Şəms Təbrizi və
sufiliyin qırx qızıl qaydası
Sufiliyin bir cərəyan olaraq
meydana çıxdığı ilk çağlardan bir
çox ünlü sufi şeyxləri “sufi necə
olmalıdır?”,
“sufi necə düşünməli, necə
davranmalıdır?”, “sufi hansı özəlliklərə
sahib olmalıdır?” və digər bu kimi suallara cavab verməyə
çalışmışlar. Ayrı-ayrı sufi
mürşidlər öz çıxışlarında bu
sualların cavabını ümumi və ya bəndlər
şəklində cavablamışlar.
Lakin bunların heç biri bu sualları
bütünlüklə əhatə etməmiş, yalnız bəlli
bir qismini qapsamışdır. İlk dəfə olaraq
sufilik tarixinin ən ünlü şeyxlərindən olan
Şəms Təbrizi uzun düşüncələr sonucu bu
suallara dolğun cavabları özündə əks etdirən, sufiliyi bu
gün belə yaşam tərzi olaraq seçənlər
üçün keçərli ola biləcək “Sufiliyin
qırx qızıl qaydası”nı
hazırlamışdır. Tam adı Şəms əd-Din Məhəmməd
ibn Əli ibn Məlikdad Təbrizi olan bu ünlü
mürşid 1185-ci ildə əski Azərbaycan şəhəri Təbrizdə doğulub. Milliyətcə Azərbaycan türkü olan Şəms
Təbrizi gənc yaşlarında “mürşidi-kamil” məqamına
ucalan nadir sufilərdəndir. Qaynaqların yazdığına
görə Şəms Təbrizi hazırcavab, bilikli və yetkin bir
mürşid olmasıyla bərabər həm də
görünüşcə çox gözəl simaya malik
olub. Öz yüksək yetənəkləri və
üstün özəllikləri ilə çoxlarını
heyran edən Şəms Təbrizi digər ünlü sufi şeyxi Mövlanə Cəlaləddin
Ruminin hədsiz dərəcədə sevdiyi və
sayğı bəslədiyi bir dostu və ustadı
olmuşdur. Cəlaləddin Rumi Şəms Təbriziyə
olan münasibətini şeirlərinin birində belə
açıqlayır:
Sənə
istəkdən doğan göz yaşlarımla dəstamaz
alıb
Namaz vaxtı sənin üzünü qibləyə
çevirdim.
Əgər
sənsiz diri qalsam
Məni axıra qədər yandır.
Mənim
başımı əlimdən al
Əgər
ondakı ağıl sənin olmayacaqsa!
Kəbədə,
kilsədə, məsciddə sənə dua edirəm
Sən mənim
məqsədimsən, həm yerdə, həm göydə!
Mən sənin
çörəyini yeyib büsbütün doymuşam
Mən sənin suyundan bir qurtum içmişəm, mənə
su lazım deyil.
Kimə pərəstiş
edirsənsə, sənin qiymətin də o həddədir,
Sənə
pərəstiş etməklə mən necə də xoşbəxtəm!
Lakin Şəms Təbrizinin
yüksək özəllikləri heç də ona hər
yerdə sevgi və sayğı qazandırmırdı. Bu həm də onu sevməyən,
varlığını görmək istəməyən
insanların oluşmasına meydan açırdı. Bu üzdən Şəms Təbrizinin
ölümü müəmmalıdır. Nədən
və hansı şəraitdə öldüyü haqda dəqiq
bilgi yoxdur. Bəzi
araşdırmaçıların dediyinə görə
qısqanclıq sonucunda 1248-ci ildə Konyada təriqət mənsubları
olan sufilər tərəfindən
öldürülmüşdür. Şəms Təbrizinin
çıxışları və söhbətləri
ölümündən sonra üç bölmədə “Məqalət”
adıyla kitab şəklinə salınmışdır.
