"Turan Yazqanın hədəfi bizim hədəfimizdir"

 

  Közhan Yazqan: Bundan sonra da vəqfimizdə hər şey Türk törəsincə olacaq"

 

   Ötən ilin noyabr ayında türk dünyası son illərin ən ağır itkilərindən birini yaşadı. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqan haqqın rəhmətinə qovuşdu. Həyatını Türk dünyasına xidmətdə keçirən bu böyük fikir adamının vəfatı bütün sevənlərini sarsıtdı.

   Turan sevdalısı Turan Yazqan 1980-ci illərdə türk coğrafiyasında mədəni bir bütünlük yaratmaq məqsədilə Türk Dünyası Araşdırmaları Vəqfini qurmuşdu. Əslində bu, onun həm də siyasi uzaqgörənliyinin nəticəsi idi. Türk xalqlarından bir çoxunun hələ də kommunist rejiminin basqısı altında olduğu o çağlarda T.Yazqan artıq yaxın gələcəkdə dünyada ciddi siyasi dəyişiklik yaşanacağının havasını hiss edə bilmişdi.

   O zamanlar Turan sevdalısı bu insan Türk dünyasının digər böyük fikir adamları ilə bərabər onillərlə milli kimliyi unutdurulan toplumlara özünü tanıma cəsarəti vermək üçün fikirlərdə bağımsızlıq toxumu əkməkdəydi.

   Türk Dünyası Araşdırmaları Vəqfinin düzənlədiyi toplantılarda, elmi konfranslarda, dərc etdiyi "Tarih" dərgisində dəmir pərdənin o üzündə yaşayan toplumlara yönəlik çox ciddi mesajlar vardı. 1991-də SSRİ-nin çöküşü bu ideoloji mübarizənin təntənəsi oldu. Türk cümhuriyyətləri müstəqilliklərini elan edəndən sonra Vəqf bu ölkələrlə daha yaxın təmaslar qurmağa başladı. Turan Yazqan ən böyük xəyallarından olan milli, mədəni dəyərlərinə sahib çıxan türk gəncliyinin yetişdirilməsi üçün türk cümhuriyyətlərində məktəblər açmağa başladı. Belə bir məktəb 1992-ci ildə Bakıda da açıldı. Prezident Əbülfəz Elçibəyin də qatıldığı açılış törənində Turan Yazqanın qürur qarışıq həyəcanına şahid olmaq belə çox fərqli duyğuydu. O gündən keçən 20 ildə Qazi Mustafa Kamal Atatürkün adı verilən Bakı Atatürk Litseyində neçə-neçə gənc yetişdirilib.

   Vəfatından qısa zaman öncəki görüşümüzdə rəhmətlik Turan Yazqan bizə qurduğu məktəblərin digərlərindən fərqini belə anladırdı":Bizim sistem digərləri kimi təbliğat üzərində qurulmayıb. Müəllimlərimiz heç bir şagirdi qarşısında oturdub onun beynini "propoqanda" ilə yükləmir. Biz sadəcə cocuqlarımıza keyfiyyətli təhsil vermək niyyətindəyik. Düşüncəmiz türk cocukların seçəcəkləri elm sahələrində başarılı olmalarına şərait yaratmaqdı. Məqsədimizin kökündə türk dünyasına xidmət dayanır. Ancaq biz cocuqlara ulu bir soydan gəldiklərini yalnız sözlə anlatmırıq, onların bunu yaşamasına imkan yaradırıq. İldə bir dəfə İstanbulda düzənlədiyimiz Türk Dünyası Cocuq Şöləninin də əsas qayəsi budur. Yakutiyadan Uyğurustana, Ön Asiyadan Anadoluya, Kırımdan Balkanlara qədər nəhəng bir coğrafiyada yaşayan insanları bir araya gətirib onlara bir xalının ilmələri olduqlarını göstərməkdən gözəl nə ola bilər? Azərbaycanda doğulan bir fidan Altayda doğulan qardaşının da onun kimi "gün"ə "gün", "ay"a "ay" deməsindən təsirlənməyəcəkmi?".

   Turan Yazqanın vəfatından sonra Türk Dünyası Araşdırmaları Vəqfi İdarə Heyətinin qərarı ilə qurumun başqanlığına onun oğlu Közhan Yazqan seçilib.

