Soyad və adlarımız milliyətimizin bələdçisidir

 

12345Adlar və soyadlar özündə milli dəyərləri əks etdirməklə yanaşı milli mənsubiyyətin güzgü effektidir. İnsanın kimliyi, kökəni, milli geni,  şəcərəsi baxımından bu məfhumlar müstəsna əhəmiyyətə malikdir. Ad və soyadlar hər bir insanın öz nəslini...

 

Azərbaycan mədəniyyətinin qorunub saxlanılması baxımından qədim türk adlarının bərpası mütləqdir

 

Adlar və soyadlar özündə milli dəyərləri əks etdirməklə yanaşı milli mənsubiyyətin güzgü effektidir. İnsanın kimliyi, kökəni, milli geni,  şəcərəsi baxımından bu məfhumlar müstəsna əhəmiyyətə malikdir. Ad və soyadlar hər bir insanın öz nəslini tanımaq üçün mühüm amildir. Soyadları uzun zaman davam edən insanlar üçün öz nəslini araşdırmaq üçün katalizator rolunu oynayır. Lakin, indiki məqamda obyektiv olaraq demək mümkündür ki, ad və soyadlar öz milli dəyərini tamamilə itirmək üzrədir. Azərbaycanda yaşayan vətəndaşların əksər hissəsinin ad və soyadları ərəb, fars və rus millətlərindən qaynaqlanır. Dəfələrlə məsələ parlament səviyyəsində həll edilməyə çalışılsa da həllini tapmır.

 

Soyadlarımız milli kimliyimizin rəmzidir

 

Bütün dünya ölkələrində həmin millətin kimliyi soyad arxasındakı sonluqla müəyyən edilir. Qəbul edilən qaydalara əsasən dünya ölkələrində soyad sonluqları əsasən həmin dövlətin dil qanunlarına əsasən qoyulur. Soyad sonluqları əslində hər hansı bir dildə müəyyən mənanı bildirir. Məsələn Gürcüstan soyadlarında işlədilən “–vili” sonluğu “oğlu”, həmçinin ABŞ və Böyük Britaniyada işlədilən “-Mc” sözü “-oğlu” və Hollandiya soyadlarında olan “-van” sözü də “-oğlu” mənasını verir. O cümlədən “-ştayn” (alman), “-ello” (ispan), “-ini” (italyan), “-son” (danimarkalı), “-diye” (fransız) kimi soyadlara nəzər yetirəndə dərhal onların hansı millətlətə xas olması məlum olur. Bunların fonunda Azərbaycanda soyadlarla bağlı məsələlər heç də ürəkaçan deyil. Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan dili deformasiyaya uğradığından müəyyən qüsurlar ortaya çıxıb. Halbuki,  Azərbaycan qrammatikasında bu cür sonluqlar kifayət qədərdir. Məsələn, “-oğlu”, “-qızı”, “-lı, li, lu və lü”, “-xan”, “-bəy”, “-xanım” və .s Yaxud da soyadın sonuna şəkilçi artırmamaq da olar. Tutaq ki, adı Eyvaz, soyadı Məmmədova olan şəxs öz ad və soyadını bu cür ifadə edə bilər: Eyvaz Məmməd. Bir belə zənginliyə baxmayaraq Azərbaycanda soyadlara lehimlənmiş rus kökənli “-ov”, “-yev”, “-ski”, həmçinin fars mənşəli “-zadə”, “-ı,i” və s. soyad sonluqları işlədilir. Əslində bu cür absurd qərarlara getməklə insanlar Azərbaycan dilini dəhşətli dərəcədə pis formaya salırlar. Məsələdə diqqəti çəkən bir sıra maraqlı məqamlar var. Soyadların sonluğuna yad millətlərə məxsus olan şəkilçilər artırmaqla yanaşı adlar da müəyyən təsirlərə məruz qalır. Məsələn, Hüseynov, Məmmədov, Həsənov və s. kimi soyadlarda çox zaman hərf dəyişmələri baş verir. Hüseynovun “-Quseynov”, Məmmədovun “-Mamedov” və “Həsənov” “ -Qasanov” kimi yazılması adları tamamilə tanınmaz vəziyyətə salır. Ya ümumiyyətlə soyad sonluqları rus, ya digər millətlərə məxsus olan şəkilçilərlə işlədilsin, ya da ki, Azərbaycan dilinin qrammatik qanunlarına uyğun aparılsın. Əks halda adlarda hər hansı hərf, simvol dəyişiklikləri Azərbaycana məxsus olan milli adları sıradan çıxaracaq. Ad və soyadlar məsələsində diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın ziyalı şəxsləri əsasən milli kökənlərə xas olan ad və soyadlardan istifadə edirlər.

İndiki məqamda məqsəd qədim türk adlarını geri qaytarmaqdır. Azərbaycanda həm çağdaş, həm də XX əsrin əvvəllərində Milli Azadlıq Hərəkatları dönəmində kütləvi şəkildə milli dəyərlərə üstünlük verilirdi. Lakin, SSRİ-nin bərpasından sonra Azərbaycan Sovet imperialistlərinin dağıdıcı siyasəti nəticəsində milli ad və soyadlar da unutdurulmağa başlanıldı. Məhz indi vəziyyətin bu yerə çatmasının əsl səbəbi hələ də insanların sovet qalıqlarından bəhrələnməsidir. Burada təkcə ruslara məxsus olan soyad sonluqlarından söhbət gedə bilməz. Çünki, Azərbaycanda fars qrammatikasına məxsus olan şəkilçilər də kifayət qədər çoxdur. Ən maraqlısı da odur ki, fars kökənli soyad sonluqlarından əsasən bəzi ziyalı şəxslər istifadə edirlər. Bəzi insanlar bunu mədəniyyət kimi qəbul edirlər. Lakin, bunun Azərbaycan dilinə vurduğu ziyan görünüşdən daha çoxdur. İndi Azərbaycanda