Araşdırmaçı M. N. GENÇOSMAN Şəms Təbrizinin
Türkiyə türkcəsinə çevirdiyi “Makalat” əsərinə
yazdığı ön sözdə onun ömrünün sonlarında
Konyadan Şama qayıtdığını, oradan Təbrizə
getddiyini və Təbrizdə vəfat etdiyini yazır.
Necə və
hansı şəraitdə öldüyü müəmmalı
olsa da onun
aydın və dərin anlam daşıyan hikmətli
sözləri yüz illərdi çıxışların və
yazıların bəzəyi, düşüncələrin
yön vericisidir. Onun hikmət dolu sözləri
“Seyri-süluk” olanlar üçün bu gün də dəyərini
və əhəmiyyətini itirməyən mənəvi xəzinədir;
-Qadın
bilənə “nəfəs”, bilməyənə “nəfs”dir,
-İnsanda olan bütün özəlliklər
şeytanda da var. Şeytanda olmayan tək insani özəllik
Eşqdir. Şeytanın insanı çəkə bilməməsinin
nədəni eşqsizliyidir.
-Tanrı
bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən
əlini necə uzatmazsan? Tanrı səni
insanlara sevdirmək istəyir. Tanrı sənin
dağılmış parçalarını toplayır.
Eşqə dönüklük etmə.
-Eşq
odur ki, Tanrıdan aldığı eşq əmanətini
Tanrıya verir. Eşq məzhəbində hər
şey uca Eşqə qurbandır.
-İnsan məşuq aramır, məncil
duyğularına kölə arayır. Köləni
tapır, amma eşqi tapa bilmir.
-Ey
Könül! İndi səndən soruram: Hansı Eşq daha
böyükdür? Anladılaraq dilə
düşənmi, anladılmayıb ürək deşənmi?
-Öncə
sevgini anlayaq.
-Tanrı
sənin qapından eşq sarayına bir insan qəbul edəcəksə,
o insana necə “mən səni sevmirəm” deyirsən?
-Bütün
aləm şərab içib sərxoş olur, biz eşq əhliyik,
içmədən sərxoş oluruq.
-Qapımıza
deyil, qəlbimizə vuran buyursun...
Şəms Təbriziyə
görə insanı şeytandan fərqləndirən tək
şey Eşqdir. Eşqi olmayan insan
şeytanın tərəfindədir. Düşüncə və
görüşlərində daha çox Eşqə -
Tanrı Eşqinə, yaradılış eşqinə önəm
verən, “Sevməyənə qarışqa yükdür, sevənə
fillər qarışqa, Dağı belə daşıyar
insan, aşiq olub inanınca” – deyən Şəms Təbrizi
“Sufiliyin qırx qızıl qaydası”nı
yazmışdır. Sufilər üçün bu gün də
“qızıl qayda” olaraq qalan və əhəmiyyətini itirməyən
həmin qırx qızıl qayda bunlardır:
1.Tanrını hansı sözlərlə və necə
tanıtmağımız, özümüzü necə
gördüyümüzə güzgü tutar. Tanrı
deyiləndə öncə ağlına qorxulacaq və
utanılacaq bir varlıq gəlirsə, demək sən də
qorxu və utanc içindəsən. Lakin
Tanrı deyiləndə öncə eşq, mərhəmət
və şəfqəti düşünürsənsə, sən
bu gözəlliklərlə dolusan-deməkdir.
2.Haqq
yolunda irəliləmək ürək işidir, ağıl
işi deyil. Səni nişan verən daim
ürəyin olsun, çiynin üzərindəki başın
deyil. Nəfsini bilənlərdən ol, silənlərdən
deyil.
3.Qutsal kitab
dörd səviyyədə oxuna bilir. İlk səviyyə
zahiri anlamıdır. Sonrakı batini
anlamdır. Üçünücü
batininin batinidir. Dördüncü səviyyə
o qədər dərindir ki, bu səviyyəni
açıqlamağa kəlmələr bəs etmir.