   Vəqfin başqanı kimi ilk dəfə Bakıya gələn Közhan bəylə görüşüb söhbətləşdik.

   - Közhan bəy, vəqfin yeni başqanı kimi oxuculara özünüzü bir qədər tanıdardınız.

   - Rəhmətlik Turan hocanın 3 oğlu var. Onların da kiçiyi mənəm. 1964-cü ildə doğulmuşam. Artıq 50 yaşına yaxınlaşıram. Elektrik yüksək mühəndisiyəm. Bir müddət ticarətlə məşğul olduq. 3 il əvvəldən Vəqfin İdarə Heyətində təmsil olunmağa başladım. Atamın vəfatından sonra Vəqfin başqanı vəzifəsinə seçildim. Evliyəm, iki uşağım var. Oğlumun adı Turandır. Digər iki qardaşımın da oğlanlarının adı Turandır. Ailəliklə bu adı yaşatmağa çalışdıq.

   - Turan Yazqanın vəfatı bütün Türk dünyası üçün bir itkidir. Bəs bir ata olaraq siz kimi itirdiniz?

   - Atam da öz atasını çox gənc yaşında itirmişdi. Və atamız vəfat edərkən həyatın dayandığını güman etmişdik. Həqiqətən biz üçün bir anlıq həyat durdu. Amma yenidən həyatdayıq. Bəli, bim atamızı itirdik. Ancaq o sadəcə bizim atamız deyildi və o, Türk dünyasının olduğu kimi, bizim də müəllimimiz idi. Biz ilk addım atmağı, dünyaya baxmağı atamızdan öyrəndik. Atamızın hədəfləri, eşqləri, bizim də hədəflərimiz oldu. Biz də Türk yurdlarına ilk səyahətlərimizə atamla birlikdə getdik. Onun yandırdığı ocaqda türk gəncliyi ilə bərabər bişdik. Bir sözlə atamızın yolu, bizim də yolumuzdur.

   - Vəqfin yaşaması üçün planlarınız nədir?

   - Bundan sonra da hər şey Türk Törəsincə olacaq. Atamın dəfn mərasimi necə Türk Törəsincə keçmişdisə, vəfatının 7-ci günündə ağsaqqallar toplanıb Türk Törəsinə uyğun olaraq məşvərət etmiş və məni vəqfin başqanı seçmişlər. Türk dünyası yuxarıda göy çökmədikcə, aşağıda yer yarılmadıqca, bu ideallarla var olacaq. Biz də Hocamıza layiq olmağa çalışacağıq. Bu yolda yorulmadan, sapmadan davam edəcəyik. Tanrı Türkü qoyursun.

   - Turan Yazqanın vəzifəsini davam etdirmək sizin üçün hansı məsuliyyəti yaradır? .

   - Biz onun bütün ideyalarının yaşaması üçün fəaliyyət göstərəcəyik. Turan Yazqan bizim üçün yeri doldurulmayacaq bir insandır. Həm bir ata olaraq, həm bir idealımız olaraq böyük bir insanı itirdik. Bundan sonra üzərimizə düşən vəzifə onun yapdıqlarını və yapmağı düşündüklərini davam etdirməkdir. Bu yolda var gücümüzlə çalışacağıq. Ancaq bu, bizim tək başımıza görə biləcəyimiz iş deyil. O, çox güclü bir insan idi. Həyatı boyu onun yanında olan bütün insanlardan - məsləkdaşlarından, tələbələrindən bu müqəddəs işdə yardım alacağımıza inamımız böyükdür. Turan Yazqan vəfat etdiyi ilk gündən əslində biz həm ailə, həm vəqf olaraq bu dəstəyi hiss etməkdəyik. Hər kəs atama sanki vəfa borcunu ödəmək üçün bizim işlərimizə töhfəsini verməyə çalışır. Buna görə hər kəsə təşəkkür edirik. Vəqfi yaşatmaq, onun əsərlərini yaşatmaq bizim ən böyük istəyimizdir. Onun fikrində gerçəkləşdirməyi düşündüyü çox planlar vardı. Bu fikirlər üzərində zox əmək sərf edir, ideyalarını reallaşdırmanın yollarını axtardı. Onları həyata kezirmək bizim üzərimizə düşür.