“-Həsəni”, “-Hüseyni”  və s. kimi adlar var. İran əsarətində olan Güney Azərbaycanda insanlar öz türklük qüruru ilə iftixar hissi keçirdikləri bir vaxtda Quzeydə insanlar fars sivilizasiyasına inteqrasiyadan məmnunluq hissi duyurlar. Azərbaycan cəmiyyətinin fars soyad və adlarına üstünlük verməkdən çəkinməsi birmənalı olmalıdır. İran hakimiyyəti və bütün fars cəmiyyəti Güneydəki Azərbaycan mədəniyyətini İran mədəniyyətinin tərkib hissəsi kimi gördüyü vaxt insanların bu yollara üz tutmaları yaxşılığa əlamət deyil. İstər fars, istərsə də rus dillərinin Azərbaycana inteqrasiyası Azərbaycan dilinin zənginləşməsinə yox, onun tanınmaz formaya salınmasına xidmət edir. Ona görə də soyad sonluqlarının Azərbaycanın Dövlət Dilinə uyğunlaşdırılması vacib faktordur. Bir məsələyə diqqət edək. Dillərindən sevə-sevə istifadə etdiyimiz millətlərin heç biri Azərbaycan dilinindən istifadə etmir. Bəs biz nəyə görə onlara inteqrasiya etməliyik? Heç də ya rus, ya da ki, fars ad və soyadlarına istinad etmək nə mədəniyyət, nə də ki, inkişaf demək deyil. Əksinə bu amil Azərbaycan milli dəyərlərini unutmaq, tanınmaz şəklə salmaq deməkdir.

 

Qədim Azərbaycan adları geri qaytarılmalıdır

 

Soyadlarda olduğu kimi eyni proses adlarda da müşahidə edilir. Hal-hazırda Azərbaycanda fars və ərəb adları daha çox üstünlük təşkil edir. Rus adlarına o qədər meyillər olmasa da Azərbaycana məxsus olan adlar müəyyən dəyişikliklərlə rus adlarına yaxınlaşdılır. Son zamanlarda

“-Məmməd” adının “-Mamed” kimi işlədilməsi bir növ dəb halına düşüb. İndiki məqamda “-Məmməd” adı daha gülməli çıxır, nəinki “-Mamed”. Bu cür adlar respublikanın Bakı və digər yerlərində daha geniş vüsət alıb. Çox maraqlıdır ki, adların bu istiqamətdə dəyişdirilməsinə ən çox Bakı şəhərində rast gəlinir. Bakıda yaşayan ailələr yeni doğulan körpələrə hərdən xarici adlar da qoyurlar. Ən çox üz tutulan əcnəbi adlara: “-Aleksandr”, “-Uilyam”, “-Roma”,

“-Roman”, “-Raul” və s. daxildir. Ərəb və fars adları isə kifayət qədərdir. Lakin bütün bunların müqabilində qədim azər türk adları barmaqla sayılacaq qədər azdır. Azərbaycan mədəniyyətinin qorunub saxlanılması baxımından qədim türk adlarının bərpası mütləqdir.

 

Haray, haray mən türkəm, nə farsam, nə də ki rus!

 

“İnsanların qeyri-milli ad və soyadlara üstünlük verməsi tarixi prosesdir. Bu prosedur tarixən davam edib və bu gün onu dəyişmək üçün hər hansı göstərişlər əbəs yerə xərclənən vaxt olacaq” deyən filoloq Rasim Heydərovun sözlərinə görə məsələnin səhv olmasını xalq, millət özü dərk etməlidir: “Qədim soyadların qaytarılmasını nümunə kimi kimsə edə bilər, məsələn, ziyalılar bu cür adları seçərək bunun təbliği üçün mətbuatda və digər ictimai yerlərdə çıxış edə bilərlər. Lakin bununla bağlı tutaq ki, Milli Məclis qərar qəbul etsə bu insanlar tərəfindən müxtəlif cür qarşılana bilər. İndiki məqamda isə kim hansı yolu tutursa o yolu da gedir. Çox yaxşı olardı ki, məsələnin həllini tapması üçün müxtəlif təbliğ vasitələri tapılmalı və mərhələ-mərhələ həyata keçirilməlidir. İnsanların fars, ərəb və rus kökənli adları seçməsi onların düşüncə tərzindən irəli gələn amildir. Nəhayət ki, Azərbaycan vətəndaşının özü qayıtmalıdır bu yoldan”.

Azərbaycanda ad və soyadların bu formaya düşməsinin səbəbi ölkənin uzun illər SSRİ, ərəb istilasında olması və əsrlərlə farslarla yaxınlıq münasibətləri olub. Vəziyyətin bu yerə çatmasının digər səbəblərinə həmin millətlərin azər türklərinə qarşı antipatiya münasibət bəsləməsi daxildir. Hər halda Azərbaycan vətəndaşı bununla bağlı birmənalı siyasət yürütməli, mövcud situasiyanı öz xeyrinə dəyişməlidir. Milli müstəvidə inkişaf üçün bu tempi götürmək və yüksələn xətt üzrə inkişaf etdirmək son dərəcə əhəmiyyətlidir. “Türk adımız qürurumuzdur” Azərbaycan vətəndaşı olaraq bunu vicdanla dərk etməliyik.

 

 

Mənsur Rəğbətoğlu

 

Türküstan.-2013.-20-26 yanvar.-S.8.