4.Kainatdakı hər zərrədə Tanrının sifətlərini
tapa bilərsən. Çünki, o, məsciddə,
kilsədə, hər hansı məbəddə deyil, hər
an hər yerdədir. Tanrını
görüb yaşayan olmadığı kimi, Onu görüb
ölən də yoxdur. Kim Tanrını
tapa bilərsə, sonsuzadək Onda qalar.
5.Ağlın kimyası ilə eşqin kimyası başqadır. Ağıl təmkinlidir. Addımlarını
qorxa-qorxa atar, “özünü qoru”- deyə tənbeh edər.
Ancaq, eşq elədirmi? Eşqin tək
dediyi: “Özünü burax, qoy getsin”. Ağıl
asanlıqla yıxılmaz. Eşq isə
özünü yıpradar. Halbuki, xəzinələr
və dəfinələr yıxıntılar arasında olur.
Nə varsa xaraba bir qəlbdə var.
6.Bu
dünyadakı qarşıdurma, mühakimə və çəkişmələrin
çoxu dildən qaynaqlanır. Sən, sən
ol, sözlər üzərində həddən artıq
dayanma. Eşq diyarında dil zatən
öz hökmünü itirir, aşiq dilsiz olur.
7.Bu həyatda
təkliyə çəkilərək, sadəcə öz səsinin
yanğısını duyaraq həyatı kəşf edə
bilməzsən. Özünü ancaq başqa
bir insanın güzgüsündə aydın görə bilərsən.
8.Başına nə gəlirsə gəlsin, bədbinliyə
qapılma. Bütün qapılar qapansa belə,
sonunda O, kimsənin bilmədiyi gizli bir cığır
açar. Bu an sən görməsən də, dar
keçidlər arxasında neçə cənnət
bağçaları var. Şükür et!
İstədiyini əldə edincə
şükür etmək asandır. Sufi,
dilədiyi gerçəkləşməyəndə də
şükür edə biləndir.
9.Səbr
etmək eləcə durub gözləmək deyil, irəli
görüşlü olmaq deməkdir. Səbr nədir?
Səbr, tikana baxıb gülü, gecəyə
baxıb gündüzü düşünə bilməkdir.
Tanrı aşiqləri səbri şirin bişmələr
kimi dadlı-dadlı yeyər və həzm edər. Onlar bilirlər ki, göydəki ayın dolunaya
dönməsi üçün zaman gərəkdir.
10.
Hansı yönə gedərsən get – Doğu, Batı, Quzey
ya da Güney – çıxdığın hər
yolçuluğu öz içinə doğru bir səyahət
olaraq düşün. Öz içinə
yolçuluq edən insan sonda bütün varlığı gəzib
dolaşır.
11.Şəfqət bacısı bilir ki, sancı çəkmədən
doğum olmaz, ana bətnindən körpəyə yol
açılmaz. Səndən yepyeni bir “sən”
doğması, zühur edə bilməsi üçün
çətinliklərə, sancılara hazır olman gərəkdir.
12.Eşq bir səfərdir. Bu səfərə
çıxan hər yolçu istəsə də, istəməsə
də təpədən dırnağa qədər dəyişir.
Bu yolu gedib də dəyişməyən yoxdur.
13.Bu dünyada səmadakı ulduzlardan daha
artıq sayda saxta hacı, xoca, şeyx var. Həqiqi
mürşid səni öz içinə baxmağa və nəfsini
aşıb özündəki gözəllikləri bir-bir kəşf
etməyə yönləndirir, ona heyran olmağa deyil.
14.
Haqqın, qarşına çıxardığı dəyişimlərə
dirənmə, təslim ol. Qoy həyat sənə
qarşı deyil, səninlə bərabər davam etsin. “Düzənim pozulur, həyatım alt-üst olur”-
deyə əndişələnmə. Hardan
bilirsən həyatın altının üstündən daha
gözəl olmayacağını?
