalı
Türk" ayaması sırındı. Elə isə Sultan Səlim
nəyə əsasən böyük türk
adlandırılır ki" Təsadüfi deyil ki Osmanlı
sarayında serb, xorvat əsilli sədrəzəmlarından
savayı 2 nəfər erməni sədrəzəm də
olmuşdur. Fəqət 1514-dən bəri bir nəfər
türk sədrəzəm varmı Osmanlı sarayında? O
zaman hansı əsasla Sultan Səlimi türk hökmdarı
kimi qələmə verib Şah Xətai ilə müqayisə
edə bilərik ki? 1513-cü ildə Anadoluda 45 min
türkü qızılbaş olduğu üçün
qılıncdan keçirtdirən Səlim Yavuz Şah
İsmayılın üzərinə hücuma keçdi.
Sultan Səlimin farsca yazdığı təhqiramiz məktublarına
türkcə cavab yazan Şah İsmayıl məsələni
sülh yolu ilə həll etmək üçün çox cəhd
göstərsə də, buna nail ola bilmədi və iki
qardaş millətin tarixində bu gün də acı hisslərlə
xatırlanan Çaldıran döyüşü baş verdi.
Amma bütün bunlara dövrün baxışından baxmaq
gərəkdir. Şah İsmayıl Xətainin hansı dini məzhəb
sahibi olmasından öndə onun türk olmasına diqqət
yetirməliyik. Çünki Səfəvilər dövləti
tarixə ilk türk dövləti kimi daxil oldu və Qaraman
oğlu Məmməd bəyin türk dilini rəsmi dil elan etməsindən
sonra ilk dəfə olaraq türk dili Səfəvilər
dövlətinin rəsmi dövlət dili elan olundu.
Bu gün
çox təəssüf hissi ilə bildirmək istəyirəm
ki, onsuz da dərdli tarixmizin yaralı məqamlarını
milli qarşıdurmalar səviyyəsinə çıxaran
insanlara geniş meydan verilib. Daha doğrusu bu insanlar cəmiyyətdəki
boşluqlardan istifadə edərək xalqın yazılı
tarixi ilə oyun oynayırlar. Şah İsmayıl haqqında
bir-iki kitab oxuyub, onun şeirlərini əzbərləmək
Şah İsmayılı dərindən tanımaq demək
deyildir. Şah Xətai Tanrının insan qəlbində
olduğunu ən yaxşı bilənlərdən biri idi.
Bizim üçün onun sərkərdəlik,
hökmdarlıq qabiliyyətləri tarixdən məlumdur. Amma
Xətainin batini fəlsəfəsini duymaqda acizliklər
yaşayırıq. Bu gün islam alimlərinin,
araşdırıcılarının təsəvvüf
düşüncələrini incələdikcə Xətainin
fəlsəfəsinin daha dərin çalarlarını
görmək olur. Ümumiyyətlə, bu insanı iki istiqamətdə
təhlil etmək gərəkdir: 1.Şah İsmayıl şəxsiyyəti;
2.Xətai düşüncəsi və fəlsəfəsi.
Buna görə də özünü hər şeydən bilən
zənn edən insanlara bir neçə sual verin: Xətainin
şeirlərindəki dərin batini fəlsəfi fikirlərdən
nə dərəcədə xəbərdarsan" Şah Xətai
nədən Səfəvi deyil, Qızılbaş olaraq ortaya
çıxdı" Dönəmin ab-havasını, eyni
zamanda islam dünyasında 610-1500-ci illər arasında
yaşananları nə qədər incələdilər, din və
təsəvvüf məsələlərində nə qədər
bilgilidirlər ki, Şah Xətai kimi böyük sufi ilə
ilgili iftira söyləyə bilirlər" Əlbəttə
ki sualların sırasını artırmaq da olar, amma əsas
məqsəd Şah Xətai dünyasını dərindən
bilmədən onun haqqında küfr söyləyənlərə
səslənməkdir. Onlar anlamırlar ki, Şah Abbasın
dövründə Nəcəfdən şiə
mollalarının İsfahana gətirilməsi ilə
Qızılbaşlıq Səfəvi sarayından
sıxışdırıldı və əslində Şah
Abbas da eynən Sultan Səlim kimi öz kökünə
qarşı çıxdı. Bugünkü İran
mollası da Şah Abbasın səhvlərinin
acısıdır. Yoxsa ənəlhaq ruhu ilə bütünləşmiş
Qızılbaşlığın, cənnət-cəhənnəm
sevdası ilə milləti avam yerinə qoyan molla ilə nə
ortaq yönü ola bilər ki?