   - Turan hocanın vəfatından sonra vəqfin Azərbaycanla bağlı siyasətində hər hansı yenilliklər gözlənilirmi?

   - Bu məktəbi çox sevirdi, Bakı Atatürk Litseyinin onun üçün özəl yeri olduğunu hər zaman söylərdi. Burada bir də İqtisad Universiteti nəzdində İqtisadiyyatın İdarəedilməsi fakültəmiz var. Azərbaycanda türk cocukların savadlı, xalqına, dövlətinə gözəl xidmətlər edən gənclik kimi yetişdirilməsi onun üçün çox qürurverici idi. Hər zaman da bunu çox bxyük fəxarət hissi ilə ifadə etməyi sevərdi. Bu məktəbi zox böyük ümidlərlə açmışdı. Burada təhsil alan gəncliyin hər uğuruna öz övladlarının uğuru qədər sevindiyinin şahidiyəm. Hər ali məktəb qazanan, hər hansı elm sahəsində uğur əldə edən şagird, tələbə onun göz bəbəyi idi. Həm Bakı Atatürk Litseyinin, həm fakültənin rəhbərliyi ilə görüşlərimiz oldu. Təbii, hər iki müəssisənin bundan sonra da yaşaması, inkişaf etməsi üçün qüvvələri səfərbər edəcəyik.

   - Hal-hazırda vəqfin Türk Dünyasında necə məktəbi var?

   - Əvvəllər Rusiyadakı türk muxtar respublikaları da daxil olmaqla, çox sayda məktəblərimiz, fakültələrimiz vardı. Ancaq sonradan Rusiya türkcə təhsil verən məktəbləri qapatdı. Bu zaman bizim də məktəblər bağlandı. İndi Azərbaycan, Qazaxıstan və Qırğızıstanda, hər birində bir litsey və bir fakültəmiz var. Bunlarda isə 5 minə yaxın şagird-tələbəmiz vəqfin imkanları hesabına oxumaqdadır.

   - Turan hocanın səhhətində problemlər başlayandan sonra vəqf məktəblərinin də durumunda sıxıntılar vardı...

   - Bəli, atam bu çətinlikləri ortadan qaldırmağa çalışırdı. Biz də çalışırıq ki, bu problemləri həll edək. Bundan hər kəs əmin olsun ki, litseyimizdə hər kəs təhsilə davam edəcək. İlk səfərimizin Azərbaycana edilməsinin səbəbi də budur. Məktəblərimiz olan digər ölkələrə də gedəcəyəm.

   - Azərbaycan-Türkiyə əlaqələrindən razısınızmı?

   - Bizim baxışımız bir millət iki dövlət modelinə uyğundur. Və biz vəqfin fəaliyyətində də hər zaman bu prinsipi öndə tutmuşuq.

   - Turan Yazqanın adının əbədiləşdirilməsi yönündə çalışmanız varmı?

   - Atamın vəfatının bir ilinin tamamına qədər onun haqqında kitab buraxılmasını planlaşdırırıq. Artıq işlərə start verilib. Bu, bir ömür yolu kitabı olacaq, onun türk dünyasına, çalışdığı elm sahələrinə verdiyi əməklər haqqında bir əsər olacaq. Biz eyni zamanda Turan Yazqan ödülü təsis etməyi düşünürük. Türk dünyası üçün əmək sərf edən, Turan Yazqan ideyalarını yaşadan insanları bu mükafatla təltif etmək istəyirik. Ancaq ən böyük hədəfimiz Turan Yazqan Universiteti yaratmaqdır. Çox çətin bir missiyanı üzərimizə götürmüşük. Turan Yazqan 3 oğulun fizioloji atasıdır, ancaq bütün türk dünyasında onun minlərlə övladları var. Bu gün TDAV okullarında oxuyan hər kəs bizim üçün qiymətlidir. İnanıram ki, həyatlarını hansı sahədə davam etdirmələrindən asılı olmayaraq Türk dünyasına xidməti əsas vəzifələri sayacaqlar.

 

   

   Qalib İBRAHİMOĞLU,

 

   Aqil CAMAL

 

   Türküstan.-2013.-20-26 yanvar.-S.9.