15.Tanrı hər zaman hər birimizi içdə
və zahirdə tamama yetişdirmək - kamilləşdirməklə
məşğuldur. Tək-tək hər birimiz
tamamlanmamış bir sənət əsəriyik. Yaşadığımız hər hadisə,
adladığımız hər çətinlik əskiklərimizi
aradan qaldırmaq üçün uyğulanmışdır.
Tanrı nöqsanlarımızla ayrı-ayrı
məşğuldur, çünki, bəşəriyyət
deyilən əsər qüsursuzluğu hədəf
seçmişdir.
16.Tanrı qüsursuzdur. Bu üzdən
Onu sevmək asandır. Çətin olan
nöqsanı və savabı ilə insanları sevməkdir.
Unutma ki, insan bir şeyi ancaq sevdiyi
ölçüdə bilə bilir. Demək
ki, qucaqdakından irəlini, Yaradandan ötrü
yaradılanı sevmədən nə layiqincə bilə bilərsən,
nə də layiqincə sevə bilərsən.
17.
Əsas çirkinlik çöldə deyil, içdə,
ürəkdə olur. Onun xaricində hər ləkə
nə qədər pis görünürsə
görünsün, yaxalananda təmizlənər, su ilə
arınar. Yaxalamaqla təmizlənməyən tək
pislik ürəklərdə yağ
bağlamış həsəd və pis niyyətlərdir.
18.
Bütün kainat nizamlı təbəqələri və
qarmaşıqlığı ilə insanın içində
gizlənmişdir. Şeytan,
çölümüzdə bizi yönəltməyi gözləyən
qorxunc bir məxluq deyil, şəxsən içimizdə olan
bir səsdir. Şeytanı özündə ara, çölündə və
başqalarında deyil. Bir də unutma ki, nəfsini
bilən Rəbbini bilir. Başqalarıyla
deyil, sadəcə özü ilə uğraşan insan sonunda
mükafat olaraq Yaradanı tanıyır.
19.
Başqalarından sayğı, ilgi və ya sevgi gözləyirsənsə,
öncə sırası ilə özünə borclusan
bunları. Özünü sevməyən birinin
sevilməsi mümkün deyil. Sən
özünü sevdiyin halda dünya sənə tikan
yolladımı, sevin. Yaxında gül
yollayacaq deməkdir.
20. Yolun
sonunun haraya varacağını düşünmək əbəs
yerə çabalamaqdır. Sən sadəcə
atdığın ilk addımı düşünməyə
məsulsan. Gerisi zatən özlüyündən
gəlir.
21.
Hamımız fərqli sifətlərlə var olduq. Əyər Tanrı hər kəsin eyni
olmasını istəsəydi, heç şübhəsiz elə
yaradardı. Fərqliliklərə
sayğı göstərmək, öz doğrularını
başqalarına yeritməyə çalışmaq,
Haqqın qutsal nizamına sayğısızlıq etməkdir.
22.Həqiqi Tanrı aşiqi bir meyxanaya girdimi,
ora ona ibadətgah olur. Ancaq əyyaş ibadətgaha
girərsə, ora onun üçün meyxana olur. Bu həyatda nə edirsək edək, bizi fərqli edən
niyyətimizdir, görünüş və geyimimiz deyil.
23.
Yaşadığımız həyat əlimizdə
tutulmuş rəngarəng və əmanət bir oyuncaqdır.
Kimisi oyuncağı o qədər ciddiyə
alır ki, ağlayar, qəmgin olar onun üçün.
Kimisi əlinə alar-almaz oyuncağı qurcalar
və qırıb yerə atar. Ya
aşırı (həddən artıq) qiymət verir, ya da dəyərini
bilmərik. Aşırı olmaqdan uzaq dur.
Sufi nə ifratdadır, nə də təfritdə.
Sufi daim orta məqamdadır.
Ardı gələn sayımızda
Türküstan.-
2015.- 5-11 aprel.- S.13.