- Bəlkə bununla özlərini gündəmə gətirməyə
çalışırlar?
- Bayaq qeyd
etdiyim kimi bu gün cəmiyyətmizin bir çox sahələrində
kifayət qədər boşluqlar var. Bu boşluqlardan isə
böyük ustalıqla istifadə edən yad missioner
qruplaşmalar son anda bizim özümüzü
özümüzə qarşı qoyurlar. Çünki kifayət
qədər özümüzü öyrənməyə meyl
etməyən xalqıq. Bunu hər sahədə də
müşahidə edə bilərik. Mədəniyyət sahəsində
təsadüfi insanlar səhnələrə, televiziyalara
çıxaraq, əxlaqa zidd, mentalitetə zidd şoular
göstərirlər. Mən çox təəssüf edirəm
ki, bu gün bir çox siyasət insanları, ictimai təşkilatların
rəhbərləri də gündəmə gəlmək
üçün çox ucuz və bayağı yollardan
istifadə edirlər. Aydındır ki, orta statistik vətəndaşın
düçüncə tərzi dərinə işləyə
bilmir. Çünki sosial problemlər, maddi
sıxıntılar onun öz fəlsəfi dünyasına
enməyə mane olur. Onun yeganə informasiya almaq imkanı isə
televiziya vasitələridir. Burada isə xalqın üzdə
olan insanları düşüncələrə təsir edəcək
formada təbliğat aparırlar. Beləliklə, sadə vətəndaşın
düşüncəsində milli qürur mənbəyi hesab
etdiyi tarixi şəxsiyyətlər bir andaca gözdən
salınır. Böyük kütlənin isə həqiqəti
araşdırıb ortaya çıxarmağa nə vaxtı,
nə də imkanları olmadığından, daim bu fikir
haçalanması içərisində yaşayır. Bu fikir
ayrılığını yaradanlar, tarixi həqiqətlərə
öz dar düşüncəsindən baxanlar, tarixi şəxsiyyətlərə
özünün cılız anlayış sektorundan(dairədən)
yanaşanlar həqiqətən də gündəmi
qapsımaq üçün ortaya düşürlər. Bayaq
qeyd etdiyim kimi, ortada dövlətin vahid ideologiyası, tarixi
konsepsiyası olmalıdır ki, bu cür insanlar
danışdıqlarına daxilən bir senzura tətbiq etsinlər.
Sən düşündüyün hamı üçün həqiqət
kimi qəbul edilə bilməz. Bir insan həyatda bir neçə
işi paralel apara bilməz. İnsan bir sahənin yüksək
səviyyəli mütəxəssisi ola bilər. Qalan formada
insan ya ensiklopedik biliyə malik ola bilər, ya da ki, müəyyən
sahələrin həvəskar araşdırıcısı
ola bilər. Bu durumda isə həmin insanlardan əsl mütəxəssis
kimi yararlanmaq yanlışlıqlar yaradar. Şah
İsmayıl Xətai kimi dahi insanın fəlsəfəsini
və liderlik qabiliyyətini dərindən öyrənmədən
onu polemik söhbətə çıxaran insanlara sadəcə
acıyıram.
- Bu gün Səfəvilər dövlətini türk
dünyasının bir parçası hesab etmək
olarmı" Deyirlər ki, bu dövlət türk
dünyasının parçalanmasına səbəb oldu...
- Bu gün
bizim düşüncələrmizin rəng çalarları
müxtəlif cür ola bilər. Amma tarixi həqiqətlər
bu düşüncələrə uyğun da gələ bilər,
əks də. Səfəvilər dövləti haqqında
şəxsi fikirlər deyil, tarixi həqiqətləri
söyləmək gərəkdir. Amma bu haqda öz fikrimi
söyləyə bilərəm ki, Səfəvilər dövləti
türk dünyasının bir hissəsi olub və
Bütöv Azərbaycanın ideal modelidir.
Qızılbaşlığı dərindən öyrənmədən
Şah Xətainin və onun qurduğu Səfəvilər
dövlətinin haqqında ictimai fikiri yanlış istiqamətə
yönəltmək qətiyyən yolverilməzdir.
Türküstan.-2013.-13-19 yanvar.-S.13.